Qəzza zolağında baş verən ən diqqətçəkən dəyişikliklərdən biri - HƏMAS-a alternativ iddiası ilə çıxış edən yeni klan-milis strukturlarının yaranmasıdır. Ən bariz nümunə isə - keçmiş Fələstin Administrasiyasının təhlükəsizlik zabiti Hüsam əl-Astalın yaratdığı və islamçı hərəkatın hökmranlığına meydan oxuyan yeni nəzarət zonasıdır. O, fələstinlilərə HƏMAS-ın diktəsindən kənarda yaşamaq imkanı vəd edir.
Klan gücünün mərkəzi: "Terrora qarşı zərbə qüvvəsi"
Xan Yunisin kənarında, aylarla davam edən döyüşlərdən sonra boşalmış Kizan ən-Naccar kəndində əl-Astal “Terrora qarşı zərbə qüvvəsi” adlı silahlı dəstə yaradıb. Bu qrupun məqsədi sadəcə özünümüdafiə deyil - o, HƏMAS hakimiyyətinə alternativ olmaq iddiası ilə çıxış edir. Buradakı sakinlərə təhlükəsizlik, ərzaq, su, elektrik enerjisi və ən əsası - islamçı rejimin təzyiqlərindən azad həyat vəd olunur. “HƏMAS-ın zülmündən bezən hər kəs bura gələ bilər” - deyə əl-Astal bəyan edib. Onun sözlərinə görə, hər gün onlarla ailə onunla əlaqə saxlayır və artıq düşərgədə bir neçə onlarla köçkün yaşayır. Yaxın günlərdə o, HƏMAS-la əlaqəsi olmayan daha 300–400 nəfəri yerləşdirməyi planlaşdırır.
Bu yeni məntəqə təkcə humanitar yardım məntəqəsi deyil. Əl-Astalın dediyinə görə, bu, İsrail və Qərb ölkələrinin səssiz dəstəyi ilə formalaşan paralel idarəetmə sisteminin başlanğıcıdır. O iddia edir ki, İsraildən ərzaq, su və hərbi ləvazimat alır, düşərgədə günəş panelləri quraşdırılıb və onlar blokada şəraitində belə elektrik təmin edir. Əl-Astalın paylaşdığı videolardan birində üzərində ivrit yazıları olan İsrail istehsalı un və şirələr görünür. “Bütün qida və su İsraildən gəlir” - deyə o vurğulayır.
Yeni reallıq: Rəfahdan Xan Yunisə qədər “xalq qüvvələri”
Əl-Astalın təşəbbüsü tək deyil. Qonşu Rəfahda, Misir sərhədində artıq bir neçə aydır ki, bədəvi komandir Yasir Əbu Şəbaabın dəstələri şəhərin şərq hissəsinə nəzarət edir. Burada improvizə olunmuş məktəblər, tibb məntəqələri və mətbəxlər yaradılıb, minlərlə insan onun himayəsinə sığınıb. Əl-Astal və Əbu Şəbaabın dəstələri arasında əlaqə və koordinasiya mövcuddur. Əbu Şəbaabın komandirlərindən biri onların özlərini “xalq qüvvələri” adlandırdıqlarını və məqsədlərinin İsraillə əməkdaşlıq çərçivəsində Xan Yunisdən Rəfaha qədər nəzarət zolağı yaratmaq olduğunu deyir. “Biz bir bütövük. Məqsəd - insanların bizim himayəmiz altında qonşularla sülh içində yaşamasıdır” - deyə o, İsrail faktoruna açıq şəkildə işarə edir.
Belə strukturlar artıq Qəzzada yeni idarəetmə reallığının bir hissəsinə çevrilir. İsrail nə sektorun mülki idarəçiliyini birbaşa öz üzərinə götürmək, nə də onu Fələstin Administrasiyasına qaytarmaq niyyətindədir. Amma idarəetmə boşluğunu dolduran klan milislərinə dəstək vermək - HƏMAS-ı zəiflətmək strategiyasına tam uyğundur. 2025-ci ilin iyununda baş nazir Binyamin Netanyahu açıq şəkildə bildirdi ki, İsrail islamçılara qarşı çıxan klanları dəstəkləyir, baxmayaraq ki, sonradan bu mövzuya münasibət bildirməkdən çəkinib.
