...

Qazaxıstan Konstitusiyasında «Böyük Çölün minillik tarixi» anlayışını təsbit edərək özünü Qızıl Ordanın birbaşa varisi elan edib. Elmi simpoziumların, tarixi abidələrin və türbələrin bərpasının arxasında isə Astananın səssiz, lakin son dərəcə mühüm əməliyyatı dayanır: qazax xalqının keçmişinə dair Rusiya tarixşünaslığının formalaşdırdığı təsəvvürlərin sökülməsi. Kreml baş verənləri görür, amma susmağa üstünlük verir. Çünki Moskva yaxşı anlayır ki, bu məsələdə açıq qarşıdurmanın bədəli həddindən artıq ağır ola bilər.

2026-cı il mayın 19-da Astananın Müstəqillik Sarayında Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev dövlət başçılarının nadir hallarda girişdiyi bir işlə məşğul idi: milli valyutanın mənşəyini izah edirdi. O, iyirmidən artıq ölkədən gəlmiş alimlərə bildirdi ki, təngənin tarixi kökləri Cuci ulusunda dövriyyədə olmuş gümüş sikkəyə, Orda dövrünün «danq»ına gedib çıxır. Prezidentin istinad etdiyi mütəxəssislərin hesablamalarına görə, Qızıl Ordada təxminən 28 milyon gümüş sikkə zərb edilib. Xəzinə tapıntıları və zərbxanalar haqqında məlumatların ümumiləşdirilməsinə əsaslanan bu rəqəmi müstəqil şəkildə yoxlamaq çətindir. Amma onun siyasi mənası gün kimi aydındır. Simpoziumdan bir qədər əvvəl Qazaxıstan Milli Bankı Qızıl Ordaya həsr olunmuş min ədəd xatirə gümüş sikkəsi buraxmışdı. Beləliklə, Qazaxıstan sözün əsl mənasında öz tarixi şəcərəsini sikkələrə həkk etməyə başlamışdı.

Həmin çıxışda bütün bu toplantının əsas qayəsini ifadə edən bir cümlə də səsləndi: «Ölkəmiz Qızıl Ordanın birbaşa varisidir».

Düz on iki il əvvəl, 2014-cü il avqustun 29-da Rusiya Prezidenti Vladimir Putin «Seliger» gənclər forumunda bir tələbə qızın Qazaxıstanın gələcəyi ilə bağlı sualını cavablandırırdı. Putin Nursultan Nazarbayevi əvvəllər «heç vaxt dövlətin mövcud olmadığı ərazidə» dövlət yaratdığına görə tərifləmiş, ardınca isə fikrini daha açıq ifadə etmişdi: «Qazaxların dövlətçiliyi olmayıb». Krımın ilhaqından cəmi beş ay keçirdi. Moskvada bu sözləri kompliment hesab edirdilər. Astana isə həmin bəyanatda açıq xəbərdarlıq gördü. Cavabın verilməsi on iki il çəkdi və nəhayət, 2026-cı ilin martında qəbul edilən yeni Konstitusiyanın preambulasında öz əksini tapdı.

Burada söhbət orta əsrlər tarixçilərinin hansısa tarix üzərində mübahisəsindən getmir. Qazaxıstan məqsədyönlü şəkildə öz keçmişini şərh etmək üzərində Moskvanın inhisarına son qoyur. Bununla yanaşı, mövcud siyasi hakimiyyətin altına bu gün yaşayan istənilən siyasətçidən qat-qat qədim tarixi təməl qoyur.

Astananın bağışlamadığı Seliger bəyanatı

2014-cü ilin avqustunda baş verən hadisələrin ardıcıllığı istənilən xatirə kitabından daha çox şey deyir. Avqustun 24-də, Seliger forumundan beş gün əvvəl Nazarbayev Ulutauda verdiyi müsahibədə qazax dövlətçilik ənənəsinin Qızıl Ordaya gedib çıxdığını faktiki olaraq bəyan etmişdi. Eyni söhbətdə o, Qazaxıstanın müstəqilliyini təhdid edən heç bir ittifaqın tərkibində olmayacağını da xəbərdar etmişdi. Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqavilə may ayında imzalanmışdı, qurum isə 2015-ci il yanvarın 1-də fəaliyyətə başlamalı idi. Deməli, xəbərdarlığın kimə ünvanlandığı heç kimdə şübhə doğurmurdu.

Putinin sözləri artıq hazırlanmış zəminə düşdü. 2014-cü il dekabrın 31-də Qazaxıstan hökuməti Qazax xanlığının 550 illiyinin qeyd olunması haqqında 1448 nömrəli qərar qəbul etdi. Yubiley çərçivəsində yüzə yaxın tədbir nəzərdə tutuldu, 20 seriyalı televiziya filminin çəkilişi sifariş edildi. Təkcə bir abidənin tikintisi üçün 501,8 milyon təngəlik büdcə ayrılmışdı. Nazarbayev yubileyi elan edərkən həmişəki ehtiyatlılığını da əldən vermədi. Onun sözlərinə görə, xanlıq bəlkə də «bu anlayışın müasir mənasında və indiki sərhədlər daxilində» dövlət olmayıb. Elbasının bu ehtiyatlı mövqeyinin səbəbləri vardı.

1990-cı illərin Qazaxıstanı demoqrafik baxımdan əsl mina sahəsini xatırladırdı. 1989-cu il siyahıyaalmasına əsasən, Qazaxıstan SSR əhalisinin 39,7 faizini qazaxlar, 37,8 faizini isə ruslar təşkil edirdi. Titul millətlə keçmiş «böyük qardaş»ın sayca, demək olar ki, bərabər olduğu respublikada sərt milli tarix siyasəti yürütmək ölkəni etnik zəmində parçalamaq təhlükəsi yarada bilərdi. Hazırda Cuci Ulusunun Tədqiqi Elmi İnstitutuna rəhbərlik edən Jaksılık Sabitov bunu açıq deyir: həmin illərdə milli özünüdərkin istənilən kəskin yüksəlişi vətəndaş müharibəsinə yol aça bilərdi.

Nazarbayev başqa yol seçmişdi. Rəsmi təbliğatda Qazaxıstan 1991-ci ildə yaranmış gənc dövlət, Birinci Prezident isə onun qurucusu kimi təqdim olunurdu. Həm rahat, həm də təhlükəsiz model idi.

Sabitovun fikrincə, dönüş nöqtəsi Krımın ilhaqından sonra gəldi. Qazaxıstan elitası anladı ki, Nazarbayevi dövlətin qurucusu kimi təqdim edən mifə bağlı qalmaq «çox pis seçimdir».

Siyasi dildən adi dilə çevirim. Tarixi 1991-ci ildən başlayan dövləti istənilən əlverişli məqamda tarixi təsadüf elan etmək olar. Krım hadisələri isə göstərdi ki, Moskvada belə bəyanatlar verməkdən nə çəkinirlər, nə də onları hərbi güclə möhkəmləndirməkdən.

Bu müddətdə demoqrafik proseslər də Astananın xeyrinə işləyirdi. 2021-ci il siyahıyaalmasına görə, qazaxların əhalidə payı artıq 70,4 faizə yüksəlmiş, rusların payı isə 15,5 faizə enmişdi. Titul millətin əhalinin üçdəikisindən çoxunu təşkil etdiyi, rusların payının isə otuz il ərzində iki dəfədən artıq azaldığı ölkə artıq öz keçmişindən tamamilə başqa tonda danışa bilərdi. Hər sözün Petropavlovskda, Ust-Kamenoqorskda və Moskvada necə qarşılanacağını daim hesablamaq zərurəti aradan qalxırdı.

Tokayev də məhz bu yeni siyasi və demoqrafik reallığın verdiyi imkanlardan istifadə edərək danışmağa başladı.

Elbasıdan daha qədim əcdad: Tokayevə Çingiz xanın oğlunun məzarı niyə lazım oldu?

Qasım-Jomart Tokayev 2019-cu ilin martında hakimiyyətə gedən liderin müəyyənləşdirdiyi varis kimi gəldi. Təxminən üç il ərzində o, Təhlükəsizlik Şurasının sədri və Elbası titulunu qoruyub saxlayan Nazarbayevin kölgəsində idarəçilik etdi.

Qızıl Orda layihəsi də məhz həmin dövrdə, sakit şəkildə, turizmin inkişafı pərdəsi altında başladı. Tokayev Ulutauda keçirilən turizm forumunda çıxış edərkən Çingiz xanın böyük oğlunun məzarının Qazaxıstan torpağında yerləşdiyini həm ölkə daxilində, həm də xaricdə çox az adamın bildiyindən gileylənmişdi. Prezident türbənin mühüm turizm mərkəzinə çevrilməsini tələb etmişdi.

2021-ci ilin yanvarında onun «Müstəqillik hər şeydən üstündür» adlı məqaləsi dərc olundu. Məhz həmin yazı Qazaxıstan tarixinin yeddi cildlik yeni akademik nəşrinin hazırlanmasına təkan verdi. Elə həmin il Atırauda müstəqilliyin 30 illiyinə həsr olunmuş «Ulu Ulus - Qızıl Orda» konfransında təhsil və elm naziri Asxat Aymaqambetov Cuci Ulusunun Tədqiqi Elmi İnstitutunun yaradıldığını elan etdi.

İnstitutun araşdırma dövrü də təsadüfi seçilməmişdi. Bu dövr Cuci ulusunun indiki Qazaxıstan ərazisində meydana çıxdığı 1224-1225-ci illərdən başlayır, Cuci nəslindən olan və bütün qazaxların sonuncu xanı sayılan Kenesarının həlak olduğu 1847-ci ilə qədər uzanırdı.

Kəngir çayının sol sahilindəki türbənin yaxınlığında muzey və abidəni özündə birləşdirən «Joşı xan» tarix-mədəniyyət kompleksi də yaradıldı.

Sonra 2022-ci ilin qanlı yanvar hadisələri baş verdi. Rəsmi məlumatlara görə, «Qanlı Qantar» 238 nəfərin həyatına son qoydu. Yanvarın 6-da isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələri təşkilatın tarixində ilk dəfə Qazaxıstana daxil oldu.

Tokayev Təhlükəsizlik Şurasına rəhbərliyi Nazarbayevdən aldı. Həmin ilin iyununda keçirilmiş referendumla Birinci Prezidentin xüsusi statusu Konstitusiyadan çıxarıldı. Sentyabrda paytaxtın Astana adı bərpa edildi. 2022-ci ildə Ulutau ayrıca vilayət statusu da qazandı.

Bütün bunların rəmzi mənası göz qabağındadır. 1991-ci ildə yaranmış dövlətin qurucusu siyasi səhnədən çəkildiyi vaxt ölkənin xəritəsində XIII əsrdəki dövlətçilik ənənəsinin banisinin dəfn olunduğu yeni bir vilayət peyda olurdu.

Bundan sonra proses sistemli xarakter aldı. 2023-cü ildə Qazaxıstan tarixinin yeddi cildliyini hazırlayan müəlliflər kollektivi üçüncü cildi bütövlükdə Qızıl Ordaya həsr etmək qərarına gəldi. Kollektivə akademik Meruert Abusеitova rəhbərlik edir, redaksiya heyətinə isə Prezident Administrasiyasının əsas ideoloqlarından sayılan Yerlan Karin başçılıq edirdi.

Əlyazmanı təsdiqləyərkən Karin bəyan etdi ki, «Qazaxıstanda Qızıl Ordanın öyrənilməsi üzrə müstəqil milli elmi tarix məktəbi formalaşır».

2024-cü ilin yanvarında Tokayev ölkə ərazisində Cuci ulusunun yaranmasının 800 illiyinin tamam olduğunu xatırlatdı. 2026-cı ilin mayında isə UNESCO-nun dəstəyi ilə keçirilən «Çöl sivilizasiyasının modeli kimi Qızıl Orda: tarix, arxeologiya, mədəniyyət, kimlik» adlı beynəlxalq simpoziumun açılışını şəxsən etdi.

Prosesin kulminasiya nöqtəsi mart ayına təsadüf etdi. 2026-cı il yanvarın 21-də prezident fərmanı ilə Konstitusiya Komissiyası yaradıldı. Fevralın 12-də yeni Konstitusiyanın layihəsi ictimaiyyətə təqdim olundu, martın 15-də isə referendum keçirildi.

Səsvermə hüququ olan 12,48 milyon vətəndaşın 73,24 faizi məntəqələrə gəldi. İştirakçıların 87,15 faizi yeni Konstitusiyanın lehinə səs verdi.

Yeni Əsas Qanunun preambulası belə başlayır:

«Biz, Qazaxıstanın vahid xalqı, əzəli qazax torpağında dövlətçiliyimizi möhkəmləndirərək, Böyük Çölün minillik tarixinin varisliyini qoruyaraq, dövlətin unitar xarakterini, sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü təsdiqləyərək...».

Bu müddəaların bir-birinin yanında yerləşməsinə diqqət yetirin. Minillik tarix anlayışı sərhədlərin toxunulmazlığı prinsipi ilə yanaşı gəlir. Qızıl Orda ətrafında aparılan bütün bu kampaniyanın əsas hüquqi mənası da məhz həmin bağlılıqda gizlənir.

İyunun 4-də Dövlət Bayrağının qaldırılması mərasimində Tokayev simpoziumda sətiraltı ifadə etdiyi fikri artıq açıq şəkildə dilə gətirdi:

«Qazaxıstanda möhkəm əsaslarla bərqərar olmuş müasir prezident idarəçilik modeli Qızıl Orda dövründə yaradılmış siyasi sistemdən qaynaqlanır».

Məncə, bütün bu layihənin açarı məhz həmin cümlədədir.

Nazarbayev dövründə hakimiyyətin legitimliyi şəxsi xarakter daşıyırdı: dövlət bir adamın yaratdığı siyasi quruluş kimi təqdim edilirdi. Tokayevin legitimlik modeli isə institutlara və ənənəyə söykənir. Güclü prezident hakimiyyəti artıq səkkiz yüz illik dövlətçilik təcrübəsinin davamı elan olunur və onun legitimliyi konkret bir liderin xarizmasından asılı olmur.

Tokayev dövlətin qurucu atasını qurucu ulu əcdadla əvəz etdi. Üstəlik, bu əcdadı nə gözdən salmaq, nə də təqaüdə göndərmək mümkündür.

Sovet dərsliklərində yazılmayan tarix: «monqol boyunduruğu» olmadan Orda

Mənim nəslim Qızıl Ordanın tarixini əsasən üç tarixlə öyrənib. 1223-cü ildə Kalka döyüşü, 1380-ci ildə Kulikovo döyüşü və 1480-ci ildə Uqra çayı sahilində qarşıdurma. Bu üç hadisənin arasında isə baskaklar, qarətçi yürüşlər və rus knyazlarının xan fərmanı almaq üçün Saraya alçaldıcı səfərləri ilə yadda qalan «tatar-monqol boyunduruğu» yerləşirdi.

Əslində, «boyunduruq» anlayışının özü Rusiya tarixşünaslığında kifayət qədər gec, əsasən XIX əsrin əvvəllərində Karamzinin əsərləri sayəsində möhkəmlənib. Sovet məktəbi isə həmin termini onunla birlikdə formalaşmış tarixi baxışla miras aldı: sanki Qızıl Orda yalnız Rusiyanın bir gün ondan azad olması üçün mövcud olmuşdu.

Qazax tarixşünaslığı isə həmin xəritəyə Volqanın o biri sahilindən baxır.

Təxminən 1224-1225-ci illərdə Çingiz xan indiki Qazaxıstan ərazisindəki çöllərdə böyük oğlu Cuciyə ayrıca ulus ayırdı. 1269-cu ildə Talas qurultayında xan Məngü-Teymur Cuci ulusunu faktiki olaraq Qaraqorumun tabeliyindən çıxardı.

Qazaxıstanda yubiley tarixlərinin hesablanması da məhz buradan başlayır. Qızıl Ordanın 750 illiyi 2019-cu ildə qeyd olundu. Bu yubiley tarixini isə hələ 2018-ci ilin noyabrında Nazarbayev «Böyük Çölün yeddi üzü» adlı məqaləsində gündəmə gətirmişdi.

1313-1341-ci illərdə hakimiyyətdə olmuş Özbək xanın dövründə Orda İslamı qəbul etdi və iqtisadi qüdrətinin zirvəsinə çatdı. Tokayevin istinad etdiyi hesablamalara əsasən, Cuci ulusunun ərazisi ən qüdrətli dövründə 6 milyon kvadratkilometri ötürdü. Böyük İpək Yolunun şimal qolu da Ordanın nəzarəti altında idi. Prezident bu sistemi «ilkin qlobal bazar» adlandırdı.

Belə tarixi mənzərədə Qazax xanlığı birdən-birə, boş yerdə yaranmış dövlət kimi görünmür.

Xanlığın baniləri Kerey və Canibek Cuci nəslindən, daha dəqiq desək, Tuqa-Teymurun törəmələrindən idilər. Onlar 1450-ci illərin sonlarında öz tayfalarını Əbülxeyr xanın hakimiyyətindən ayıraraq Yeddisuya apardılar. Qazax xanlığının rəsmi yaranma tarixi 1465-ci il hesab olunur.

Çingiz xan nəslindən gələn törələr Rusiya imperiyası XIX əsrin 1820-ci illərində xan hakimiyyətinə son qoyanadək qazax çöllərinin ən yüksək aristokrat təbəqəsi olaraq qaldılar.

Burada ilk baxışda xırda görünən, əslində isə çox şeyi dəyişən bir məqam var. Onu internetdə bir dəqiqəlik axtarışla tapmaq da asan deyil.

Sovet və qismən postsovet tarixşünaslığı onilliklər boyu Ağ Ordanı indiki Qazaxıstan ərazisində mövcud olmuş ayrıca dövlət, Volqa sahillərindəki «əsl» Qızıl Ordanın əyalət əlavəsi kimi təqdim edib.

Sabitov və onun həmkarı Aybolat Kuşkumabayev isə göstəriblər ki, türk mənbələrində «Ağ Orda» müstəqil dövləti deyil, xanın iqamətgahını ifadə edirdi.

İlk baxışda sırf filoloji düzəliş təsiri bağışlayır. Əslində isə bu yanaşma qazax çöllərini Orda dünyasının ucqarından çıxarıb onun mərkəzinə yerləşdirir.

Etiraf edim ki, Astananı tənqid edənlərin də müəyyən arqumentləri var.

Monqol işğalı qazax torpaqlarında 1219-1220-ci illərdə Otrarın viran qoyulması ilə başlamışdı. Qazaxların əcdadları yeni dövlətin tərkib hissəsinə çevrilməzdən əvvəl fəth edilən xalqlar arasında idilər. İşğalçının irsinə sahib çıxmaq iddiası həmişə ikimənalıdır.

Amma bu ikimənalılığın alternativi də görünmür.

İngilislər Fateh Vilhelmin irsindən imtina etmirlər. Halbuki 1069-1070-ci illərdə onun həyata keçirdiyi «Şimalın viran qoyulması» siyasəti bütöv qraflıqların əhalisini məhv etmişdi. Britaniya monarxiyası isə bu gün də hökmdarlarının tarixini 1066-cı ildən hesablayır.

Qazaxıstanlı publisistlərdən biri iyun ayında baş verən polemika zamanı eyni fikri daha yığcam ifadə etmişdi: qazaxların Orda ilə bağlılığını inkar etmək avropalıların antik dünya ilə əlaqəsini inkar etməyə bərabərdir.

Qan və dil yaxınlığı baxımından daha münasib başqa bir tarixi nümunə də var.

1932-ci ilin iyulunda Ankarada keçirilən Birinci Türk Tarix Qurultayında «Türk tarix tezisi» adlanan konsepsiya təsdiqləndi. Osmanlı keçmişindən qopmuş Atatürk Respublikası özünə qədim çöl və Anadolu sivilizasiyalarına uzanan yeni tarixi şəcərə yaratdı.

1936-cı ildə bu konsepsiyaya türk dilini bəşəriyyətin ilkin dili elan edən «Günəş dili nəzəriyyəsi» də əlavə olundu. Amma həmin nəzəriyyədən çox keçmədən, sakitcə imtina edildi.

Buradan iki nəticə çıxır. Tarix siyasəti milləti birləşdirməyə qadirdir. Eyni zamanda, həddini aşanda asanlıqla özünün karikaturasına çevrilə bilər.

Tokayevin may çıxışından görünür ki, o, bu dərsi yaxşı mənimsəyib.

Prezident xüsusi olaraq xəbərdarlıq etdi ki, tarix özünü öymək naminə söylənilən yalanları bağışlamır. Ortaq tarixi irsi yalnız bir millətin müstəsna mülkiyyətinə çevirmək cəhdlərini də qəbul etmir.

İki gün sonra mədəniyyət işçilərinə mükafatlar təqdim edərkən Tokayev daha da irəli getdi və Qızıl Orda mövzusu ətrafında «savadsız informasiya hay-küyü» yaratmaqdan çəkindirdi.

Bu xəbərdarlığın iki ünvanı vardı. Bir tərəfdə qazaxları dünyanın hər şeyinin varisi elan etməyə hazır olan yerli millətçi həvəskarlar, digər tərəfdə isə qazaxların öz tarixlərini yenidən dəyərləndirmək istiqamətində atdıqları hər addımı məsxərəyə qoymağa hazır olan şimal qonşuları dayanırdı.

Moskva güzgüdə özünü gördü: Qızıl Ordanın yeni təqdimatı Rusiya ideologiyasının ən həssas yerinə toxunur

Rəsmi Moskva susur. Nə Rusiya Xarici İşlər Nazirliyi, nə də Kreml Qazaxıstanın yeni tarix siyasətinə açıq münasibət bildirib.

Onların əvəzinə ekspertlər və publisistlər danışırlar. İrəli sürülən arqumentləri əsasən iki qrupa bölmək olar.

Birinci qrupdakılar qazaxların tarixi iddialarına yuxarıdan aşağı baxırlar.

Uzun illər Mərkəzi Asiya üzrə ixtisaslaşmış rusiyalı analitiklərdən biri may simpoziumundan az sonra yazmışdı ki, qazaxların fəxr etməli heç nəyi yoxdur.

Onun təqdimatında Orda işğallar dövründə qazaxların əcdadlarına soyqırımı gətirmişdi. Sonralar həmin əcdadlar saysız-hesabsız vergi ödəyiciləri və cəmiyyətin aşağı təbəqələri arasında yer almışdılar. Əsl mədəni dirçəliş isə guya yalnız XIX əsrdə, bu torpaqlar Rusiya imperiyasının tərkibinə qatıldıqdan sonra başlamışdı.

Mən bu yazını dövrün qiymətli sənədlərindən biri hesab edərdim.

Qarşımızda Tokayevin köhnəlmiş adlandırdığı tarixi sxemin bütün çılpaqlığı ilə ifadəsi dayanır: çöl vəhşilik məkanıdır, Rusiya mədəniyyət gətirən qüvvədir, imperiya gələnədək mövcud olmuş hər şey isə sadəcə tarixdən əvvəlki mərhələdir.

İkinci qrupun mövqeyində isə açıq təşviş hiss olunur.

Bəzi rusiyalı şərhçilər Qızıl Orda ritorikasında indiki Rusiya ərazilərinə gizli iddia görürlər.

Xəritəyə baxanda bu qorxunun məntiqini anlamaq mümkündür. Qızıl Ordanın paytaxtı Saray Volqanın aşağı axarında yerləşirdi. Kazan, Həştərxan və Krım Cuci ulusunun tərkibinə daxil idi. Həmin torpaqların yerli xalqları isə türk dillərində danışırlar.

Lakin Qazaxıstanın heç bir rəsmi şəxsi bu ərazilərə iddia irəli sürməyib. Üstəlik, yeni Konstitusiyanın preambulasındakı «sərhədlərin toxunulmazlığı» müddəası hüquqi baxımdan tamamilə əks istiqamətdə işləyir.

Bu müddəanı hazırlayanlar 2020-ci ilin dekabrını yaxşı xatırlayırlar.

Həmin vaxt Rusiya Dövlət Dumasının deputatı Vyaçeslav Nikonov Qazaxıstan torpaqlarını «hədiyyə» adlandırmışdı. Qazaxıstan Xarici İşlər Nazirliyi isə buna cavab olaraq Rusiya tərəfinə etiraz notası təqdim etmişdi.

Moskvalı şərhçilərin qorxusu əslində başqa həqiqəti üzə çıxarır. Rusiya tarixin sərhədlərin yenidən çəkilməsi üçün necə arqumentə çevrildiyini çox yaxşı bilir. Çünki özü də dəfələrlə məhz belə davranıb.

Ən maraqlısı isə bundan sonra başlayır.

Rusiya özü də Qızıl Ordanın irsinə iddia edir. Hətta bu iddianın tarixi digərlərindən daha qədimdir.

IV İvan, yəni İvan Qroznı 1552-ci ildə Kazanı, 1556-cı ildə isə Həştərxanı ələ keçirərək keçmiş Ordanın torpaqlarını və xanlarının titullarını bir mərkəzdə toplamağa çalışırdı.

1925-ci ildə mühacirətdə yaşayan knyaz Nikolay Trubetskoy «Çingiz xanın irsi» adlı əsərini nəşr etdirdi. Həmin əsərdə Rusiya açıq şəkildə monqol dövlətinin varisi elan olunurdu.

Son sovet dövründə Lev Qumilyov bu ideyanı ruslarla çöl xalqlarının tarixi simbiozu haqqında populyar nəzəriyyəyə çevirdi.

Putin 2012-ci ildə Federal Məclisə müraciətində Qumilyovun terminologiyasından olan «passionarlıq» anlayışına istinad etmişdi. Qazaxıstanın əsas ali məktəbi olan Astana Avrasiya Milli Universiteti isə 1996-cı ildən Lev Qumilyovun adını daşıyır.

Dil bu qohumluğu daha açıq şəkildə ələ verir.

Rus dilindəki «denqi», yəni pul sözü qazax təngəsi ilə eyni türk mənşəli kökə gedib çıxır. «Kazna», yəni xəzinə və Orda dövrünün «tamğa» anlayışından yaranmış «tamojnya», yəni gömrük sözləri də Moskvaya Saraydan gəlib. Yam poçt sistemi də həmin tarixi əlaqələrin mirasıdır.

Tokayev təngənin mənşəyini danqla əlaqələndirərkən rusiyalı həmsöhbətlərinə onların öz ciblərindəki pulun adının haradan gəldiyini də xatırlada bilərdi.

Amma bunu etmədi.

Bəzən belə təmkin istənilən söz atışmasından daha çox şey deyir.

Avrasiyaçılıq uzun illər Kremlin Rusiyanın nə üçün Avropadan daha böyük tarixi və siyasi məkan olduğunu, Mərkəzi Asiyada niyə xüsusi hüquqlara malik sayıldığını izah etmək üçün istifadə etdiyi ideoloji alətlərdən biri olub.

Qazaxıstanın yeni tarixi konsepsiyası isə bu konstruksiyanın təməlini sarsıdır.

Əgər Qızıl Orda qazax dövlətçiliyinin əcdadıdırsa, Qazaxıstan onun birbaşa varisinə çevrilir. Rusiya isə həmin dövlətin dağılmasından yaranmış çoxsaylı siyasi qurumlardan biri, üstəlik, vaxtilə Ordaya xərac vermiş ərazi kimi görünür.

Beləliklə, özünü xalqları azad edən imperiya kimi təqdim edən dövlətin tarixi obrazı keçmiş ulus obrazına çevrilir.

Bəs Moskva niyə susur?

Cavabı ticarət statistikasında axtarmaq lazımdır.

Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin məlumatına əsasən, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 27,4 milyard dollar təşkil edib. Bu, əvvəlki illə müqayisədə 3 faizlik azalma deməkdir.

Rusiya tərəfi isə 28,7 milyard dollarlıq göstərici açıqlayır.

Aradakı 1,3 milyard dollarlıq fərq qonşu ölkələrin qarşılıqlı ticarət statistikasında rast gəlinən adi uyğunsuzluqdur və əsas mənzərəni dəyişmir.

Qazaxıstanın Rusiya ilə ticarətində mənfi saldo bir ildə 9 milyard dollardan 11,1 milyard dollara yüksəlib.

Çin isə 34,2 milyard dollarlıq ticarət dövriyyəsi ilə artıq Rusiyanı geridə qoyaraq Astananın ən böyük ticarət tərəfdaşına çevrilib.

Bununla belə, Qazaxıstanın neft ixracının təxminən 80 faizi hələ də Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə Novorossiyskə daşınır.

Başqa sözlə, qazax neftinin ixracı Rusiyadakı terminaldan asılıdır. 2022-ci ilin yayında Rusiya məhkəməsinin formal ekoloji əsaslarla həmin terminalın fəaliyyətini dayandırmağa cəhd etdiyini də unutmayaq.

Astana Moskvadan fiziki və infrastruktur baxımından asılıdır. Moskva isə Astanadan siyasi baxımdan asılı vəziyyətdədir.

Qazaxıstan Rusiyanın Mərkəzi Asiyadakı ən böyük tərəfdaşı, Avrasiya İqtisadi İttifaqının və KTMT-nin əsas üzvlərindən biri olaraq qalır.

Batı xan və Toxtamış üstündə açıq siyasi qarşıdurmaya getmək hər iki tərəfə tarixin özünün dəyərindən qat-qat baha başa gələrdi.

Tokayevin qarşıdurmadan qaçaraq öz mövqeyini qoruması başqa bir hadisədən də yaxşı tanışdır.

2022-ci ilin iyununda Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Putinlə eyni səhnədə əyləşən Tokayev qondarma Donetsk və Luqansk «xalq respublikalarını» tanımaqdan imtina etdi. O, həmin qurumları «kvazidövlət təsisatları» adlandırdı.

Dörd il sonra isə Astanada çöl imperiyalarına «guya yarımdövlətlər» deyilməsinə son qoyulmasını tələb etdi.

İşlədilən anlayışların bu qədər aydın şəkildə bir-birini əks etdirməsi çətin ki, təsadüfi olsun.

Tokayev Moskvanın güc tətbiq etməklə yaratdığı qurumların dövlətçiliyini tanımır. Eyni zamanda, Moskvanın əsrlər boyu «boyunduruq» adlandırdığı tarixi dövlətin dövlətçilik statusunun tanınmasını tələb edir.

Bir çölə iki imperiya: Daşkənd Əmir Teymuru, Astana isə onun qatı düşmənini seçdi

Özbəkistan bu yola Qazaxıstandan təxminən dörddəbir əsr əvvəl qədəm qoyub.

1993-cü ildə Daşkəndin mərkəzində Marksın abidəsinin yerində Əmir Teymurun atlı heykəli ucaldıldı. 1996-cı il Teymur ili elan olundu. O vaxtdan bəri Özbəkistanın dövlət ideologiyası Teymurləngi milli dövlətçilik ənənəsinin banisi kimi təqdim edir.

Özbək antropoloq və siyasi filosoflarından biri xəbərdarlıq edir ki, 1990-cı illərdə Daşkənddə imperiya irsinin yenidən ucaldılması Mərkəzi Asiya inteqrasiyasını ləngidən amillərdən biri olmuşdu.

İndi isə onun fikrincə, region birinin əvəzinə iki rəqabət aparan imperiya ideologiyası ilə üzləşə bilər.

Bu narahatlıq məntiqli görünür. Amma iki paytaxtın milli qəhrəman seçdiyi tarixi şəxsiyyətlərin bir-birinə münasibətini xatırlayana qədər.

Əmir Teymur vahid Qızıl Ordanın sonuncu böyük xanı Toxtamışın ölüm-dirim düşməni idi.

1395-ci ilin aprelində o, Terek çayı sahilində Toxtamışın ordusunu darmadağın etmiş, ardınca Sarayı yandırmışdı.

Beləliklə, Daşkəndlə Astana bir-birinə qarşı amansız müharibə aparmış iki hökmdarı milli dövlətçilik ənənələrinin simvoluna çeviriblər.

Tarixin ironiyası bununla bitmir.

XVI əsrdə Mavəraünnəhrdə hökmranlıq etmiş və «özbək» adını indiki mənasında həmin bölgəyə gətirmiş Şeybanilər sülaləsi də Cuci nəslindən idi. Onların şəcərəsi Cucinin oğlu Şibana gedib çıxırdı.

Qazax xanlığı isə Məhəmməd Şeybaninin babası Əbülxeyr xanla baş vermiş ayrılıq nəticəsində yaranmışdı.

Hər iki xalq eyni Orda kökündən boy atıb. İndi isə onların dövlətçilik mifologiyaları həmin kökün müxtəlif budaqları üzərində qurulur.

Mən bu zəmində münaqişə gözləmirəm.

2025-ci ildə Qazaxıstanla Özbəkistan arasında ticarət dövriyyəsi 4,8 milyard dollar təşkil edib. Tokayev və Şavkat Mirziyoyev isə Astana ilə Daşkənd arasında müstəqillik dövrünün bəlkə də ən isti münasibətlərini qurublar.

İki imperiya haqqında tarixi rəvayətin rəqabəti muzeylərdə, televiziya seriallarında və tarixçilərin mübahisələrində qalacaq.

Sərhəddə isə insanlar Sırdəryanın suyunu və tranzit imkanlarını düşünəcəklər.

Kazan hadisələrə gözlənildiyindən daha sakit münasibət göstərir.

Tatarıstanlı tarixçilərdən biri Qazaxıstanın Qızıl Orda keçmişinə marağını tamamilə təbii hadisə adlandırıb. Onun fikrincə, Cuci ulusu dövrü qazax tarixinin bəlkə də ən parlaq səhifəsidir.

Mərcani adına Tarix İnstitutu hələ 2009-cu ildə yeddi cildlik «Tatar tarixi» əsərinin bütövlükdə Cuci ulusuna həsr olunmuş üçüncü cildini nəşr etdirmişdi.

Sabitov isə Kazanda çıxış edərkən Orda irsi uğrunda yarış ideyasını birmənalı şəkildə rədd etmişdi.

Əslində, Qazaxıstanın bu kampaniyası tatarlara obyektiv baxımdan sərf edir.

Qonşu müstəqil dövlətdə Qızıl Orda mövzusu nə qədər ucadan səslənirsə, Moskvanın həmin mövzunu öz sərhədləri daxilində ikinci dərəcəli və kənar bir məsələ kimi təqdim etməsi bir o qədər çətinləşir.

Ukraynalı analitiklər Astananın bu dönüşündə hər şeydən əvvəl «rus dünyası»ndan uzaqlaşmaq istəyini görürlər.

Mənə isə onların ikinci arqumenti, yəni daxili siyasi amil daha tutarlı görünür.

Qızıl Orda qazaxlara, noqaylara, tatarlara və özbəklərə bölünmədən əvvəl mövcud idi. O, qazax cəmiyyətinin üç juza bölünməsindən də qədim tarixi birlik idi.

Belə bir ortaq keçmiş haqqında təsəvvür bu gün də tayfa və nəsil mənsubiyyətini yadda saxlayan, vəzifə bölgüsündə həmin əlaqələri nəzərə alan siyasi elitaları birləşdirmək gücünə malikdir.

«Orta güc» üçün xan möhürü

Layihənin xarici siyasət istiqamətini Tokayevin son illərdə istifadə etdiyi anlayışlardan da oxumaq mümkündür.

Vaxtilə BMT-nin Cenevrə bölməsinin baş direktoru olmuş Tokayev son illərdə Qazaxıstanın «orta güc» kimi təqdim olunmasını ardıcıl şəkildə təşviq edir.

2024-cü ilin yekunlarına həsr olunmuş müsahibəsində o bildirmişdi ki, «Qərbdə də, ümumiyyətlə, bütün dünyada da» Qazaxıstan orta güc kimi tanınır. Prezidentin sözlərinə görə, belə status ölkənin beynəlxalq arenada məsuliyyətli davranmasını tələb edir.

Tarix və Etnologiya İnstitutunun direktor müavini Jomart Jenis bu iki məsələ arasında birbaşa əlaqə qurub.

Onun fikrincə, uzun illər hökm sürmüş avrosentrik yanaşmadan sonra Qazaxıstan nəhayət, regional güc statusuna uyğun ideoloji istiqaməti özü müəyyənləşdirmək imkanına sahib olub.

Orta güc iddiasında olan dövlət üçün tarixin dərinliyi neft və tranzit imkanları qədər əhəmiyyətlidir.

Türkiyə Osmanlı irsini, İran fars sivilizasiyasını, Çin beş minillik mədəniyyət tarixini, Hindistan isə Vedalar dövrünün qədimliyini dünyaya təqdim edir.

Qazaxıstan isə yaxın vaxtlara qədər beynəlxalq aləmə əsasən Baykonuru və uran ehtiyatlarını göstərə bilirdi.

Tokayevin təqdimatında Qızıl Orda tranzitdən gəlir əldə edən ölkə üçün ideal tarixi brenddir.

Çölləri Şərqlə Qərb arasında təhlükəsiz dəhlizə çevirmiş imperiya Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə, oradan da Avropaya uzanan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üçün sanki hazır reklam konsepsiyasıdır.

UNESCO-nun dəstəyi ilə keçirilən, Çin, Monqolustan, ABŞ, Hindistan, Pakistan, Yaponiya və Misirdən tədqiqatçıların qatıldığı simpozium isə milli tarixi beynəlxalq elmi gündəliyin tərkib hissəsinə çevirir.

Beynəlxalq elmi gündəlik bəzən istənilən diplomatik notadan daha etibarlı müdafiə vasitəsidir.

Azərbaycanlı oxucu üçün bu məsələnin özünəməxsus tarixi tərəfi də var.

Cuci ulusunun cənub sərhədi Dərbənd yaxınlığından keçirdi. Azərbaycan ərazilərindəki otlaqlara nəzarət uğrunda Qızıl Orda onilliklər boyu Hülakülər dövləti ilə müharibələr aparmışdı.

1263-cü ilin yanvarında Bərkə xanın qoşunları Terek çayı sahilində Hülakü ordusunu məğlubiyyətə uğratdı.

Təxminən bir əsr sonra, 1357-ci ildə Canibek xan Təbrizi ələ keçirdi. 1385-ci ildə isə Toxtamış yenidən Təbrizə hücum edərək şəhəri viran qoydu.

Bizim üçün Qızıl Orda həm də şimaldan, Dərbənd keçidi vasitəsilə gələn qonşunun tarixidir.

Amma Astananın seçdiyi metod Bakıda əlavə izaha ehtiyac olmadan başa düşülür.

Azərbaycan da onilliklər boyu dövlətçilik tarixinin başlanğıcını başqa paytaxtlarda verilmiş qərarlarla əlaqələndirən tarixşünaslıq çərçivəsində yaşayıb. Belə asılılığın qiymətini yaxşı bilir.

Öz tarixini özü danışmayan xalq gec-tez başqalarının xəritələrinin və ərazi iddialarının obyektinə çevrilir. 1990-cı illərin erməni revanşist və revizionist tarix konsepsiyaları bunu bütün çılpaqlığı ilə nümayiş etdirmişdi.

Bu gün Aktau və Kurık limanlarından çıxan bərələr vaxtilə Orda və Hülakü xanlarının hərbi güclə nəzarət altına almağa çalışdıqları marşrutla Bakıya yüklər daşıyır.

İndi həmin marşruta nəzarət silah gücü ilə deyil, müqavilələrlə təmin edilir.

Tarix də məhz bu müqavilələrin xidmətində dayanır.

Rusiyalı opponentləri ilə polemikaya girən qazaxıstanlı politoloqlardan biri maraqlı məqama diqqət çəkib.

Onun sözlərinə görə, postsovet Avrasiyasının türk və monqol xalqlarının, qazaxlardan və tatarlardan tutmuş azərbaycanlılara və buryatlara qədər, öz keçmişlərinə dair izahları onilliklər boyu ikinci dərəcəli və siyasi motivli yanaşmalar kimi qiymətləndirilib.

Politoloqun gəldiyi nəticə sərtdir: Qızıl Orda irsinin yenidən dəyərləndirilməsi artıq regionun tarixi reallığının tərkib hissəsinə çevrilib və kənardan tətbiq edilən heç bir şərh çərçivəsi bu prosesi dayandıra bilməz.

Bu nəticə ilə tam razıyam.

Özgə şirlə örtülmüş türbə

Layihənin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyini artıq işə salınmış mexanizmlərə baxaraq proqnozlaşdırmaq mümkündür.

Qazaxıstan tarixinin yeddi cildliyi nəşr olunacaq. 2027-ci il sentyabrın 1-dək qazaxıstanlı məktəblilər Qızıl Ordanın ayrı-ayrı qarətçi yürüşlər arasında baş vermiş tarixi epizod kimi deyil, Qazax xanlığının birbaşa sələfi kimi təqdim edildiyi dərsliklər alacaqlar.

Kreml isə 2027-ci ilin sonuna qədər bu məsələ ilə bağlı nə prezident, nə də Xarici İşlər Nazirliyi səviyyəsində bircə rəsmi bəyanat verəcək.

Moskvanın cavabı Rusiya dərslikləri, televiziya efirləri və ekspert məqalələri vasitəsilə gələcək.

Tokayevin iyunun 4-də elan etdiyi Böyük Çöl sivilizasiyasının şərəfinə monumental qurğunun inşasına isə 2027-ci ilin birinci yarısının sonuna qədər Astanada başlanılacaq.

Bu proqnozlardan heç olmasa biri doğrulmasa, deməli, ya Astananın qətiyyətini həddindən artıq yüksək qiymətləndirmişəm, ya da Moskvanın səbir imkanlarını düzgün hesablaya bilməmişəm.

Bununla belə, cavabını tapa bilmədiyim bir sual qalır.

Qızıl Ordanın mirasını ən azı beş tərəf bölüşdürür: Qazaxıstan, Rusiya, Tatarıstan, Özbəkistan və Monqolustan.

Görəsən, onların ikisi eyni vaxtda UNESCO-ya müraciət edərək eyni tarixi abidənin irsinin qoruyucusu kimi tanınmağı tələb etsə, nə baş verəcək?

Kəngir çayı sahilindəki Cuci xan türbəsinin adına ilk dəfə XVI əsrdə Hafiz Tanışın qeydlərində rast gəlinir.

1998-ci ildə türbə təxminən bir milyon dollara bərpa edildi. Amma arxeoloqlar bu günədək bərpaçıları tənqid edirlər. Səbəb isə günbəzin mavi şirinin orijinal kaşı nümunələri nəzərə alınmadan seçilməsidir.

2020-ci ilin aprelində türbəyə respublika əhəmiyyətli abidə statusu verildi. Bir neçə il sonra isə rəsmilər abidənin divarlarının niyə nəmləndiyini izah etmək məcburiyyətində qaldılar.

Bu gün Çingiz xanın böyük oğlunun məzarı üzərindəki günbəz Cucinin yaşadığı dövrdəkindən daha parlaq görünür.

Qazaxıstan da öz Qızıl Ordasını eyni üsulla qurur: həqiqi tarixi təməl üzərində, lakin uzaqdan baxanların diqqətini cəlb etmək üçün seçilmiş yeni şir qatının altında.