...
Neft gəlirlərinin ölkəyə daxil olması ilə – 2000-ci illərin əvvəllərində Silahlı Qüvvələrin arsenalının modernləşdirilməsi istiqamətində proqramlara başlayan Azərbaycan Hökuməti yeni silah və hərbi texnikaların satın alınması, milli müdafiə sənayesinin yaradılması istiqamətində mühüm layihələr reallaşdırmağa nail oldu. Rəsmi açıqlamalardan məlum olduğu qədər ötən 13 il ərzində ordunun arsenalının 80 faizi yenilənib. Dövlət büdcəsində müdafiə xərcləri və hərbi sahə üçün nəzərdə tutulan vəsaitin həcmində hər il artım müşahidə olunur. Belə ki, 2003-cü ildə müdafiə xərcləri 135 milyon ABŞ dolları təşkil etdiyi halda, 2005-ci ildən davamlı şəkildə büdcədə bu maddə üzrə nəzərdə tutulan xərclərin artımı baş verib və bu gün illik müdafiə xərcləri 2 milyard dollar civarındadır. Əsas satınalmaların və inşaat-quruculuq işlərinin gerçəkləşdirildiyi 2010-2015-ci illərdə isə hərbi xərclər pik həddə – illik 3 milyard ABŞ dollarının üzərində olub. Yeni texnologiyaların alınması və tədbiqi işləri ilə paralel olaraq hərbçilərin sosial məişət şəraitinin yaxşılaşdırılması daxil olmaqla, ölkəmizin müdafiə qabiliyyəti gücləndirilib. Beynəlxalq mərkəzlərin dəyərləndirmələrində göstərilir ki, Azərbaycan müdafiə xərclərinin səviyyəsinə, silahlanma və ordunun döyüşaparma qabiliyyətinə görə postsovet məkanında, eləcə də Cənub Şərqi Avropada ilk yerlərdə dayanır. Azərbaycanın ordu quruculuğuna, yeni silahların alınmasına bundan sonra da davam edəcəyini dəfələrlə öz çıxışlarında vurğulayan Prezident İlham Əliyev ordu quruculuğunun dövlətin əsas prioriteti olduğunu bəyan edib: "Son 15 il ərzində ordu quruculuğu prosesi sürətlə getmişdir. Bəzi hallarda bizi tənqid edirdilər ki, siz nəyə görə bu məsələlərə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu da təmin edirik. Ən müasir silahlar alınır və bundan sonra da alınacaq".

