Elxan Ələsgərov: "Azərbaycana belə yüksək qiymət verilməsini şərtləndirən real səbəblər var" Qabil Hüseynli: "Ekspertlərin Azərbaycanın üzərində dayanması təsadüfi deyil"
"Müasir Avrasiya strategiyalarının hamısı Azərbaycanı nəzərə almalıdır". Bu fikir ABŞ-ın məşhur "Foreign Policy" nəşrində dərc edilən "Nə üçün Qərbin Azərbaycana ehtiyacı var?" məqələsində yer alıb.
Məqalənin ilk hissəsində Azərbaycanın iqtisadi potensialından bəhs edilir. Belə ki, Asiya və Avropa arasında ticarət baxımından enerji resurslarının və malların hərəkəti üçün yalnız üç yolun olduğu göstərilir: "Qərblə Moskva və Tehran arasındakı sarsılan əlaqələrin müasir reallıqlarını nəzərə alsaq, həyat qabiliyyətli bir yol qalır: Xəzər dənizinin sahilində yerləşən Azərbaycandan keçməklə. Hazırda regionda Rusiya və İrandan yan keçməklə Azərbaycandan keçən üç iri neft və qaz kəməri var - Gürcüstan və Türkiyə vasitəsilə Azərbaycan Aralıq dənizinə çıxan Bakı-Tbilisi-Ceyhan, Xəzər dənizindən çıxarılan neftin Qara dənizə çatdırıldığı Bakı-Supsa boru kəməri və Azərbaycandan Türkiyəyə gedən, sonradan Cənub qaz dəhlizi layihəsi ilə birləşəcək və İtaliyaya, eləcə də Avropanın qalan hissəsinə ixracın reallaşacağı Cənubi Qafqaz Boru Kəməri".
Ekspertlərin fikrincə, Azərbaycana belə yüksək qiymət verilməsini şərtləndirən real səbəblər var. "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov bildirir ki, Azərbaycan bu günə addım-addım yaxınlaşıb: "Artıq "Cənub Qaz Dəhlizi"nin açılış məsarimi də keçirildi. Dünyadakı proseslər onu göstərir ki, 21–ci əsr neft və qaz axtarışına yönəlib. Çünki dünyanın enerjiyə, enerji yataqlarına ehtiyacı var. Bunu təmin etmək üçün Azərbaycan müstəqillik dövründən bu günə qədər düzgün menecment siyasəti nəticəsində Avropanın ümidverici məkanı ola bilib. İndi isə Avropaya "Cənub Qaz Dəhlizi"ni təklif edir. Düzdür, layihə müəyyən çətinliklər hesabına başa gəlib. Ancaq bunun həyata keçirilməsində siyasi rəhbərliyin iradəsi, xalqın zəhməti var. Ötən dövr ərzində Azərbaycan xalqı ölkənin güclü, qüdrətli dövlətə çevrilməsində səbəbkar olub. Dünya ölkələri də bunu görür".
Ekspert əlavə etdi ki, Azərbaycan bu bazarda öz məhsulusu satmağa qadirdir: "Azərbaycan bununla kiminsə maraqlarını tapdalamır. Azərbaycan iqtisadi rəqabətə girib. İqtisadi layihələr həyata keçirilən zaman hansısa ölkəyə qarşı nəzərdə tutulmur. Bu layihələr Azərbaycan xalqının və ölkənin gələcəyinə hesablanmış layihələrdir. Dünya ölkələri bunu görür.
Rusiya da özünün enerji siyasətini həyata keçirir. Bununla yanaşı Azərbaycanın haqlı olduğunu dolayı olsa da, etiraf edir. Azərbaycan bu işdə Rusiyaya qarşı fəaliyyət göstərmir. Sadəcə, özünün neft və qazını dünya bazarına çıxarır. Bunu da dostluq, əmin-amənlıq şəraitində həyata keçirir".
Politoloq Qabil Hüseynli bildirdi ki, ekspertlərin Azərbaycanın üzərində dayanması təsadüfi deyil: "Bu gün Azərbaycan Avropa ilə Asiya arasında ən yaxşı və təhlükəsiz enerji dəhlizi hesab olunur. Bunu həyata keçirilən iri layihələr sübut edir.
Nəzərə alaq ki, Sovet dövründə də Azərbaycan mühün enerji layihələrinin dəhlizi kimi qəbul edilirdi. Amma xüsusən SSRİ dağılandan sonra enerji koridoru kimi Azərbaycanın əhəmiyyəti ölçüyəgəlməz dərəcədə artıb. "Bakı-Tiflis-Ceyhan", "Bakı-Supsa", indi də "Cənub Qaz Dəhlizi"ni misal göstərə bilərik. Yəni, jurnalın gəldiyi qənaət praktika ilə təsdiqlənir. Burada Azərbaycandakı ictimai siyasi sabitlik də nəzərə alınıb. Həmçinin Azərbaycanın bu üstünlüyündən hansısa dövlətə qarşı olmadığını da hər kəsə məlumdur. O baxımdan Azərbaycanın enerji dəhlizi kimi seçilməsi ideal seçimdir".