...

Nvidia-nın rəhbəri ABŞ kəşfiyyatının Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin agenti hesab etdiyi qadınla həyat yoldaşına xəyanət etdiyini etiraf edib. Bu qalmaqalın təhlükəsi oğurlanmış texniki çertyojlarla ölçülmür. Əsas məsələ iki il ərzində Amerika çiplərinin Çinə satışını müdafiə edən ən nüfuzlu lobbiçinin yanında kimin olmasıdır.

2024-cü il iyunun 7-də Taybeydə keçirilən Computex sərgisi günlərində bir fotoşəkil ortaya çıxdı. Qara dəri gödəkçəsi ilə tanınan, süni intellekt bumunun simasına çevrilmiş Censen Huanq barda Elis Huanq adlı qadınla yanaşı əyləşmişdi. O vaxt bu foto heç kimin diqqətini çəkmədi. İki il beş ay sonra isə həmin görüntü, sızan məlumatlara əsasən, Amerika xüsusi xidmət orqanlarının dünyanın ən bahalı şirkətinə qarşı Çin kəşfiyyatının əməliyyatı kimi qiymətləndirdiyi işin əsas illüstrasiyasına çevrildi.

2026-cı il noyabrın 8-də, bazar günü Huanq Nvidia əməkdaşlarına məktub göndərdi. Şirkət məktubu dərhal öz rəsmi saytında yayımladı. Korporasiyanın 63 yaşlı qurucusu 41 ildir evli olduğu həyat yoldaşı Loriyə xəyanət etdiyini etiraf etdi. O yazırdı: "Etdiyim hərəkətə heç bir bəraət qazandırmaq olmaz".

Məktubda Elis Huanqın adı çəkilmirdi. Əvəzində mətbuatda gündəmə gətirilən milli təhlükəsizlik narahatlıqlarına toxunulur, Nvidia-nın və Amerikanın təhlükəsizliyinin qorunacağı vəd edilirdi. Elə həmin gün direktorlar şurası müstəqil araşdırmaya başlanıldığını elan etdi. Araşdırmanın məqsədi baş direktorun xarici kəşfiyyatın hədəfinə çevrilib-çevrilmədiyini müəyyənləşdirməkdir.

Bazar ertəsi bazar öz sözünü dedi. Yarımkeçiricilər üzrə sahə indeksi həmin gün təxminən 7 faiz yüksəldiyi halda, Nvidia səhmləri 4-5 faiz ucuzlaşdı. Birjaöncəsi ticarətdə şirkətin bazar dəyərinin itkisi hesablamanın aparıldığı platformadan və vaxtdan asılı olaraq 250-280 milyard dollar həcmində qiymətləndirilirdi.

Adətən nəhəng korporasiya rəhbərinin ailə xəyanəti onun özünün, ailəsinin və vəkillərinin həll etməli olduğu şəxsi məsələ sayılır. Amma bu dəfə vəziyyət başqadır.

Amerika kəşfiyyat dairələrindəki mənbələrin məlumatına görə, Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin əməkdaşlığa cəlb etdiyi qadın Cənub-Şərqi Asiyada Nvidia çiplərinin ən böyük alıcısına çevrilmiş şirkətə rəhbərlik edib. Onun münasibətdə olduğu şəxs isə bütün bu illər ərzində Vaşinqtonda Çinin Amerika prosessorlarından məhrum edilməsinə ən yüksək səslə etiraz edən adam olub.

Xüsusi xidmət orqanlarının versiyası təsdiqlənsə, belə çıxacaq ki, Pekin ABŞ-ın ixrac siyasətinə təsir göstərməyin ən qısa yolunu tapıb: prezidentin sözünə qulaq asdığı şəxsin özəl həyatı vasitəsilə.

Teleaparıcı, maliyyəçi, serverlərin sahibi: səhifələri qoparılmış bioqrafiya

Onun çinli adı Huan Ledir. ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin məlumatına görə, 43 yaşı var və Çin Xalq Respublikasının vətəndaşıdır. Əlindən milyardlarla dollar keçmiş bir şəxs haqqında təəccüblü dərəcədə az məlumat mövcuddur.

Gənclik illərində Çinin dövlət televiziyasında jurnalist işləyib. Daha sonra maliyyə sektoruna, özəl kapital investisiyaları sahəsinə üz tutub. Açıq mənbələrdə onun əvvəlki iş yerləri arasında Britaniyanın HSBC bankının və Çinin CITIC Securities broker şirkətinin adı keçir. Lakin indiyədək bu qurumların heç biri həmin məlumatları nə təsdiqləyib, nə də təkzib edib.

Bioqrafiyasının Şanxay dövrü daha yaxşı sənədləşdirilib. 2016-cı ildə Shanghai Hexi Investment Management investisiya şirkətinin WeChat-dakı rəsmi hesabında Huan Le direktorlarından biri kimi təqdim olunurdu. Mövcud məlumatlara əsasən, o, 2019-cu ilə qədər burada çalışıb.

Shanghai Hexi Çin dövlət mediasının ölkədə ən böyük kimi təqdim etdiyi data-mərkəz layihəsi ilə əlaqəlidir. Huan Lenin təsis etdiyi holdinq 2025-ci ilin avqustuna qədər həmin layihənin səhmlərinin 48 faizinə sahib olub.

Araşdırmalara görə, onun ətrafında formalaşmış, əsasən Şanxay və Çjetszyan əyalətində cəmləşən şirkət və investorlar şəbəkəsinin Çinin ən iri hərbi-texnoloji konqlomeratlarından biri olan China Electronics Technology Group Corporation (CETC) ilə maliyyə əlaqələri var. Bu əlaqələr CETC-nin kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən törəmə strukturuna yatırılan investisiyalar vasitəsilə qurulub.

Amerika mətbuatı onu ingilis dilində sərbəst danışan, texnologiya sənayesinin konfranslarında və iri şirkət rəhbərlərinin toplaşdığı qapalı ziyafətlərdə tez-tez görünən bir şəxs kimi təsvir edir.

Həmin məlumatlara əsasən, o, öz layihələrinə sərmayə cəlb edərkən Nvidia rəhbəri ilə yaxınlığından istifadə etməkdən də çəkinməyib. Megaspeed-in keçmiş əməkdaşlarından biri analitiklərə danışıb ki, Censen Huanq bəzən şəxsən şirkətə baş çəkirmiş. O, iki Huanq arasındakı münasibətləri son dərəcə yaxın adlandırıb.

2025-ci ildə onu tapmağa çalışan jurnalistlər Honkonqdakı qeydiyyat ünvanına dəfələrlə gediblər. Nə müsahibə ala biliblər, nə telefon nömrəsi əldə ediblər. Əlləri tamamilə boş qayıdıblar.

Orta səviyyəli şirkətin adi vitse-prezidentinin belə peşəkar sosial şəbəkələrdə öz karyerasını aybaay nümayiş etdirdiyi bir dünyada bioqrafiyadakı bu cür boşluqların özü artıq müəyyən məna daşıyır.

Jurnalistikadakı otuzillik təcrübəm mənə sadə bir qaydanı öyrədib: varlı və ictimaiyyətə tanış bir insan haqqında, demək olar, heç nə tapmaq mümkün deyilsə, çox güman, bunun belə olması üçün kimsə xeyli zəhmət çəkib.

Qəfildən superkompüterlərə maraq göstərən oyun studiyası

Megaspeed-in meydana çıxma xronologiyasını tələsmədən oxumağa dəyər.

2015-ci ildə Sinqapurda 7Road International şirkəti qeydiyyata alındı. O, dövlət dəstəyindən yararlanan investorlarla əlaqələri olan, Çinin ən iri videooyun istehsalçılarından sayılan 7Road Holdings-in törəmə müəssisəsi idi.

2022-ci il oktyabrın 7-də Co Bayden administrasiyası süni intellekt üçün nəzərdə tutulmuş qabaqcıl çiplərin Çinə ixracına genişmiqyaslı məhdudiyyətlər tətbiq etdi.

Bir neçə ay sonra oyun şirkətinin Sinqapurdakı törəməsi Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş, adı özü çox şey deyən Huang Le Ltd strukturuna satıldı.

2023-cü ilin martında Elis Huanq artıq Megaspeed International adlandırılan şirkətin direktoru oldu.

Bundan sonra korporativ aləmdə izlərin itirilməsi adlandırılan növbəti manevr baş verdi.

2023-cü ilin noyabrında Huang Le Ltd Megaspeed-i Sinqapurda yerli iş adamı Tan Yonq Ponqun az əvvəl yaratdığı Swiftdata adlı formal şirkətə satdı. Tan direktor vəzifəsini tutdu.

Elis Huanq təyinatından cəmi səkkiz ay sonra rəsmən vəzifədən ayrıldı. Lakin əməkdaşların sözlərinə görə, bundan xeyli sonra da şirkəti faktiki olaraq o idarə edirdi.

Sahib dəyişikliyindən cəmi bir neçə gün sonra Megaspeed Nvidia-nın rəsmi bulud tərəfdaşı (Nvidia Cloud Partner) statusunu aldı.

Bu status qıtlığı yaşanan çiplərə prioritet çıxış imkanı deməkdir. Söhbət texnologiya sənayesində kimin irəli gedəcəyini, kimin isə növbə gözləyəcəyini çoxdan müəyyən edən bir şirkətdən gedir.

Bundan sonra ixrac nəzarəti üzrə mütəxəssislərin ürəyini yerindən oynadan rəqəmlər başlayır.

Ticarət məlumatlarına görə, 2023-cü ildə Megaspeed-in idxalının həcmi şirkətin hesablarındakı pul qalığından min dəfədən də çox olub.

Nvidia məhsullarının ümumi alış həcminə dair qiymətləndirmələr fərqlənir. Analitiklər 4 milyard dollardan artıq məbləğ göstərirlər. Gömrük sənədlərində 4,6 milyard dollardan çox rəqəm əksini tapır. Araşdırmalardan birində isə iki il ərzində 4,8 milyard dollarlıq alış hesablanıb.

Fərq hesabat dövrlərindən və hesablama metodikasından qaynaqlanır. Amma hər üç qiymətləndirmə bir məsələdə üst-üstə düşür: keçmiş oyun studiyasının bazasında qurulan, heç kimin tanımadığı bir şirkət cəmi iki ilə Nvidia-nın Asiyadakı ən böyük müştərilərindən birinə çevrilib.

2025-ci ilin payızında senator Tom Kotton ticarət naziri Hovard Latnikə göndərdiyi məktubda bildirdi ki, əvvəlki bir il ərzində Megaspeed-ə yönələn Amerika çiplərinin həcmi istehsalçının server bölməsinin dünya üzrə satışlarının təxminən 2 faizini təşkil edib.

Bəs bütün bu avadanlıq hara gedirdi?

Araşdırmalara əsasən, təxminən 2 milyard dollarlıq çiplər Malayziya və İndoneziyadakı data-mərkəzlərə yerləşdirilib. Ehtimal olunur ki, həmin mərkəzlər Çin müştərilərinə uzaqdan xidmət göstərib.

Hesablama güclərini icarəyə götürənlər arasında ABŞ-ın milli təhlükəsizlik orqanlarının diqqət mərkəzində olan Alibaba-nın da adı çəkilir.

Jurnalistlərin təsvir etdiyi təchizat marşrutu Amerika sanksiyaları altında olan Çinin Inspur şirkətinin törəmə müəssisəsindən, Malayziya və Sinqapurdakı demək olar ki, boş ofislərdən, eləcə də Amerika çiplərinin bir hissəsinin açılmamış qutularda saxlandığı Malayziya data-mərkəzindən keçirdi.

ABŞ-dan göndərilən yüklərin qəbulunda ayrıca Speedmatrix strukturundan istifadə olunduğu bildirilir.

Nvidia üçün ən xoşagəlməz epizod isə auditlə bağlıdır.

Amerikalı rəsmilər şirkətdən müştərisini yoxlamağı tələb etdilər. Nvidia əvvəlcə bütün avadanlığın yerində olduğunu açıqladı.

Sonradan məlum oldu ki, Megaspeed-in idxal etdiyi çiplərin sayı Nvidia müfəttişlərinin onun data-mərkəzlərində aşkar etdiklərindən təxminən 50 min ədəd çoxdur.

2025-ci ilin dekabrında Nvidia yaxın vaxtlarda təkrar yoxlama keçirəcəyini vəd etdi. Amma daha sonra həmin yoxlamanın baş tutub-tutmadığı barədə sualları dəfələrlə cavabsız qoydu.

Megaspeed qanun pozuntularına yol verdiyini inkar edir. Şirkət kənar hüquqşünaslar cəlb edib və Amerika hakimiyyət orqanları ilə əməkdaşlığa hazır olduğunu bildirib. Şirkət rəhbərliyi keçmiş əməkdaşına qarşı səsləndirilən ittihamlardan təəccübləndiyini deyir.

Nvidia isə yoxlamalarında çiplərin başqa istiqamətə yönləndirilməsi faktının üzə çıxmadığını bildirir. Şirkətin mövqeyinə görə, Megaspeed tamamilə Çindən kənardakı sahiblərə məxsusdur və oradan idarə olunur, səhmdarları arasında Çin vətəndaşları yoxdur.

Bütün bu sxemin söykəndiyi incə hüquqi məqam məhz buradadır.

ABŞ-ın ixrac nəzarəti fiziki malların hərəkətini tənzimləyir. Çip Çin sərhədini keçmirsə, Çin şirkəti isə onun hesablama gücünü Kuala-Lumpurdan və ya Cakartadan internet vasitəsilə icarəyə götürürsə, formal olaraq qanun pozuntusu da olmaya bilər.

Bulud texnologiyası modeli idxal qadağasını kağız üzərində qalan məhdudiyyətə çevirir.

Vaşinqton bu boşluqdan çoxdan xəbərdardır. Amma indiyədək onu aradan qaldıra bilməyib.

Sinqapur tranziti: balaca ada niyə fövqəldövlət qədər çip alır?

Sinqapurun əhalisi heç altı milyona da çatmır. Bununla belə, bu şəhər-dövlət Nvidia-nın hesab-fakturalarda göstərilən satışları baxımından ən iri dörd bazarından biri kimi daim ön sıralarda yer alır.

Əlbəttə, həmin vəsaitin bir hissəsi serverlərin harada quraşdırıldığını deyil, sadəcə hesab-fakturanın harada rəsmiləşdirildiyini göstərir. Amma əməliyyatların miqyası çoxdan Vaşinqtonu narahat edir.

2025-ci ilin oktyabrında Sinqapur polisi Megaspeed barəsində yerli qanunvericiliyin mümkün pozulması şübhəsi ilə araşdırma apardığını təsdiqlədi.

İki ay sonra Huan Lenin polisə ifadə verməyə çağırıldığı və ölkədən çıxışına qadağa qoyulduğu barədə məlumatlar yayıldı.

Bir il sonra, 2026-cı ilin oktyabrında isə Sinqapur Daxili İşlər Nazirliyi Elis Huanqın özünə qarşı hər hansı araşdırma aparılmadığını, Megaspeed-lə bağlı yoxlamanın isə davam etdiyini açıqladı.

Bu iki versiyanı uzlaşdırmaq asan deyil.

Şahidin dindirilməsi onun cinayət təqibinə məruz qalması demək deyil. Ola bilsin, sinqapurlu məmurlar ifadələrini hüquqi dəqiqliklə seçiblər.

Bununla belə, mənbələrin yazdığı ölkədən çıxış qadağası ilə rəsmi qurumların araşdırma aparılmadığı barədə bəyanatı arasındakı ziddiyyət suallar doğurur.

Neytral və etibarlı yurisdiksiya imici üzərində yaşayan Sinqapurun ABŞ-Çin casusluq dramının meydanına çevrilmək istəmədiyi açıq-aşkar görünür.

Ada dövlətinin mövqeyini ticarət nazirliyi ifadə edib: Nvidia kimi Amerika şirkətlərindən həm ABŞ-ın ixrac nəzarəti qaydalarına, həm də yerli qanunlara əməl etmək gözlənilir. Qaydaları pozanlara qarşı isə qəti tədbirlər görüləcək.

Qüsursuz səslənən, amma konkret öhdəlik yaratmayan diplomatik formul.

Daha maraqlısı Amerika mətbuatının bu həftə üzə çıxardığı epizoddur.

2025-ci ilin yayının sonlarında Nvidia-nın baş hüquq müşaviri Tim Teter ABŞ Ticarət Nazirliyində sənaye və təhlükəsizlik məsələləri üzrə nazir müavini, çiplərə tətbiq edilən ixrac nəzarətinə cavabdeh Cefri Kesslerə zəng edib.

Teter Megaspeed barəsində aparılan araşdırma ilə maraqlanıb. Mənbələrin məlumatına görə, Tramp administrasiyasının Sinqapur şirkətinin yüksəkvəzifəli menecerinin saxlanılmasına aidiyyəti olub-olmadığını da soruşub.

Söhbət bu gün qalmaqalın mərkəzinə düşmüş həmin şirkətdən gedir.

İndi bu telefon zənginin mənası üzərində düşünək.

Dünyanın ən bahalı şirkətinin baş hüquqşünası şəxsən dövlət tənzimləyicisinə zəng vurur ki, müştəri şirkətin əməkdaşının taleyini öyrənsin.

Adi müştəriyə belə diqqət göstərilməz.

Kəşfiyyat bilirdi, prezident bilirdi. Bəs satışları niyə dayandırmadılar?

Son iki həftənin mətbuat materialları əsasında bərpa edilən mənzərə belədir.

Amerika xüsusi xidmət orqanları ən azı bir il ərzində Elis Huanqı elektron vasitələrlə izləyiblər. Ələ keçirilmiş yazışmalarda onun intim münasibətdə olduğu ABŞ vətəndaşından da söhbət gedirdi.

Kəşfiyyat məlumatlarında həmin şəxsin adı gizlədilmişdi. Amerika vətəndaşlarının hüquqlarının qorunması qaydaları bunu tələb edir.

Rəsmilər şəxsiyyətin açıqlanması üçün kəşfiyyat terminologiyasında unmasking adlanan proseduru işə salanda məlum oldu ki, söhbət Censen Huanqdan gedir.

Amerika mənbələrinin məlumatına görə, 2025-ci ilin oktyabrında prezident Donald Tramp bu barədə məlumatlandırılıb. Lakin o, heç bir tədbir görməmək qərarına gəlib.

Təxminən həmin dövrdə FTB qanunvericiləri Elis Huanqın Çinə məlumat ötürmüş ola biləcəyi barədə şübhələrdən xəbərdar edib.

2026-cı ilin yazında dövlət katibi Marko Rubio Nvidia rəhbərinin ehtimal olunan Çin kəşfiyyatçısı ilə münasibətlərinə dair məxfi xidməti arayışın hazırlanmasına nəzarət edib.

Sənəd Trampın may ayında Çinə səfəri ərəfəsində ən yüksək məxfilik dərəcəsinə çıxışı olan rəsmilərə göndərilib.

Censen Huanq da Amerika nümayəndə heyətinin tərkibində olub.

2026-cı ilin sentyabrında isə o, həyat yoldaşı ilə birlikdə Trampın Vaşinqtonda Si Cinpinin şərəfinə təşkil etdiyi dövlət ziyafətində iştirak edib.

Mətbuatın hesablamalarına görə, Trampın ikinci prezidentlik dövrü başlayandan bəri Nvidia rəhbəri onunla ən azı yeddi dəfə görüşüb. 2026-cı ilin martında isə prezidentin yaratdığı texnologiyalar şurasına üzv olub.

Rubio şərh verməkdən imtina edib. Ağ Ev, Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsi də susmağa üstünlük veriblər.

2026-cı il oktyabrın 29-da iki Huanq arasındakı yaxın münasibətlər barədə ilk material dərc olundu.

Nvidia buna korporativ soyuqqanlılıqla cavab verdi. Şirkət bildirdi ki, rəhbərinin Elis Huanqla ünsiyyəti "qeyri-adi və ya gözlənilməz hal deyil", Megaspeed isə heç vaxt korporasiyanın məxfi məlumatlarını əldə etməyib.

Huanq özü də həmin vaxt bu əlaqələri tamamilə normal adlandırırdı.

On gün sonra isə həyat yoldaşına xəyanət etdiyini etiraf etdi.

Administrasiya bir ildən artıq müddətdə bu şübhələrdən xəbərdar olduğu halda, niyə nə satışları dayandırdı, nə də Huanqın prezidentə çıxışını məhdudlaşdırdı?

Mən bunun iki izahını görürəm. Üstəlik, bu izahlar bir-birini istisna etmir.

Birincisi, praqmatik səbəbdir.

2025-ci ilə gəlib çatanda Censen Huanq Trampın sənaye siyasətinin əsas fiqurlarından birinə çevrilmişdi. Amerikada istehsala yatırılacaq investisiyalarla bağlı vədlər, Blackwell və Vera Rubin çiplərinə bir trilyon dollarlıq gözlənilən sifarişlər, 2026-cı ilin martında elan olunmuş planlar, fond bazarının əhəmiyyətli hissəsinin taleyini müəyyən edən aparıcı şirkət statusu...

Belə bir adamı hələ sübuta yetirilməmiş şübhələrə görə kənarlaşdırmaq Ağ Evin öz iqtisadi gündəminə zərbə vurması demək olardı.

İkinci səbəb siyasidir.

Həmin dövrdə Ağ Ev Pekinlə mürəkkəb ticarət razılaşmasının üzərində işləyirdi. Çiplərin ixracı isə bu danışıqlarda sövdələşmə vasitələrindən biri idi.

Çiplərin ən böyük satıcısının ətrafında qopacaq casusluq qalmaqalı bütün danışıqları alt-üst edə bilərdi.

Prezidentin noyabrın 9-da nümayiş etdirdiyi təmkin də buradan qaynaqlanır.

Tramp Ağ Evdə jurnalistlərə belə dedi: "Bilirəm ki, FTB bu məsələni araşdırır, amma hansısa başqa məsələ ilə əlaqədar. Düşünürəm ki, onun üçün hər şey yaxşı olacaq".

Prezident Huanqı son dərəcə yüksək keyfiyyətlərə malik insan kimi xarakterizə etdi.

Amma "başqa məsələ" ifadəsinin arxasında nə dayandığını açıqlamadı.

Çin bazarının baş lobbiçisi və onun arqumentlərinin qiyməti

Çin kəşfiyyatına məhz Censen Huanqın nə üçün lazım ola biləcəyini anlamaq üçün onun son iki ildəki fəaliyyətini xatırlamaq kifayətdir.

2025-ci ilin aprelində Vaşinqton Nvidia-nın Çin üçün xüsusi olaraq Amerika məhdudiyyətlərinə uyğunlaşdırılmış, texniki imkanları azaldılmış H20 çiplərinin ixracına lisenziya tələb etdi.

Nvidia anbar ehtiyatları və satınalma öhdəlikləri üzrə 4,5 milyard dolları silməli oldu.

2025-ci ilin avqustunda lisenziyaların bir hissəsi verildi. Amerika rəsmiləri isə bu satışlardan əldə edilən gəlirin 15 faizini almaq niyyətində olduqlarını bildirdilər.

Nəticədə həmin lisenziyalar üzrə satış gəliri cəmi 60 milyon dollar təşkil etdi. Yəni faktiki olaraq heç nə.

Elə həmin ilin payızında Çin tənzimləyiciləri, mövcud məlumatlara görə, yerli şirkətlərə Nvidia-nın imkanları məhdudlaşdırılmış çiplərini almaqdan çəkinməyi tövsiyə etdilər.

Huanq açıq şəkildə gileylənirdi ki, Nvidia-nın Çinin süni intellekt sürətləndiriciləri bazarındakı payı 95 faizdən, demək olar, sıfıra düşüb.

O, Vaşinqtonun bu siyasətini yanlış adlandırırdı.

Onun apardığı kampaniya nəticəsiz qalmadı.

2025-ci il dekabrın 8-də Tramp daha güclü H200 çiplərinin təsdiqlənmiş Çin müştərilərinə satışına icazə verəcəyini açıqladı. Əvəzində Amerika hökuməti satışlardan 25 faiz pay almalı idi.

2026-cı il yanvarın 14-də, Sənaye və Təhlükəsizlik Bürosunun müvafiq qaydaları dərc etməsindən bir gün sonra prezident həmin çiplərin ABŞ ərazisindən tranziti zamanı 25 faizlik rüsum tətbiq edən sənəd imzaladı.

Tramp o zaman qərarını belə izah etmişdi: "Biz bu çiplərin satışından 25 faiz qazanacağıq".

Fevralda Nvidia konkret Çin müştərilərinə kiçik partiyalar göndərmək üçün lisenziya aldı.

Amma reallıq gurultulu başlıqlardan xeyli sönük çıxdı.

2026-cı il iyulun 14-də Kessler Konqresdə keçirilən dinləmələrdə etiraf etdi ki, verilmiş lisenziyalar əsasında H200 çiplərinin tədarükü "çox cüzi" olub.

Pekin Amerika çiplərini öz bazarına buraxmağa tələsmirdi. Konqres də kvotaları genişləndirməyə həvəs göstərmirdi.

İndi bütün bunları Amerika mənbələrinin Elis Huanqın qarşısına qoyulduğunu iddia etdiyi vəzifələrlə müqayisə edək.

Söhbət Amerikanın süni intellekt çipləri barədə məlumat toplamaqdan, Nvidia rəhbəri vasitəsilə informasiyaya çıxış əldə etməkdən və ehtimal ki, onun qabaqcıl prosessorların Çinə satışı ilə bağlı mövqeyinə təsir göstərməkdən gedir.

Bu mənzərədə klassik sənaye casusluğu ikinci plana keçir.

Nvidia çiplərinin arxitekturasını yataq otağında oğurlamaq mümkün deyil. Bu bilik minlərlə mühəndis, müqaviləli istehsalçı TSMC və saysız-hesabsız təchizatçılar arasında bölüşdürülüb.

Amma şirkət rəhbərinin prezidentlə nə barədə danışmağa hazırlaşdığını, hansı arqumentləri daha təsirli hesab etdiyini, nəyə nə qədər güzəştə getməyə razı olduğunu öyrənmək mümkündür.

Onun düşüncəsinə lazım olan tezisi yeritmək, hansı həddən sonra geri çəkilməyəcəyini müəyyənləşdirmək də olar.

Çen İsinin rəhbərlik etdiyi Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin mənasız əməliyyatlara resurs xərclədiyini düşünmək çətindir.

Marağın səbəbi isə kifayət qədər maddidir.

Sənaye analitiklərinin qiymətləndirmələrinə görə, Huawei-nin ən qabaqcıl Ascend 910C və Ascend 950 sürətləndiriciləri Nvidia məhsullarından üç-dörd il geri qalır.

Huawei ayrı-ayrı çiplərin zəifliyini miqyas hesabına kompensasiya etməyə çalışır.

Şirkətin CloudMatrix 384 sistemi yüzlərlə prosessoru vahid kompleksdə birləşdirir. Lakin həmin qiymətləndirmələrə əsasən, bu sistem təxminən 559 kilovat enerji sərf etdiyi halda, Nvidia-nın müqayisə edilə bilən NVL72 server dayağı təxminən 120 kilovatla kifayətlənir.

Çinin qabaqcıl litografiya texnologiyalarına çıxışı məhdudlaşdırılıb, yüksək ötürmə qabiliyyətli yaddaş çipləri çatışmır.

Bütün bunların üzərinə CUDA proqram ekosisteminin üstünlüyü də gəlir. CUDA-dan Çin istehsalı CANN platformasına keçid proqramçılar üçün aylarla əlavə iş deməkdir.

Pekin qarşısına 2030-cu ilə qədər süni intellekt sahəsində dünya liderinə çevrilmək məqsədi qoyub.

Amerika çipləri olmadan bu hədəfə çatmaq daha da çətinləşir.

Belə şəraitdə Ağ Evi qapını azacıq da olsa açmağa inandıra bilən bir adam Silikon Vadisindəki bütöv kəşfiyyat şəbəkəsindən daha qiymətli ola bilər.

Burada prinsipial bir məqamı xüsusi vurğulamaq istəyirəm.

Bu günə qədər Elis Huanqın Çin kəşfiyyatı tərəfindən əməkdaşlığa cəlb edildiyinə dair ictimaiyyətə təqdim olunmuş heç bir sübut yoxdur.

Onun Çin Dövlət Təhlükəsizliyi Nazirliyi ilə əlaqəsi barədə bilinənlərin hamısı kəşfiyyat məlumatları ilə tanış olan anonim mənbələrdən qaynaqlanır.

Nvidia-nın direktorlar şurası nə şirkət sirrlərinin, nə də milli təhlükəsizliyin təhlükəyə atıldığını düşünməyə əsas görmədiyini bəyan edir.

Çin tərəfi bütün iddiaları rədd edir.

Bu mövzuda yazılmış istənilən materialı, o cümlədən bu məqaləni oxuyarkən həmin vacib qeydi yadda saxlamaq lazımdır.

Pekin inkar edir, Sinqapur yayınır, Taybey narahatdır

Çinin reaksiyası həm sürətli, həm də dəyişməz oldu.

İlk materialın dərcindən bir gün sonra, oktyabrın 30-da Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Czyakun məlumatları Çinə böhtan atmağa yönəlmiş əsassız fərziyyələr adlandırdı.

Noyabrın 9-da Pekində keçirilən brifinqdə isə mövqeyini daha sərt ifadə etdi: "Çin casusluğu ilə bağlı səsləndirilən qondarma ittihamların heç bir sübutu yoxdur. Bunlar Çinə qarşı böhtandan başqa bir şey deyil".

Reaksiya gözlənilən idi və əslində çox az şeyi sübut edir.

Pekin öz xüsusi xidmət orqanlarının əməliyyatlarını heç vaxt etiraf etməyəcək. Vaşinqton isə hələlik məlumat sızmalarından başqa ortaya heç nə qoymayıb.

Taybeyin susqunluğu daha düşündürücüdür.

Censen Huanq 1963-cü il fevralın 17-də Taybeydə anadan olub. Son illərdə adada az qala milli qəhrəman səviyyəsində qəbul edilirdi.

Yerli rəsmilərin də amerikalıların narahatlığını bölüşdüyü bildirilir.

Tayvan üçün Elis Huanq qalmaqalı ikiqat ağrılıdır.

Dünya çip sənayesinin əsas istehsal mərkəzinə çevrilmiş ada çoxdan başa düşür ki, materik Çinin kəşfiyyat əməliyyatlarının əsas hədəfi zavodlar deyil, insanlardır.

"Qonaq otağının qulluqçusu"ndan Fan Fana: köhnə üsulun yeni təqdimatı

Eşq tələsi xüsusi xidmət orqanlarının ən qədim alətlərindən biridir. Çin kəşfiyyatının Amerikada bu üsuldan istifadə ilə bağlı öz tarixi var.

2003-cü ildə FTB Katrina Leunqu həbs etdi.

O, təxminən iyirmi il ərzində "Qonaq otağının qulluqçusu" kod adı ilə FTB-nin Çin üzrə ən qiymətli məlumat mənbələrindən biri sayılırdı.

Eyni zamanda uzun illər onu idarə edən FTB əməkdaşı Ceyms Smitlə intim münasibətdə olmuşdu.

İstintaq şübhələnirdi ki, Leunq bütün bu müddət ərzində Pekinə də işləyib.

Böyük səs-küy doğuran işin sonu, demək olar, heç nə ilə nəticələnmədi.

İttihamlar dağıldı, tərəflər istintaqla razılaşmalara getdi, nəticədə yüngül cəzalar verildi.

FTB-nin həmin hadisədən çıxardığı dərs sadə idi: məlumat mənbəyi ilə intim münasibət əks-kəşfiyyatı kor vəziyyətə salır.

2020-ci ilin dekabrında Amerika mətbuatı Kristina Fan, yaxud Fan Fan haqqında yazdı.

O, 2010-cu illərin əvvəllərindən etibarən Kaliforniyada yerli siyasətçilərlə sistemli şəkildə əlaqələr qurmuş, konqresmen Erik Suolvel üçün vəsait toplanmasında iştirak etmişdi.

2015-ci ildə FTB onunla maraqlanmağa başlayanda isə ABŞ-dan yoxa çıxmışdı.

Suolvelə qarşı heç bir ittiham irəli sürülmədi.

Əgər kəşfiyyatın versiyası doğrudursa, Elis Huanqın tətbiq etdiyi sxem əvvəlki hadisələrdən ilk növbədə hədəfin miqyası ilə fərqlənir.

Leunq kəşfiyyat əməkdaşları ilə işləyirdi. Fan ikinci eşelon siyasətçilərlə münasibətlər qururdu.

Burada isə hədəf XXI əsrin strateji resursuna nəzarət edən və prezidentlə birbaşa əlaqə saxlayan özəl sahibkardır.

Dövlət belə bir adamı məxfiləşdirə, onu yalan detektorundan keçirə və ya müştərilərlə şam yeməyinə getməsini qadağan edə bilmir.

Sənaye hüquqşünasları əvvəllər yalnız pıçıldaşdıqları məsələni artıq açıq şəkildə dilə gətirirlər.

Bütün zəncir yoxlanılmalıdır, sıravi müfəttişlərə qədər.

Data-mərkəzlərin yoxlanılması və normativ tələblərə əməl olunmasına nəzarət edən əməkdaşlar çoxdan bu cür əməliyyatların hədəfinə çevrilirlər.

Bir qədər sonra qayıdacağımız Supermicro işi üzrə ittiham aktında başqa şirkətin hesabına əylənən və iş yerində olmayan auditorun adı açıq şəkildə çəkilir.

Şkafdakı ikinci skelet: Supermicro, fenlər və minlərlə saxta server

2026-cı ilin martında ABŞ federal prokurorluğu Super Micro Computer şirkətinin həmtəsisçisi İhsien "Uolli" Lyaoya və daha iki şəxsə qarşı ittiham irəli sürdü.

İstintaqın versiyasına görə, onlar Cənub-Şərqi Asiyadakı saxta vasitəçi şirkətdən istifadə etməklə Nvidia-nın H200 və B200 çipləri ilə təchiz edilmiş təxminən 2,5 milyard dollarlıq serverləri Çinə göndəriblər.

Mətbuatın məlumatına əsasən, vasitəçi qismində Banqkokda yerləşən OBON şirkəti çıxış edib. Həmin şirkətə qarşı ittiham irəli sürülməyib.

Sxemin təfərrüatları sanki casus filmi üçün yazılmış ssenarini xatırladır.

Auditorları aldatmaq məqsədilə üç anbarda minlərlə işləməyən server maketi yerləşdirilib.

Podratçı şirkətlərin əməkdaşları saçqurudan fenlərlə seriya nömrələrinin yapışdırıldığı etiketlərin yapışqanını yumşaldır, sonra həmin etiketləri başqa avadanlıqlara köçürürdülər.

İttiham aktına görə, 2024-cü ilin dekabrında Lyao vasitəçi şirkətdən hər ay satınalma proqnozlarını göndərməyi tələb edib.

Çünki yalnız bu yolla Nvidia-dan B200 çipləri üçün zəmanətli kvotalar almaq mümkün idi.

Lyao özünü təqsirli bilməyib. Təqsirləndirilən şəxslərdən biri isə 2026-cı ilin oktyabrında günahını etiraf edib.

Məhkəmə prosesi 2026-cı ilin noyabrından 2027-ci ilin martına keçirilib.

Supermicro şirkətinə ittiham irəli sürülməyib. Şirkət özünü bu sxemin qurbanı adlandırır.

Üstəlik, Supermicro əvvəllər də oxşar hadisənin içindən keçib.

2006-cı ildə şirkət Dubaydakı distribütor vasitəsilə İrana avadanlıqların qanunsuz ixracında təqsirini etiraf etmişdi.

Hazırkı böhranı anlamaq üçün mühüm bir detal var.

Supermicro-nun baş direktoru Çarlz Lyan Censen Huanqın çoxdankı dostudur.

Hər iki şirkət 1993-cü ildə yaradılıb. İki rəhbər illər boyu Computex sərgisində eyni səhnəyə çıxıb.

Elis Huanqla məşhur fotoşəkil də 2024-cü ildə həmin sərginin keçirildiyi günlərdə Taybeydə çəkilib.

İki iş arasında əlaqə olduğuna dair heç bir sübut yoxdur.

Nvidia səhmlərinin ucuzlaşmasına mərc edən investisiya fondu 2026-cı ilin mayında hesabat dərc edərək bildirdi ki, Megaspeed-in saytında bir vaxtlar Supermicro da Nvidia, Intel və Gigabyte ilə yanaşı tərəfdaş kimi göstərilib.

Sonradan həmin məlumat saytdan silinsə də, səhifənin proqram kodunda izi qalıb.

Fond səhmlərin ucuzlaşmasında maraqlıdır. Buna görə də onun gəldiyi nəticələrə həmin məqam nəzərə alınmaqla yanaşmaq lazımdır.

Bununla belə, ümumi mənzərənin konturları artıq görünür.

Amerika çiplərinin Çinə sızmasının iki ən böyük kanalı Cənub-Şərqi Asiyadan keçir və hər ikisi Censen Huanqın yaxın çevrəsindən olan şəxslərə gedib çıxır.

Huanq bir ildən artıq müddətdə təkrar edirdi ki, Nvidia çiplərinin Çinə başqa yollarla yönləndirildiyinə dair sübut görmür.

Bu gün həmin tezisi müdafiə edəcək adam qalmayıb.

Demokratlar Senatı ələ keçirdi və əllərinə ideal fürsət düşdü

Qalmaqal Nvidia üçün ən əlverişsiz vaxtda partladı.

Noyabrın 3-də keçirilən aralıq seçkilərində demokratlar Senata nəzarəti yenidən ələ keçirdilər.

Görünən odur ki, yanvar ayında Senatın Bank Məsələləri Komitəsinə Elizabet Uorren rəhbərlik edəcək.

Uorren hələ 2026-cı ilin iyununda Nvidia-nın baş hüquq müşaviri Tim Teterə və audit komitəsinin sədri Bruk Syuellə şirkətin daxili nəzarət və normativ tələblərə uyğunluq sisteminin vəziyyəti barədə sərt məktub göndərmişdi.

O vaxt şirkət formal cavabla kifayətlənə bilərdi.

Yanvardan etibarən isə Uorren rəsmi çağırış vərəqələri göndərmək səlahiyyətinə malik olacaq.

Noyabrın 9-da Uorren və respublikaçı senator Cim Benks milli təhlükəsizliklə bağlı birgə bəyanat verərək Nvidia-dan izahat tələb etdilər.

2026-cı ilin Vaşinqtonunda iki partiyanın eyni cəbhədə dayanması nadir hadisədir. Bu faktın özü problemin miqyası barədə çox şey deyir.

Nümayəndələr Palatasının milli təhlükəsizlik məsələlərinə cavabdeh üç komitəsinin sədrləri Huanqla qapalı görüş tələb etdilər.

Görüş tarixinin razılaşdırılması üçün noyabrın 11-nə qədər vaxt verildi.

Dinləmələr noyabrın 18-nə təyin olunub.

Bu, Nvidia-nın rüblük maliyyə hesabatının açıqlanmasından bir gün sonraya təsadüf edir.

Beləliklə, Huanq 24 saat ərzində həm Uoll-strit analitiklərinin, həm də konqresmenlərin qarşısına çıxmalı olacaq.

Hər iki auditoriyada ona eyni sual veriləcək.

Bu arada direktorlar şurası Nyu-Yorkun Cənub Dairəsinin keçmiş baş prokuror əvəzi Cun Kimi və Wachtell, Lipton, Rosen & Katz hüquq firmasını işə cəlb edib.

Eyni zamanda şura Huanqa etimadını bir daha vurğulayıb. O, baş direktor vəzifəsində qalır.

Uoll-stritin ən tanınmış investorlarından biri yazıb ki, ümid edir, bu hadisə "milli təhlükəsizliyə təhdid yox, sadəcə adi eşq macərası" olacaq.

Analitiklər isə artıq şirkətin bir nəfərdən həddindən artıq asılı olması riskindən danışırlar.

Huanq Nvidia-nı yaradıb. Korporasiyanın rəqabət üstünlüyünün təməlində dayanan CUDA ekosistemini qurub. Ən iri müştərilər və hökumətlərlə münasibətləri şəxsən idarə edir.

İlk praktiki nəticələr də özünü göstərməyə başlayıb.

Cənubi Koreyanın süni intellekt çipləri hazırlayan Rebellions şirkəti Nvidia daxilində yaranmış "gözlənilməz vəziyyətlər" səbəbindən planlaşdırılmış görüşlərin ləğv edildiyini bildirib.

Kim qazanır, kim uduzur?

Ən böyük məğlubun kim olduğu aydındır: Nvidia.

Araşdırma Huanqın bütün şübhələrdən uzaq olduğunu təsdiqləsə belə, şirkət Çinə ixrac məsələsində Vaşinqtona təsir göstərmək imkanını illərlə itirə bilər.

Bundan sonra ixrac məhdudiyyətlərinin yumşaldılması lehinə səsləndirilən istənilən arqumentin arxasından Taybeydəki barın kölgəsi görünəcək.

İkinci uduzan tərəf Cənub-Şərqi Asiyanın neytral hesablama mərkəzləri modelidir.

Sinqapur, Malayziya, Tailand və İndoneziya illərlə Amerika çipləri ilə Çin tələbatının onların ərazisində qovuşmasından qazanc götürüblər.

Malayziya hələ 2025-ci ilin yayında Amerika süni intellekt çiplərinin ixracı üçün icazə rejimi tətbiq etmişdi.

İndi təzyiqlər daha da güclənəcək.

Mövcud məlumatlara görə, yerli data-mərkəz operatorları ikinci dərəcəli sanksiyalardan ehtiyat edərək Megaspeed-lə icarə müqavilələrini artıq ləğv edir və ya yenidən nəzərdən keçirirlər.

Qazananlar isə hər iki partiyanın sərt xətt tərəfdarlarıdır.

Senator Kottonun 2025-ci ilin mayında irəli sürdüyü, ixrac edilən çiplərin harada yerləşdiyinin yoxlanılmasını nəzərdə tutan qanun layihəsi bundan daha güclü arqument tapa bilməzdi.

Huawei də qazanır. Çünki Pekinin daxili bazarı yerli istehsalçıya vermək üçün indi daha ciddi əsası yaranır.

Paradoksal görünsə də, Çin təbliğatı da qaliblər sırasındadır.

Amerikalı milyarder və Şanxaydan olan qadın haqqında bu hekayə Qərbin hər yerdə təhlükə axtarması barədə Çin təbliğatının yaratdığı təsəvvürə çox yaxşı uyğun gəlir.

Ağ Evin vəziyyəti daha mürəkkəbdir.

Tramp xəbərdar edilmiş, amma heç bir tədbir görməmiş rəhbər obrazında görünmək riski ilə üz-üzədir.

Əgər Senatdakı demokratlar administrasiyanın 2025-ci ilin oktyabrından bu şübhələr barədə məlumatlı olduğunu, buna baxmayaraq H200 ixracını genişləndirdiyini sübuta yetirsələr, qalmaqal korporativ çərçivədən çıxıb siyasi müstəviyə keçəcək.

Çinə satışlardan dövlətin 25 faizlik pay alması qərarı hələ yanvarda sərfəli sövdələşmə kimi təqdim olunurdu.

Belə bir vəziyyətdə həmin qərar tamam başqa məna qazanacaq.

2027-ci ilin yazına qədər nə baş verəcək? Tarixlərlə dörd proqnoz

Mən yoxlanılması mümkün olan dörd proqnoz irəli sürmək riskini öz üzərimə götürürəm.

Birinci proqnoz: Huanq ən azı noyabrın 17-də maliyyə hesabatı açıqlanana və noyabrın 18-də qapalı dinləmələr keçirilənə qədər baş direktor vəzifəsində qalacaq.

Direktorlar şurası Kimin rəhbərlik etdiyi araşdırmanın nəticələri ortaya çıxmadan şirkətin qurucusunu istefaya göndərməyəcək. Həmin nəticələrin isə 2027-ci ilin birinci rübündən tez açıqlanacağını gözləmirəm.

İkinci proqnoz: ABŞ Ticarət Nazirliyi 2027-ci ilin mart ayının sonuna qədər Megaspeed-i və onunla əlaqəli strukturların ən azı bir hissəsini Sənaye və Təhlükəsizlik Bürosunun qara siyahısına daxil edəcək.

İctimai qalmaqaldan sonra hərəkətsizliyin siyasi qiyməti o qədər yüksək olacaq ki, bir il ərzində baş verənlərə göz yummuş administrasiya belə bunu görməzdən gələ bilməyəcək.

Üçüncü proqnoz: H200 çiplərinin Çinə tədarükü üzrə lisenziya mexanizmi formal şəkildə ləğv olunmadan 2027-ci ilin sonuna qədər faktiki dondurulacaq.

2027-ci ildə həmin lisenziyalar əsasında heç bir yeni iri partiya göndərilməyəcək.

Dördüncü proqnoz: Senatın Bank Məsələləri Komitəsi ən geci 2027-ci ilin fevralında Nvidia-ya rəsmi çağırış göndərəcək.

Araşdırmanın əsas mövzusu Huanqın şəxsi münasibətləri yox, Megaspeed-də aparılan audit və həmin 50 min çatışmayan çip olacaq.

Şirkətin ən həssas yeri xəyanət qalmaqalı deyil, məhz burasıdır.

Kolyer-Kidə heç kimin qapını açmadığı ünvan

Bu hekayənin Vaşinqton üçün əsas dərsi xoşagəlməzdir.

İxrac nəzarəti sistemi təhlükənin yüklərdən, gömrük bəyannamələrindən və saxta vasitəçi şirkətlərdən qaynaqlandığı fərziyyəsi üzərində qurulmuşdu.

Amma məlum olur ki, sistemin ən zəif həlqəsi kiminlə ticarət edəcəyinə özü qərar verən və sonra həmin satışın vacibliyinə prezidenti şəxsən inandıran insandır.

Onu sərhəddə yoxlamırlar. Heç kim ondan eşq macəraları barədə hesabat tələb etmir.

Ona inanırlar. Çünki tarixin ən bahalı şirkətini məhz o yaradıb.

Əgər Amerika kəşfiyyatının versiyası doğrudursa, Pekin çipləri oğurlamağa çalışmayıb.

O, çiplərə nəzarət edən adamla anlaşmağa cəhd göstərib.

Bunu isə keçmiş oyun studiyasını Nvidia-nın Asiyadakı ən böyük alıcılarından birinə çevirmiş qadın vasitəsilə etməyə çalışıb.

Yox, əgər həmin versiya yanlışdırsa, deməli, Amerika xüsusi xidmət orqanları bir ildən artıq müddətdə ölkənin strateji əhəmiyyət daşıyan əsas şirkətlərindən birinin rəhbərinin şəxsi həyatını izləyib.

Daha sonra isə heç bir açıq sübut təqdim etmədən məlumat sızmalarının onun nüfuzunu məhv etməsinə imkan veriblər.

Hər iki variant Amerika üçün pisdir.

Birincisi isə daha pisdir.

Sinqapurun korporativ reyestrinin məlumatlarına görə, Megaspeed hələ də fəaliyyət göstərən şirkət kimi qeydiyyatdadır. Onun ofisi Kolyer-Ki sahilində, Ocean Financial Centre binasında yerləşir.

Elis Huanq bir ildən artıqdır ictimaiyyət qarşısına çıxmır. O, bu müddətdə heç bir açıqlama verməyib.

Amerika prezidentinə barəsində kəşfiyyat məruzəsi təqdim edilən, dünyanın ən bahalı şirkətini isə özünə görə keçmiş federal prokuror tutmağa məcbur qoyan bu qadının indi harada olduğunu məsələ barədə açıq danışmağa hazır olanların heç biri bilmir.