...
Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri dövlətimiz, xalqımız üçün çox mühüm hadisədir. Bunu sechki-2018.az saytına açıqlamasında "Baku Network" ekspert şurasının rəhbəri, politoloq Elxan Ələsgərov bildirib. Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün münbit şəraitin olduğunu deyən politoloq ölkəmizdə ictimai-siyasi vəziyyətin sabit olduğunu vurğulayıb. "Azərbaycanda əmin-amanlıq yüksək səviyyədə qorunur. Ölkədə tikinti sektoru əhəmiyyətli dərəcədə inkişaf edib. Təkcə Bakıda deyil, regionlarda da tikinti-abadlıq işləri geniş vüsət alıb. Əhalinin rifah halı daha da yaxşılaşıb. Fikrimcə, belə bir şəraitdə yaşayan əhali prezident seçkilərində fəal iştirak edəcək",- deyə şura rəhbəri bildirib. Seçkidən-seçkiyə Azərbaycanın bu sahədəki təcrübəsinin artdığını qeyd edən E.Ələsgərov son illər seçki prosesinin təkmilləşdirilməsi istiqamətində xeyli mühüm addımların atıldığını vurğulayıb. Politoloq söyləyib ki, seçki prosesində müasir texnologiyaların tətbiqi də təqdirəlayiqdir: "Şəffaflığın təmini üçün atılan ən mühüm addımlardan biri səsvermə məntəqələrində veb-kameraların quraşdırılmasıdır. Dünyanın istənilən nöqtəsindən internet vasitəsilə səsvermənin gedişini canlı izləmək mümkündür. Eyni zamanda, hər hansı bir mübahisəli məqam ortaya çıxdığı zaman, veb-kameralar sayəsində onu araşdırmaq olur. Digər önəmli məsələ, beynəlxalq təşkilatların nümayəndələrinin seçkilərdə iştirakıdır. Bildiyiniz kimi, Azərbaycana xeyli sayda xarici müşahidəçi gələcək. Onların seçkilərə marağı prosesin qanun və beynəlxalq norma çərçivəsində keçirilməsinə dəlalət edir".
Məqalədə: