...

Fars körfəzində üçüncü müharibə Amerikaya olan etimadı sarsıtdı və Pekinin nüfuzunu bir güllə belə atmadan Si Cinpinin xəyalına belə gətirməyəcəyi səviyyəyə qaldırdı

2026-cı il fevralın 28-də ABŞ və İsrail İranın nüvə proqramını məhv etmək və Təl-Əviv üçün raket təhlükəsini aradan qaldırmaq məqsədi ilə bu ölkəyə qarşı hərbi əməliyyata başladı. Aradan yarım il keçəndən sonra isə Vaşinqtonda və Londonda bu müharibənin əsas qalibi kimi bir dənə də raket buraxmayan, bir əsgərini belə itirməyən ölkənin, kommunist Çinin adı çəkilir.

Fars körfəzində üçüncü müharibənin paradoksu da elə bundadır: Amerika prezidenti güc nümayiş etdirməkdə nə qədər israrlı davranırsa, həmin gücün yetmiş il ərzində söykəndiyi reputasiya bir o qədər sürətlə əriyib gedir.

Əvvəlki iki müharibənin kölgəsi

Müqayisə özü-özünü diktə edir. 1991-ci ildəki "Səhrada tufan" əməliyyatı 35 dövlətdən ibarət koalisiyaya və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə arxalanırdı. Səudiyyə Ərəbistanı və Körfəzin digər monarxiyaları isə tərəddüd etmədən öz ərazilərini Amerika qoşunlarının istifadəsinə vermişdi.

2003-cü ildə İraqa müdaxilə artıq bu qədər yekdil dəstəklə müşayiət olunmasa da, Vaşinqton hələ də tanınmış hegemon kimi çıxış edirdi. Müttəfiqlər ABŞ-ın regiondakı hərbi mövcudluğunu bazarlıq predmeti deyil, dəyişməz reallıq kimi qəbul edirdilər.

İndiki müharibə bu sırada üçüncüdür. Amma ilk dəfədir ki, ABŞ nə geniş koalisiya qura bildi, nə də tərəfdaşlarının qeyd-şərtsiz etimadını qazandı. Körfəz monarxiyaları bu dəfə nümayişkaranə ehtiyatlı davrandı, zəruri minimumdan artıq prosesə qarışmamağa çalışdı. Şərqi Asiyadakı müttəfiqlər isə baş verənləri Tayvan ətrafında oxşar böhran yaranacağı təqdirdə öz aqibətlərinin necə olacağı barədə getdikcə artan narahatlıqla izlədilər.

Yüz gün keçdi, qələbə görünmədi

Tehrana qarşı kampaniya sürətli və "cərrahi dəqiqliklə" aparılmalı idi. Amma kağızdakı hesab meydanda tutmadı.

"Əl-Ərəbiyyə" telekanalının məlumatına görə, martın 3-dək İran regiondakı ərəb ölkələrinə 450-dən çox ballistik raket və 1140 pilotsuz uçuş aparatı göndərmişdi. Hədəflər təkcə ABŞ-ın hərbi infrastrukturu deyildi. Vaşinqtonun müttəfiqlərinin yanacaq-enerji obyektləri və yaşayış məhəllələri də zərbələrə tuş gəlirdi.

İslam İnqilabı Keşikçiləri Korpusu isə cavab olaraq dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən beşdə birinin keçdiyi Hörmüz boğazını bağladı.

Müharibənin ilk həftələrinin hərbi statistikası hər iki tərəf üçün birmənalı görünmürdü. Qətər Hərbi Hava Qüvvələri İranın iki Su-24 qırıcı-bombardmançısını vurdu. Amerikanın sualtı qayığı İranın "Dena" freqatını torpedo ilə vurdu, nəticədə yüzdən çox dənizçi həlak oldu və ya itkin düşdü.

Martın 25-də İsrail İİKK Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsirinin öldürüldüyünü açıqladı. İsrailin müdafiə naziri İsrael Katsın sözlərinə görə, boğazın blokadasına məhz bu admiral cavabdeh idi.

İranın itkiləri ağır olsa da, kritik həddə çatmadı. Tehran öz istehsalı olan ucuz raketləri buraxmaq qabiliyyətini qoruyub saxladı və münaqişənin başlanmasından yüz gün sonra belə İsraili və Körfəz ölkələrini atəşə tutmaqda davam etdi.

Məhz bu yarımçıqlıq, yəni sürətli və göz qabağında olan hərbi qələbənin əldə edilməməsi regiondakı qüvvələr nisbətini Vaşinqtonun əleyhinə dəyişdirən ilk və əsas amilə çevrildi.

Səbəb sadədir və Pentaqon üçün heç də xoş səslənmir. İranın raket sənayesi onilliklər boyu bir kampaniya ilə udula biləcək həlledici döyüşə yox, uzunmüddətli tükəndirmə savaşına hesablanıb.

Tehranın öz istehsalı olan raketləri rəqiblərinin yerləşdirməyə məcbur qaldığı raketdən müdafiə sistemlərindən qat-qat ucuz başa gəlir. Xərclər arasındakı bu asimmetriya ABŞ-ın havada və dənizdəki nəhəng üstünlüyünə baxmayaraq, ona sürətli və inandırıcı qələbə qazanmağa imkan vermədi.

Hörmüz tamaşası, üç pərdə

2026-cı ildə Hörmüz boğazının taleyi bir-birini təkzib edən bəyanatlar və diplomatik manevrlərlə dolu ayrıca süjetə çevrildi.

Aprelin 13-də İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında təxminən 15 saat davam edən danışıqlar nəticəsiz bitəndən sonra ABŞ Mərkəzi Komandanlığı Donald Trampın tapşırığı ilə boğaza öz blokadasını tətbiq etməyə başladı.

Cəmi dörd gün sonra, aprelin 17-də İranın xarici işlər naziri Abbas Əraqçi kommersiya gəmiçiliyi üçün keçidin açıldığını elan etdi. Bununla da məlum oldu ki, bu strateji su arteriyasına real nəzarət artıq həll olunmuş məsələ yox, tərəflər arasında mübahisə predmetidir.

İyunda tərəflər blokadanı formal olaraq iki ay yumşaldan və gəmiçiliyi bərpa edən anlaşma memorandumu imzaladılar. Tramp isə həmin müddətdə bir-birinə tam zidd bəyanatlar verməkdən əl çəkmədi. Bir gün İranın qaçılmaz hərbi məğlubiyyətindən danışırdı, o biri gün sülh sazişinin demək olar ki, imzalandığını söyləyirdi.

Avqusta qədər neft bazarının geriyə dönük təhlili başqa mənzərə ortaya çıxardı: mart-may aylarında İranın real neft ixracı heç bir memoranduma baxmayaraq sutkada təxminən 1,5 milyon barrel səviyyəsində qalırdı. Blokadanın tətbiqi və ya ləğvi ilə bağlı rəsmi açıqlamalar faktiki əmtəə axınları ilə çox da uzlaşmırdı.

İyulun 13-də Tramp Hörmüz boğazının ABŞ-ın nəzarətinə keçdiyini elan etdi və Vaşinqtonu onun "mühafizəçisi" adlandırdı. Ardınca da dəqiqləşdirdi ki, məhdudiyyətlər yalnız İran gəmilərinə aiddir, dünyanın qalan hissəsi boğazdan sərbəst istifadə edir.

Eyni boğazın statusu barədə üç ay ərzində səslənən ziddiyyətli məlumatlar güc nümayişinə hesablanmış müharibənin necə Amerikanın imkanlarının sərhədini nümayiş etdirməsinə çevrildiyinin bəlkə də ən yaxşı göstəricisidir.

Trampın boğazın ABŞ-ın nəzarətinə keçməsi barədə qətiyyətli bəyanatlarının arxasında isə o qədər də qətiyyətli olmayan reallıq dayanır.

Fiziki blokadanı sonsuzadək saxlamaq mümkün deyil. Bu, boğazdan tankerləri keçən üçüncü ölkələri də münaqişəyə çəkmək riski yaradır. Gəmilərə milli mənsubiyyətinə görə seçmə məhdudiyyət tətbiq etmək isə praktikada son dərəcə çətindir.

2022-ci ildən sonra Rusiyanın "kölgə donanması" nümunəsində dünya tanker bazarının bayraq dəyişdirmə, vasitəçilərdən istifadə və sanksiyalardan yayınma mexanizmlərini yaxşı mənimsəməsi belə seçmə blokadanı real işləyən alətdən daha çox siyasi deklarasiyaya çevirir.

Pekinin neft sehrbazlığı

Vaşinqton döyüşür, bəyanatlarda dolaşıb qalırdı. Neft bazarının real sabitləşdirilməsini isə Çin həyata keçirdi.

SocGen analitiklərinin hesablamasına görə, Pekin fevralda sutkada 11,7 milyon barrel olan neft idxalını mayın sonuna 9 milyon barreldən də aşağı saldı. Yəni alışlar təxminən 3 milyon barrel azaldı.

Çin gömrüyünün statistikası daha kəskin mənzərə göstərir: sutkada 7,8 milyon barrel. Bu, 2017-ci ilin oktyabrından bəri ən aşağı göstəricidir. Bunun 6,6 milyon barreli dəniz yolu ilə tədarükün payına düşürdü.

Yanvar-may aylarında Çin ümumilikdə 218,363 milyon ton neft idxal etdi. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 5 faiz azdır.

Nəticə həlledici oldu. Döyüşlərin başlanmasından sonra dünya üzrə neft tədarükü 14 faiz azalsa da, qiymətlərin barrel üçün 200 dollara qalxacağı barədə proqnozlar özünü doğrultmadı. Mayın sonundan etibarən kotirovkalar psixoloji hədd sayılan 100 dolların üzərinə çıxmadı.

Bazar analitiklərindən biri Çinin idxalı azaltmasını effektivliyinə görə OPEC+ kvotaları ilə müqayisə edib. Onun fikrincə, bu addım olmasaydı, Hörmüz boğazının bağlı olduğu şəraitdə dünya qiymətləri 150 dolları keçə bilərdi.

Avqustda qiymət nəhayət 90 dolları aşanda Pekin yenidən alışları məhdudlaşdırmağa və ehtiyatları bazara buraxmağa başladı.

Kpler-in məlumatına əsasən, Çinin kommersiya və strateji ehtiyatları maydakı pik həddən təxminən 8 faiz azalıb. Amma buna baxmayaraq, ehtiyatların həcmi 1,16 milyard barreldən çoxdur. Dünyada heç bir başqa ölkənin əlində belə təhlükəsizlik yastığı yoxdur.

Bloomberg agentliyinin aparıcı neft eksperti Xavyer Blas baş verənləri dövr dəyişikliyi kimi təsvir edir. Əvvəllər neft böhranı zamanı ABŞ prezidenti Ər-Riyada zəng vurub hasilatı artırmağı xahiş edirdi. İndi isə dünya getdikcə daha çox Pekinə baxır və ondan alışları azaltmağı gözləyir.

Pekinin motivi praqmatikdir, burada altruizm axtarmağa dəyməz. Çin iqtisadiyyatı ixracyönümlüdür və qlobal böhran Çinin öz müştərilərinin alıcılıq qabiliyyətinə hamıdan daha ağır zərbə vura bilərdi.

Yan təsirdən qazananlar: Moskva və Körfəz monarxiyaları

Çin bu müharibədən gözlənilməz dividend götürən yeganə ölkə deyil.

Rusiyanın 2026-cı il büdcəsində bir barreli 59 dollar hesablanan Urals markalı nefti münaqişə və Hörmüz blokadası başlayandan sonra martda 77 dollara, apreldə isə təxminən 95 dollara qədər bahalaşdı. Bu, həm sanksiya təzyiqinə, həm də Moskvanın xammalı ənənəvi olaraq endirimlə satmasına baxmayaraq baş verdi.

Ərəb monarxiyaları da formal şəkildə münaqişədən məsafə saxlasalar da, oxşar bonus qazandılar: büdcələri üçün komfortlu səviyyədən yüksək neft qiymətləri, özü də öz ərazilərində genişmiqyaslı müharibə olmadan.

İran və ABŞ-la yanaşı, uduzan tərəflərdən biri də Avropa oldu. İdxal enerji resurslarından asılı olan qitə eyni vaxtda müdafiə xərclərini artırmalı, bahalaşmış yanacaq üçün daha çox pul ödəməli və Vaşinqtonun Tayvandan Seula qədər öz tərəfdaşlarına təzyiqi fonunda transatlantik etimadın necə əridiyini seyr etməli oldu.

Tayvan hədiyyə qutusunda

İqtisadi sabitləşmə Pekinin başqasının müharibəsindən götürdüyü yeganə qazanc deyildi.

Mayın ortalarında Trampın Çinə dövlət səfəri və Si Cinpinlə görüşünün ardınca Vaşinqton Tayvana göndərilməsi nəzərdə tutulan, müxtəlif hesablamalara görə 12-14 milyard dollar dəyərində silah paketinin dayandırıldığını açıqladı.

Mayın 22-də ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərini icra edən Hanq Kao Senatın Təxsisatlar Komitəsində keçirilən dinləmədə bunu təsdiqlədi. Bildirdi ki, silah tədarükü dayandırılıb, çünki həmin arsenal ABŞ-ın İrana qarşı öz hərbi kampaniyasına lazımdır.

Rəsmi izah logistika prioritetidir. Siyasi alt mətn isə tamam başqa cür oxunur.

Bayden administrasiyası dövründə Milli Təhlükəsizlik Şurasında Çin üzrə müşavir olmuş, hazırda Kolumbiya Universitetini təmsil edən Culian Gevirts bildirir ki, Çin rəsmiləri ikitərəfli təmaslarda illərlə məhz belə nəticəyə nail olmağa çalışıblar.

Silah tədarükünün qəfil dayandırılması Pekin üçün Tayvan məsələsində on il ərzində xəyal edilən hədiyyə oldu.

Nəticədə Tayvan vəd edilmiş silahsız qaldı. Özü də müttəfiqlərin qətiyyət nümayişinin ən böyük simvolik əhəmiyyət daşıdığı bir anda.

Bu konkret güzəştin mənası bir silah sövdələşməsindən qat-qat genişdir.

Cənubi Koreya ilə birgə təlimlərdən və ya üçüncü ölkələrə ünvanlanan diplomatik jestlərdən fərqli olaraq, Tayvan artıq otuz ildir ABŞ-Çin rəqabətinin əsas sinir nöqtəsidir. Vaşinqtonun bütün region qarşısında üzünü itirmədən güzəştə gedə bilmədiyi məsələ məhz budur.

İran müharibəsinin logistikasına bağlanan tədarük fasiləsi Taypey üçün uzun müddətdən sonra ilk ciddi siqnal oldu: onun təhlükəsizliyi Vaşinqtonun daha böyük geosiyasi oyununda alver predmetinə çevrilə bilər.

Kim Çen In endirim qazanır, Seul isə narahatlıq

ABŞ-ın Asiyadakı digər müttəfiqi, Cənubi Koreya da bənzər qiymət ödəməli oldu.

Avqustun 16-da ABŞ prezidenti Şimali Koreya lideri Kim Çen Inla "çox yaxşı münasibətlərə", təlimlərin baha başa gəlməsinə və prezidentliyi dövründə Pxenyandan təhlükə gəlmədiyinə istinad edərək Cənubi Koreya ilə illik Ulchi Freedom Shield birgə təlimlərinin ciddi şəkildə ixtisar olunduğunu elan etdi.

Əvvəlcə avqustun 27-dək davam etməli olan manevrlər avqustun 21-də, yəni qrafikdən altı gün əvvəl başa çatdırıldı.

Pxenyanın reaksiyası gözlənilmədən soyuq oldu. Kim Çen Inın bacısı açıq şəkildə bildirdi ki, Şimali Koreyanı təlimlərin ixtisarı ümumiyyətlə maraqlandırmır.

Qərarın simvolik qiyməti praktik nəticəsindən daha yüksək oldu.

Seul belə bir mesaj aldı: Vaşinqtonun çəkindirmə zəncirində müttəfiqlərinin maraqlarını nəzərə almaq istəyi ABŞ-ın dünyanın başqa regionlarında həmin anda hansı hərbi yük altında olmasından birbaşa asılıdır.

Pekin üçün isə öz sərhədləri yaxınlığında Amerika hərbi fəallığının zəifləməsi heç bir səy göstərmədən əldə edilən növbəti qazanca çevrildi.

Burada uzunmüddətli nəticələr ani qənaətdən daha vacibdir.

Pxenyan illərdir nüvə arsenalını məhz Seul və Vaşinqtonun birgə təlimlərindən gələn təhlükə ilə əsaslandırır. Təlimlərin azalması Şimali Koreyanın nüvə proqramını öz-özünə dayandırmayacaq, amma regiondakı müttəfiqləri öz təmkinlərini əsaslandırmaq üçün istifadə etdikləri ənənəvi arqumentlərdən birindən məhrum edir.

Pekin üçün məsələnin digər tərəfi də var.

Ənənəvi olaraq Pxenyanla dünyanın qalan hissəsi arasında vasitəçi rolunu oynayan Çin üçün Vaşinqtonun Kim Çen Inla Pekini kənarda qoyaraq birbaşa yaxınlaşması təsir kanalına monopoliyanı itirmək riski yaradır.

Yəni Koreya dosyesində Pekinin qazancı İran məsələsində olduğu qədər birmənalı deyil.

Dünya səs verdi. Amerikanın lehinə yox

İran kampaniyasının, tarif müharibələrinin və müttəfiqlərlə yuxarıdan aşağı danışıq tərzinin məcmu effekti Pew Araşdırma Mərkəzinin iyul hesabatında rəqəmlərlə öz əksini tapdı.

Sorğu 36 ölkədə 42 151 nəfəri əhatə edib. Müsahibələr fevralın 8-dən mayın 13-dək, yəni İrana zərbələrin ən intensiv mərhələsi ilə demək olar ki, tam üst-üstə düşən dövrdə keçirilib.

Nəticə Pew-in təxminən iyirmi illik müşahidə tarixində görünməmiş olub: 36 ölkədən 27-də respondentlər Çinə ABŞ-dan daha müsbət yanaşıblar.

Amerika yalnız altı ölkədə üstünlüyünü qoruyub: Hindistan, Yaponiya, Filippin, Cənubi Koreya, İsrail və Polşa.

Bəzi ölkələrdə fərq Vaşinqton üçün az qala təhqiramiz görünür.

Pakistanda respondentlərin 90 faizi Çin barədə müsbət fikir bildirib, ABŞ barədə isə cəmi 15 faiz. Aradakı fərq 75 faiz bəndidir.

Orta gəlirli 17 ölkədə sorğu iştirakçılarının median olaraq 75 faizi ABŞ-ın digər dövlətlərin daxili işlərinə müdaxilə etdiyini deyib. Çin haqqında eyni fikri bildirənlərin göstəricisi isə 45 faiz olub.

Hətta ABŞ-ın özündə belə, Pew-in mart sorğusuna görə, Çinə müsbət münasibət bəsləyən amerikalıların payı 27 faizə yüksəlib. Bu, bir il əvvəllə müqayisədə 6 faiz bəndi çoxdur və 2023-cü ilin göstəricisinin təxminən iki qatıdır.

Beynəlxalq Münasibətlər Şurasının eksperti Yanjun Huanq isə qalibiyyət havasına tez qapılmamağı tövsiyə edir.

Onun fikrincə, burada söhbət Pekinə həqiqi simpatiyanın artmasından çox, Amerikanın cəlbediciliyinin azalmasından gedir.

Çin müqayisədə qalib gəlib, amma ürəkləri fəth etməyib. Fərq prinsipialdır və bir çox analitikin fikrincə, geri çevrilə bilər.

Oxşar yanaşmanı iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, Trampın xarici siyasətinin ən çox sitat gətirilən tənqidçilərindən biri Pol Kruqman da bölüşür.

Onun qiymətləndirməsinə görə, hazırkı administrasiyanın islahatları və kadr qərarları ABŞ-ın eyni vaxtda bir neçə dayağını sarsıdır: elmi-texnoloji liderliyini, hərbi üstünlüyünü, dolların ehtiyat valyuta kimi maliyyə gücünü və onilliklər boyu Amerikanın aparıcı dünya dövləti statusunu təmin edən müttəfiqlər sistemini.

Culian Gevirts bu fikri davam etdirir: Pekinin bu rəqabətdə qalib gəlməsi üçün demək olar ki, heç nə etməsinə ehtiyac yoxdur.

Çünki Vaşinqton özü aparıcı universitetlərin maliyyəsini azaldır, xarici alimlər üçün ABŞ-da işləməyi cəlbedici olmayan mühit yaradır və eyni zamanda USAID-dən dövlət xarici yayım sisteminə qədər qlobal təsir alətlərini öz əli ilə sökür.

Filosof və politoloq Frensis Fukuyama diaqnozu daha sərt qoyur.

Onun fikrincə, Amerikanın həm dostları, həm də rəqibləri getdikcə daha çox eyni qənaətə gəlirlər: ABŞ dünya sabitliyinin təminatçısından çox onun üçün təhlükə mənbəyinə çevrilir.

Fukuyamanın müşahidəsinə görə, Trampın mayda Pekinə səfəri iki lider arasındakı şəxsi münasibətlərdəki asimmetriyanı da açıq göstərdi.

Amerika prezidenti Si Cinpini açıq şəkildə "böyük lider" və "əsl dost" adlandırırdı. Çin tərəfi isə bunun qarşılığında rəqabətsiz tərəfdaşlıq barədə ölçülü-biçili diplomatik ifadələrlə kifayətləndi.

Pekinin diplomatik kapitalı

Dəyişikliyin simvolik tərəfini bu ilin diplomatik təqvimi də aydın göstərir. Noyabrda APEC sammitinə Çin ev sahibliyi edəcək. Qərb mediasının məlumatına görə, sammit çərçivəsində Donald Trampla Kim Çen In arasında mümkün görüşün təşkili də nəzərdən keçirilir. Belə bir görüşün baş tutması isə tədbirin sahibi kimi Pekinin xoş məramından və təşkilati dəstəyindən birbaşa asılı olacaq.

Cəmi on il əvvəl əsasən "dünyanın fabriki" kimi qəbul edilən bir ölkənin indi dünya liderlərinin görüşlərini təşkil edən əsas siyasi mərkəzlərdən birinə çevrilməsi keyfiyyətcə tamam başqa status deməkdir. Körfəzdəki müharibə isə Çinin bu mərhələyə keçidini sadəcə sürətləndirdi.

Qarşıdurmanın informasiya tərəfi ayrıca diqqət tələb edir. Vaşinqton "Amerikanın səsi" və digər ictimai diplomatiya alətlərinin maliyyələşdirilməsini azaldarkən, Çinin dövlət mediası Latın Amerikası, Afrika və Cənub-Şərqi Asiyada mövcudluğunu genişləndirməyə davam edir. Pew-in məlumatlarına görə, Pekinə rəğbətin ən çox artdığı regionlar da məhz bunlardır.

Hərbi kampaniya Çinə təkcə iqtisadi yox, həm də informasiya üstünlüyü verdi. Bir tərəfdə özünü təmkinli, sabitləşdirici güc kimi təqdim edən Çin, digər tərəfdə isə proqnozlaşdırılması çətin, müharibə aparan Amerika. Belə bir narrativ Pekinin əlavə səy göstərməsinə belə ehtiyac qalmadan, demək olar ki, öz-özünə formalaşır.

Pekinin ehtiyatlı nikbinliyi

Bununla belə, Çinin ekspert dairələrində eyforiyanın hökm sürdüyünü düşünmək səhv olardı.

Sian şəhərindəki Şimal-Qərb Universitetinin professoru, Çində Yaxın Şərq üzrə aparıcı mütəxəssislərdən biri Van Cin regional Diplomat nəşri üçün yazdığı məqalədə "Amerika uduzdu, Çin qazandı" kimi sadələşdirilmiş formuldan ehtiyatlanmağa çağırır.

Ərəb monarxiyaları hələ də Amerika hərbi texnologiyalarından asılıdır və İranın raket və dron hücumlarından sonra bu asılılıq daha da artıb. Van Cinin qiymətləndirməsinə görə, nə BƏƏ, nə də Bəhreyn ABŞ-ı eyni miqyasda əvəz edə biləcək hərbi tərəfdaş tapmaq gücündədir.

Rusiya, Çin və Pakistan da ABŞ-ın regiondakı hərbi mövcudluğunun real şəkildə azalacağı halda yarana biləcək strateji boşluğu hələlik doldura bilməz.

Eyni zamanda Körfəz monarxiyaları alternativ silah təchizatçılarına getdikcə daha çox maraq göstərirlər. Amma bunların heç biri hələ ABŞ-ın təqdim etdiyi səviyyədə inteqrasiya, logistika və hərbi dəstək sistemi təklif edə bilmir.

Pekinin neft bazarına müdaxiləsinin də başqa üzü var.

Dünyanın ən böyük neft idxalçısı olan Çin Körfəzdən, o cümlədən İrandan tədarükdə yaranan fasilələrə görə özü də itki verdi. Üstəlik, Tehranla Vaşinqton arasında mümkün razılaşma çərçivəsində İrana qarşı sanksiyalar yumşaldılarsa, Qərb investisiyaları İran bazarında Çinin illərlə topladığı iqtisadi mövqeləri sıxışdıra bilər.

Diplomatik yük də artır.

İrana dəstək Çinin ərəb dövlətləri, ilk növbədə İran zərbələrinin hədəfinə çevrilmiş BƏƏ ilə münasibətlərini çətinləşdirir. Tehrana yönələn istənilən sərt tənqid isə illər boyu qurulmuş Çin-İran tərəfdaşlığına zərbə vura bilər.

Van Cinin ifadəsi ilə desək, enerji təhlükəsizliyi, gəmiçiliyin azadlığı, İranla münasibətlərin qorunması və Körfəz monarxiyaları ilə eyni vaxtda əməkdaşlığın saxlanması Çin diplomatiyası üçün getdikcə daha mürəkkəb tapşırığa çevrilir.

Vaşinqton üçün geriyə yol varmı?

Ədalət naminə demək lazımdır ki, Amerika hegemoniyasını tarixə gömmək hələ tezdir.

ABŞ dünyanın ən böyük neft və qaz istehsalçısı olaraq qalır. Hörmüz blokadası səbəbindən yaranan təklif qıtlığı onun enerji dövləti kimi mövqelərini müvəqqəti olaraq hətta gücləndirib. Çin isə əksinə, ehtiyatlarını açmağa məcbur qalıb.

Dolların süqutu barədə nə qədər danışılırsa-danışılsın, o hələ də dünya ticarətinin və mərkəzi bank ehtiyatlarının böyük hissəsinə xidmət edir. Yaxın perspektivdə nə yuanın, nə də başqa valyutanın dolların bu rolunu əvəz edə biləcək real alternativi görünür.

Van Cinin də düzgün qeyd etdiyi kimi, Körfəz monarxiyaları Vaşinqtona münasibətləri nə qədər soyusa da, bir siyasi dövr ərzində Amerika silah sistemlərindən və logistikasından fiziki olaraq imtina edə bilməzlər.

2026-cı ilin noyabrında ABŞ Konqresinə keçiriləcək aralıq seçkilər isə daxili siyasi qüvvələr nisbətini və nəticə etibarilə xarici siyasət kursunu 2028-ci il prezident seçkilərindən xeyli əvvəl dəyişə bilər.

Frensis Fukuyamanın öz mətnlərindən belə anlaşılır ki, o məhz bu mümkün dönüşə ümid edir. Bununla belə, Fukuyama eyni zamanda xəbərdarlıq edir: ABŞ indiki zəiflik fonunda kursu qəfil dəyişərsə, bu, Pekini çəkindirmək əvəzinə daha riskli addımlara sövq edə bilər.

Sonra nə olacaq: 2026-cı ilin sonunadək üç ssenari

Münaqişənin və onun geosiyasi nəticələrinin bundan sonrakı trayektoriyası qarşıdakı aylarda aydınlaşacaq bir neçə əsas yol ayrıcından asılıdır.

Birinci ssenari uzunmüddətli dalandır. Müharibə həlledici hərbi nəticə olmadan davam edir, İran raket potensialını saxlayır, Hörmüz boğazında məhdudiyyətlər vaxtaşırı sərtləşdirilib yumşaldılır, Çin isə ən azı 2026-cı ilin sonuna qədər neft bazarının qeyri-rəsmi tənzimləyicisi rolunu qoruyur. Öz ehtiyatları azaldıqca Pekin idxalı tədricən artırmağa başlayır.

İkinci ssenari razılaşmadır. Vaşinqton və Tehran nüvə proqramına məhdudiyyətlər müqabilində sanksiyaların yumşaldılması ilə bağlı anlaşmaya gəlir. Bu, İran bazarını Qərb investisiyalarına aça və Çinin illər ərzində formalaşdırdığı iqtisadi mövqeləri zəiflədə bilər. Van Cin məhz bu ssenaridən ehtiyatlanır.

Üçüncü ssenari ən az ehtimal olunan, amma Fukuyamanın real risk kimi göstərdiyi variantdır. 2026-cı il aralıq seçkilərindən sonra Vaşinqton prioritetlərini dəyişir və Tayvanla bağlı yeni kurs götürməyə çalışır. Bu halda Si Cinpin Amerikanın özünü zəiflətməkdə davam etdiyi fürsət pəncərəsindən istifadə etmək üçün planlaşdırdığından daha sürətli və sərt hərəkət etməyə məcbur qala bilər.

Bu üç ssenarinin hər biri yaxın aylarda konkret göstəricilərlə yoxlanıla bilər.

2026-cı ilin sonuna qədər rəsmi sülh sazişi imzalanmadan Hörmüz boğazında qarışıq məhdudiyyət rejiminin qalması birinci ssenarini təsdiqləyəcək.

Hipotetik sanksiya ləğvindən sonrakı altı ay ərzində Çinin İran nefti idxalının 20 faizdən çox artması ikinci ssenarinin Pekinin yox, Qərbin xeyrinə işlədiyini göstərəcək.

Tayvana hərbi yardımın ilin sonuna qədər bərpa edilməsi isə Vaşinqtonun Çinə güzəşt kursundan geri çəkilməsinin siqnalı olacaq.

Nəticə

Tehran bu müharibədə qalib gəlməyib və çətin ki, qalib gəlsin.

Vaşinqton isə məğlubiyyəti etiraf etmir və heç vaxt bunu açıq şəkildə etməyəcək.

Amma bu iki faktın arasında Pekin özünə son dərəcə əlverişli mövqe tutub. Bir güllə belə atmadan onilliklər boyu xarici siyasətinin qarşısına qoyduğu məqsədlərin az qala hamısını əldə edib: zəifləmiş rəqib, həmin rəqibin çaşqın vəziyyətə düşmüş müttəfiqləri və son iyirmi ildə ilk dəfə olaraq onun xeyrinə dəyişən dünya ictimai rəyi.

Pekinin strateji mədəniyyəti tarixən qəfil sıçrayışlara yox, səbrə söykənib. Tayvan ətrafında onilliklərdir davam edən şahmat oyunundan tutmuş, "Bir kəmər, bir yol" layihəsinin uzun illərə yayılan mərhələli quruculuğuna qədər bu yanaşma dəfələrlə özünü göstərib.

Fars körfəzindəki müharibə Si Cinpindən faktiki olaraq cəmi bir idarəçilik qərarı tələb etdi: bir neçə milyon barrel nefti ölkənin öz anbarlarında saxlamaq.

Qalanını dünya özü etdi və proseslər Pekinin istədiyi istiqamətdə hərəkət etməyə başladı.

Mayda Pekində Trampla görüş zamanı Si Cinpinin nümayiş etdirdiyi vurğulu soyuqqanlılıq da göstərirdi ki, Çin lideri bir şeyi yaxşı anlayır: öz qərarlarının qiymətini hesablamaq vərdişini itirmiş fövqəldövlətlə mübarizədə ən yaxşı strategiya sakit qalmaq və həmin dövlətin hesabı nə vaxtsa özü ödəməsini səbirlə gözləməkdir.

Tarix çox vaxt daha uzun gözləməyi bacaranın haqlı çıxdığını göstərir.

Görünən odur ki, 2026-cı il də dərsliklərə məhz belə düşəcək: Pekin üçün səbrin istənilən silahdan daha qiymətli olduğu an kimi.