...
"Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi idmanın inkişafı və islam həmrəyliyi ilə yanaşı, həm də böyük siyasi əhəmiyyət kəsb edən məsələdir". Bunu Milli.Az-a açıqılamasında "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Ekspertin fikrincə, bu Oyunlar müsəlman dövlətləri arasında ziddiyyətlərin aradan qaldırılmasına töhfə verəcək: "Hazırda dünyada elə bir vəziyyət yaranıb ki, əhalisinin əksəriyyəti müsəlman olan bəzi ölkələr arasında böyük ziddiyyətlər var, savaşlar gedir və onların ardı-arası kəsilmir. Əksinə, bəzi qüvvələr tərəfindən daha da qızışdırılır və şiə-sünni qarşıdurmasına yönləndirilir. Bu baxımdan Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları həm də siyasi hadisədir. Oyunların Açılış mərasimində bəzi məsələlərdə bir-birinə düşmən mövqelərdə duran müsəlman dövlətlərinin bayrağı ard-arda bir-birinin yanında gedirdilər. Bu, çox önəmli hadisədir. İdmançılar isə bir-birinə rəqib olmaqla yanaşı, bir-birini ilə tanış, dost olurlar. Bu, Azərbaycanın müsəlman ölkələri arasında sülh prosesinə bir töhfəsidir. Müsəlman qardaşları barışdırmaq İslamda çox mühüm məsələ hesab olunur. Hətta bununla bağlı hədis də var: Bir gün camaat namaza gələndə görür ki, Hz. Məhəmməd peyğəmbər (s.ə.a.s) yoxdur. Soruşanda deyirlər ki, o, ədavət içində olan iki müsəlmanı barışdırmağa gedib. Bu onu göstərir ki, Hz.Peyğəmbər (ə.s) hətta namazı da insanları barışdırmaq naminə gecikdirib. Azərbaycanın barış və həmrəylik təşəbbüsü ilə keçirilən bu idman oyunları da indiki təhlükəli, gərgin zamanda böyük siyasi əhəmiyyət kəsb edir". E.Ələsgərov hesab edir ki, bu hadisə bir daha Azərbaycanın dünyanın multikulturalizm mərkəzi olduğunu təsdiq edir: "Bu, bir daha göstərir ki, Azərbaycanın nəinki Şərqin ilk cümhuriyyətini qurub, ilk universitetini yaradıb, ilk operasını yazıb, həm də ilk dəfə olaraq müsəlman dövlətləri arasında sülh prosesinə təkan verib. Vaxtilə müharibə olmasın deyə qadınlarımız başındakı kəlağayını açıb ortaya atarmışlar. Yəni bu ənənə bizim milli, tarixi köklərimizə dayanır. Azərbaycanın regionda, İslam aləmində sülh prosesindəki fəallığı onun nüfuzunu daha da artıracaq. Özü də bu, təkcə müsəlman ölkələri arasında yox, ümumilikdə Şərqdən Qərbə xristian və digər dini icmalar arasında da Azərbaycanın nüfuzunu yüksəldəcək. Bu onu göstərir ki, Azərbaycan dünya miqyaslı proseslərdə artıq böyük oyunçuya çevrilir". Qeyd edək ki, mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi Açılış Mərasimi keçirilib. Mayın 22-dək davam edəcək Oyunlarda rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edir. Oyunlarda 24 növ üzrə idman yarışları (atletika və paratletika, su idmanında suya tullanma, üzgüçülük, su polosu, basketbol 3x3, boks, futbol, idman gimnastikası, bədii gimnastika, həndbol, cüdo və para cüdo, karate, atıcılıq, stolüstü tennis, taekvondo, tennis, voleybol, ağır atletika, yunan-roma, sərbəst və qadın güləşi, uşu və zorxana) Bakının ən müasir 16 idman kompleksində keçirilir. İdmançılar 269 dəst medal uğrunda mübarizə aparır. Yarışlar yerli və xarici olmaqla 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılır. IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə 1 milyarddan çox insanın izləyəcəyi bildirilir. http://bakunetwork.loc Bizi Facebook -dan, Twitter -dən və Youtube -dan izləyin
Məqalədə: