...

Ağdərili yevangelistlərin hər on nəfərindən səkkizi Trampa səs verir. Onların əksəriyyəti əmindir ki, prezidentə hakimiyyət Tanrı tərəfindən bəxş edilib. Lakin Konqresə aralıq seçkilərə üç həftə qalmış bu müqəddəslik donuna bürünmüş siyasi konstruksiyada ilk ciddi çatlar yaranıb. Həmin çatların təməlində isə İranla müharibə dayanır.

2026-cı il martın 5-də, ABŞ və İsrailin İrana hava zərbələri endirməyə başlamasından altı gün sonra Ağ Evin Oval kabineti bir neçə dəqiqəliyə ibadət məkanına çevrildi. Donald Tramp gözlərini yumub məşhur Resolute yazı masasının arxasında əyləşmişdi. Ətrafına toplaşan iyirmiyə yaxın pastor əllərini prezidentin çiyinlərinə, kürəyinə və qollarına qoymuşdu. Duaya rəhbərlik edən pastor Tom Mallinz Tanrıdan prezidentə ilahi müdriklik, Amerika əsgərlərinə isə himayə diləyirdi.

Bu səhnənin videogörüntülərini Ağ Ev Aparatı rəhbərinin müavini Den Skavino sosial şəbəkədə paylaşdı. Görüşü teleyevangelist Paula Uayt-Keynin rəhbərlik etdiyi Ağ Evin İnam Ofisi təşkil etmişdi. Prezidentin ətrafında Dallas Birinci Baptist Kilsəsinin pastoru Robert Ceffress, Kaliforniyadakı Harvest Christian Fellowship dini icmasının qurucusu Qreq Lori, İspandilli Xristian Liderlərin Milli Konfransının rəhbəri Samuel Rodriqes dayanmışdı. Məlumatlara görə, mərasimə Amerika dini sağçılarının köhnə qvardiyasından Ralf Rid və Qeri Bauer də qatılmışdı.

Ortaya çıxan mənzərə rəmzi mənasına görə az qala qəsdən qurulmuş səhnəni xatırladırdı. Konstitusiyasına Birinci düzəliş Konqresə dövlət dini təsis etməyi qadağan edən bir ölkə şiə teokratiyası ilə müharibə aparır, həmin ölkənin rəhbərinə isə xarizmatik xristian ibadətinin qaydaları ilə xeyir-dua verilirdi.

Tehranda bundan yaxşı təbliğat materialı arzulaya bilməzdilər. Ayətullahlar qırx ildən artıqdır Amerikanı səlibçi dövlət kimi təqdim edirlər. İndi isə həmin səlibçi obrazı heç bir əlavə təbliğata ehtiyac qoymadan kameralar qarşısında özü canlandırırdı.

Martın 5-də yaşananlar təsadüfi improvizasiya deyildi. Bu səhnənin arxasında Amerikanın dini sağ qüvvələrinin yarım əsr ərzində qurduğu nəhəng mexanizm dayanır. Minlərlə meqakilsə, televiziya kanalları və podkastlar, neft milyarderlərinin maliyyələşdirdiyi fondlar, on milyonlarla seçici haqqında məlumat bazaları və prezidentə qarşı məhkəmə iddialarından tutmuş İranın bombalanmasına qədər istənilən hadisəyə dini izah tapa bilən teologiya.

Bu mexanizmin gücünü bir rəqəm kifayət qədər aydın göstərir. 2024-cü il prezident seçkilərində ağdərili yevangelistlərin təxminən 80 faizi Trampa səs verib. Dörd il əvvəl isə bu göstərici daha yüksək idi.

Ancaq həmin maşının zəif yerlərini də rəqəmlər üzə çıxarır. Pew Research Center-in məlumatına görə, 2026-cı ilin yanvarında ağdərili yevangelistlərin 69 faizi Trampın prezident kimi fəaliyyətini bəyənirdi. Halbuki ikinci prezidentlik müddətinin əvvəlində bu göstərici 78 faiz idi. Aprelin sonlarında Marist İctimai Rəy İnstitutunun keçirdiyi sorğuda dəstək 64 faizə düşmüş, narazıların payı isə 34 faizə çatmışdı.

Tanrının seçilmişi artıq öz sürüsünü itirməyə başlayırdı.

Kilsə əvəzinə stadion: Çarli Kirkin dəfni necə MAGA hərəkatının dini mərasiminə çevrildi?

Çarli Kirk 2025-ci il sentyabrın 10-da Yuta Vadisi Universitetinin tələbələri qarşısında çıxış edərkən güllələnərək öldürüldü. Onun 31 yaşı vardı.

On bir gün sonra Arizona ştatının Qlendeyl şəhərində yerləşən, təxminən 63 min tamaşaçı tutan State Farm stadionu MAGA hərəkatının qırmızı rəngli atributlarını daşıyan insanlarla dolmuşdu. Girişdə iştirakçıları Kirkin 2012-ci ildə, cəmi 18 yaşında yaratdığı Turning Point USA təşkilatının könüllüləri qeydiyyata alırdılar.

Səhnədən xristian dini nəğmələri səslənir, tribunadakı insanlar əllərini göyə qaldırır, gözlərini yumub ağlayırdılar. Sanki minlərlə insanın qatıldığı meqakilsənin bazar günü ibadəti keçirilirdi. Dini nəğmələr arasında səhnəyə Tramp və vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset çıxırdı.

Şahidlər baş verənləri siyasi yürüşlə qaynayıb-qarışmış dini oyanış kimi təsvir edirdilər. Səhnədən hökumətə şərə qarşı qılınc qaldırmaq çağırışları səslənir, tribunadakılar isə prezidenti sonadək müdafiə edəcəklərinə and içirdilər.

Aktivistin ölümü dini şəhidlik hekayəsinə çevrilmişdi. Kirk eyni vaxtda həm inancı, həm də prezidenti uğrunda canından keçmiş şəhid kimi təqdim olunurdu. Üstəlik, bu iki sədaqət arasında sərhəd artıq tamamilə silinmişdi.

Kirk yevangelist mühitdə böyümüşdü. Ömrünün son illərində isə kilsə kürsüsü ilə seçki məntəqəsi arasında körpü salmaq üçün məqsədyönlü fəaliyyət göstərirdi.

Onun yaratdığı TPUSA Faith layihəsi 2024-cü ildə pastorları xüsusi sammitlərə toplayırdı. Həmin toplantılarda din xadimlərinə Trampın seçki kampaniyasının qeyri-rəsmi təmsilçilərinə çevrilmək, seçkilərin nəticəsinin əvvəlcədən bəlli olmadığı ştatlarda öz dindarlarını ev-ev gəzərək təbliğat aparmağa göndərmək təklif edilirdi.

Xüsusi internet portalı vasitəsilə ruhanilərə hazır moizə planları və təbliğat materialları paylanırdı.

Dini mərasim libasına bürünmüş siyasi texnologiya istənilən seçki qərargahından daha səmərəli işləyir. Çünki kilsə kürsüsündən deyilən söz seçicinin gözündə siyasi reklam sayılmır.

Kirkin dəfni bu iki dünyanın qovuşmasını bir daha rəsmiləşdirdi.

2025-ci ilin dekabrında Turning Point təşkilatının AmericaFest adlı illik qurultayında Aydaho ştatından olan pastor Duq Uilson çıxış etdi. İki ay sonra onu Pentaqonda moizə oxumağa dəvət edəcəkdilər.

Pentaqonda Hökmdar İsa Məsih: səlib yürüşü arzulayan nazir

Pit Heqset ABŞ Müdafiə Nazirliyinə öz baxışlarını heç vaxt gizlətməyən siyasətçi kimi gəlmişdi.

2020-ci ildə keçmiş televiziya aparıcısı American Crusade adlı kitabını nəşr etdirmiş, orada Amerikanın sol qüvvələrinə qarşı müqəddəs müharibəyə çağırmışdı.

Vəzifəyə təyin olunmasından dörd ay sonra, 2025-ci ilin mayında Heqset Pentaqonda aylıq xristian ibadətlərinin keçirilməsinə başladı. Müdafiə Nazirliyinin tarixində ilk dəfə idi ki, bu cür mərasimlər rəsmi qaydada və müntəzəm təşkil olunur, üstəlik, binanın daxili televiziya şəbəkəsi ilə yayımlanırdı.

İlk ibadətə Heqsetin Tennessi ştatından olan şəxsi pastoru Bruks Potteyger rəhbərlik edirdi. O, İslahatçı Yevangelist Kilsələr Birliyinin (CREC) üzvüdür.

Potteyger Tramp vasitəsilə ölkədə sabitliyin və mənəvi aydınlığın bərpasına yol açdığına görə Tanrıya şükür edirdi. Müdafiə naziri özü isə duasında Hökmdar İsa Məsihə üz tuturdu.

2026-cı il fevralın 5-də Vaşinqtonda keçirilən Milli Dua Səhər yeməyində Heqset bu ideologiyanı artıq açıq mətnlə ifadə etdi. Onun sözlərinə görə, Amerika xristian millətidir, bu xüsusiyyət ölkənin DNT-sinə hopub, dövlət məmurlarının üzərinə isə Tanrını ucaldatmaq kimi müqəddəs vəzifə düşür.

On iki gün sonra, fevralın 17-də Pentaqonun ibadət zalında moizə kürsüsünə Duq Uilson çıxdı.

Uilsonun 72 yaşı var. O, Aydaho ştatının Moskou şəhərində yaşayır, CREC-nin yaradıcılarından biridir və özünü açıq şəkildə xristian millətçisi adlandırır.

Onun dini icmalarında qadınların rəhbər vəzifə tutmasına yol verilmir. Bu dini mühitdə qadınların seçki hüququnun özü belə ciddi müzakirə və şübhə predmetinə çevrilir.

Pastor siyasi baxışlarını Konfederasiya generalından bir qədər də sağda dayanan mövqe kimi xarakterizə edib. Amerikanın cənub ştatlarında vaxtilə mövcud olmuş köləlik haqqında dediklərini opponentləri köləliyə bəraət qazandırmaq cəhdi sayırlar. O, ABŞ-yə köçən müsəlmanları və hinduları isə parazit adlandırıb.

Pentaqondakı zal ağzınadək dolu idi. Təxminən on altı dəqiqə davam edən moizəsində Uilson qalmaqallı fikirlərini dilə gətirməməyi üstün tutdu. Bununla belə, əsas mesajını çatdırdı: o, bütün dünyanı xristian görmək istəyirdi.

Ardınca Heqset səhnəyə çıxdı, əlini pastorun çiyninə qoyaraq yekun duanı oxudu. Daha sonra Uilsonun çıxışının videosunu onun şüarı ilə birlikdə paylaşdı: «Bütün həyat Məsihə məxsusdur».

Bu şüarın arxasında Amerika yevangelistləri arasında geniş yayılmış bir anlayış dayanır. Həmin təlimə görə, İsa Məsihin hakimiyyəti həyatın bütün sahələrini, o cümlədən dövləti və ordunu əhatə edir.

Pentaqonun mətbuat katibi Kinqsli Uilson jurnalistlərin suallarını qısa cavablandırırdı: nazir də milyonlarla amerikalı kimi xristian olması ilə fəxr edir.

Duq Uilson 2025-ci ilin mayından bəri Pentaqonda moizə oxuyan onuncu din xadimi olmuşdu.

Bu moizədən düz on bir gün sonra ABŞ və İsrail təyyarələri İrana ilk zərbələri endirdi.

Hər on nəfərdən səkkizi: Amerikanın ən sadiq elektoratının anatomiyası

Demoqrafik baxımdan ABŞ hələ də xristian ölkəsidir. Ancaq bu ölkədə dünyəviləşmə prosesi sürətlə gedir.

Pew Research Center-in 2023-2024-cü illəri əhatə edən genişmiqyaslı tədqiqatına görə, yetkin amerikalıların 62 faizi özünü xristian hesab edir. 2007-ci ildə bu göstərici 78 faiz idi. Əhalinin daha 29 faizi isə özünü heç bir dinə mənsub saymır.

Pew-in təsnifatında yevangelist protestantlar ölkənin yetkin əhalisinin 23 faizini təşkil edir. Ənənəvi əsas protestant kilsələrinin payı 11 faiz, tarixən qaradərili əhalinin üstünlük təşkil etdiyi protestant icmalarının payı isə 5 faizdir. Katoliklər də təxminən hər beş amerikalıdan birini təşkil edirlər.

Siyasi baxımdan həlledici amil dini ehkamlar deyil, irqi mənsubiyyətdir.

2024-cü ildə ağdərili yevangelist seçicilərin 85 faizi özünü Respublikaçılar Partiyasına yaxın hesab edir və ya bu partiyanın tərəfdarı kimi tanıdırdı. Qaradərili protestantların isə 84 faizi demokratları dəstəkləyirdi.

Deməli, burada izah edilməli əsas fenomen bütövlükdə xristianlıq deyil, ağdərili mühafizəkar yevangelizmidir. Bu siyasi-dini cərəyanın dayağı isə Bibliyadan daha çox, illər ərzində qurulmuş institutlar şəbəkəsidir.

Şəbəkənin daxilində elə dini cərəyanlar bir araya gəlib ki, sırf teoloji mübahisələrə qalsa, bir-birini kilsədən qovmağa belə hazırdırlar.

Klassik yevangelistlər Müqəddəs Kitabın ali nüfuzunu, İsa Məsihin insanların günahlarının bağışlanması naminə ölümünü, şəxsi iman təcrübəsini və başqalarını da bu inanca gətirmək vəzifəsini ön plana çəkirlər.

XX əsrin əvvəllərində liberal teologiyaya qarşı mübarizənin içindən çıxan fundamentalistlər Bibliyada təsvir olunan möcüzələrin sözün hərfi mənasında gerçəkliyini müdafiə edirlər.

Pentikostal və xarizmatik xristianlar Müqəddəs Ruhun fövqəltəbii ənamlarının bu gün də mövcud olduğuna inanırlar. Buraya möcüzəvi şəfa vermək, peyğəmbərlik etmək, naməlum dillərdə danışmaq və cin çıxarmaq daxildir.

Tədqiqatçıların Yeni Apostol Reformasiyasına aid etdiyi müstəqil dini şəbəkələr isə bu gün də yaşayan həvariləri və peyğəmbərləri qəbul edirlər. Onların ardıcıllarının inancına görə, həmin şəxslər Tanrıdan birbaşa vəhy və mesajlar alırlar.

İnanc baxımından bunlar ayrı-ayrı dünyalardır. Ancaq seçki qutusu qarşısında hamısı vahid orqanizmə çevrilir.

Bu ekosistemin əsas üstünlüyü onun üfüqi quruluşudur. Minlərlə müstəqil dini icma yuxarıdan göstəriş gözləmir. Pastorlar bir-birinin canlı yayımlarına qoşulur, birinin dilindən səslənən peyğəmbərlik ertəsi gün başqasının televiziya kanalında təkrarlanır, oradan da qısa videolar şəklində sosial şəbəkələrə yayılır.

Sistemin ağırlıq mərkəzində meqakilsələr dayanır. Həftə ərzində azı 2000 dindarı bir araya gətirən protestant icmaları belə adlandırılır.

Hartford Din Araşdırmaları İnstitutunun təsnifatına görə, bu kilsələrin fərqləndirici xüsusiyyətləri baş pastorun vahid rəhbərliyi, öz media resurslarının olması, peşəkar əməkdaşlardan ibarət aparat və onlarla sosial proqramın həyata keçirilməsidir.

Belə bir kilsənin pastoru hansısa namizədi dəstəkləyəndə söhbət artıq şəxsi siyasi rəydən getmir. Bu, bütöv bir təşkilati resursun səfərbərliyə alınması deməkdir.

Paula Uayt-Keynin fəaliyyəti dini sərhədlərin necə qarışdığını göstərən ən səciyyəvi nümunələrdən biridir. Onu eyni əsasla yevangelist, xarizmatik xristian, konkret dini məzhəbə bağlı olmayan vaiz və rifah teologiyasının təbliğatçısı adlandırmaq mümkündür.

Rifah teologiyasının mahiyyəti belədir: Tanrıya inanan və dini icmaya pul bağışlayan şəxs bunun əvəzini sağlamlıq və var-dövlət şəklində alacaq. Bu təlimdə ianə vermək bəzən «toxum səpmək» adlandırılır.

Bir çox baptistlər və islahatçı protestantlar həmin doktrinanı dindarların istismarı sayırlar.

Tramp üçün isə bu təlim əsl tapıntıdır. Əgər zənginlik Tanrının rəğbətinin və xeyir-duasının əlamətidirsə, Ağ Evdə əyləşən milyarder mənəvi azğınlığın deyil, ilahi lütfün sübutu kimi görünür.

Uayt Trampla 2000-ci illərin əvvəllərindən tanışdır. 2019-cu ildə onun müşaviri olmuş, 2025-ci ilin fevralında isə prezidentin fərmanı ilə yaradılan Ağ Evin İnam Ofisinə rəhbər təyin edilmişdi. Əslində, bu qurum məhz onun üçün yaradılmışdı.

Bu bağlılığın nə qədər dərin olduğunu sosioloji araşdırmalar da göstərir.

İctimai Dinin Tədqiqi İnstitutunun (PRRI) seçkidən sonra keçirdiyi sorğuda ağdərili yevangelist protestantların 60 faizi Trampın qələbəsinin Tanrı tərəfindən əvvəlcədən müəyyənləşdirildiyi fikri ilə razılaşıb. Heç bir başqa iri dini qrupda bu qədər yüksək əminlik qeydə alınmayıb.

Həmin institutun 2025-ci il məlumatlarına əsasən, ağdərili yevangelistlərin 29 faizi xristian millətçiliyinin qəti tərəfdarıdır. Daha 38 faizi isə bu ideologiyaya rəğbət bəsləyir.

Yekunda söhbət hər üç nəfərdən ikisindən gedir.

Üstəlik, tədqiqatçılar respondentlərdən sadəcə «xristian millətçiliyini dəstəkləyirsinizmi?» deyə soruşmayıblar.

Onlar konkret müddəalara münasibəti öyrəniblər: federal hökumət ABŞ-ni xristian dövləti elan etməlidirmi? Tanrı xristianlara cəmiyyət üzərində hökmranlıq etmək missiyası veribmi?

Cavablar məhz bu təsəvvürlərin nə dərəcədə kök saldığını üzə çıxarıb.

Böyük Kir, Ester və qanadlı raketlər: istənilən müharibəyə bəraət qazandıran teologiya

2016-cı ildə xarizmatik vaiz Lens Uollnau yevangelistlərin Tramp namizədi ilə bağlı əsas mənəvi dilemmasını aradan qaldıran bir formul tapdı.

Üç dəfə evlənmiş, barəsində cinsi qısnama ittihamları səslənən maqnat xristian əxlaqının müdafiəçisi roluna o qədər də uyğun gəlmirdi.

Uollnau onu qədim fars hökmdarı Böyük Kirlə müqayisə etdi.

İncilin Əhdi-Ətiq hissəsindəki Yeşaya peyğəmbərin kitabının 45-ci fəslində bütpərəst Kir Rəbbin məsh olunmuş seçilmişi kimi təqdim edilir. Tanrı onu yəhudiləri Babil əsarətindən qurtarıb Yerusəlimə qaytarmaq üçün seçmişdi.

Kir üçün mömin və günahsız olmaq vacib deyildi. Əsas məsələ onun ilahi iradənin həyata keçirilməsində vasitəyə çevrilməsi idi.

Bu formul hər qapını açan universal açara döndü.

Prezidentin şəxsi mənəvi keyfiyyətləri artıq əhəmiyyətini itirirdi. Çünki missiya onu yerinə yetirən şəxsdən daha vacib sayılırdı.

Missiyanın özü isə dindarları dünyəvi liberalların, feminizmin və guya xristianlığa düşmən olan dövlətin əsarətindən qurtarmaq kimi təqdim edilirdi.

Beləliklə, istənilən uğursuzluğa dini izah tapmaq mümkün oldu.

Trampa qarşı məhkəmə proseslərini televaizlər şeytani qüvvələrin hücumu kimi qələmə verirdilər. 2020-ci il seçkilərində məğlubiyyəti isə qaranlığın müvəqqəti qələbəsi elan etmişdilər.

2026-cı ilin yazında fars hökmdarı ilə bağlı dini süjet gözlənilməz istiqamətdə dəyişdi.

Ağ Evdə keçirilən Müqəddəs Həftə tədbirində məşhur vaiz Billi Qrehemin oğlu Franklin Qrehem Trampa Ester kitabını xatırlatdı. Həmin kitabda fars hökmdarının sarayında bütün yəhudilərin məhv edilməsi üçün hazırlanan sui-qəsddən bəhs olunur.

Qrehem əlavə etdi ki, Tanrı məhz indiki dövr üçün prezident Trampı meydana çıxarıb.

Binyamin Netanyahu isə Pesax bayramında Trampla birgə apardığı müharibəni yəhudilərin Misirdən çıxışı ilə müqayisə etdi.

Ağ Evdə keçirilən Pasxa naharında Paula Uayt-Keyn daha da irəli gedərək Trampı İsa Məsihə bənzətdi.

Ortaya elə bir teologiya çıxmışdı ki, burada Fars dövləti eyni vaxtda həm xilaskar, həm də məhvedici qüvvə rolunu oynayırdı.

On il əvvəl Tramp yeni Kir, yəni fars mənşəli xilaskar kimi təqdim olunurdu. 2026-cı ildə isə o, həmin tarixi Fars dövlətinin varisi ilə müharibə aparır və Ester kitabı vasitəsilə dini xeyir-dua alırdı.

Bu məntiqə azacıq toxunmaq kifayətdir ki, bütün konstruksiya dağılsın.

Ancaq auditoriya üçün bunun heç bir əhəmiyyəti yoxdur. Ruhani müharibə ideologiyasına ardıcıllıq və məntiq lazım deyil. Ona düşmən lazımdır.

Katolik dünyası isə bu hadisələrə tamam başqa münasibət göstərdi.

Martın 29-da, Xurma bazar günü ABŞ əsilli ilk Roma papası XIV Lev Müqəddəs Pyotr meydanında bildirdi ki, Tanrı müharibə aparanların dualarını eşitmir, əksinə, onları rədd edir.

Oval kabinetdəki dua mərasiminə bundan daha açıq cavab təsəvvür etmək çətindir.

Aprelin 3-də isə pontifik İsrail prezidenti İsxak Hersoqa zəng edərək dialoq üçün bütün yolların açılmasına çağırdı.

Yeddi dağ və bir zirvə: bu adamlarla faktlarla mübahisə etmək niyə nəticə vermir?

Amerikanın dini sağ qüvvələrinin ritorikasını faktlarla yoxlanılmaqdan qoruyan iki əsas konsepsiya var.

Birincisi ruhani müharibə adlanır.

Bu təlimə görə, gözlə görünən dünyada baş verən hadisələr əslində paralel şəkildə davam edən mələklərlə şeytanlar arasındakı savaşın əksidir. Həmin savaşda şəhərlər, hökumətlər, universitetlər və bütöv dövlətlər üzərində nəzarət uğrunda mübarizə gedir.

Belə dünyagörüşündə dua silaha, siyasi opponent isə şeytanların əlində alətə çevrilir.

Artıq rəqiblə mübahisə aparmağın mənası qalmır. Onunla fikir mübadiləsi etmək deyil, içindəki şər qüvvəni qovmaq tələb olunur.

İkinci konsepsiya «Yeddi dağ təlimi» adlanır və konkret fəaliyyət proqramı təqdim edir.

Bu təlimə əsasən, xristianlar cəmiyyət həyatının yeddi əsas sahəsi üzərində nəzarəti ələ keçirməlidirlər: dövlət idarəçiliyi, kütləvi informasiya vasitələri, təhsil, biznes, ailə, din, incəsənət və əyləncə sənayesi.

Lens Uollnau illərdir həmin ideyanı təbliğ edir. 2026-cı ilə gəlib çatanda isə bu nəzəriyyə artıq kənarda qalmış radikal baxış olmaqdan çıxıb.

Pentaqonda Hökmdar İsa Məsihə dua edən müdafiə naziri sanki həmin yeddi zirvədən birinə sancılmış bayrağı təmsil edir.

Sistemin tənqidlər qarşısında necə toxunulmaz qaldığı ən yaxşı şəkildə onun uğursuzluqlarında görünür.

2020-ci ilin payızında xarizmatik dini şəbəkələrdə Trampın mütləq qələbə qazanacağına dair çoxsaylı peyğəmbərliklər yayıldı.

Həmin vəhylərin heç biri gerçəkləşmədi.

Lakin müəlliflərini məsuliyyətə cəlb etmək də mümkün olmadı. Çünki şəbəkənin nə vahid yepiskopu, nə sinodu, nə də dini səlahiyyətləri geri almaq mexanizmi var.

Burada həvarini yuxarı instansiya təyin etmir. Onun nüfuzu həmkarlarının və izləyicilərinin qəbuluna əsaslanır. Yanlış peyğəmbərliklər də bu nüfuzu sarsıda bilmədi.

Bütün bunların təməlində Amerikada «ailə dəyərləri» adlandırılan siyasi-ideoloji konstruksiya dayanır.

Əslində, bu anlayış Bibliyanın ayrıca dini ehkamı deyil.

Onun siyasi məzmunu 1960-1970-ci illərdə formalaşdırılıb. Həmin dövrdə ABŞ-də irqi seqreqasiyanın aradan qaldırılması, feminizm, seksual inqilab və dövlət məktəblərində məcburi duaların ləğvi kimi proseslər eyni vaxta təsadüf etmişdi.

Bu qüvvələrin siyasi səfərbərliyinə məhz hansı hadisənin təkan verməsi barədə yekdil fikir yoxdur.

Nüfuzlu izahlardan birinə görə, başlanğıc nöqtəsi federal hakimiyyətin irqi ayrı-seçkilik tətbiq edən xristian məktəblərinin vergi güzəştlərinə qarşı çıxması idi.

1983-cü ildə ABŞ Ali Məhkəməsi Bob Cons Universitetinin həmin güzəştlərdən məhrum edilməsini qəti şəkildə təsdiqlədi.

Sonradan dini sağ qüvvələrin əsas səfərbərlik mövzusuna çevrilən abort məsələsi isə ilk dövrlərdə yevangelist liderləri bir araya gətirə bilmirdi.

Yeni ideologiyanın ən bacarıqlı təbliğatçısı pastor yox, psixoloq oldu.

Ceyms Dobson 1977-ci ildə Focus on the Family təşkilatını yaratdı. Radio proqramlarında millətin mənəvi tənəzzülünü uşaqların liberal tərbiyəsi və ənənəvi gender rollarının zəifləməsi ilə əlaqələndirirdi.

Muzdlu işdə çalışan qadınlar, kontrasepsiya, nikahsız birgəyaşayış, abort və eynicinsli nikahlar onun təbliğatında vahid mənəvi fəlakətin ayrı-ayrı təzahürlərinə çevrilmişdi.

Dobsonun fikirlərinə Ronald Reyqan da qulaq asırdı. Məlumatlara görə, 2005-ci ilə gəlib çatanda təşkilatın illik gəliri 140 milyon dollara yaxınlaşmışdı.

Beləcə, «ailə dəyərləri» eyni vaxtda həm teologiya, həm media məhsulu, həm də Respublikaçılar Partiyasının seçici kimliyinin əsas elementlərindən biri oldu.

Tramp isə bu siyasi kimliyi real qazanca çevirdi.

2016-cı ildə o, «Rou Ueydə qarşı» işi üzrə qərarı ləğv edəcək hakimlər təyin etməyə söz verdi.

2022-ci il iyunun 24-də Trampın təyin etdiyi üç hakim «Dobbs» işi üzrə çoxluğu təmin etdi. Nəticədə aborta federal səviyyədə konstitusion hüquq aradan qalxdı və bu məsələnin tənzimlənməsi ştatların səlahiyyətinə verildi.

Trampdan bu nəticədə öz xidmətini necə qiymətləndirdiyini soruşanda o, bütün uğuru Tanrının adına yazdı.

İkinci prezidentlik müddətinin ilk günündə, 2025-ci il yanvarın 20-də isə yalnız iki bioloji cinsin mövcudluğunu tanıyan fərman imzaladı.

Sövdələşmənin hər iki tərəfi üzərinə düşəni yerinə yetirirdi. Dindar elektorat da bunu aydın görürdü.

Toxum səpmək: böyük dini oyanışın pulunu kim ödəyir?

ABŞ qanunvericiliyi vergidən azad edilmiş kilsələrin konkret siyasi namizədlərin xeyrinə təşviqat aparmasını qadağan edir.

Lakin dini sağ qüvvələrin mərkəzləşdirilməmiş infrastrukturu bu qadağadan yan keçməyin yollarını çoxdan tapıb. Bunun üçün formal olaraq müstəqil qeyri-hökumət təşkilatlarından, siyasi fəaliyyət komitələrindən və fəal qruplardan istifadə edilir.

Bu sistemin flaqmanı Ralf Ridin rəhbərlik etdiyi «İnam və Azadlıq Koalisiyası»dır. Təşkilat mühafizəkar yevangelistləri və katolikləri Respublikaçılar Partiyası ilə əlaqələndirən əsas körpülərdən biridir.

Koalisiya rəhbərliyinin açıqlamalarına görə, 2024-cü il seçki kampaniyasında təşkilatın əməliyyat büdcəsi təxminən 60 milyon dollar olub. Fəaliyyət 13 min kilsəni əhatə edib, fəallar təxminən 10 milyon ailənin qapısını döyüblər.

Səsvermə ərəfəsində təşkilat seçki mübarizəsinin daha gərgin keçdiyi ştatlarda 17-18 milyon seçiciyə çıxış əldə etməyi planlaşdırırdı.

Daimi fəaliyyət göstərən dini infrastruktur illər boyu seçicilər haqqında məlumat bazaları toplayır, dindarlarla şəxsi əlaqələr qurur.

Seçkiyə cəmi altı ay qalmış yaradılan adi kampaniya qərargahının belə bir şəbəkə ilə rəqabət aparması, demək olar, mümkün deyil.

Pastorların arxasında isə iri maliyyə donorlarından ibarət ayrıca təbəqə dayanır.

Ziklag adlı qapalı şəbəkə son dərəcə varlı xristian ailələrini birləşdirir. Onların arasında Hobby Lobby ticarət şəbəkəsinin və Uline distribütor şirkətinin sahibləri də var.

2024-cü ildə ictimaiyyətə sızan daxili sənədlər göstərdi ki, Ziklag respublikaçılara meyilli seçicilərin səfərbərliyi üçün təxminən 12 milyon dollar xərcləməyi, habelə seçki nəticəsinin qeyri-müəyyən olduğu ştatlarda bir milyondan artıq seçicinin qeydiyyatını mübahisələndirməyi planlaşdırıb.

Şəbəkə Trampı Böyük Kirlə müqayisə edən Lens Uollnaunun «Cəsarət turu»na da 700 min dollar ayırıb.

Turun Pensilvaniya ştatındakı dayanacaqlarından birində Cey Di Vensin rəsmi seçki tədbiri birbaşa dini toplantıların arasına yerləşdirilmişdi. Səhnənin arxasındakı ekranda isə turun emblemi ilə Tramp-Vens kampaniyasının loqosu növbə ilə göstərilirdi.

Texasda yevangelizm və neft biznesi çoxdan eyni dam altında yaşayır.

Neft milyarderləri Tim Dann və Farris Uilks bir tərəfdən ruhani rütbəsi olmayan vaizlər kimi fəaliyyət göstərir, digər tərəfdən siyasi komitələrdən, analitik mərkəzlərdən, media qurumlarından və QHT-lərdən ibarət geniş şəbəkəni maliyyələşdirirlər.

Jurnalist araşdırmalarına görə, 2000-ci ildən bəri Dann həyat yoldaşı ilə birlikdə Texasdakı siyasi namizədlərə 29 milyon dollardan çox ianə verib. Uilks və həyat yoldaşının ayırdığı vəsait isə daha 16 milyon dollar təşkil edib.

2024-cü ildə Dann artıq federal siyasətə də sərmayə yatırdı. O, Trampın prezidentlik kampaniyasına dəstək üçün 5 milyon dollar ayırdı.

Prosesin son mərhələsi isə kadr hazırlığıdır.

Heritage Foundation fondunun dünyəvi və ultradindar təşkilatlardan ibarət koalisiya ilə birlikdə həyata keçirdiyi «Layihə 2025» ideoloji baxımdan etibarlı hesab edilən gələcək dövlət məmurlarının məlumat bazasını və onların hazırlanması proqramını formalaşdırırdı.

Məhz bu cür ideoloji süzgəclərdən keçən insanlar federal idarəetmə aparatına daxil olurlar.

Onlar üçün Ağ Evdə İnam Ofisinin, Pentaqonda isə ibadət zalının olması dövlətin tamamilə təbii funksiyası kimi görünür.

Hamının görməzdən gəldiyi qanun düzəlişi

ABŞ-də kilsə kürsüsü ilə seçki qutusu arasında hüquqi sədd rolunu hələ də Conson düzəlişi oynayır.

Bu düzəliş 1954-cü ildə senator Lindon Consonun təşəbbüsü ilə Konqresdən keçirilib. O vaxtdan bəri kilsələr də daxil olmaqla, istənilən qeyri-kommersiya təşkilatı siyasi namizədi dəstəklədiyi və ya ona qarşı təşviqat apardığı halda vergi güzəştlərini itirmək riski daşıyır.

Tramp administrasiyası isə həmin səddi aradan qaldırmaq qərarına gəlib.

2025-ci ilin iyulunda ABŞ Daxili Gəlirlər Xidməti Milli Dini Yayımçılar Assosiasiyasının (NRB) və iki yerli kilsənin iddiası üzrə Texasdakı federal məhkəməyə təqdim etdiyi sənəddə kilsə kürsüsündən namizədlərə dəstək verilməsini ailədaxili söhbətlə müqayisə etdi.

Qurum bununla bağlı barışıq sazişi bağlamağı təklif etdi.

2026-cı il martın 31-də Tayler şəhərində federal dairə hakimi Cey Kempbell Barker işə baxmaq səlahiyyətinin olmadığını əsas gətirərək sazişi təsdiqləməkdən imtina etdi.

NRB apellyasiya şikayəti verəcəyini açıqladı. Ədliyyə Nazirliyi isə apellyasiya məhkəməsindən həmin qərarın ləğvini istədi.

Hüquqi baxımdan qanun qüvvədə qalır.

Faktiki vəziyyət isə tamam başqadır. İndiki administrasiya dövründə Daxili Gəlirlər Xidməti kilsələrə münasibətdə bu qadağanı tətbiq etməkdən geri çəkilib.

Araşdırmaçı jurnalistlər iki il ərzində kilsələr tərəfindən azı iyirmi pozuntu halı aşkarlayıblar. Bu rəqəm vergi qurumunun əvvəlki on il ərzində araşdırdığı bütün analoji halların sayından çoxdur.

Halbuki Amerika cəmiyyətinin mövqeyi fərqlidir.

Hələ 2019-cu ildə amerikalıların 76 faizi hesab edirdi ki, din xadimləri ibadət kürsüsündən siyasi namizədlərə dəstək verməməlidirlər.

Mənim proqnozum belədir: noyabrın 3-dək apellyasiya məhkəməsi qərar çıxarmayacaq. Pastorlar isə payız seçki kampaniyasını qanunun kağız üzərində mövcud olduğu, praktikada isə işləmədiyi hüquqi boz zonada keçirəcəklər.

On iki saatdan sonra silinən müqəddəs obraz: Trampın müdafiə səddi haradan çat verdi?

2026-cı il aprelin 12-də axşam Donald Tramp Roma papası XIV Levi sərt tənqid atəşinə tutdu. Onu cinayətkarlığa qarşı mübarizədə zəif, xarici siyasətdə isə dəhşətli adlandırdı.

Bir saat keçməmiş prezidentin Truth Social hesabında süni intellekt vasitəsilə hazırlanmış görüntü yayımlandı.

Şəkildə Tramp ağ-qırmızı geyimdə xəstə bir insanın alnına toxunurdu. Prezidentin əlindən və başından işıq saçılır, başı üzərində isə Amerika bayrağı dalğalanırdı.

Ancaq reaksiya heç gözlənilməyən düşərgədən gəldi.

Trampa sadiqliyi ilə seçilən mühafizəkar xristian şərhçilər bu görüntünü küfr və müqəddəsliklərə hörmətsizlik kimi qiymətləndirdilər. Onlar paylaşımın silinməsini və prezidentin Tanrı qarşısında tövbə etməsini tələb etdilər.

On iki saatdan bir qədər çox keçəndən sonra şəkil yoxa çıxdı.

Aprelin 13-də Tramp jurnalistlərə izah etdi ki, görüntüdə özünü Qırmızı Xaçla əlaqəli həkim obrazında görüb.

Aprelin 24-28-də keçirilən ümummilli sorğu qalmaqalın miqyasını üzə çıxardı.

Amerikalıların 87 faizi, 2024-cü ildə Trampa səs verənlərin 80 faizi və ağdərili yevangelist protestantların təxminən hər on nəfərindən doqquzu həmin paylaşımı mənfi qarşılamışdı.

Son on ildə ilk dəfə idi ki, dini elektorat özünün Tanrı tərəfindən seçilmiş saydığı liderin hərəkətini bu qədər açıq şəkildə rədd edirdi.

Ancaq şəkil problemin səbəbi yox, əlaməti idi.

Əsl səbəb müharibə idi.

ABŞ və İsrailin İrana zərbələri 38 gün davam etmişdi. Amerikada benzinin qiyməti kəskin bahalaşmışdı. Pakistanın vasitəçiliyi ilə aprelin 7-də iki həftəlik atəşkəs elan edilməzdən əvvəl isə Tramp İranı bütöv bir sivilizasiyanın məhvi ilə hədələmişdi.

Atəşkəs kövrək çıxdı, danışıqlar dalana dirəndi, Hörmüz boğazı isə sövdələşmənin əsas predmetlərindən biri olaraq qaldı.

Sentyabrın 22-də BMT Baş Assambleyasının tribunasından çıxış edən Tramp Tehranla razılaşma əldə etmək və ya İran İslam Respublikasını məhv etmək arasında seçim etdiyini bildirdi.

O, həmçinin ehtimal irəli sürdü ki, İran Amerikanın aralıq seçkilərinin nəticələrini gözləyir.

Elə həmin gün məlum oldu ki, Stiv Uitkoff və Cared Kuşner BMT çərçivəsində İran nümayəndə heyəti ilə üç saatlıq görüş keçiriblər.

Bir-birindən müstəqil iki sosioloji sorğu fərqli nəticələr göstərsə də, hər ikisində eyni tendensiya müşahidə olunur.

Pew-in yanvar araşdırmasında ağdərili yevangelistlər arasında Trampın fəaliyyətini bəyənənlərin payı 78 faizdən 69 faizə enmişdi. Üstəlik, onların cəmi 40 faizi prezidentin etik normalara uyğun davrandığına əmin idi.

Marist İnstitutunun aprelin sonundakı sorğusunda isə dəstək artıq 64 faizə düşmüşdü.

Müqayisə üçün, yanvarda ölkə üzrə yetkin amerikalıların cəmi 37 faizi Trampın fəaliyyətini bəyənirdi.

Burada mühüm bir məqamı dürüst şəkildə qeyd etmək lazımdır.

64 faizlik dəstək ABŞ-də istənilən başqa siyasətçinin yalnız xəyal edə biləcəyi göstəricidir. Ağdərili yevangelistlərin kütləvi şəkildə Demokratlar Partiyasına keçəcəyini gözləmək də sadəlövhlük olardı.

Respublikaçılar üçün təhlükə tamam başqa yerdədir.

Məyus olmuş dindar seçici mütləq rəqibə səs vermir. O, sadəcə, seçki günü evdə qalır.

Bunun tarixi nümunəsi də var.

Ağdərili yevangelistlərin İraq müharibəsinə münasibətinin soyuması 2006-cı ilin noyabrına təsadüf etmişdi. Həmin seçkilərdə respublikaçılar Konqresin hər iki palatasında çoxluğu itirdilər.

2007-ci ilin avqustuna gəlib çatanda bu dini qrupun cəmi 58 faizi İraqa müdaxiləni düzgün qərar hesab edirdi. Halbuki əvvəlki ilin sentyabrında bu göstərici 71 faiz olmuşdu.

İlahi lütfün ixracı: Braziliyadan Cənubi Koreyaya qədər uzanan şəbəkə

Amerikanın dini sağ qüvvələri çoxdan fəaliyyətlərini ölkə hüdudlarından kənara çıxarıblar.

Bu modelə ən yaxın nümunə Braziliyadır.

2022-ci il siyahıyaalınmasına əsasən, Braziliyada 47,4 milyon insan, yəni əhalinin təxminən 26,9 faizi özünü yevangelist hesab edir.

Ölkədəki pentikostal və xarizmatik dini icmalar bir çox hallarda zəif dövlət institutlarının yerini doldururlar. Narkotik asılılığından əziyyət çəkənlərə yardım göstərir, yoxsulları ərzaqla təmin edir, insanların gündəlik problemlərinin həllinə kömək edirlər.

Qarabağla bağlı baş tutmayan dini təbliğat

Bununla belə, beynəlxalq dini sağ şəbəkənin tam uğursuzluğa düçar olduğu bir region da var.

Cənubi Qafqaz oxucusu üçün həmin nümunə xüsusilə diqqətəlayiqdir.

2023-cü ilin iyununda ABŞ-nin beynəlxalq dini azadlıqlar üzrə keçmiş xüsusi tapşırıqlar səfiri Sem Braunbek Qarabağ ətrafındakı vəziyyəti xristianlara qarşı dini təmizləmə cəhdi adlandırdı.

O, Konqresdən bölgənin erməni əhalisinin insan hüquqları ilə bağlı xüsusi qanun qəbul etməyi tələb etdi.

Daha sonra bir qrup dini fəal Trampa məktub göndərərək Azərbaycandakı qondarma «xristian siyasi məhbusların» azad edilməsini istədi.

Söhbət Bakıda mühakimə olunan, keçmiş separatçı rejimin və onun silahlı birləşmələrinin rəhbərlərindən gedirdi.

Məktubu Sem Braunbek, xristian dini musiqilərinin ifaçısı Şon Foyxt, yuxarıda adı çəkilən Milli Dini Yayımçılar Assosiasiyasının rəhbəri Troy Miller və ABŞ Beynəlxalq Dini Azadlıqlar Komissiyasının üzvü Devid Karri imzalamışdılar.

Lakin münaqişəni dini qarşıdurma kimi təqdim etmək cəhdi reallıq qarşısında iflasa uğradı.

Azərbaycan əhalisinin əksəriyyəti şiə müsəlmanlarından ibarət olan dünyəvi dövlətdir. Ölkədə pravoslav, katolik, yəhudi və udin-alban dini icmaları fəaliyyət göstərir. 2016-cı ildə Roma papası Fransisk də Bakıya səfər etmişdi.

Qarabağ münaqişəsi ilk gündən son günə qədər ərazi xarakteri daşıyıb. Onu xristianların təqibi haqqında dini hekayəyə çevirmək üçün gerçəkliyə qəsdən göz yummaq lazım idi.

Tramp isə dini ritorikanı deyil, siyasi razılaşmanı seçdi.

2025-ci il avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Trampın iştirakı ilə sülh sazişini parafladılar.

Eyni zamanda, «Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu» (TRIPP) layihəsinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yaratması nəzərdə tutuldu.

Həmin gün Tramp 2025-08 nömrəli prezident qərarını imzalayaraq 1992-ci ildən Azərbaycana Amerika yardımını məhdudlaşdıran «Azadlığa Dəstək Aktı»nın 907-ci düzəlişinin tətbiqindən imtinanın müddətini uzatdı.

Azərbaycan Prezidenti İlham Əliyev bu düzəlişi ədalətsiz adlandırdı. Vaşinqton isə faktiki olaraq onun mövqeyi ilə razılaşmış oldu.

Bu hadisənin dərsi Qafqazın hüdudlarından çox-çox kənara çıxır.

Yevangelist lobbisi yalnız öz gündəliyinin Trampın maraqları ilə üst-üstə düşdüyü hallarda güclüdür.

Trampa nəqliyyat dəhlizləri, enerji resursları və İranla uzun sərhədə malik etibarlı tərəfdaş lazım gələndə isə həmin lobbi təsir imkanlarını itirir.

Tehranla müharibə ilində dünyəvi və əhalisinin əksəriyyəti şiə olan Azərbaycan Vaşinqton üçün xristianların təqibi haqqında istənilən dini moizədən daha qiymətli tərəfdaşa çevrildi.

Üç noyabr

İyirmi dörd gündən sonra amerikalılar Nümayəndələr Palatasının bütün tərkibini və Senatın üçdəbirini seçəcəklər.

Tramp özü BMT tribunasından İranla mümkün razılaşmanın taleyini bu səsvermənin nəticələri ilə əlaqələndirib.

Amerikanın dini sağ qüvvələri seçki kampaniyasına indiyədək görünməmiş infrastrukturla daxil olurlar.

Ağ Evdə İnam Ofisi, Pentaqonda ibadət zalı, Conson düzəlişinin tətbiqindən faktiki geri çəkilmiş vergi qurumu və 2024-cü il seçkilərində sınaqdan çıxmış səfərbərlik şəbəkələri onların əlindədir.

Mənim proqnozum belədir: noyabrın 3-də ağdərili yevangelistlərin 75-80 faizi Nümayəndələr Palatasına seçkilərdə respublikaçı namizədlərə səs verəcək.

Lakin bu dəstək Trampın partiyasının aşağı palatada çoxluğu qoruyub saxlamasına kifayət etməyəcək.

Seçkinin taleyini namizədlərə rəğbətin faizlə ifadəsi yox, seçici fəallığı həll edəcək.

Benzinin indiki qiymətləri isə seçici fəallığına istənilən dini moizədən daha güclü təsir göstərəcək.

Ancaq bütün bunlar dini-siyasi maşının sıradan çıxacağı anlamına gəlmir.

Bu mexanizm Trampdan xeyli əvvəl qurulub və ondan sonra da işlədiləcək.

Çünki siyasətin müqəddəsləşdirilməsi seçicini öz orbitində saxlamağın ən ucuz üsullarından birinə çevrilib.

Məğlub olmuş namizəd şəhid elan edilir, narahatlıq doğuran fakt şeytani qüvvələrin hücumu kimi qələmə verilir, siyasi kompromis isə imandan dönməyə bərabər tutulur.

Braziliyada 2023-cü il yanvarın 8-də, Seulda isə 2025-ci il yanvarın 19-da baş verən hadisələr Tanrının seçilmişi sayılan lider məğlubiyyətə uğrayanda bu məntiqin hansı nəticələrə gətirib çıxardığını göstərdi.

Martın 5-də Trampın pastorların əlləri altında əyləşdiyi məşhur Resolute yazı masası 1854-cü ildə Arktika buzlaqlarında heyəti tərəfindən tərk edilmiş Britaniya yelkənli gəmisinin palıd ağacından hazırlanıb.

Gəmi bir ildən artıq göyərtəsində bir nəfər də olmadan buzlar arasında sürüklənib. Nəhayət, onu amerikalı balina ovçuları aşkar ediblər.

Bu gün isə həmin ağacdan hazırlanmış masanın üzərinə istiqaməti dəqiq bildiklərinə əmin olan adamlar əllərini qoyurlar.