Novorossiyskdə dronlar taxıl elevatorlarını yandırdığı, Amerikanın Böyük Düzənliklərində isə son yüz əlli ilin ən kasad buğda məhsulu biçildiyi bir vaxtda FAO-nun ərzaq qiymətləri indeksi səssiz-səmirsiz son üç ilin maksimumuna yaxınlaşır. Bu böhranların eyni vaxta düşməsindən qazananlar isə heç də aclıq çəkənlər deyil.
Avqustun 12-nə keçən gecə Ukrayna dronları və pilotsuz dəniz katerləri Novorossiyskdəki hərbi dəniz bazasına, Krıma ardıcıl hücumlardan sonra Rusiyanın Qara dəniz donanmasının əlində qalan son iri dayaq məntəqəsinə zərbə endirib. Vladimir Zelenski iki freqatın, iri desant gəmisinin, korvetin və daha bir neçə gəminin vurulduğunu bildirib.
Hərbi baza ilə paralel Rusiyanın cənubundakı ən iri taxıl terminallarından üçü də atəş altında qalıb. United Grain Company-yə məxsus "Novorossiysk Taxıl Kombinatı" elevatorunda yükləmə qalereyası çöküb, bir neçə silos zədələnib. "Demetra" holdinqinin terminalında qalereya və avtomobillərin boşaldılması meydançası sıradan çıxıb. KSK terminalına da ziyan dəyib. Aralarında bir uşaq olmaqla üç nəfər həlak olub, təxminən 24 nəfər yaralanıb. Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev şəhərdə fövqəladə vəziyyət rejimi elan edib.
Rusiyanın bütün taxıl ixracının üçdə birədək hissəsi Novorossiysk terminallarından keçir. Buna görə də zərbənin mahiyyəti hərbidən çox iqtisadi olub. Ukraynanın aqrar qurumunun məlumatına görə, avqustun ilk iki həftəsində Rusiya taxılının daşınması ötən ilin eyni dövrü ilə müqayisədə 76 faiz çöküb. İyulda buğda ixracı cəmi 1,5 milyon ton təşkil edib. Bu, bir il əvvəlkindən üçdə bir, son beş ilin orta göstəricisindən isə iki dəfə azdır.
Burada diqqətçəkən bir detal da var. Financial Times-ın məlumatına görə, bundan üç həftə əvvəl Ukrayna tərəfi ABŞ vitse-prezidenti Cey Di Vensin xahişi ilə Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna və elə həmin Novorossiyskdən Qazaxıstan nefti daşıyan, sanksiyaya məruz qalmayan tankerlərə zərbə endirməməyə razılaşıb. Konsorsiumun ortaq sahibləri Chevron və ExxonMobil faktiki olaraq öz yükləri üçün toxunulmazlıq əldə ediblər. Taxıl terminallarının isə belə immuniteti yoxdur.
Bu fərq istənilən bəyanatdan daha çox şey deyir. Döyüşən tərəflərin və onların arxasında duran güclərin prioritetlərində neft hələ də çörəkdən yuxarıda dayanır.
Qara dənizdə ərzaq savaşı yeni başlamayıb. Amma indiki mərhələ qlobal dövrün 2022-ci il blokadası ilə müqayisədə qat-qat təhlükəli nöqtəsinə təsadüf edir. O vaxt dünya böhrana rekord həcmdə keçid taxıl ehtiyatı ilə daxil olmuşdu. İndi isə ehtiyatlar eyni anda bir neçə, bir-birindən asılı olmayan zərbə nəticəsində tükənib: Amerika quraqlığı, İran müharibəsi və yaxınlaşan El-Ninyo.
Novorossiyskə hücum ayrıca bir savaş da doğurub, informasiya savaşını.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kiyevi bir sıra Qərb ölkələrinin maraqları naminə qlobal ərzaq bazarında xaos yaratmağa çalışmaqda ittiham edib. Onun sözlərinə görə, belə addımlar taxıl və gübrə qıtlığını ağırlaşdırır, Qlobal Cənub və Şərq ölkələrinin xərclərini artırır.
Ukrayna tərəfi isə eyni ittihamı Moskvaya ünvanlayır. Zelenski Rusiyanın Odessa liman infrastrukturuna əvvəlki zərbələrini məhz "qlobal ərzaq təhlükəsizliyinə hücum" kimi xarakterizə etmişdi.
Əslində, iki tərəfin razılaşdığı bir məqam var: ərzaq təbliğat üçün əlverişli arqumentə çevrilib. İdxaldan asılı ölkələrin auditoriyası qarşısında bu kartdan istifadə etmək sərfəlidir. Halbuki real hərbi hədəflərin, hərbi dəniz bazalarının, neft və müdafiə infrastrukturunun məhsulla birbaşa əlaqəsi çox vaxt yoxdur.
Vaşinqtonun təkidi ilə Xəzər Boru Kəməri Konsorsiumunun neft infrastrukturuna toxunulmazlıq verilməsi isə prioritetlərin həqiqi iyerarxiyasını bütün mətbuat xidmətlərinin bəyanatlarından daha çılpaq şəkildə ortaya qoyur.
Bir vaxtlar Qara dəniz taxıl dəhlizini tam iflicdən birtəhər qoruyan mexanizmin də artıq mövcud olmadığını xatırlatmağa dəyər. Türkiyə və BMT-nin 2022-ci ilin yayında razılaşdırdığı Qara dəniz Taxıl Təşəbbüsü Ukrayna ərazilərindən 32 milyon tondan çox ərzağın çıxarılmasına imkan vermişdi.
Rusiya 2023-cü ilin iyulunda öz taxıl və gübrə ixracı ilə bağlı problemlərin həll olunmadığını əsas gətirərək sazişdən çıxdı. Ankaranın formatı dirçəltmək cəhdləri ciddi nəticə vermədi.
Üç il sonra dünya eyni münaqişənin yeni dalğası ilə üz-üzədir. Fərq ondadır ki, bu dəfə zərbəni yumşalda biləcək institusional təhlükəsizlik yastığı ümumiyyətlə yoxdur.
Dunay təkcə suyunu itirmir
Novorossiysk dağıntıları təmizləyərkən, Qara dənizin o biri sahilində Ukrayna da öz itkilərini verirdi.
Rusiyanın Odessa vilayətində liman infrastrukturuna, İzmailə, Reniyə, Kiliyaya hücumları avqustda demək olar ki, adi hala çevrilib. Avqustun 6-da "Geran" dron dəstəsinin Artsız və Dunay limanları klasterinə hücumu qeydə alınıb. Avqustun 13-də İzmailə növbəti zərbə şəhərin bir hissəsində elektrik təchizatında fasilələrə səbəb olub. Avqustun 16-dan 17-nə keçən gecə isə Toqo bayrağı altında üzən mülki gəmi atəşə məruz qalıb, dörd nəfər yaralanıb.
Ukraynanın aqrar siyasət naziri Taras Vısotski xəbərdarlıq edib ki, indiki dinamika davam edərsə, dünyada ərzaq qiymətləri 25-30 faiz arta bilər.
Dunayın problemi yalnız hərbi zərbələrlə bitmir.
Qara dəniz marşrutlarının bloklanmasından sonra Kiyev üçün ehtiyat ixrac dəhlizinə çevrilən çay 2026-cı ilin yayında Avropadakı quraqlıq səbəbindən rekord səviyyədə dayazlaşıb. Vəziyyət o həddə çatıb ki, çayın yatağında İkinci Dünya müharibəsi dövründə həlak olmuş alman əsgərlərinin qalıqları üzə çıxıb.
Başqa sözlə, atəş altında olan dəniz yolunun yeganə alternativi heç kim raket atmadan da fiziki olaraq daralır.
Ukraynanın özündə məhsulun pis olmayacağı gözlənilir. Təxminən 60 milyon ton taxıl proqnozlaşdırılır ki, bu da 2025-ci ilin göstəricisinə yaxındır. Problem başqa yerdədir: yığılan taxılı ölkədən çıxarmaq getdikcə çətinləşir.
Buğda yetişdirməyi "unudan" Amerika
Yayın ən narahatedici xəbəri döyüş meydanından yox, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin hesabatlarından gəlib.
İyul WASDE hesabatında nazirlik 2026/27 marketinq ili üzrə buğda istehsalı proqnozunu 1,536 milyard buşelədək endirib. Bu, 1970/71 mövsümündən bəri ən aşağı göstəricidir.
Biçiləcək ərazi 32 milyon akr olub. Bu isə 1877-ci ildən bəri, yəni təxminən yüz əlli ilin ən aşağı səviyyəsidir. Ümumi əkin sahələri illik müqayisədə 6 faiz azalaraq 42,7 milyon akra düşüb. Payızlıq buğda istehsalı bir anda 27 faiz azalaraq 990 milyon buşelə enib. Bu, 1965/66 mövsümündən bəri ən aşağı göstəricidir.
Amerika düzənliklərinin əsas sortu olan sərt qırmızı payızlıq buğdanın istehsalı isə 1957/58-ci illərin səviyyəsinə qayıdıb.
Səbəb hansısa tək-tük hava anomaliyası deyil. Söhbət sistemli istidən gedir.
NOAA-nın məlumatına görə, 2025-ci ilin mayından 2026-cı ilin aprelinədək olan dövr ABŞ-da müşahidələr tarixinin ən isti 12 aylıq kəsiyi olub. Böyük Düzənliklərdəki quraqlıq onsuz da zəifləyən əkinləri son həddə çatdırıb. Yayın ortalarında payızlıq buğdanın yalnız 28 faizi "yaxşı" və ya "əla" vəziyyətdə qiymətləndirilib. Mövsümün bu mərhələsi üçün son dörd ilin ən pis göstəricisidir.
Dünyada buğdanın keçid ehtiyatları 272,84 milyon tona düşüb. Bu da analitiklərin konsensus proqnozundan aşağıdır.
Buradakı simvolizmi görməmək çətindir.
ABŞ əsrlər boyu ərzaq bolluğunun sinonimi, qlobal ərzaq təhlükəsizliyinin dayaqlarından biri sayılıb. Amerikanın artıq məhsulu kritik illərdə Hindistandan Afrika Buynuzunadək aclıq içində olan regionların xilası olub.
Bu gün isə Amerika planet əhalisinin indikindən üç dəfə az olduğu dövrdəkindən də az buğda yığır.
Beynəlxalq Ərzaq Siyasəti Tədqiqat İnstitutunun əmtəə bazarları üzrə iqtisadçısı Cozef Glauber diaqnozu dəqiq qoyur: dünyada hələlik taxıl qıtlığı yoxdur, problem onun əlçatanlığındadır.
Bununla belə, USDA-nın proqnozuna görə, fermerlərin buğda satış qiyməti buşel üçün təxminən 6,5 dollar olacaq. Sərt qırmızı buğdanın birja qiymətləri isə ilin ilk yeddi ayında təxminən dörddə bir artıb.
Paradoks budur ki, qiymətlərin yüksəlməsi amerikalı fermerlərin avtomatik olaraq varlanması demək deyil.
Sahə ekspertləri, o cümlədən Miçiqan Dövlət Universitetinin buğda seleksiyası üzrə mütəxəssisləri illərdir Böyük Düzənliklərdə fermer təsərrüfatlarının rentabelliyinin davamlı olaraq mənfi olduğunu qeydə alırlar. Buğdanın qiyməti ənənəvi olaraq qarğıdalı və soyadan aşağı olduğuna görə istehsalçılar illər boyu buğda sahələrini azaldıb, daha çox gəlir gətirən bitkilərə üstünlük veriblər.
Torpaq qrantı alan universitetlərin tədqiqat proqramları üçün federal maliyyənin azaldılması vəziyyəti daha da ağırlaşdırır. Bu, tendensiyanı dəyişə biləcək quraqlığadavamlı sortların yaradılması şansını da aşağı salır.
Yəni indiki qiymət sıçrayışı fermerin qələbəsi deyil. Bu, bütöv bir sektorun struktur tənəzzülünün əlamətidir. Bazar isə həmin tənəzzülün hesabını zəncirin digər iştirakçılarına yazır.
Dünyanın boğazından yapışan boğaz
Əgər Qara dəniz müharibəsi taxıl logistikasına zərbələri izah edirsə, Amerika və Avstraliyada məhsulun azalmasının mühüm səbəblərindən birini tamam başqa münaqişədə axtarmaq lazımdır.
Söhbət 28 fevral 2026-cı ildə başlayan ABŞ-İsrail koalisiyası ilə İran arasındakı müharibədən gedir.
İlk baxışdan bu savaşın Kanzasın buğda tarlaları ilə heç bir əlaqəsi yoxdur. Dolayı əlaqəsi isə birbaşa təsirdən az deyil.
Dünya üzrə dəniz yolu ilə daşınan gübrələrin təxminən üçdə biri Hörmüz boğazından keçir. UNCTAD-ın bəzi hesablamalarına görə, qlobal karbamid ticarətinin hətta üçdə ikisinədək hissəsi bu marşrutdan asılıdır. Karbamid isə əsas azot gübrələrindən biridir.
İran, Qətər, Səudiyyə Ərəbistanı və Bəhreyn birlikdə dünya karbamid ixracının 30 faizinədək, ammonyak ixracının isə təxminən yarısını təmin edir.
Müharibə başlayandan sonra boğaz faktiki iflic vəziyyətinə düşüb. Beynəlxalq Enerji Agentliyi baş verənləri dünya neft bazarında tarix boyu yaşanmış ən böyük təchizat pozuntusu adlandırıb. Brent markalı neftin qiyməti 10-13 faiz yüksələrək bir barel üçün 80-82 dollara çatıb.
Atəşkəsin müddəti uzadılsa da, Vaşinqton İran limanlarının hərbi dəniz blokadasını saxlayır.
Enerji müharibəsinin "yan təsirlərindən" biri də gübrələr oldu.
Azot gübrələri bazarının əsas göstəricilərindən sayılan Misir FOB bazarında karbamidin bir tonunun qiyməti müharibədən əvvəlki 400-490 dollardan aprelə doğru 700-850 dollaradək sıçradı. İyuna doğru qiymətlər qismən geri çəkildi.
İllinoysda susuz ammonyakın bir tonunun qiyməti 2025-ci ilin sentyabrından 2026-cı ilin fevralınadək orta hesabla 828 dollar olduğu halda, aprelin 17-nə 1123 dollara çatdı.
Gübrə, mahiyyət etibarilə, "dondurulmuş" təbii qazdır. Onun istehsal maya dəyərinin təxminən 70 faizi enerjinin payına düşür. Ucuz qaz ehtiyatlarına malik Yaxın Şərq isə uzun illər dünya azot gübrələri bazarının onurğa sütunu olub.
Şimal yarımkürəsində əkin kampaniyasının qızğın vaxtında bu onurğa sütunu qırılırsa, fermerin reaksiyası da proqnozlaşdırılandır: əkin sahələri və gübrələmə norması azalır.
Dünyanın iri buğda ixracatçılarından olan Avstraliya da bu mövsüm əkin sahəsini məhz gübrə qiymətlərinin kəskin bahalaşması səbəbindən azaldıb. Həmin bahalaşmanın kökü isə İran müharibəsinə gedib çıxır.
Beləcə, qapalı bir zəncir yaranır: Yaxın Şərqdəki münaqişə gübrənin qiymətini qaldırır, bahalı gübrə eyni anda üç qitədə məhsuldarlığı aşağı salır, məhsuldarlığın azalması davam edən Qara dəniz müharibəsinin üzərinə gəlir və bütün bu proseslər birlikdə planetin əsas ərzaq məhsulunun qiymətini yuxarı itələyir.
Banqladeş başqasının hesabını ödəyir
Təzyiqin dördüncü xətti də var. Bu dəfə hərbi yox, ticarət və diplomatiya xətti.
Onun memarı isə şəxsən ABŞ prezidenti Donald Trampdır.
Ali Məhkəmənin konstitusiyaya zidd saydığı tarifləri əvəzləyən "qarşılıqlı" ticarət sazişləri çərçivəsində Vaşinqton bir sıra inkişaf etməkdə olan ölkələri dünya bazarındakı vəziyyətdən asılı olmayaraq əvvəlcədən müəyyən edilmiş həcmdə Amerika taxılı almağa məcbur edib.
Ən bariz nümunələrdən biri Banqladeşdir.
Müşavir Məhəmməd Yunusun rəhbərlik etdiyi keçid hökuməti 2026-cı il fevralın 9-da, ümumi seçkilərə cəmi üç gün qalmış və nəzərəçarpacaq parlament nəzarəti olmadan ABŞ-la qarşılıqlı ticarət sazişi imzalayıb.
Gömrük rüsumunun 37 faizdən 19 faizə endirilməsi müqabilində Dəkkə 3,5 milyard dollarlıq Amerika kənd təsərrüfatı məhsulu almağı öhdəsinə götürüb. Paketə beş il ərzində hər il azı 700 min ton buğda, 1,25 milyard dollarlıq soya, həmçinin yanacaq və Boeing aviasiya texnikası daxildir.
Siyasi Dialoq Mərkəzinin iqtisadçısı Mustafizur Rəhman yekun sənədi "ticarətin tam alətə çevrilməsi yolu ilə sırınmış saziş" adlandırıb.
Amerika tərəfinin baxışı isə tam əksidir. ABŞ Buğda İxracatçıları Assosiasiyasının prezidenti və baş direktoru Mayk Spayer sazişi açıq şəkildə Amerika kənd təsərrüfatının qələbəsi kimi alqışlayıb.
Mexanizmin məğzi sadə, amma amansızdır.
Belə öhdəliklər götürən ölkələr satıcı seçmək hüququndan məhrum olur və çatdırılma zamanı Amerika buğdası hansı qiymətədirsə, onu ödəməyə məcbur qalır. Hətta həmin anda Qara dəniz hövzəsindən və ya Argentinadan bazara daha ucuz taxıl çıxsa belə.
Amerikada rekord dərəcədə kasad məhsul ilində bu o deməkdir ki, kasıb idxalçı ölkələr Böyük Düzənliklərdəki qıtlığın hesabını öz ərzaq büdcələri ilə subsidiyalaşdırırlar.
Bir il yarım əvvəl belə məntiq bəlkə də kinayəli mübaliğə kimi səslənərdi. 2026-cı ildə isə bu, dövlətlərarası sazişin hərfi mətnidir.
El-Ninyo arxadan zərbə vurmağa hazırlaşır
Bütün bunların üzərinə bir də iqlim faktoru gəlir. Kremlin, Kiyevin, Tehranın və ya Vaşinqtonun iradəsindən asılı olmayan faktor.
BMT-nin Ümumdünya Ərzaq Proqramının avqustun 5-də açıqladığı məlumatlara görə, müşahidələr tarixinin ən güclü El-Ninyo hadisələrindən birinin formalaşması ehtimalı 81 faiz qiymətləndirilir.
Okeanın səth temperaturu artıq 1982-ci ildən bəri ən yüksək həddə çatıb. Hadisə 1950-ci ildən indiyədək ən güclüsü ola bilər.
Pikin 2026-cı ilin sentyabr-dekabr ayları arasında baş verəcəyi proqnozlaşdırılır. Amma məhsula təsir 2027-ci il boyu hiss olunacaq.
Ümumdünya Ərzaq Proqramının ən həssas 45 ölkə üzrə hesablamaları nikbinliyə yer qoymur. Kəskin ərzaq çatışmazlığı yaşayan insanların sayı indiki 225 milyondan 274 milyona yüksələ bilər.
Söhbət əlavə 49 milyon insandan, yəni 22 faizlik artımdan gedir.
Ən ağır zərbəni Mərkəzi Amerika ala bilər. Burada ərzaq yardımına ehtiyacı olanların sayı 83 faiz arta bilər. Cənubi Afrikada isə artım təxminən 75 faiz qiymətləndirilir.
Müqayisə üçün, müşahidələr tarixinin ən güclülərindən sayılan 2015-2016-cı illərin El-Ninyo hadisəsi 60-100 milyon insana təsir etmişdi. İndiki epizod həmin rəqəmi az qala üç dəfə üstələmək təhlükəsi yaradır.
2026-cı ili fərqli edən də məhz bir-birindən təbiətcə asılı olmayan bu şokların, hərbi, ticarət və iqlim böhranlarının eyni vaxtda üst-üstə düşməsidir.
FAO iqtisadçısı Monika Totova narahatlığı ehtiyatlı, amma kifayət qədər aydın ifadə edir: bir neçə qeyri-müəyyənlik mənbəyi artıq bir-birini gücləndirməyə başlayır.
İyulda FAO-nun ərzaq qiymətləri indeksi 131,1 bəndə çataraq 2023-cü ilin yanvarından bəri ən yüksək səviyyəni görüb. Bir ayda artım 0,6 faiz olub.
Taxıl alt-indeksi 3,4 faiz yüksəlib. Buğda bir ayda 5,8 faiz, illik müqayisədə isə təxminən 10 faiz bahalaşıb. Bitki yağları indeksi isə 2022-ci ilin iyunundan bəri ən yüksək həddə çatıb.
Çörək siyasətin detonatoruna çevriləndə
Tarix indiki dalğanı ciddi qəbul etmək üçün kifayət qədər əsas verir. Quraqlıq, bioyanacağa artan tələbat və ixrac məhdudiyyətlərinin üst-üstə düşməsi nəticəsində yaranan 2007-2008-ci illərin qlobal ərzaq böhranı Haitidən Misirədək azı 30 ölkədə küçə etirazlarına səbəb olmuşdu.
2010-2011-ci illərdə ərzaq qiymətlərinin kəskin bahalaşması isə Ərəb baharını hərəkətə gətirən əsas mexanizmlərdən biri hesab olunur. O zaman çörəyin qiymətindəki sıçrayış Tunis və Misirdə illərlə yığılıb qalmış sosial narazılığın üzərinə düşmüş, uzunömürlü avtoritar rejimlərin süqutunu sürətləndirmişdi.
Bu iki epizodu birləşdirən ümumi məntiq var: bir çörəyin qiyməti siyasi partlayışın nadir hallarda yeganə səbəbi olur, amma demək olar ki, həmişə illərlə yığılan narazılığı sürətləndirən katalizator rolunu oynayır.
Bugünkü risk mənzərəsi əvvəlki böhranlardan prosesə qoşulan amillərin miqyası ilə fərqlənir. 2007-2008-ci illərdə əsas hərəkətverici qüvvə tələb idi. 2010-2011-ci illərdə isə 2010-cu il quraqlığından sonra Rusiya kimi ayrı-ayrı ölkələrin tətbiq etdiyi ixrac qadağaları ön plana çıxmışdı.
Bu gün isə hərbi, enerji, ticarət-tarif və iqlim təzyiqi eyni anda işləyir. Üstəlik, bu istiqamətlərin heç birini tək bir hökumətin və ya bir beynəlxalq təşkilatın səyi ilə nəzarət altına almaq mümkün deyil.
Bu fırtınadan kim qazanır
İstənilən baza əmtəəsinin qiymət sıçrayışının arxasında gəlirlərin yenidən bölüşdürülməsi dayanır və 2026-cı ilin ərzaq bazarı da istisna deyil.
Qazananlar əlində real taxıl artıqlığı və işlək logistika olan ixracatçılardır. Amerika quraqlığından ABŞ qədər zərər çəkməyən Kanada buna nümunədir. Cargill, Bunge və Louis Dreyfus kimi iri taxıl treyderləri də bu mənzərədə uduzan tərəf deyil. Onların biznes modeli ənənəvi olaraq satışın həcmi qədər bazardakı dəyişkənliyə və regionlar arasındakı qiymət fərqindən pul qazanmağa söykənir.
Rusiya da müəyyən mənada qazananlar sırasındadır. Fiziki ixrac tonnaj baxımından azalsa da, indiki qiymətlər fonunda ixrac gəlirlərinin enişi tədarük həcmlərinin azalması qədər sərt deyil.
Volatillik nə qədər yüksək, logistika nə qədər parçalanmış olursa, yükü dar boğazdan yan keçirərək başqa marşruta yönəldə bilən vasitəçinin marjası da bir o qədər böyüyür. Məhz buna görə iri treyderlər belə böhranların struktur benefisiarlarına çevrilirlər. Son nəticədə hansı ölkənin məhsulunun daha çox zərər çəkməsinin onlar üçün prinsipial əhəmiyyəti yoxdur.
Münaqişə zonasından kənarda fəaliyyət göstərən gübrə istehsalçıları da qazanan tərəfə çıxıb. Şimali Amerika və Çindəki karbamid zavodları Yaxın Şərqdən tədarükün sıradan çıxması sayəsində, sahə analitiklərinin ifadəsi ilə desək, marja baxımından "güclü arxa külək" əldə ediblər.
Uduzanlar isə proqnozlaşdırıldığı kimi, idxaldan asılı kasıb ölkələrdir. Onların nə döyüşən tərəflərə təsir göstərmək üçün siyasi rıçaqları, nə də uzun müddət baha qiymət ödəməyə imkan verəcək valyuta ehtiyatları var.
Dünyanın ən iri buğda idxalçısı olan Misir öz fermerləri üçün alış qiymətlərini qaldırmağa çalışır, amma məsələ gəlib su qıtlığına dirənir. Suyu çəkilən Nil sahillərində yerləşən ölkə üçün taxılla özünütəminetmə dövlət subsidiyalarının nə qədər səxavətli olmasından asılı olmayaraq əlçatmaz hədəf olaraq qalır.
Banqladeşin isə, yuxarıda göstərildiyi kimi, öz xərclərini aşağı salmaq üçün bazarda manevr etmək imkanı ümumiyyətlə yoxdur. Vaşinqtonla imzalanmış saziş qiymətdən asılı olmayaraq alış həcmlərini əvvəlcədən bağlayır.
Oxşar tələ Guatemala və Salvadordan tutmuş ABŞ-la "qarşılıqlı" ticarət sazişləri imzalamış onlarla başqa ölkənin də qarşısına qoyulub.
Ayrıca uduzanlar kateqoriyası postsovet məkanı ölkələridir. Bu dövlətlər tarixən Rusiya və Qazaxıstan taxılından asılı olublar.
Qazaxıstan özü iri ixracatçı olsa da, daxili bazarı qorumaq məqsədilə iyulun 27-dən etibarən buğda idxalına altı aylıq qadağa tətbiq edib. Bununla yanaşı, cari mövsümün on ayı ərzində Rusiya taxılının alışını 6,5 dəfə artıraraq 1,79 milyon tona çatdırıb. Eyni dövrdə öz taxıl və un ixracını 13 faiz artıraraq 12,2 milyon tona yüksəldib.
Azərbaycan ildə təxminən 1,8 milyon ton ərzaqlıq buğda istehlak edir. Daxili özünütəminetmə səviyyəsi isə cəmi 20 faiz civarındadır. Ölkə tarixən buğda idxalına olan tələbatının 90 faizdən çoxunu Rusiya və Qazaxıstan hesabına bağlayıb.
Kənd Təsərrüfatı Nazirliyi yerli istehsalın payını daxili tələbatın yarısınadək yüksəltməyi hədəfləyir. Amma bu proqramın icrası illərə hesablanıb, Qara dəniz və Yaxın Şərq istiqamətlərindəki turbulentlik isə artıq bu gün güclənir.
Avqustda Rusiya Azərbaycan ərazisindən keçməklə Ermənistana 36 min tondan çox taxıl göndərib. Bu epizod göstərir ki, daha iri Qara dəniz hövzəsində hərbi eskalasiya davam etsə də, Cənubi Qafqazın taxıl dəhlizləri işləməkdədir.
Amma həmin fakt başqa bir həqiqəti də ortaya qoyur: regionun ərzaq təhlükəsizliyi xarici oyunçuların tam nəzarətində olan logistika zəncirlərinə son dərəcə sıx bağlanıb.
Başqa dövr üçün qurulmuş sistem
Qlobal ərzaq sistemini araşdıran Guelph Universitetinin professoru Evan Freyzer diaqnozu dolandırmadan qoyur: indiki model cəmi üç fərziyyə üzərində dayanır, fasiləsiz ticarət, ucuz enerji və sabit iqlim.
Bu gün onların heç biri işləmir.
Bu diaqnoza əlavə ediləsi çox şey yoxdur. Bəlkə də yalnız problemin miqyası.
Rusiya, Kanada, ABŞ, Ukrayna və Avropa İttifaqı kimi sayılı ixracatçı dünya buğda ticarətinin əsas hissəsini təmin edir. Onların müştəriləri isə əsasən öz kənd təsərrüfatını onilliklər ərzində idxalın xeyrinə zəiflətmiş kasıb dövlətlərdir.
Bir tərəfdə təklifin bir neçə əldə cəmləşməsi, digər tərəfdə isə zəifliyin kütləvi xarakter alması. Bu, ucuz neft və proqnozlaşdırılan hava dövrü üçün qurulmuş arxitekturadır.
2026-cı il isə artıq nə birini, nə də digərini təklif edir.
Dünya elevatorlarında və dövlət ehtiyatlarında hələlik 2022-ci ildəki panikanın təkrarlanmasının qarşısını almağa kifayət edəcək qədər taxıl var. Amma təhlükəsizlik yastığı kənd təsərrüfatı nazirliklərinin reaksiya verməyə macal tapdığından daha sürətlə əriyir.
Avropanın taxıl istehsalçıları və treyderlərini birləşdirən Coceral iyul bülletenində Avropa İttifaqı və Britaniya üzrə taxıl məhsulu proqnozunu ötənilki 310 milyon tondan 286,6 milyon tona endirib.
Bu, dünyanın ən iri buğda istehsalçılarından olan region üçün təxminən 8 faizlik azalma deməkdir.
Avropa bazarının lideri Fransa rekord istilər üzündən məhsuldarlıq itirir. Hərçənd bu mövsüm yay yanğınları ölkənin əsas buğda zolağına ciddi toxunmayıb.
Almaniya isə eyni anda bir neçə kənd təsərrüfatı məhsulu üzrə yığımın azaldığını qeydə alır.
Dekabrda bir çörək neçəyə olacaq: üç ssenari
Bundan sonrakı trayektoriya sadalanan şokların eyni anda üst-üstə düşüb-düşməyəcəyindən və ya onların ayrı-ayrılıqda səngiyib-səngiməyəcəyindən asılı olacaq.
Əgər Qara dənizdə eskalasiya indiki templə davam etsə və El-Ninyo həqiqətən də sentyabr-dekabr arasında proqnozlaşdırılan pikinə çatsa, FAO-nun ərzaq qiymətləri indeksinin 2026-cı ilin sonunadək 135 bənd həddini keçməsi ehtimalı yüksəkdir.
Belə olarsa, 2022-2023-cü illərin ərzaq şokunun təkrarlanması barədə söhbətlər artıq nəzəri ehtimal olmaqdan çıxacaq.
İkinci, daha əlverişli ssenari Qara dənizdə 2022-ci ilin taxıl təşəbbüsünə bənzər diplomatik yumşalma və İran-İsrail müharibəsi səngidikcə Hörmüz boğazının tədricən açılmasını nəzərdə tutur.
Bu halda qiymətlərin zirvəsi böyük ehtimalla payız aylarına düşəcək. Daha sonra Kanada və Avstraliyanın növbəti mövsüm məhsulu bazara daxil olduqca qiymətlər aşağıya doğru korreksiyaya başlaya bilər.
Üçüncü, aralıq variant indiki yüksək səviyyələrdə uzunmüddətli durğunluqdur. Yəni nə kəskin çökmə, nə də ciddi rahatlama.
Bütün istiqamətlər üzrə indiki qeyri-müəyyənlik qorunarsa, ən real görünən məhz bu ssenaridir.
Hansı ssenarinin reallaşmasından asılı olmayaraq, çörəyin qiymətinə dəyən böhranın siyasi dəyəri ənənəvi olaraq iqtisadi dəyərindən daha yüksək olur.
Qahirədən Dəkkəyədək heç bir siyasi rejim çörəyin uzun müddət bahalaşmasını ağrısız keçirməyib. İndiki hərbi, iqlim və tarif amillərinin eyni vaxta düşməsi isə elə bir konstruksiya yaradıb ki, onu hansısa bir ölkənin təkbaşına yumşaltması sadəcə mümkün deyil.
Buğda tarlası çoxdan yalnız hərfi mənada döyüş meydanı deyil. Ukrayna torpağındakı müharibə onu fiziki cəbhəyə çevirib, amma məcazi mənada da həmin sahə artıq böyük dövlətlərin, ticarət bloklarının və bunların heç birinə məhəl qoymayan planetar iqlim sisteminin maraqlarının toqquşduğu meydana çevrilib.
Qahirə, Dəkkə və Əddis-Əbəbə çörəkxanaları bu mübarizənin nəticəsini hamıdan gec öyrənəcəklər, piştaxtadakı çörəyin qiymətindən.
O vaxta qədər qərar artıq onların iştirakı olmadan Vaşinqtonda, Moskvada, Kiyevdə və Tehranda verilmiş olacaq.