...

Avropa onilliklər boyu strateji muxtariyyət barədə təxminən sağlam həyat tərzi haqqında danışılan kimi danışırdı: hamı bunun faydalı olduğunu qəbul edirdi, amma çox az adam öyrəşdiyi həyat tərzini dəyişməyə hazır idi.

Amerika qırıcıları əlçatan idi. Amerika raketləri sınaqdan çıxmışdı. Amerika kəşfiyyatı işləyirdi. Amerika peykləri daha uzağı görürdü. Amerika logistikası orduları bir nöqtədən digərinə sürətlə daşımağa imkan verirdi. Amerikanın nüvə çəkindirməsi isə Avropa təhlükəsizliyinin sonuncu və ən qorxulu sualını bağlayırdı.

Vaşinqtonla ticarət, iqlim, Çin, Yaxın Şərq, rəqəmsal vergilər barədə mübahisə etmək olardı. Amma böhran anında hamı bir şeyi təbii qəbul edirdi: ABŞ onilliklər boyu olduğu yerdə, Avropanın arxasında dayanacaq.

İndi bu əminlik yoxa çıxır.

Qitədə səssiz müdafiə inqilabı başlayıb. Avropa İttifaqı sadəcə silah istehsalını artırmaq niyyətində deyil. Məqsəd qat-qat böyükdür: Avropa silah sistemlərini mümkün qədər Amerika texnologiyalarından təmizləmək, öz istehsal zəncirlərini, peyk sistemlərini, proqram təminatını, süni intellekt həllərini, raketlərini, pilotsuz aparatlarını, hava hücumundan müdafiə və yüksək dəqiqlikli zərbə vasitələrini yaratmaq. Sonra isə bütün bunları Vaşinqtonun siyasi icazəsi olmadan ixrac etmək, modernləşdirmək və tətbiq etmək imkanına sahib olmaq.

Bu prosesə eyni vaxtda bir neçə amil təkan verdi: Ukrayna məsələsində ABŞ-la fikir ayrılıqları, ticarət tarifləri, Amerikanın NATO-dakı iştirakını azaltmaqla bağlı siqnallar və Vaşinqtonun getdikcə daha açıq şəkildə Çinlə qarşıdurmaya köklənməsi.

Amma ən maraqlısı bundan sonra başlayır.

Avropa birdən başa düşdü ki, müstəqilliyi pulla almaq onu sıfırdan qurmaqdan xeyli asandır.

Vaşinqton təkcə silaha yox, ondan necə istifadə edəcəyinizə də nəzarət edir

Avropa muxtariyyətinin tərəfdarları üçün Amerika silahının əsas problemi artıq qiymət deyil.

Problemin adı ITAR-dır.

ABŞ-ın Silahların Beynəlxalq Ticarəti Qaydaları Amerika hərbi texnologiyalarını qorumaq üçün yaradılıb. Lakin Avropada ITAR-a getdikcə daha çox Vaşinqtonun ABŞ sərhədlərindən çox uzaqlarda siyasi və texnoloji nəzarəti əlində saxlamağa imkan verən mexanizm kimi baxırlar.

Ən həssas məsələlərdən biri sözdə "keçici nəzarət" prinsipidir.

Əgər hər hansı sistemin içində, hətta kiçik həcmdə belə, Amerika komponenti varsa, həmin sistemin üçüncü ölkəyə ixracı ABŞ-ın icazəsindən asılı vəziyyətə düşə bilər. Bəzi hallarda təkcə ixrac yox, modernləşdirmə və avadanlığın başqa yerə köçürülməsi də Vaşinqtonla razılaşdırılmalıdır.

Bu isə nəzəri problem deyil.

ABŞ vaxtilə Birləşmiş Ərəb Əmirlikləri üçün nəzərdə tutulan Fransanın Falcon Eye peyklərinin, eləcə də Misirə satılan Rafale qırıcıları üçün SCALP raketlərinin tədarükünü əngəlləyib.

Asılılığın başqa mexanizmi də var: Foreign Military Sales.

Bir dövlət F-35 və ya Patriot alanda sadəcə təyyarə və yaxud hava hücumundan müdafiə sistemi əldə etmir. Onun ardınca uzun bir asılılıq zənciri gəlir: texniki xidmət, proqram yeniləmələri, sursat, ehtiyat hissələri, lisenziyalar və Amerika bürokratiyasının inzibati prosedurları.

Başqa sözlə, silah alışı eyni zamanda siyasi münasibətə çevrilir.

