Azərbaycan-Türkiyə-Rusiya arasında üçtərəfli formatda aparılan siyasət öz bəhrəsini verir.
Bunu Axar.az-a Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyevin Xocalı soyqırımı ilə bağlı açıqlaması haqda danışan "Baku Netvörk" Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq Savelyevin Xocalı soyqırımı ilə bağlı açıqlamasının bir neçə aspektdən mühüm əhəmiyyət daşıdığını bildirib:
"Azərbaycan uzun müddətdir ki, ardıcıl xarici siyasət aparır və məhz bunun nəticəsində də dünyada 9 ölkə və ABŞ-ın 21 ştatı Xocalı soyqırımını tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb. Ermənilər Xocalıdakı real hadisələri ört-basdır etməyə çalışsalar da, Bakı bu mənfur siyasəti iflasa uğradır. Türkiyənin ayrı-ayrı şəhər və bölgələrində Xocalı abidələri ucaldılıb. Ancaq Türkiyənin Kayseri şəhərində Xocalı Parkının açılışı böyük bir hadisədir. Çünki bu mərasimdə Rusiyanın rəsmi nümayəndələri də iştirak ediblər. Bu onu göstərir ki, Azərbaycan-Türkiyə-Rusiya arasında üçtərəfli formatda aparılan siyasət öz bəhrəsini verir. Türkiyə Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın yanındadır. Rusiyanın Türkiyə ilə yaxın münasibəti Azərbaycansız mümkün deyil. Bakı Ankara və Moskva arasında körpü rolunu oynayır".
Politoloq Savelyevin bəyanatını Rusiyada Xocalı hadisələrinin təbliğatı baxımından vacib sayıb:
"Azərbaycan bu yöndə apardığı xarici siyasətini sona qədər uğurla davam etdirəcək və Xocalı soyqırımını törədənlər gec-tez öz cəzalarını alacaqlar".
Qeyd edək ki, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev Türkiyənin Kayseri şəhərində Xocalı Parkının açılışında Xocalıda Azərbaycan xalqına qarşı edilənləri soyqırım adlandıraraq, bu vəhşiliyi törədənlərin hələ də cəzasız qaldığını bildirib.