...

Baku Network ekspert platformasında “Tofiq Abbasovla Dialoq” adlı analitik layihənin yeni buraxılışı yayımlanıb. Bu dəfə verilişin qonağı Azərbaycanın Xalq rəssamı Əliyar Əlimirzəyev olub. Ustad söhbət zamanı yaradıcılıq fəlsəfəsindən, cəmiyyətin çətin dövrlərində rəssamın daxili aləmindən və xalqlar arasında barışığın bərpasında incəsənətin rolundan danışıb.

Ə.Əlimirzəyev qeyd edib ki, onun üçün rəssamlıqda əsas olan predmetin özü deyil, onun ruh halı, enerjisi və dövrün iç dünyasındakı əksi­dir: “Hər şeyin öz halı olur və bu hal mütləq təsvirə düşür. Ruhun vəziyyəti yaradıcılıq istəyi yaradır. Mən çalışıram ki, əşyanın özünü yox, onun halını, zamanın halını ifadə edim. Biz müharibələr, dağıntılar, təcavüzlər gördük – bunların hamısı iz qoyur, qorxulu bir yuxu kimi. Amma məlumdur ki, ‘ağlın yuxusu vəhşilik doğurur’.”

Rəssam 1990-cı illəri “qara-ağ dövr” adlandıraraq o illərdə “həyatda nə rəng, nə sevinc” qaldığını söyləyib. O, sonuncu hərbi gərginlik zamanı işləyə bilmədiyini etiraf edib: “Bir yarım ay sadəcə xəbərləri gözlədim. Toplar danışanda ilham susur.”

Əlimirzəyevin sözlərinə görə, rəssamın öz daxili aləmini bərpa etməsi üçün zaman lazımdır, çünki müharibə yalnız cəbhədə yox, insanın qəlbində də davam edir. O, eyni zamanda əmindir ki, sülh mümkündür – əsas qarşılıqlı anlaşmaya doğru addım atmaqdır: “Əbədi belə yaşamaq olmaz. İstəsək də, istəməsək də, biz qonşuyuq. İncəsənət adamları barışıqda mühüm rol oynamalıdırlar – sənətdən sülhə doğru. Başqa yol yoxdur.”

Mədəni əlaqələrin perspektivlərindən danışan rəssam, üçüncü ölkələrin yaradıcı ziyalılarını bir araya gətirən görüşlərin təşkilini təklif edib. Onun fikrincə, bu cür tədbirlər dialoq üçün real platforma ola bilər. Əlavə edib ki, bu gün adi insanlar arasında da barışığın zəruriliyi barədə “daha çox ağıllı səslər eşidilir”.

Əliyar Əlimirzəyev həmçinin son layihələrindən söz açıb. O, yaxın günlərdə Qazaxıstandan qayıdıb – orada Özbəkistan və Qırğızıstandan olan rəssamlarla birgə açıq havada rəsm çəkib, sərgidə iştirak edib, Mədəniyyət Nazirliyinin medalı ilə təltif olunub.

Azərbaycan rəssamlıq məktəbinin üslubundan danışan ustad vurğulayıb: “Biz heç kimə bənzəmirik. Bizim öz rənglərimiz, öz boyalarımız var. Biz günəşin övladlarıyıq, odlar ölkəsiyik.”

Söhbətin sonunda rəssam yaradıcılığı yolla müqayisə edib: “Yol bir simvoldur. O, insanı irəli aparır – ümidə, işıqlı gələcəyə doğru. Əsas olan – getməkdir.”