Ayrı bir məsələ isə məlumatlardır.

ABŞ-da 2018-ci ildə qəbul edilmiş Cloud Act müəyyən şərtlər daxilində Amerika hakimiyyətinə ABŞ şirkətlərindən məlumat tələb etməyə imkan verir, hətta həmin məlumatların saxlandığı serverlər fiziki olaraq Amerika ərazisindən kənarda yerləşsə belə.

Müdafiə sektoru üçün belə bir asılılıq xüsusilə həssasdır.

F-35-in proqram təminatı, o cümlədən ODIN sistemi Amerikanın yeniləmə və texniki dəstək infrastrukturu ilə bağlıdır. Nəzəri baxımdan proqram təminatı və ehtiyat hissələrindən asılılıq o deməkdir ki, belə bir silahın istismarında müstəqillik adi avtomobil alıb ona tam sahib olmaq qədər sadə deyil.

Məhz buna görə Almaniya və digər Avropa ölkələri öz nəzarət modellərini qurmağa başlayır, ITAR məhdudiyyətlərinə düşən komponentlərə isə əvvəlkindən daha diqqətlə baxırlar.

Səbəb təkcə gələcək ixracın bloklana bilməsi deyil.

İcazə almaq üçün Avropa podratçıları Amerika tənzimləyicilərinə kifayət qədər detallı texniki məlumat təqdim etməlidirlər. Müdafiə şirkəti baxımından bu, xarici dövlətin məhsul, texnologiya və istehsal prosesləri barədə həssas informasiyaya potensial çıxışı deməkdir.

Berlin 400 Tomahawk sifariş etdi. Sonra məlum oldu ki, raketlər amerikalıların özünə lazımdır

Asılılığın daha bəsit, gündəlik tərəfi də var.

Bəzən Amerika Avropaya silah satmağı qadağan etmir.

Sadəcə həmin silah Amerikanın özünə daha çox lazım olur.

Tomahawk ətrafında yaranan vəziyyət bunun ən əyani nümunələrindən biridir. ABŞ-ın Yaxın Şərqdə intensiv şəkildə sursat sərf etməsindən sonra, ilkin hesablamalarda söhbət mindən çox vahiddən gedirdi, Almaniyanın sifariş etdiyi 400 raketin çatdırılmasının gecikməsi riski yarandı.

Danışıqlardan sonra Amerika tərəfi sifarişin icrasını avqustda bərpa edəcəyinə söz verdi.

Amma yaranmış vəziyyət Berlin üçün kifayət qədər xoşagəlməz siqnal idi.

Almaniya uzaq məsafədən çəkindirmə üçün mühüm alət əldə etməyə hazırlaşırdı. Sonra qəfil çox sadə reallıqla üzləşdi: Vaşinqtonun öz prioriteti meydana çıxan kimi Avropa sifarişi siyahının başında qalmır.

Eyni sinifdən olan Avropa alternativinin isə yalnız 2030-cu ilə hazır olacağı gözlənilir.

Müharibə, böhran və ya çəkindirmə zərurəti isə Avropa sənayesinin istehsal təqvimini gözləməyəcək.

Avropanın fundamental dilemması da məhz budur: on ildən sonra müstəqil olmaq üçün öz sənayesinə bu gün sərmayə qoymalıdır. Amma bu gün təhlükəsizliyini təmin etmək üçün yenə Amerika silahı almağa məcburdur.

ABŞ-dan hər təcili alış bu gün ordudakı boşluğu bağlayır, eyni zamanda sabah Avropa alternativinin yaradılması üçün iqtisadi imkanları daraldır.

58 faiz asılılıq: Avropa öz strateji zəifliyinə görə Amerikaya pul ödəyir

Problemin miqyası rəqəmlərdə daha aydın görünür.

NATO-nun Avropa üzvlərinin xaricdən etdiyi müdafiə alışlarının təxminən 58 faizi Amerika silahlarının payına düşür.

Başqa hesablamaya görə, Aİ xaricindən Avropaya daxil olan müdafiə idxalının təxminən 63 faizi ABŞ-ın payına düşür.

Amma hətta bu rəqəmlər də mənzərəni tam göstərmir.

Avropa İttifaqı ölkələri müvafiq müdafiə xərclərinin 78 faizə qədərini xarici təchizatçılara yönəldirlər. ABŞ-dan başqa bu pullar Cənubi Koreya, İsrail və Böyük Britaniya istehsalçılarına gedir.

Avropanın təcili silahlanması fonunda Aİ daxilində alışların payı təxminən 62 faizdən 44 faizə düşüb, bəzi pik dövrlərdə isə 22 faizə qədər enib.

Üstəlik, Avropada qalan pullar belə milli sərhədlərin içində ilişib qalır.

Dövlətlər daxili müqavilələrin 75-80 faizinə qədərini qonşu Aİ ölkələrinin şirkətlərinə deyil, öz milli istehsalçılarına verirlər.

Nəticədə ortaya paradoks çıxır.

Avropanın nəhəng sənaye, maliyyə və elmi bazası var. Amma qitə hələ də vahid silah bazarı kimi deyil, bir-biri ilə rəqabət aparan milli sistemlərin toplusu kimi fəaliyyət göstərir.

Brüssel bunu dəyişmək istəyir.

Məqsəd 2030-cu ilə qədər ittifaq daxilində müdafiə alışlarının payını ən azı 50 faizə çatdırmaqdır.

Avropa silahlarının üzərində yeni yazı: ITAR-free

Bir neçə il əvvəl "ITAR-free" işarəsi əsasən kommersiya üstünlüyü sayılırdı.

İndi isə bu, siyasi arqumentə çevrilir.

Məntiq sadədir: sistemdə Amerika komponenti yoxdursa, Vaşinqton onun ixracına və modernləşdirilməsinə qat-qat az təsir göstərə bilir.

Avropa Müdafiə Fondu və Aİ-nin silahlanma proqramları layihələrin qiymətləndirilməsində texnoloji muxtariyyəti artıq ayrıca meyar kimi nəzərə alır.

Almaniya G36 tüfənginin əvəzlənməsi üzrə tenderdə hazır məhsulda ITAR məhdudiyyətlərinə düşən komponentlərin olmamasını birbaşa şərt kimi irəli sürdü.

Danimarkanın Amerikanın Patriot sisteminin əvəzinə Avropanın SAMP/T hava hücumundan müdafiə sistemini seçməsi daha da əlamətdar hadisə oldu. Siyasi amillər sırasında ABŞ-ın ixrac nəzarəti ilə bağlı risklər və prezident Donald Trampın Qrenlandiya barədə bəyanatlarından sonra yaranmış gərginlik də göstərilirdi.

Fransanın MBDA şirkəti artıq MICA raketlərini Amerika komponentləri olmadan istehsal edir.

Litvanın Tactical Photonics şirkəti pilotsuz uçuş aparatları üçün çəkisi 2 kiloqramdan az olan ultrayüngül lazer hədəfgöstərici yaradıb. İlkin texniki müqayisələrdə bu qurğu təxminən 15 kiloqram çəkisi olan L3Harris Wescam sistemi ilə qarşılaşdırılır. Litva məhsulunun qiyməti təxminən iki dəfə aşağıdır və onun satışı üçün ABŞ Dövlət Departamentinin icazəsi tələb olunmur.

Eyni məntiq MBDA və Safran şirkətlərinin 2026-cı ilin aprelində nümayiş etdirdiyi uzaqmənzilli yerüstü THUNDART raket sistemində də özünü göstərir.

Raketin konstruksiyasını və mühərrik qurğusunu yoxlamaq məqsədi daşıyan ilk buraxılış aprelin 14-də həyata keçirilib.

Avropalılar həmin prinsipi Almaniya, Fransa, İtaliya və İspaniyanın birgə hazırladığı iri Eurodrone pilotsuz aparatına da tətbiq edirlər.

Avio Aero şirkətinin Catalyst mühərriki burada xüsusi əhəmiyyət daşıyır. O, əvvəldən ITAR məhdudiyyətlərindən yayınmaq prinsipi ilə layihələndirilib.

Finlandiyanın Agate Sensors şirkəti isə proqramla idarə olunan spektral çiplərin hazırlanmasına görə İsveçin müdafiə qurumundan müqavilə alıb. Avropa burada eyni anda iki asılılığı azaltmağa çalışır: həm ABŞ-dan, həm də qabaqcıl mikroelektronika və optik sensorlar sahəsində Tayvandan.

Aviasiyada isə başqa bir konfiqurasiya formalaşır.

Britaniyanın BAE Systems, İtaliyanın Leonardo və Yaponiyanın Mitsubishi şirkətlərini birləşdirən Edgewing birgə müəssisəsi 2035-ci ilə hesablanan yeni nəsil qırıcının hazırlanması üçün 6,14 milyard dollarlıq müqavilə əldə edib.

Maliyyələşdirmə ilk 18 ayı əhatə edir. Bu müddətdə Global Combat Air Programme layihəsinin konseptual qiymətləndirmə mərhələsi başa çatmalı, daha sonra detallı layihələndirməyə başlanmalıdır.

Bütün bunlar Fransa və Almaniyanın öz altıncı nəsil qırıcısını yaratmaq planında ciddi problemlərin fonunda baş verir. Əməkdaşlıq o qədər dərin ziddiyyətlərlə üzləşib ki, vahid layihənin ilkin konsepsiyası faktiki olaraq təhlükə altına düşüb.

Avropa 300 milyard avrodan çox xərcləyir. Bəs niyə silah yenə çatmır?

Avropanın müdafiə muxtariyyətinin əsas rəqibi Vaşinqtonda deyil.

O, Avropanın öz daxilindədir.

ABŞ faktiki olaraq vahid müdafiə bazarına malikdir.

Pentaqon mərkəzi sifarişçi kimi çıxış edir, standartları müəyyənləşdirir və istehsalı məhdud sayda platforma ətrafında cəmləşdirir.

Tank sənayesində M1 Abrams ailəsi bunun klassik nümunəsidir: M1A1, M1A2 və onların müxtəlif modifikasiyaları. İstehsal sistemi ABŞ-da qalan yeganə tank istehsalçısı ətrafında mərkəzləşdirilib.

Avropada isə model tam əksinədir.

Aİ 27 ayrı müdafiə bazarı, 27 büdcə sistemi, fərqli planlaşdırma dövrləri, ayrı-ayrı texniki tələblər və hökumətlərin iş yerləri, vergilər və texnoloji kompetensiyalar naminə qoruduğu milli istehsalçılardan ibarətdir.

Almaniya Leopard 2-yə, KNDS və Rheinmetall sənaye bazasına söykənir.

Fransa onilliklər ərzində Leclerc-i qoruyub saxlayıb.

Polşa və Şərqi Avropanın digər ölkələri isə paralel olaraq sovet mənşəli platformaların müxtəlif modifikasiyalarından istifadə etməkdə davam edirlər.

Vahid Avropa tankı yaratmaq cəhdi də yenə siyasət divarına çırpılır.

Perspektivdə Leopard və Leclerc-i əvəz etməli olan Main Ground Combat System, MGCS layihəsi Fransa və Almaniya şirkətləri arasındakı rəqabət, iş bölgüsü, texnologiyalar və intellektual mülkiyyət üzərində gedən mübahisələr səbəbindən ağır irəliləyir.

Fransada siyasi vəziyyət dəyişsə və Marin Le Penin "Milli Birlik" partiyası hakimiyyətə gəlsə, MGCS-in gələcəyi daha da qeyri-müəyyən ola bilər. Le Pen müdafiə suverenliyinin fövqəlmilli Avropa strukturlarına ötürülməsinə kifayət qədər sərt münasibət nümayiş etdirib.

Beləliklə, Avropanın özünəməxsus "butik kolleksiyası" yaranır.

Yaxşı silah çoxdur.

Milli istehsalçı çoxdur.

Model çoxdur.

Seriyalar kiçikdir.

Qiymətlər yüksəkdir.

Miqyas effekti isə zəifdir.

Aİ hər il müdafiəyə 300 milyard avrodan çox vəsait xərcləyir. Bu rəqəm Çinin xərcləri ilə müqayisə oluna bilər və yalnız ABŞ-dan geri qalır.

Amma Avropa müdafiə sənayesi ilə bağlı araşdırmalar son dərəcə xoşagəlməz nəticəyə gəlir: parçalanma səbəbindən Avropa hər xərclədiyi avroya görə vahid bazar şəraitində əldə edə biləcəyindən təxminən 30-40 faiz az müdafiə imkanına sahib olur.

Altı illik sifariş növbəsi və 2029-cu ilə gözlənilən müharibə

Avropa hökumətləri sabah hər məsələ üzrə razılığa gəlsələr belə, sənayeni bir gecədə bir neçə dəfə böyütmək mümkün deyil.

Rheinmetall, KNDS, BAE Systems və MBDA-nın sifariş portfelləri artıq təxminən altı il qabağı doldurub.

Bununla yanaşı, ixtisaslı kadr çatışmazlığı hiss olunur.

Enerji bahadır.

Kiçik və orta texnologiya şirkətləri çox vaxt yaxşı prototip hazırlaya bilir, amma sonradan kütləvi istehsala keçidi maliyyələşdirməkdə aciz qalırlar.

