Ekspert platforması Baku Network-un analitik layihəsi olan “Tofiq Abbasovla Dialoq” proqramının növbəti buraxılışı yayımlanıb.
Verilişin qonağı Dövlət Uşaq Filarmoniyasının direktoru, musiqiçi, pedaqoq, konsert fəaliyyətini davam etdirən pianoçu və “Simurq” kimi bir sıra tanınmış yaradıcılıq təşəbbüslərinin müəllifi Səidə Tağızadə olub.
Söhbət zamanı Səidə Tağızadə öz peşə yolundan, uşaqlığının düşdüyü ağır 90-cı illərdən, musiqinin onun üçün təkcə sənət yox, həm də yaşamaq və mənəvi dayaq tapmaq vasitəsinə çevrilməsindən danışıb. Onun sözlərinə görə, həmin illərdə yaradıcılıqla məşğul olmaq bir çox uşaqlara və yeniyetmələrə həm mənəvi baxımdan möhkəmlənməyə, həm də həyatda öz yerini tapmağa kömək edib.
Tağızadə vurğulayıb ki, 2025-ci ilin mayından etibarən Dövlət Uşaq Filarmoniyasına rəhbərlik edir və bu vəzifəni böyük məsuliyyət kimi qəbul edir. Uşaqlarla demək olar ki, onillik təcrübəsi ona qısa zamanda idarəetməni sistemləşdirməyə, etimad və yaradıcılıq atmosferi formalaşdırmağa və kollektivin fəallığını yeni mərhələyə qaldırmağa imkan verib.
Direktor xüsusi olaraq özünün yaratdığı “Simurq” layihəsindən – tanınmış pedaqoqları Azərbaycana dəvət edən uşaq musiqi və təhsil festivalından söz açıb.
Aparıcının suallarını cavablandıran Tağızadə bildirib ki, musiqi həmişə “yumşaq diplomatiya” forması olub – o, siyasi səbəblərlə bir-birinə qarşı duran insanları belə birləşdirə bilir. Onun fikrincə, məhz yaradıcılıq mühiti insan münasibətlərini qorumağa, bir-birini eşitməyə və stereotiplərin hüdudlarından kənara çıxmağa imkan yaradır.
İki övlad anası kimi o, tərbiyədə hörmət, diqqət və sevgi prinsiplərinin vacibliyini qeyd edib. Tağızadənin fikrincə, uşaqlar səmimiyyəti dərhal duyurlar: əgər onları dinləyirlərsə, fikirlərinə dəyər verirlərsə və özlərini ifadə etməyə şərait yaradırırlarsa, bu uşaqlar gələcəkdə güclü və nurani insanlar kimi formalaşırlar. Əks halda, uşağın fikir və hisslərini görməməzlikdən gəlmək, onu sıxmaq və ya alçaltmaq, istər-istəməz onun xarakterinə mənfi təsir göstərir.
Filarmoniya rəhbəri həmçinin uşaqların fikirlərinə diqqətlə yanaşmağın əhəmiyyətini vurğulayıb. O, bu yanaşmanı tamaşaların hazırlanması, konsert mövzularının seçilməsi və dekorasiyaların qurulması zamanı da tətbiq edir. Onun sözlərinə görə, uşaq sadəcə tapşırıqları yerinə yetirən mexaniki ifaçı deyil, özünü müəllif və yaradıcı şəxsiyyət kimi hiss etməlidir.
Filarmoniyanın artıq bir sıra uğurlu çıxışları var. Onların arasında Gəncə Filarmoniyasında keçirilən, Uşaqların Müdafiəsi Gününə həsr olunan konsert xüsusilə diqqət çəkib. Yay aylarında keçirilən genişmiqyaslı dinləmələr gözləniləndən də uğurlu olub: əvvəlcə təxminən on ifaçı seçilməsi planlaşdırılsa da, nəticədə solist bazası yüzə yaxın istedadlı uşağa qədər artıb. İndi kollektiv daha tez-tez çıxış edir, proqramlar isə daha rəngarəngdir – estrada və caz axşamlarından tutmuş barokko musiqisinə qədər.
Söhbətin sonunda Səidə Tağızadə vurğulayıb ki, insan şəxsiyyətini “yetişdirmək” mümkün deyil – şəxsiyyət doğulur. Böyüklərin vəzifəsi isə bu təbii potensialı üzə çıxarmaq, daxili işığı qorumaq, inkişaf və yaradıcılıq üçün meydan yaratmaqdır. Dövlət Uşaq Filarmoniyasının komandası da bu missiyanı həyata keçirir.
Verilişin tam videosunu təqdim edirik:

