GUAM-ın indiki situasiyada aktivləşməsi çox mühüm məsələdir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, GUAM-a daxil olan dövlətlərin hamısında məhz separatizmlə bağlı problemlər mövcuddur:
"Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı, Ukraynada Donbas, Azərbaycanda Qarabağ məsələsi: bu problemlər həll olunmadığı, təhlükəsizliyə təhdid və müharibənin alovlana biləcəyi ocaqlar olduğu müddətcə inandırıcı görünmür ki, tam şəkildə bu dövlətlər öz iqtisadi potensialını məhz GUAM çərçivəsində inkişaf etdirə bilsin. Bu çox çətin məsələdir".
Politoloq vurğulayıb ki, amma siyasi baxımdan bu ölkələrin bir yerdə olması çox mühüm əhəmiyyət kəsb edir:
"Hərbi baxımdan da müəyyən təlimlərin keçirilməsi xüsusilə əhəmiyyətlidir. Avropanın ABŞ-dan asılılığını azaltmaq istədiyi bir məqamda GUAM-a diqqəti də artıra bilər. Avropa ordusunun yaradılması məsələsi isə inandırıcı görünmür. Çünki Avropa ölkələrinin 90%-i NATO-ya daxildir. NATO-nun tərkibində ola-ola bu dövlətlərin hər hansı qoşun yaratması məsələsi ABŞ-ın razılığı olmadan mümkün görünmür. Digər tərəfdən, burada əsas maliyyə məsələsidir. Gələcəkdə bəlkə bu istək reallaşa bilər, ancaq indi bunun baş verməsi inandırıcı görünmür".
Politoloqun sözlərinə görə, Avropanın ABŞ-dan elə yüksək səviyyədə asılılığı yoxdur:
"Lakin iqtisadi, siyasi və hərbi baxımdan onlar bir-birinə bağlıdır. Bütün bu problemləri həll etmək üçün xeyli müddət keçməlidir. Bu məsələnin tez-tez qabardılmasında İranın, Rusiyanın, Çinin maraqları var. Bu ölkələr Avropanın ABŞ-dan uzaqlaşmasını istəyir. Çünki ABŞ-sız Avropa zəifləyəcək. Bu da çox prinsipial məsələdir. Ona görə də ABŞ və Avropanın bir çox ölkələri bu asılılığın azalmasında maraqlı deyil".
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Avropanın öz ordusunu yaratmalı olduğunu bəyan edib. ABŞ Prezidenti Tramp bu açıqlamaya mənfi yanaşıb. Rusiya Prezidenti Vladimir Putin isə indiki vəziyyətdə çoxqütblü dünya üçün AB ordusunun yaradılmasının müsbət hal olduğunu deyib.