...

“Bakı Şəbəkəsi” Araşdırma və Təhlil İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı ayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetində tələbələrlə görüş keçirib.

Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, layihənin təlimçisi Sahil Kərimli çıxışında bildirib ki, dünyada qarşıdurmaların və ideoloji təhdidlərin artdığı dövrdə zərərli xarici təsirlərə qarşı ayıqlığın qorunması xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Azərbaycanın müstəqil xarici siyasəti, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, eləcə də regionda yaratdığı yeni reallıqlar müəyyən xarici dairələri narahat edir.

“Onlayn mediada və sosial şəbəkələrdə Azərbaycana qarşı saxta, qərəzli məlumatların yayıldığını görürük. Bunun məqsədi milli həmrəyliyi, vətəndaş razılığını pozmaq və cəmiyyətin birliyini zəiflətməkdir. Belə məlumatlara və ideoloji təhdidlərə qarşı ayıq olmaq hər bir vətəndaşın borcudur”, – deyə S. Kərimli qeyd edib.

O vurğulayıb ki, layihə çərçivəsində tələbələrlə görüşlərin keçirilməsi gənclərin cəmiyyətin gələcək inkişafındakı həlledici rolu ilə bağlıdır.

“Azərbaycan gəncliyi milli, vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə olunur. Lakin zərərli xarici təsirlər fonunda gənclərin məlumatlılığını daim artırmaq lazımdır”, – deyə S. Kərimli bildirib.

O, həmçinin vahid məktəb forması ilə bağlı məsələyə də toxunub. S. Kərimli qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdir və burada dini etiqad azadlığı təmin olunur. Onun fikrincə, məktəb forması ilə bağlı məsələnin siyasiləşdirilməsi cəhdlərinə qarşı dövlətçilik və milli maraqlar əsasında mövqe nümayiş etdirilməlidir.

“Bakı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Elçin Alıoğlu çıxışında bildirib ki, insanların təfəkkürünə təsir hibrid müharibələrin əsas vasitələrindən biridir.

Onun sözlərinə görə, yalan məlumatların geniş yayılması insanların onu həqiqət kimi qəbul etməsinə və yanlış qərarlar verməsinə səbəb ola bilər.

“Azərbaycanı gözləyən təhdidlərdən danışarkən biz ilk növbədə sizin təfəkkürünüz uğrunda aparılan mübarizəni nəzərə almalıyıq. Heç kim sizə açıq şəkildə müharibə elan etmir. Əksinə, müxtəlif fikirlər və yollar təklif olunur. İnsan, dövlət və cəmiyyət arasında bağ güclü olduqda isə belə bir insanı aldatmaq qat-qat çətindir”, – deyə E. Alıoğlu vurğulayıb.

O, sosial şəbəkələrdəki davranışın və şəxsi məlumatların insanların maraqlarını müəyyənləşdirmək və onlara təsir göstərmək üçün istifadə oluna biləcəyinə diqqət çəkib, gəncləri rəqəmsal mühitdə qarşılaşdıqları məlumatlara tənqidi yanaşmağa, manipulyasiyalara qarşı diqqətli olmağa çağırıb.

“Siz hədəfdəsiniz. Sosial şəbəkəyə daxil olarkən tam azad olduğunuzu düşünməyin. Oradakı fəaliyyətiniz, maraqlarınız və seçimləriniz sizin haqqınızda təsəvvür formalaşdırır”, – deyə E. Alıoğlu bildirib.

Görüşün sonunda Sahil Kərimli vurğulayıb ki, zərərli xarici təsirlər təkcə gəncləri deyil, media nümayəndələri də daxil olmaqla cəmiyyətin müxtəlif təbəqələrini hədəf alır. O qeyd edib ki, hər bir vətəndaş Azərbaycanın milli maraqlarının qorunmasına və informasiya təhdidlərinə qarşı mübarizəyə görə məsuliyyət daşıyır.