Bu səfər çərçivəsində Xəzərdə neft sahəsində və digər bir sıra önəmli məsələlərlə bağlı iki ölkə arasında güclü əməkdaşlığın təməli qoyuldu.
Bu sözləri Axar.az-a İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfərini şərh edən fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq İranla Azərbaycan arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumunun tarixi əhəmiyyət daşıdığını bildirib:
"Bu razılaşma ilə İranla Azərbaycan arasında Xəzər dənizinin hüquqi statusuna dair məsələ demək olar ki, həllini tapmış olur. İndiki dönəmdə Azərbaycan-İran əməkdaşlığının yeni mərhələsi olduqca vacibdir. Çünki həmin sənəd əsasında Xəzərdə mübahisəli yataqların birgə işlənilməsindən hər iki dövlət fayda götürəcək. Xəzərin hüquqi statusu ilə bağlı bu problemin həlli Türkmənistan üçün də örnək olacaq. Digər tərəfdən, Şərq-Qərb, Şimal-Cənub dəhlizi, həmçinin Azərbaycanla İran arasında böyük iqtisadi layihələr reallaşdırılır. Bu. hər iki ölkə üçün mühüm iqtisadi dividentlər deməkdir. İran üçün Azərbaycan çox etibarlı bir tərəfdaşıdır. İran Azərbaycanın verəcəyi kreditlər hesabına öz iqtisadiyyatını inkişaf etdirəcək. Bakıda bu mühüm iqtisadi məsələlərin müzakirəsi gələcəkdə iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənəcəyinə dəlalət edir".
Ekspert Azərbaycanla İran arasında iqtisadi əlaqələrin gələcək perspektivləri üçün mühüm imkanların olduğunu da qeyd edib:
"Azərbaycan Prezidenti İlham Əliyev bu il 4 dəfə İranda, İran Prezidenti Həsən Ruhani isə 3 dəfə Azərbaycanda səfərdə olub. Rəhbərlər dəfələrlə beynəlxalq təşkilatlar çərçivəsində görüşüblər. Bu ondan xəbər verir ki, münasibətlərin əsas təməlində etibarlı tərəfdaşlıq dayanır. Texnoparklar çərçivəsində İran Azərbaycanda bir çox önəmli layihələrdə iştirak edəcək. Söhbət avtomobil zavodunun tikintisindən və bəzi kimyəvi maddələrin istehsalı ilə bağlı birgə əməkdaşlıqdan gedir".
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri bu gün başa çatıb.