...

Baku Network ekspert platformasında “Tofiq Abbasovla Dialoq” adlı analitik video-layihənin növbəti buraxılışı efirə gedib. Verilişin qonağı Azərbaycanın Xalq rəssamı, Almaniya Rəssamlar İttifaqının üzvü, eyni zamanda Azərbaycan Avropa Mədəniyyət Xadimləri Assosiasiyasının sədri Əşrəf Heybətov olub. Söhbət zamanı o, çağdaş dünyanın çalxantılı dövründə incəsənətin rolundan, mədəni diplomatiyanın əhəmiyyətindən və tarixi yaddaşın qorunmasına yönəlmiş şəxsi təşəbbüslərindən danışıb.

Əşrəf Heybətov vurğulayıb ki, bəşəriyyət olduqca həssas və qeyri-müəyyən bir mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, belə zamanlarda sənət adamlarının fəaliyyəti daha böyük önəm daşıyır: “Mənim missiyam pozitiv dəyərləri təbliğ etmək, Vətənimiz – Azərbaycan haqqında həqiqətləri yaymaqdır. İncəsənət mahiyyət etibarilə beynəlmiləldir, elə buna görə də rəssamlar, yazıçılar, musiqiçilər xalqlar arasında körpü rolunu oynamalıdır”.

Rəssam qeyd edib ki, düşmənçilik və nifrət uzunömürlü olmur, insanlar gec-tez bu hisslərdən yorulur. Ona görə də mədəniyyətin vəzifəsi – xalqlar arasında yeni, daha möhkəm və davamlı körpülər salmaqdır.

Heybətov xatırladıb ki, onun sərgiləri Vatikandan tutmuş NATO və ATƏT kimi nüfuzlu beynəlxalq məkanlarda nümayiş olunub. O, bir sıra dünya siyasətçiləri və ictimai xadimlərlə, o cümlədən Almaniyanın sabiq kansleri Gerhard Şröderlə görüşüb, Nobel mükafatı laureatı Günter Qrassın yubileyinə dəvət alıb və şəxsən onun portretini işləyib.

Əşrəf Heybətovun fikrincə, bu cür beynəlxalq təmaslar Azərbaycan sözünün dünyada daha tez-tez səslənməsinə, mədəni irsimizin tanıdılmasına geniş imkan yaradır.

Verilişin aparıcısının suallarını cavablandıran rəssam Avropada, xüsusən də Almaniyanın şərqində sağ radikal meyillərin artmasından narahatlığını dilə gətirib. O vurğulayıb ki, “PƏGİDA” hərəkatının da məhz bu regionda doğulması təsadüfi deyil.

Əşrəf Heybətov faşist ideologiyasının yenidən dirçəlməsinə imkan verilməməli olduğunu bildirib və XX əsrin acı təcrübələrini xatırladaraq xəbərdarlıq edib. Bu kontekstdə İrəvanda, xüsusən də Qaregin Njdenin abidəsi ətrafında keçirilən millətçi yürüşlərin narahatedici məqamlarına diqqət çəkib.

Rəssam, eyni zamanda, erməni radikallarının barışa yanaşmaq istəməməsindən irəli gələn çətinliklərə də toxunub. Onun sözlərinə görə, sovet dövründə azərbaycanlı və erməni rəssamlar arasında mövcud olan mədəni əlaqələr milli zəmində nifrətdən uzaq idi. Lakin 1980-ci illərdən etibarən xarici erməni dairələri Qarabağın qoparılması üçün sistemli şəkildə zəmin hazırlamağa başlayıblar.

Əşrəf Heybətov hesab edir ki, bu gün mədəniyyət xadimləri humanist dəyərlərə söykənərək, sülh dialoqu üçün yeni imkanlar axtarmalıdırlar.

Əşrəf Heybətov söhbət zamanı tarixi yaddaş məsələsinə xüsusi diqqət ayıraraq bildirib ki, erməni ekstremistləri hələ də azərbaycanlılara qarşı cinayətlərdə əli olan şəxsləri simvola çevirirlər. Bu kontekstdə o, xüsusilə Xankəndində müşahidə olunan tendensiyalara işarə edib.

Rəssam həmçinin 1918-ci il mart soyqırımına həsr etdiyi qrafik silsilə əsərlərdən bəhs edib. Onun fikrincə, rəssamın vəzifəsi təkcə təbiət mənzərələri və natürmortlar çəkməklə məhdudlaşmır, sənət vasitəsilə xalqın ağrılı keçmişini dünyaya çatdırmaq da bu missiyanın bir hissəsidir.

Əşrəf Heybətov bildirib ki, bu yaxınlarda Laçında ustad dərsi keçirib və yerli uşaqlarla birlikdə doğma yurda həsr olunmuş tablolar işləyiblər. Onun fikrincə, vətən sevgisi uşaqlıqdan aşılanmalıdır: “İncəsənətlə uşaqlara vətəni sevdirmək, onlarda kimlik hissini gücləndirmək mümkündür. Bu isə gələcəyin vətəndaşlarını yetişdirmək baxımından çox vacibdir”.

O, “Türk Dünyası” çərçivəsində həm Azərbaycanda, həm də xaricdə təşkil etdiyi sərgilərdən də söz açıb. Rəssam qeyd edib ki, Berlində keçirilən bu layihələrin açılışını bir qayda olaraq Türkiyə diplomatları ediblər ki, bu da türk mədəniyyətlərinin bir-birinə yaxınlaşması baxımından əhəmiyyətli bir addım olub.

Sonda Əşrəf Heybətov vurğulayıb ki, rəssam öz dövründən təcrid olunmamalıdır: “Biz öz ölkəmiz, tariximiz haqqında həqiqətləri çatdırmalı, mədəniyyətlər arasında körpülər qurmalı və vətənpərvərliyi sənət vasitəsilə aşılamalıyıq. XXI əsr rəssamının missiyası məhz bundan ibarətdir”.

Bu müzakirə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Baku Network” analitik mərkəzi tərəfindən icra olunan "Azərbaycan əleyhinə hibrid və ideoloji təhdidlərin təhlili" layihəsi çərçivəsində gerçəkləşdirilib