Ekspertlərin analizlərinə görə, Azərbaycanda 2003-cü ildən başlayaraq ordunun silah və texnika parkının yenilənməsi 3 istiqamətdə aparılır. Bunlardan birincisi xaricdən satınalmalar, ikincisi yerli istehsalın yaradılması, üçüncü istiqamət isə yerli müəssisələrin bazasında modernləşmə layihələrinin həyata keçirilməsidir. Dövlət rəhbərliyinin siyasi iradəsi və təşəbbüsü nəticəsində qurulan milli müdafiə sənayesinin əsas hədəfi də məhz ordunun xarici hərbi asılılığını azaltmaqdır. Quru Qoşunları Azərbaycan 2000-2017-ci illərdə Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda aktiv silahlanma prosesi həyata keçirən əsas oyunçulardan biri olmaqla yanaşı, milli hərbi sənayeni formalaşdırmağı və bir çox silah, sursat və hərbi texnikaların ölkə daxilində istehsalını qurmağı bacarıb. Xarici şirkətlərin iştirakı ilə hərbi texnikaların və silahların istehsalı, habelə yerli müəssisələrdə modernləşdirmə və yeni texnikaların yaradılması layihələri hazırlanıb. Təhlillər göstərir ki, son illərdə ordunun arsenalında aparılan müasirləşmə tendensiyası özünü daha çox Raket-Artilleriya Qoşunlarında göstərir. Ötən 10 ildən artıq müddət ərzində yeni silah sistemləri hesabına qoşunların imkanları əhəmiyyətli səviyyədə güclənib və hazırda bu proses yüksələn xətt üzrə davam edir. 2000-ci illərin əvvələrindən aktiv silahlanma proqramları həyata keçirən Azərbaycanın silah alımında əsas yeri artilleriya vasitələri tutur. SİPRİ, Dünya Silah Ticarətinin Analizi Mərkəzi (SAMTO) kimi təşkilatların hesabatları, silah ixracatçısı olan ölkələr tərəfindən BMT Adi Silahlar Registrinə təqdim edilmiş məlumatlara görə, Azərbaycan 2001-2016-cı illərdə müxtəlif ölkələrdən 1000-ə yaxın müxtəlif çaplı raket-artilleriya sistemlərinin satın alınmasını həyata keçirib. Bu sistemlər arasında D-30A və MT-12 topları, PM-38 minaatanları, 300 mm-lik 9K58 "Smerç", TR-300 "Qasırğa", "Extra", TR-122 "Sakarya", "Lynx LAR-160", "Lynx Qrad", RM-70 "Vampir" YARS, 9K79-1 "Toçka-U" operativ-taktiki raket kompleksi, 152 mm çaplı 2S3 "Akasiya", 122 mm çaplı 2S1 "Qvozdika", 203 mm çaplı 2S7 "Pion", 152 mm-lik 2S19 "Msta-S", "SpGH Dana" özüyeriyən haubitsalar, "Cardom", "Spear Mk-2", 2S9 "Nona-S", 2S31 "Vena" özüyeriyən minaatanlar, TOS-1A "Solntsepyok" ağır odaatanlar yer alıb. Digər istiqamət isə tank və zirehli döyüş maşınları ilə bağlıdır. BMT Adi Silahlar Registrinin məlumatlarına görə, Azərbaycan 2000-2017-ci illərdə Rusiya (162 ədəd), Belarus (153 ədəd), Ukrayna (48 ədəd) və Slovakiyadan (1 ədəd) olmaqla cəmi 364 ədəd tank satın alıb. Bu tanklardan 100 ədədini T-90S, qalan 264 ədədi isə T-72 tanklarının müxtəlif modifikasiyaları təşkil edir. Hesabat dövründə Azərbaycan həmçinin 100 ədəd BMP-3 piyada döyüş maşınları, BTS-5B evakuasiya maşınları, MTU-90 körpüsalanları, İMR-3M mühəndis maşınları, BTR-70 və BTR-82A tipli ZTR-lər, zirehli avtomobillər əldə edib.

Bundan başqa, 24 ədəd BTR-80, MTU-90M tank körpüsalanları, İMR-3M mühəndis maşını, panton körpülər, mühəndis avadanlıqları, "Kornet" tank əleyhinə idarə olunan raketlər, müxtəlif çaplı atıcı silahlar, artilleriya döyüş sursatları satın alıb. "Spike" TƏİR kompleksləri 2016-cı ilin aprel döyüşlərində, ondan əvvəl və sonra cəbhədə tətbiqi nəticəsində, müxtəlif vaxtlarda Ermənistan Ordusunun 40-a yaxın hərbi texnikası məhv edilib.

Azərbaycan Silahlı Qüvvələrinin Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Zahid Hüseynov AZERİ DEFENCE-yə müsahibəsində bildirib ki, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Raket və Artilleriya Qoşunlarında da inkişaf, yenilənmə prosesi gedir. Qoşunlar üçün yeni silah sistemləri alınır, şəxsi heyətin hazırlığı günü-gündən təkmilləşir, peşəkarlıq artır: "Ali Baş Komandan ordunun daha güclü, müasir və dəqiq silahlarla təchiz olunması barədə tapşırıqlarını verib və bu tapşırıqlar hazırda icra olunur. Bu gün Raket və Artilleriya Qoşunlarının on il əvvəllə müqayisədə böyük inkişafı müşahidə olunur. Son təlim və döyüşlərdə istifadəmizdə olan raket və artilleriya silahlarının bir qismi praktiki istifadə olunub. Yeni silahların şəxsi heyət tərəfindən öyrənilməsi, mənimsənilməsi davam edir".

Hərbi Hava Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin əsas qoşun növlərindən olan Hərbi Hava Qüvvələri (HHQ) 1992-ci ildən, yarandığı ilk dövürdən bilavasitə döyüş əməliyyatlarına cəlb olunmuş və formalaşma prosesi müharibədə keçmişdir. 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında cəbhə xətdində atəşkəsin əldə edilməsinə dair razılaşma əldə olunandan sonra, birinci Qarabağ müharibəsində hərbi aviasiyanın rolunu diqqətə alan rəsmi Bakının əsas diqqət yetirdiyi məsələlərdən biri də HHQ-nin gücləndirilməsi, hərbi aviasiya parkının yenilənməsi və imkanlarının artırılması olmuşdur. Qeyd edək ki, Hərbi Hava Qüvvələri Komandanlığı Azərbaycan Silahlı Qüvvələrinin strateji birləşməsi olaraq özündə Hərbi Hava Qüvvələrini və Hava Hücumundan Müdafiə Qoşunlarını birləşdirir. Son 10 ildə yeni silahlar, müşahidə və aşkaretmə sistemləri, uçuş texnikaları hesabına əhəmiyyətli şəkildə güclənən HHQ-nin aviaparkının yenilənməsi sahəsində mühüm addımlar atılmaqdadır.

Ötən 17 il ərzində HHQ və digər qoşunların aviasiya parkı Ukrayna, Rusiya, Belarus, Gürcüstan kimi ölkələrdən əldə olunan təyyarə və helikopterlər hesabına gücləndirilib, mövcud texnikaların bir qismi modernləşdirilib. BMT Adi Silahlar Registrinə alıcı və satıcı ölkələrin təqdim etdiyi hesabatlara görə, 2001-ci ildən etibarən hərbi aviasiyanın inkişafı proqramları çərçivəsində Azərbaycan Gürcüstandan 13 ədəd Su-25 (12 ədəd Su-25 və 1 ədəd Su-25UB), Ukraynadan 12 ədəd L-39 təlim, 16 ədəd MiQ-29 (2 ədəd MiQ-29UB, 14 ədəd MiQ-29), Belarusdan 12 ədəd Su-25 tipli döyüş təyyarəsi alıb. Bundan başqa, hesabat dövründə Ukraynadan 12 ədəd Mi-24 (1 ədəd Mi-24R) zərbə helikopteri, Rusiyadan 24 ədəd Mi-35M zərbə helikopteri, 71 ədəd Mi-17, habelə 4 ədəd Ka-32 tipli helikopter əldə olunaraq, HHQ-nin döyüş qabiliyyəti yüksəldilib. 2017-ci ilin iyul ayında Azərbaycan HHQ ilə Pakistanın PAC-Kamra təşkilatı arasında 10 ədəd "Super Muşşak" təlim təyyarəsinin çatdırılmasına dair müqavilə imzalanıb. Pakistan rəsmilərinin bəyanatlarından məlum olduğu qədər təyyarələrin Azərbaycana çatdırılması 2018-ci ilin sonunadək yekunlaşmalıdır. Bunun davamı olaraq Pakistan Azərbaycana JF-17 "Thunder" döyüş təyyarələrini ixrac etmək niyyətində oldğunu da açıqlayıb. Bununla yanaşı 2017-ci ilin may ayında Hərbi Hava Qüvvələri üçün İtaliyanın "Leonardo" şirkətinin istehsal etdiyi M-346 reaktiv təlim-döyüş təyyarəsinin təqdimatı keçirilib. Ekspertlərin ehtimalına görə, yaxın perspektivdə hər iki təyyarə Azərbaycan HHQ-nin texnika parkında yer alacaq. Ekspertlərin fikrincə, M-346-ya sahib olmaqla, Azərbaycan HHQ-nin aviasiya parkını qərb istehsalı olan təyyarələrlə əvəzləməyi düşünür.

Təyyarə və helikopterlərlə yanaşı sözügedən dövrdə HHQ xarici və yerli istehsal olan müasir PUA-larla da gücləndirilib. Bu PUA-lar cəbhənin kilometrlərlə dərinliyindəki düşmən hədəflərini izləməyə və kəşfiyyat aparmağa imkan verir.

Son illərdə arsenalını yeni hava hücumundan müdafiə sistemləri ilə gücləndirən HHQ-nin Hava Hücumundan Müdafiə Qoşunları günün 24 saatı fasiləsiz döyüş növbətçiliyini yerinə yetirməklə hava məkanımızda və sərhədlərimizdə baş verən bütün prosesləri nəzarət altında saxlayır. Azərbaycan sərhədlərində baş verən proseslər, xüsusilə də düşmən Ermənistan tərəfindən ehtimal olunan təhdidlər hava hücumundan müdafiə sisteminin daim döyüş hazırlığı vəziyyətində saxlanılmasını şərtləndirir. Bu və digər təhdidləri nəzərə alan Azərbaycan 2007-ci ildən başlayaraq HHM sisteminin inkişafı ilə bağlı proqramlar həyata keçirməkdədir. Bunlardan birincisi mövcud sistemin modernləşdirilməsi, ikincisi isə yeni və daha effektiv HHM sistemlərinin əldə edilməsidir. Moderləşmə proqramı çərçivəsində HHM qoşunlarının invertarında yer alan 9A33 "Osa" və S-125 "Peçora" zenit-raket komplekslərinin (ZRK), P-18, P-19, 5N84 "Oborona", 19J6 RLS-lərinin modernləşməsi həyata keçirilib. 9A33 "Osa" ZRK modernləşdirildikdən sonra 9K33-1T "Osa-1T" (SA-8 Gecko) səviyəsinə çatdırılıb. Maneələrə qarşı müdafiəsi yüksəldilən və döyüş idarəetməsi avtomatlaşdırılan "Osa-1T" testlər zamanı kiçik ölçülü hədəfləri, habelə stels texnologiyalar üzrə yaradılmış hədəfləri məhv etmək imkanların sübuta yetirib. Modernləşdirmə proqramı ilə yanaşı, Azərbaycan 2010-cu ildə Rusiyadan 2 divizion S-300 PMU2 "Favorit" ZRK və İsraildən "Barak-8" ZRK və EL/M-2080 "Green Pine" radarı, Ukraynadan 9P58M "Strela-3" daşınan ZRK, habelə 80K6M mobil radar sistemi, Belarusdan "Buk-MB" və T-38 "Stilet" ZRK kompleksləri əldə edib. Ümumilikdə, Azərbaycanın mövcud HHM sistemləri ölkənin təkcə işğal altında olan ərazisini deyil, eyni zamanda şimal-qərb və Naxçıvan Muxtar Respublikasının ərazisindən Ermənistanın bütün ərazisi üzərində hava məkanını tam nəzarətdə saxlayır.

