...

“Bakı Şəbəkəsi” Araşdırma və Təhlil İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı ayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri ilə görüş keçirib.

Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, layihənin təlimçisi Sahil Kərimli çıxışında bildirib ki, müasir dövrdə ideoloji təhdidlər hər bir ölkənin üzləşdiyi reallığa çevrilib.

Onun sözlərinə görə, Azərbaycanın dövlətçilik və milli maraqlar üzərində qurulan müstəqil siyasəti müəyyən xarici dairələri narahat edir. Azərbaycan xarici təzyiqlər qarşısında geri çəkilmir və siyasətini ayrı-ayrı ölkələrin maraqlarına uyğun qurmur. “Azərbaycan xüsusilə Vətən müharibəsindəki qələbədən sonra daha da inkişaf edib. Dövlətçilik və milli maraqlar əsasında siyasət həyata keçirilməsi, təbii ki, bir çox yad dairələri narahat edir. Ona görə də ideoloji təhdidlərə qarşı ayıq olmalıyıq”, deyə S. Kərimli bildirib.

O, həmçinin son günlərdə vahid məktəbli forması ilə bağlı qərarın siyasiləşdirilməsi cəhdlərinə diqqət çəkib. Qeyd olunub ki, tələbələr gənc nəslin nümayəndələri kimi bu kimi məsələlərə diqqətlə yanaşmalı və müxtəlif təsirlərə qarşı ayıqlığı qorumalıdırlar.

“Vahid məktəbli forması ilə bağlı qərarın necə siyasiləşdirildiyini görürük. Gənclər bu məsələlərdə ayıq olmalı və baş verənləri düzgün qiymətləndirməlidirlər”, deyə o vurğulayıb.

“Bakı Şəbəkəsi” Araşdırma və Təhlil İctimai Birliyinin sədri, Əməkdar jurnalist Elçin Alıoğlu çıxışında bildirib ki, ideoloji təhdidlər və zərərli təsirlər mücərrəd anlayışlar deyil və bu baxımdan gündəlik istifadə olunan sosial platformaların insanların dünyagörüşünə və seçimlərinə təsiri nəzərə alınmalıdır.

“Hər gün istifadə etdiyiniz sosial platformalar sadəcə əyləncə vasitəsi deyil. İzlədiyiniz videolar, paylaşdığınız foto və videolar sizin kim olduğunuz, maraqlarınız və düşüncələriniz barədə məlumat verir”, deyə o qeyd edib.

E. Alıoğlu vurğulayıb ki, gənclər müxtəlif təsir mexanizmlərinin əsas hədəflərindən biridir. O, süni intellekt alətlərindən və sosial platformalardan istifadə zamanı ayıqlığın vacibliyini qeyd edib.

Onun fikrincə, istifadəçilər texnologiyalardan istifadə edərkən öz davranış və seçimlərinin də təhlil oluna biləcəyini nəzərə almalıdırlar.

E. Alıoğlu zərərli xarici amillərin təsiri ilə cəmiyyət daxilində parçalanma yaradılması təhlükəsinə də toxunub. O bildirib ki, ictimai birliyin zəifləməsi vahid milli özünüdərkə mənfi təsir göstərir. “Cəmiyyət parçalananda vahid milli özünüdərk qalmır. Zərərli ideologiya həm Şərqdən, həm də Qərbdən gələ bilər. Ona görə də məsələyə yalnız bir istiqamətdən yanaşmaq düzgün deyil”, deyə o vurğulayıb.

Azərbaycanın tarixi inkişaf yolundan danışan E. Alıoğlu xatırladıb ki, Şərqdə qadınlara ilk dəfə seçki hüququ Azərbaycanda verilib. O, gənclərin milli dəyərləri və tarixi nailiyyətləri dərindən öyrənməsinin, eləcə də daxil olan məlumatlara tənqidi yanaşmasının vacibliyini qeyd edib.