Əl-Astal: ölüm hökmündən “yeni Qəzza” layihəsinə
Əl-Astalın özü də simvolik fiqurdur. O, bir müddət İsraildə işləyib, sonra isə 2007-ci ildə HƏMAS hakimiyyəti ələ alana qədər Fələstin Administrasiyasının təhlükəsizlik strukturlarında xidmət edib. Hakimiyyət dəyişikliyindən sonra dəfələrlə islamçılar tərəfindən həbs edilib və 2018-ci ildə Malayziyada HƏMAS döyüşçüsü Fadi əl-Batşın zərərsizləşdirilməsində iştirak ittihamı ilə ölümə məhkum edilib - bu əməliyyat İsrail xüsusi xidmət orqanlarının işi sayılır.
“Hər dəfə müxtəlif bəhanələrlə məni həbs edirdilər: korrupsiya, Ramalla ilə əlaqə və s. Mən əvvəldən onlara qarşı olmuşam” - deyə o xatırlayır. Risklərə baxmayaraq, əl-Astal hesab edir ki, HƏMAS artıq zəifdir və əhalinin əksəriyyətinin dəstəyini itirib. Onun sözlərinə görə, sakinlərin 80 faizindən çoxu islamçıların qayıdışını istəmir, amma repressiyalardan qorxduqları üçün səsini çıxarmır.
“Biz çalışırıq ki, media vasitəsilə və birbaşa əlaqələr yolu ilə insanlara başa salaq: HƏMAS artıq olmayacaq, heç bir “HƏMAS-2” gəlməyəcək” - deyə əl-Astal bildirir. O, Qəzza sakinlərindən çoxsaylı dəstək siqnalları aldığını deyir və “sülhə inanan hər kəsi” layihəsinə qoşulmağa çağırır.
Yeni idarəetmə məntiqinin doğuluşu
Əl-Astalın nəzarət zonası sadəcə növbəti müqavimət cəhdi deyil - bu, Qəzzada alternativ hakimiyyət arxitekturasının formalaşmasının başlanğıcıdır. Əgər əvvəllər HƏMAS-a qarşı çıxan təşəbbüslər pərakəndə və gizli xarakter daşıyırdısa, indi onlar institutlaşır, koordinasiya olunur və ən əsası, xarici dəstək qazanır.
Bu, böhranın keyfiyyətcə yeni mərhələsidir: artıq məqsəd təkcə HƏMAS-ı zəiflətmək deyil, post-HƏMAS idarəçiliyi üçün yer açmaqdır - yerli icmaların, klan strukturlarının və xarici oyunçuların qarşılıqlı əlaqəsinə əsaslanan bir sistem. Belə məntəqələr zamanla Qəzzanın yeni siyasi reallığının təməli ola bilər - burada islamçıların əvvəlki monopoliyası yerini şəbəkəvi, çevik və çoxqatlı idarəetmə modelinə verəcək.
Monopoliyanın sonu: HƏMAS-ın daxili böhranı Qəzzadakı münaqişənin yeni mərhələsi kimi
Qəzza, HƏMAS-ın 2007-ci ildə hakimiyyətə gəlməsindən bəri ən dramatik daxili böhranını yaşayır. Əgər demək olar ki, iyirmi ildir silahlı mübarizənin əsas xətti “fələstinlilər - İsrail” qarşıdurması idisə, bu gün döyüşlər getdikcə daha çox fələstinlilərin öz aralarında baş verir. Bu, təsadüfi epizodlar və ya lokal toqquşmalar deyil - HƏMAS hakimiyyətinin təməlini sarsıdan və post-HƏMAS dövrünə qapı açan dərin sistem böhranının simptomlarıdır.
Dünənə qədər mümkünsüz görünən “HƏMAS-dan sonra nə olacaq?” sualı bu gün artıq təkcə analitik mərkəzlərdə və qonşu dövlətlərin qərargahlarında deyil, Qəzzanın küçələrində də müzakirə olunur. Blokada illərində böyüyən nəsil islamçı hərəkatı artıq müdafiəçi kimi deyil, inkişafın qarşısını alan maneə kimi, müqavimət simvolu kimi deyil, repressiyaların və klan özbaşınalığının mənbəyi kimi görür.
HƏMAS üçün əsas təhlükə artıq nə Təl-Əvivdə, nə də İsrail ordusundadır. Təhlükə Beyt-Lahiyədə və Xan Yunisdədir, Camash, Durxamuş və əl-Mucayda klanlarındadır, “Hamas out” və “Biz yaşamaq istəyirik” şüarları ilə küçələrə çıxan minlərlə insandadır. Bu, hərəkat üçün istənilən bombardımandan daha böyük təhlükə yaradan daxili cəbhədir.
Tarixi kontekst: inqilabdan durğunluğa
Baş verənlərin miqyasını anlamaq üçün əvvəlcə HƏMAS-ın Qəzzada necə yeganə hakim gücə çevrildiyini yada salmaq lazımdır. 2006-cı ildə hərəkat Fələstin Qanunverici Şurasına keçirilən seçkilərdə qələbə qazandı və bununla da korrupsiyaya bulaşmış, qeyri-effektiv Fələstin Milli Administrasiyasından (FMA) məyus olmuş əhalinin etimadını qazandı. Artıq 2007-ci ildə silahlı çevrilişlə fələstin torpaqları faktiki olaraq bölündü: İordan çayının qərb sahili FƏTH-in nəzarətində qaldı, Qəzza isə HƏMAS-ın əlinə keçdi.
İlk illər eyforiya ilə müşayiət olunurdu: HƏMAS özünü “müqavimətin əsl səsi” kimi təqdim edir, sosial xidmətlər şəbəkəsi qurur və əhalinin geniş dəstəyini qazanırdı. Lakin 2010-cu illərin ortalarına doğru bu legitimlik aşınmağa başladı. İqtisadi blokada, İsraillə fasiləsiz müharibələr, siyasi irəliləyişin olmaması və avtoritar idarə üsullarının güclənməsi cəmiyyətin etimadını sarsıtdı.
Pew Research Center və Arab Barometer-in araşdırmalarına görə, əgər 2010-cu ildə Qəzzada HƏMAS-a dəstək səviyyəsi 60 faizdən yuxarı idisə, 2024-cü ilə gəldikdə bu rəqəm 30 faizdən aşağı düşüb. Eyni zamanda hakimiyyət dəyişikliyi və yeni siyasi sistem tərəfdarlarının sayı artıb.
Bu şəraitdə daxili partlayışın baş verməsi yalnız zaman məsələsi idi.
Daxili cəbhələr: klanlar, üsyançılar və keçmiş təhlükəsizlikçilər
2025-ci ilin əvvəlindən Qəzza zolağı HƏMAS döyüşçüləri ilə müxtəlif silahlı qruplar, xüsusilə də klan dəstələri arasında onlarla silahlı toqquşmanın səhnəsinə çevrilib. Təkcə sentyabr-oktyabrın əvvəlində ən azı 18 belə hadisə qeydə alınıb, 27 nəfər həlak olub, 70-dən çox adam yaralanıb.
Yeni reallığın simvollarından biri Beyt-Lahiyə və Sabra məhəlləsində baş verən döyüşlər oldu - Camash və Durxamuş klanlarının dəstələri HƏMAS qüvvələri ilə qarşıdurmaya girdilər. Xüsusilə HƏMAS-ın hərbi qanadının tanınmış komandirlərindən birinin oğlu Məhəmməd İmad Akulun həlak olması böyük rezonans doğurdu.
Xan Yunisdə al-Mucayda klanına qarşı keçirilən HƏMAS əməliyyatı da uğursuzluqla nəticələndi: qrup 16 döyüşçüsünü itirdi və müqaviməti qıra bilmədi. Bu, ilk dəfə idi ki, bir klan yalnız hücuma tab gətirməklə qalmayıb, əks-hücumla HƏMAS-ı geri oturda bildi və bununla da islamçıların hakimiyyətinin artıq mütləq olmadığını göstərdi.
Keçmiş FMA təhlükəsizlik zabiti Hüsam əl-Astal kimi fiqurlar da öz avtonom məntəqələrini qurur. Onun Xan Yunisdə yaratdığı “təhlükəsiz şəhər” - sahəsi təxminən 1 kv. km olan kiçik bir ərazidir, burada təxminən 200 nəfər sığınacaq tapıb. Burada nə tunellər, nə islam polisi var, amma müstəqil mühafizə və öz humanitar infrastrukturu mövcuddur.
Qorxunun dağılması: ictimai müqavimət və etirazlar
2025-ci ilin martından etibarən Qəzzada mütəmadi olaraq kütləvi etiraz aksiyaları keçirilir. “Hamas out” və “Biz yaşamaq istəyirik” şüarları illərdən sonra ilk dəfə açıq və kütləvi şəkildə səslənir.
Hərəkatın reaksiyası gözlənilən idi - həbslər, işgəncələr və ictimai edamlar. İnsan haqları təşkilatlarının məlumatına görə, 2025-ci ilin yazından bəri azı 5 nəfər edam edilib, onların arasında aktivistlər və etiraz lideri hesab edilən şəxslər də var. Ən səs-küylü hadisələrdən biri 22 yaşlı Oday Nassar əl-Rabinin qaçırılması və mitinqdən sonra işgəncə izləri ilə ailəsinə qaytarılması oldu.
Lakin repressiyalar etiraz dalğasını dayandıra bilmədi. Əksinə, onu daha da radikallaşdırdı: anti-HƏMAS yönümlü Telegram kanalları və TikTok səhifələri on minlərlə abunəçi toplayaraq rəsmi təbliğata alternativ media platformalarına çevrilir.
İdarəetmənin çöküşü: humanitar anarxiya və institutların dağılması
Hakimiyyət vertikalının dağılması sektorda idarəetməyə də təsir edir. Ən parlaq nümunələrdən biri - 2024-cü ilin noyabrında Kerem-Şalom keçid məntəqəsində humanitar yardım daşıyan 109 yük maşınından 98-nin qarət edilməsi oldu. Hadisəyə görə məsuliyyət “Xalq qüvvələri” ilə bağlı silahlı dəstələrin və yerli klanların üzərinə qoyuldu.
BMT-nin Dünya Qida Proqramının (WFP) məlumatına görə, 2025-ci ilin ortalarına qədər Qəzza əhalisinin 78 faizindən çoxu yoxsulluq həddinin altında yaşayır, 62 faiz xroniki qida çatışmazlığından əziyyət çəkir, 5 yaşadək uşaqların 47 faizi isə qidalanma çatışmazlığından əziyyət çəkir. Səhiyyə sistemi faktiki olaraq çökmüş vəziyyətdədir - xəstəxanaların təxminən 60 faizi zədələnib və ya fəaliyyət göstərmir.
Belə bir vəziyyətdə ənənəvi institutların rolu azalır, klan strukturlarının və yerli milislərin çəkisi isə əksinə, artır. İsrail onları alternativ idarəetmə orqanlarının yaradılmasında potensial tərəfdaş kimi görür - iki il əvvəl ağlasığmaz görünən bir addım.
HƏMAS dövrünün sonu? Post-HƏMAS transformasiyası və regional nəticələr
Hər bir inqilab, eləcə də hər bir avtoritar sistem proqnozlaşdırıla bilən mərhələlərdən keçir: yüksəliş, konsolidasya, durğunluq və dağılma. HƏMAS bu gün son iki mərhələnin arasında sıxışıb qalıb. O, hələ də hərbi potensiala və bəzi institutlar üzərində nəzarətə malikdir, lakin ən vacibini - legitimlik monopoliyasını - itirib. Bu, onun süqutunun qaçılmaz və yaxın olduğu anlamına gəlmir, amma əvvəlki nizamın artıq dönməz şəkildə dağıldığını göstərir.
Əsas sual artıq HƏMAS-ın sağ qalacağı yox, onun yerinə nə gələcəyi və bunun regiondakı qüvvələr balansını necə dəyişəcəyi ilə bağlıdır. Burada üç əsas ssenari mümkündür - hər biri Yaxın Şərq və qlobal siyasət üçün öz risk və imkanlarını daşıyır.
Ssenari 1: “Mühafizə olunmuş qala” - HƏMAS hakimiyyəti güc hesabına saxlayır
Birinci ssenariyə görə, HƏMAS sərt repressiyalar və qalan resursların səfərbərliyi hesabına sektora nəzarəti saxlayacaq. Bu model üç dayağa söykənir:
- Zorakılıq aparatı. İsrail mənbələrinin məlumatına görə, iki illik müharibədən sonra HƏMAS-ın hərbi qanadının say tərkibi 30 mindən təxminən 18–20 min döyüşçüyə düşüb, amma bu hələ də ciddi qüvvədir. Qrup yenidən döyüşçü cəlb etməyə çalışır, xüsusilə yeniyetmələr və keçmiş məhbuslar arasında.
- İnfrastruktur üzərində nəzarət. Dağıntılara baxmayaraq, HƏMAS hələ də əsas rabitə xətləri, silah anbarları və ümumi uzunluğu 500–600 km-ə çatan tunel şəbəkəsini nəzarətdə saxlayır.
- Xarici əlaqələr. İran, Qətər və Türkiyə hərəkatla təmaslarını davam etdirir. Xüsusilə də yalnız 2024-cü ildə Qətər fondları vasitəsilə 120 milyon dollardan çox humanitar və maliyyə yardımı ötürülüb və bu vəsaitin əhəmiyyətli hissəsi HƏMAS strukturlarının nəzarətində qalıb.
Bu ssenaridə qrup genişmiqyaslı təmizləmələrə gedəcək, klan müqavimətini fiziki olaraq məhv etməyə çalışacaq və dini-ideoloji nəzarəti gücləndirəcək. Qısamüddətli perspektivdə bu nəticə verə bilər: etirazlar yatırılacaq, beynəlxalq ictimaiyyət isə hələ alternativ formalaşmadığı üçün kiminlə danışıqlar aparmalı olduğunu müəyyənləşdirə bilməyəcək.
Amma strateji itkilər açıq-aşkardır. Belə bir “mühafizə olunan qala” parçalanmış iqtisadiyyata, demoqrafik böhrana və minimum legitimliyə malik izolyasiya olunmuş kvazidövlət kimi fəaliyyət göstərəcək. Daxili gərginlik artacaq, xarici dəstək isə tədricən azalacaq. Bu ssenari HƏMAS-ın ömrünü 2–3 il uzada bilər, amma onun böhranının fundamental səbəblərini aradan qaldıra bilməz.
Ssenari 2: “Parçalanma” - hakimiyyət klan anklavlarına bölünür
İkinci ssenari artıq praktikada işlək mexanizmə çevrilib. Söhbət mərkəzləşdirilmiş hakimiyyətin tədricən əriməsindən və çoxocaqlı idarəetmə sisteminə keçiddən gedir.
Bu prosesin əlamətləri göz önündədir:
· ACLED-in məlumatına görə, 2025-ci ilin mart-oktyabr ayları arasında fələstinlilərarası silahlı toqquşmaların sayı 230 faiz artıb, üstəlik çoxu İsraillə deyil, HƏMAS ilə klanlar arasındakı qarşıdurmalarla bağlıdır.
· Qəzzada azı 12 silahlı qruplaşma HƏMAS-a tabe olmadan fəaliyyət göstərir. Onların arasında “Xalq qüvvələri”, “Sabra briqadası”, “Qəzzanın oğulları” və başqaları var.
· 5 rayonda, o cümlədən Xan Yunis, Rəfah və Beyt-Hanunda de-fakto avtonom zonalar yaranıb. Bu ərazilərdə HƏMAS polisinin patrulunu görmək olmur, humanitar yardım isə yerli komitələr vasitəsilə paylanır.
Bu ssenaridə Qəzza klanların, üsyançı dəstələrin və keçmiş təhlükəsizlikçilərin idarə etdiyi mozaik anklavlar xəritəsinə çevrilir. İsrail və beynəlxalq qurumlar gələcək mülki idarəetmə layihələrinə giriş nöqtəsi kimi məhz bu mərkəzlərdən yararlana bilər.
Təhlükəsizlik baxımından zorakılıq mərkəzsizləşəcək. Lokal toqquşmaların sayı arta bilər, amma HƏMAS-ın sistemli nəzarət səviyyəsi aşağı düşəcək.
Geopolitik prizma ilə baxanda parçalanma, Qəzzada radikal-islamçı layihənin zəifləməsində maraqlı olan tərəflərin xeyrinədir. İsrail ayrı-ayrı klanlarla işləyib aşağıdan-yuxarı koalisiyalar qura bilər. ABŞ və Aİ bələdiyyə idarəçiliyi ideyasını və hədəfli yardımı yerli strukturlar üzərindən irəli sürə bilər.
Risklər də aydındır. Vahid mərkəzin olmaması xaos, cinayətkarlığın artması və yeni ekstremist qrupların peyda olması ilə nəticələnə bilər. Bununla belə, hazırda ən realist görünən məhz bu ssenaridir.
Ssenari 3: “Post-HƏMAS nizamı” - yeni administrasiya və beynəlxalq protektorat
Üçüncü ssenari ən iddialı və strateji baxımdan ən yüklü variantdır. Məğzində HƏMAS-la bağlı olmayan yeni mülki administrasiyanın formalaşdırılması və bunun beynəlxalq oyunçularla, regional güclərlə dəstəklənməsi dayanır.
Bu ideya 2024-cü ildən fəal müzakirə edilir və bir sıra addımlar artıq atılıb:
· Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyrlə Qəzzada müvəqqəti administrasiyanın formalaşdırılmasında mümkün koordinator kimi işləmək varianti gündəmdədir.
· ABŞ və Aİ “effektiv və inklüziv idarəetmə modeli” şərti ilə sektor infrastrukturunun bərpasına 6 milyard dollardan çox vəsait ayırmağa hazır olduqlarını bəyan ediblər.
· Misir və İordaniya prosesdə Fələstin Milli Administrasiyasının iştirakını dəstəkləyir, lakin Ramalla hazırda ehtiyatlı davranır, kollaborasionizm ittihamlarından çəkinir.
Bu ssenaridə Hüsam əl-Astal kimi yerli fiqurlar və digər keçmiş FMA zabitləri açar rol oynaya bilər. Onların İsraildən aldığı dəstək və Qərb strukturları ilə təmasları “aşağıdan administrasiya” üçün zəmin yaradır.
Əsas çağırış legitimlikdir. Qəzza əhalisinin böyük hissəsi xarici idarəçiliyə şübhə ilə yanaşır, FMA isə xeyli nüfuz itirib. Geniş ictimai dayaq olmadan belə bir qurum nominal statusdan o tərəfə keçməyə bilər.
Bununla yanaşı, məhz bu ssenari illərlə donmuş münaqişə dinamikasını qırmaq gücünə malikdir. Reallaşarsa, Qəzza islamçı ideologiyaya söykənməyən, İsraillə hərbi qarşıdurmadan asılı olmayan yeni fələstin idarəçiliyi modelinin sınaq meydanına çevrilə bilər.
Geopolitik nəticələr: regionun yeni arxitekturası
Qəzzanın transformasiyası sərhədlərin çox-çox o üzünə sirayət edəcək.
- İsrail. HƏMAS-ın zəifləməsi müntəzəm raket təhdidini azaldır və yeni təhlükəsizlik rejimi üçün imkan pəncərəsi açır. İsrail “baş kəsmə” strategiyasından Qəzzanın “yenidən formatlaşdırılması” strategiyasına keçə bilər.
- Fələstin Muxtariyyəti. Yeni administrasiyanın qurulmasında iştirak Ramallaya siyasi çəki qaytara bilər. Amma bu, yalnız qeyri-effektiv imicini yeniləyə bildiyi halda işləyəcək.
- İran və onun müttəfiqləri. HƏMAS-ın forpost kimi əldən çıxması “müqavimət oxu” strategiyasını zəiflədir. Bu zəifləmə Livan və Suriyada təzyiqlərin artdığı fonunda daha da hiss olunacaq.
- Türkiyə və Qətər. HƏMAS-a ideoloji sadiqliklə Qərblə münasibətlərdə praqmatizm arasında seçim etməli olacaqlar.
- ABŞ və Aİ. Uğursuz “sülh prosesi”ndən deyil, Qəzzada idarə olunan məkan quruculuğu üzərindən regional gündəmi yeniləmək şansı qazanırlar.
Hüquqi aspekt: legitimlik böhranı və beynəlxalq hüquq
HƏMAS rejimi artıq bu gün beynəlxalq humanitar hüququn baza normalarını pozur. Məhkəməsiz edamlar, mülki infrastrukturun hərbi məqsədlərlə istifadəsi, işgəncə halları və uşaqların döyüş əməliyyatlarına cəlb edilməsi Amnesty International və Human Rights Watch tərəfindən çoxsaylı faktlarla sənədləşdirilib.
Bu mənzərə HƏMAS-ın beynəlxalq səviyyədə subyekt kimi delegitimasiyası üçün zəmin yaradır. 2025-ci ildə BMT Təhlükəsizlik Şurasında “Qəzzada keçid idarəçiliyi mexanizmlərinin yaradılması”nın vacibliyinə dair qətnamə müzakirə olunub ki, bu sənəd faktiki olaraq hərəkatı sülhə maneə kimi tanıya bilərdi. Sənəd Çin və Rusiyanın mövqeyinə görə qəbul edilməsə də, artıq müzakirənin özü beynəlxalq çərçivədə baxış bucağının dəyişdiyini göstərir.
Münaqişənin yeni məntiqi
Əsas nəticə göz qabağındadır: Qəzzadakı qarşıdurma artıq sırf israilli-fələstinli münaqişəsi deyil. Bu gün onun mərkəzi xətti fələstin cəmiyyətinin öz içindən keçir. Bu reallıq təkcə HƏMAS-ı zəiflətmir, həm də yeni siyasi dinamika üçün meydan açır.
Hərəkatın mümkün süqutu ani baş verməyəcək. Bu, üç mərhələdən ibarət bir proses olacaq:
- Legitimliyin aşınması - artıq başlayıb.
- Hakimiyyətin parçalanması - hazırda qızğın mərhələdədir.
- Yeni administrasiyanın formalaşması - yaxın 1–2 ildə başlayacaq.
Bu mərhələlərdən hansının finala çevriləcəyi xarici aktorların davranışından və daxili qüvvələrin balansından asılı olacaq. Amma aydın olan budur: HƏMAS-ın monopol hakimiyyət dövrü sona yaxınlaşır.
Tövsiyələr: region və dünya aktorları üçün strateji addımlar
- İsrail üçün: məhv strategiyasından alternativ yaratmaq strategiyasına keçmək. Klan strukturlarına və yerli idarəetmələrə dəstək sistemli və institusional olmalıdır.
- Fələstin Milli Administrasiyası üçün: Qəzzaya qayıdış strategiyasını əvvəlki kimi “hakimiyyət” kimi deyil, geniş özünüidarə koalisiyasının bir hissəsi kimi qurmaq lazımdır.
- ABŞ və Aİ üçün: maliyyə yardımını konkret idarəetmə institutlarının yaradılması ilə bağlamaq.
- Regional dövlətlər üçün: Misir, İordaniya və Səudiyyə Ərəbistanı keçid administrasiyasının formalaşmasında vasitəçi rolunu üzərlərinə götürməlidirlər.
- Beynəlxalq təşkilatlar üçün: keçid dövründə insan haqlarının pozulmalarını sənədləşdirmək və əsas nizamı qorumaq üçün monitorinq missiyası yaradılmalıdır.
… HƏMAS tarixinin dönüş nöqtəsinə yaxınlaşırıq. Uzun illər toxunulmaz görünən bu təşkilat bu gün onu xaricdən gələn zərbələrdən daha ciddi şəkildə sarsıdan daxili üsyanla üz-üzədir. Sual artıq “HƏMAS devriləcəkmi?” deyil, “ondan sonra nə gələcək və Qəzzanın siyasi gələcəyini kim müəyyən edəcək?” sualıdır. Bu suala veriləcək cavab təkcə fələstinlilərin taleyini deyil, bütün Yaxın Şərqdə qüvvələr balansını da müəyyən edəcək.