Təmir və modernizə imkanları Hazırda Azərbaycan Ordusunun bütün quru, aviasiya və dəniz texnikalarının ehtiyac duyulan bütün təmir və modernizə işləri müstəqil, yaxud müştərək şəkildə yerli müəssisələrdə yerinə yetirilir. 2003-cü ildən başlayaraq xarici satınalmalarla bərabər təmir və modernizə layihələri həyata keçirmələri məqsədi ilə yerli müəssisələr yenidən qurulub, kadr potensialı formalaşdırılır. Hərbi Hava Qüvvələrinin Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən təmir müəssisələrində yerli ehtiyaclar qarşılanmaqla yanaşı xarici ölkələrin də sifarişləri yerinə yetirilir. MDB Dövlətlərarası Aviasiya Komitəsinin Aviasiya Registri tərəfindən sertifikatlaşdırılmış Gəncə Aviasiya Təmir Zavodu Azərbaycanla yanaşı Kuba, Peru, Kolumbiya, Əfqanıstan, Polşa, Rusiya, Baltik ölkələrindən sifarişlər icra olunur. Azərbaycan Aviasiya Təmiri Zavodu isə həm "Su", həm "MiQ" seriyalı, həm də xüsusi növ təyyarələrin təmir işləri ilə məşğuldur. Müəssisədə Gürcüstanın Tiflis Aviasiya Zavodu ilə birgə Su-25 təyyarələrinin təmiri, eləcə də CAR "Paramount Group" şirkəti ilə Mi-24 və Mi-17 helikopterlərinin modernləşdirilməsi həyata keçirilir. Mi-24 "Super Hind Mk.4" səviyyəsində aparılan modernizə nəticəsində Mi-24G "(Gecə") indeksi almış helikopterlərin imkanları əhəmiyyətli səviyyədə yüksəldilib, gecə döyüşləri aparmaq qabiliyyəti qazandırılıb. 2017-ci ilin yayında Müdafiə Nazirliyinin nəzdində müasir radiotexniki və rabitə vasitələrinin, həmçinin nəqliyyat vasitələrinin təmirini və modernləşdirilməsini həyata keçirən daha iki yeni müəssisə istifadəyə verilib. Nazirliyin Tank Təmiri Zavodu isə 2008-ci ildən İsrailin "Elbit" şirkəti ilə birlikdə T-72 tanklarının modernləşdirilməsini həyata keçirir. Modernizə edildikdən sonra T-72 "Aslan" indeksi almış bu tanklar sələfindən özünün bir çox üstünlükləri, o cümlədən gecə və pis hava şəraitində döyüş apara bilmə qabiliyyətinə görə fərqlənir. Sözügedən tanklar 2016-cı ilin aprel döyüşlərində də geniş istifadə olunub. Müəssisənin ən mühüm layihələrindən biri də MT-LB yüngül zirehli yedək maşının bazasında təkmilləşdirmə işləri aparılaraq hazırlanmış zirehli sanitar-təxliyyə maşınlarıdır. Bu maşınlar aprel döyüşlərində ön xətdə yaralıların təxliyyəsində geniş istifadə edilib və özünü doğruldub. Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən də hərbi texnikanın modernizə edilməsi istiqamətində layihələr reallaşdırılır. Nazirliyin "Bakı Cihazqayırma" zavodu BTR-60 və BTR-70 zirehli transportyorlarının, həmçinin BRDM-2 zirehli kəşfiyyat-dozor maşınlarının müasirləşdirilməsi istiqamətində yerli və xarici sifarişçilərin layihələrini həyata keçirir. Yerli istehsal 2014-cü ildə Rusiyanın "KamAZ" ASC ilə Azərbaycanın Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi (İB) arasında imzalanmış müqavilə çərçivəsində Azərbaycanda Silahlı Qüvvələr üçün "KamAZ-4326" hərbi təyinatlı avtomobillərinin, Belarusun Minsk Avtomobil Zavodu ilə əməkdaşlıq çərçivəsində MAZ markalı avtomobillərin istehsalı həyata keçirilir.

2009-cu ildən Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələri də ordunun sifarişi əsasında hərbi texnikanın istehsalını həyata keçirməkdədir. MSN-nin CAR-ın "Paramount Group" şirkəti ilə birlikdə istehsal etdiyi "Marauder" və "Matador" adlı iki növ minaya qarşı qorumalı nəqliyyat vasitələri (MRAP) hazırda Azərbaycan Ordusunun müxtəlif bölmələri tərəfindən cəbhə xəttində geniş istifadə olunmaqdadır. Bu texnikalar 2016-cı ilin aprel ayında cəbhədə baş verən döyüşlərdə praktiki istifadə olunaraq özünü doğruldub. Ön xəttə xidmət edən zabitlərin sözlərinə görə, minaya və partlayışlara qarşı yüksək səviyəli qoruması olan bu maşınlar Tərtər rayonunun Seysulan və Talış kəndləri, eləcə də Füzuli rayonunun Lələtəpə yüksəkliyində düşmən atəşi altında qalan bölmələrin və yaralıların güvənli şəkildə təxliyəsində istifadə olunub. Eləcə də komanda-qərargah maşını olaraq "Marauder" geniş imkanlara sahibdir. MSN hərbi maşınlarla yanaşı, ordunu ehtiyac duyduğu 9 mm-dən 30 mm-dək müxtəlif çapda döyüş sursatları, habelə minaatan və qumbaratanlar, onların döyüş sursatları ilə tam təmin edir. Yerli mühəndislər tərəfindən yaradılmış İST-14.5 mm çaplı snayper tüfəngi, "Zəfər", "Zəfər-K" və "İnam" adlı tapançalar, RPQ-7V2 əl qumbaraatanları, 60 və 82 mm-lik minaatanlar, RBG-40 revolver tipli qumbaraatalar, 7.62×51 mm "Yalquzaq" snayper tüfəngi, atıcı silah nümunələri hazırda Azərbaycan Ordusunun istifadəsində yer alır.

2012-ci ildən MSN müəssisələri tərəfindən ordu "Orbiter-2" mini, "Aerostar" taiktik, "Orbiter-3" və "Orbiter-4" tipli mini taktik PUA-larla da təchiz edilir. Son olaraq 2017-ci ildə ordunun istifadəsinə verilən "Zərbə" kamikadze PUA gündüz və gecə optik sensorları ilə yanaşı, gövdə daxilində 2 kiloqramadək partlayıcı maddə daşıyır. Üç saata yaxın uçuş müddətinə malik bu "kamikadze" əməliyyat icra olunmadıqda paraşütdən və təhlükəsizlik yastığından istifadə etməklə bazasına eniş etməyi bacarır. Yeni texnologiyalar döyüşlərin taleyini həll edir Dünyanın müxtəlif regionlarında gedən hərbi əməliyyatlar, eləcə də Azərbaycan və Ermənistan arasında davam edən münaqişənin təhlili göstərir ki, müasir müharibələri yeni texnologiyalarsız təsəvvür etmək mümkün deyil. Yenilənən müharibə şərtlərində orduların da öz imkanlarını yeniləməsi vacib şərt kimi önə çıxır. Bunun üçün də həm milli, həm də xaricdən yeni silah və texnologiyanın alınıb tətbiq edilməsi qaçılmazdır. Yeni texnologiyaların tətbiqi qoşunlar arasındakı kontakt məsafəsinin daha da uzaqlaşmasına səbəb olur. Nəticədə düşməni ilk atışda vurmaq, daha dəqiq və öldürücü zərbə endirmək üçün yeni dəqiq silahları əldə etmək lazım gəlir. Hərbi ekspertlərin fikrincə, Azərbaycanın son illərdəki silahlanma tendensiyası və ordunun keçirdiyi hərbi təlimlərin ssenarisi bu mövzunun prioritet olaraq diqqətdə saxlanıldığını göstərir. Aprel döyüşlərində düşmənin hərbi texnikalarının və canlı qüvvəsinin döyüşə girmədən, uzaq məsafədən dəqiqliklə məhv edilməsi ordunun sahib olduğu yeni nəsil silahlar hesabına baş tutub.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışovun sözlərinə görə, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun arsenalında yer alan yeni silahların bir qismi istifadə edilib və öz sözünü deyib. X.Baxışovun fikrincə, Azərbaycan Ordusunun düşmən üzərində hərtərəfli hərbi-texniki üstünlüyü artıq potensial kimi deyil, gerçək üstünlük kimi qəbul olunur: "Belə demək olar ki, dörd günlük müharibədə düşmən əsasən üçüncü nəsil silahlarla döyüşdüyü halda Ordumuz beşinci nəsil döyüş idarəetmə sistemlərini, silah və vasitələri tədbiq etdi. Müasir döyüş əməliyyatlarının uğurla aparılmasına yeni texnologiyaların təsiri danılmazdır. Bunu biz də praktiki olaraq gördük".

Zaur BABAŞOV Yazı Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş "Hər birimiz Vətənə xidmət edirik" müsabiqəsinə təqdim edilir.
Məqalədə: