...

Azərbaycan baleti ölkənin müasir tarixinin ən çətin dönəmlərində varisliyi, peşəkar məktəbi və səhnə ənənələrinə sədaqəti qoruyub saxlamağı bacarıb.

Bu barədə Baku Network analitik platformasında yayımlanan “Tofiq Abbasovla dialoq” videolayihəsinin növbəti buraxılışında Azərbaycanın Xalq artisti, “Qızıl dərviş” və “Zirvə” mükafatlarının laureatı, baletmeyster və xoreoqraf Mədinə Əliyeva bildirib.

Onun sözlərinə görə, ağır siyasi və hərbi sarsıntılar illərində Azərbaycan mədəniyyət xadimləri Cənubi Qafqazda baş verənlərin təhrif olunmuş şəkildə təqdim edilməsini çox ağrılı yaşayırdılar.

“Çoxlarında elə təəssürat yaranmışdı ki, guya Azərbaycan iki xalqın sakitliyini, sülhünü pozub. Biz bunu çox ağır keçirirdik”, - deyə Əliyeva bildirib.

O qeyd edib ki, həmin dövrdə teatr truppası ciddi transformasiyadan keçib. Bir çox artist ölkəni tərk edib və xoreoqrafın vurğuladığı kimi, söhbət təkcə ermənilərdən getmirdi. Nəticədə kollektiv say baxımından xeyli kiçilsə də, əsas vəzifə repertuarı qorumaq və peşəkar ənənələri növbəti nəslə ötürmək idi.

“Teatr təkcə gözəl divarlar və yaraşıqlı zal demək deyil. Teatr, hər şeydən əvvəl, insan resursudur”, - deyə Əliyeva vurğulayıb.

Onun sözlərinə görə, məktəbin və repertuarın qorunmasında Azərbaycan baletinin görkəmli ustadları - Çimnaz Babayeva, Rafiqə Axundova, Maqsud Əhmədov və yaşlı nəslin digər nümayəndələri müstəsna rol oynayıblar.

Əliyeva xatırladıb ki, həmin vaxt özü artıq teatrın aparıcı balerinası idi və on il ərzində prima statusunu qoruyub. O vurğulayıb ki, bütün fəaliyyət illərində onun ucbatından bircə tamaşa belə pozulmayıb və ya ləğv edilməyib.

Birinci Qarabağ müharibəsi dövründən danışan Xalq artisti bildirib ki, bu, həm ölkə, həm də teatr üçün ağır zaman idi. Onun sözlərinə görə, Bakıda komendant saatı tətbiq olunmuşdu, teatr həyatı isə məcburən yeni reallıqlara uyğunlaşırdı.

“Əlbəttə, həmin vaxt tamaşalar oynanılmırdı. Çətin, ağır dövr idi, amma biz bunu ləyaqətlə adladıq”, - deyə o bildirib.

Bununla belə, Əliyeva vurğulayıb ki, böhran şəraitində belə Azərbaycan teatrı tam təcrid vəziyyətinə düşmədi. Qastrollar davam edirdi, hərçənd əvvəlki qədər intensiv deyildi. Onun sözlərinə görə, teatr həm postsovet məkanında, həm də onun hüdudlarından kənarda yaradıcılıq əlaqələrini qoruyub saxlayırdı.

Söhbətdə Cənubi Qafqazda mədəni körpülər mövzusuna da xüsusi yer ayrılıb. Əliyeva xatırladıb ki, 1987-ci ildə Bakıda Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin qatıldığı ilk Zaqafqaziya balet artistləri müsabiqəsi keçirilib. Onun sözlərinə görə, bu təcrübə gələcək mədəni dialoq üçün baza rolunu oynaya bilərdi, lakin bu gün birbaşa ikitərəfli təmaslar psixoloji baxımdan hələ də mürəkkəbdir.

“Bəlkə də hələ vaxtı deyil. Amma bizim hamımızın yaşadığı vahid bir planet var və onun artıq köməyə ehtiyacı var”, - deyə o bildirib.

Xoreoqraf istisna etməyib ki, gələcəkdə bu cür yaradıcı görüşlər neytral ərazidə baş tuta bilər.

Əliyeva Azərbaycan baletinin formalaşdığı məktəbdən də danışıb. Onun sözlərinə görə, dünyada klassik baletin üç əsas məktəbi var - italyan, fransız və rus məktəbləri. Azərbaycan balet ənənəsi isə tarixi baxımdan məhz rus akademik məktəbi ilə bağlıdır. O xatırladıb ki, bu xəttin əsası Peterburqda təhsil almış ilk azərbaycanlı balerina Qəmər xanım Almaszadə tərəfindən qoyulub.

Gənc artistlər nəsli barədə danışan Mədinə Əliyeva bildirib ki, gənclərlə işləmək ona böyük enerji və peşəkar məmnunluq verir. Bununla yanaşı, o vurğulayıb ki, müasir şagirdlər üçün diqqəti cəmləmək daha çətindir, çünki informasiya axını həddindən artıq böyükdür və onlar yaradıcılığı təhsillə uzlaşdırmalı olurlar.

“Balet elə bir peşədir ki, ona tam dalmaq lazımdır. Yaxşı nəticə istəyirsənsə, özünü sonadək verməlisən”, - deyə o bildirib.

Əliyevanın sözlərinə görə, balet yalnız texnika, intizam və fiziki göstəricilər tələb etmir, burada daxili hazırlıq da həlledici rol oynayır. O vurğulayıb ki, yalnız texnikaya sərbəst yiyələnmək artistə səhnədə obrazı açmağa, qəhrəmanın və ya qəhrəmanənin taleyini yaşamağa imkan verir.

Xalq artisti Azərbaycan balet irsinin zənginliyinə də ayrıca toxunub. Onun sözlərinə görə, dünyada çox az ölkə var ki, orada bu qədər bəstəkar balet əsərləri yaradıb.

“Bu, böyük sərvətdir, əsl xəzinədir. Biz bununla fəxr etməli, onu qiymətləndirməli və növbəti nəslə ötürməliyik”, - deyə Mədinə Əliyeva bildirib.