Maliyyə problemi də ayrıca baş ağrısıdır.

Avropada bir sıra perspektivli DeepTech şirkətlərinin miqyasını böyütmək üçün kifayət qədər vençur kapitalı yoxdur. Buna görə onlar Amerika investorlarına üz tutmağa məcbur qalırlar. Kapitalın ardınca isə strateji texnologiyalar üzərində nəzarətin tədricən itirilməsi riski yaranır.

Pensiya fondlarının və institusional investorların həddindən artıq konservativ yanaşması, üstəlik sərt tənzimləmə texnologiya hazırlayan şirkətlərin kapitala çıxışını məhdudlaşdırır.

Bütün bunlar Avropa ölkələrinin təxminən 2029-cu ilə qədər mümkün böyük hərbi böhrana hazır olmalı olduğu barədə proqnozların fonunda baş verir. Bu zaman üfüqü Almaniyanın müdafiə rəhbərliyinin açıqlamalarında və Avropa kəşfiyyat strukturlarının qiymətləndirmələrində açıq şəkildə səslənib.

Avropanın ənənəvi dövr üçün demək olar ki, vaxtı yoxdur: on il layihələndirmə, beş il sınaq, sonra isə tədricən seriyalı istehsal.

Avropa müdafiəsində on böyük boşluq və 500 milyard avroluq hesab

Ekspert qiymətləndirmələrində Avropanın strateji muxtariyyətinin şüar olaraq qalmaması üçün bağlanmalı on kritik sahə göstərilir.

Bunlar komanda və idarəetmə sistemləri, robotlaşdırılmış platformalar, uzaqmənzilli yerüstü yüksək dəqiqlikli zərbə vasitələri və altıncı nəsil aviasiya, çoxqatlı hava hücumundan müdafiə, peyk kəşfiyyatı və rabitəsi, kosmosa müstəqil çıxış, daimi hava kəşfiyyatı və ISR imkanları, hərbi bulud platformaları, proqram təminatı və süni intellekt, strateji hava logistikası və əməliyyat dəstəyi, radioelektron mübarizə və düşmənin hava hücumundan müdafiə sistemlərinin susdurulması vasitələridir.

Bu boşluqların növbəti on ildə bağlanmasının təxmini dəyəri 500 milyard avro hesablanır.

Amma pul problemin yalnız yarısını həll edir.

Digər yarısı parçalanmadan imtina etməkdir.

SAFE: Brüssel Avropanı Avropa silahı almağa necə məcbur etməyin yolunu tapdı

Yeni arxitektura Avropa Müdafiə Sənayesi Strategiyası, EDIS və EDIP proqramı ətrafında qurulur.

Əsas hədəf artıq müəyyən edilib: 2030-cu ilə qədər müdafiə alışlarının ən azı 50 faizi Aİ ölkələrinin məhsullarının payına düşməlidir.

Əsas maliyyə alətlərindən biri Security Action for Europe, SAFE proqramıdır.

150 milyard avro həcmində fond 2025-ci ilin mayında yaradılıb və dövlətlərə genişmiqyaslı silahlanma, eləcə də müdafiə istehsalının artırılması üçün uzunmüddətli güzəştli maliyyələşdirmə təqdim edir.

Amma qaydalara prinsipial məhdudiyyət də yerləşdirilib.

Müvafiq layihələrdə Aİ-yə daxil olmayan ölkələrdən gələn komponent və tədarüklərin payı 35 faizdən çox olmamalıdır.

Bu artıq strateji muxtariyyət haqqında deklarasiya deyil.

Bu, bazarı dəyişdirən konkret maliyyə mexanizmidir.

Yeni model də ortaya çıxır: capacity contracts, yəni istehsal gücü müqavilələri.

Dövlət faktiki olaraq müəssisəyə yalnız artıq istehsal edilmiş raket və mərmilərə görə pul ödəmir. Həm də istehsal xəttinin elə vəziyyətdə saxlanmasına pul verir ki, böhran baş verən kimi kütləvi buraxılış sürətlə artırıla bilsin.

Avropanın müdafiə iqtisadiyyatı "vaxtında istehsal" prinsipindən "ehtiyatda olsun" prinsipinə keçir.

Əvvəllər ReArm Europe adlanan Readiness 2030 təşəbbüsü 2030-cu ilə qədər əlavə təxminən 800 milyard avronun səfərbər edilməsini nəzərdə tutur.

Belə transformasiyanı yalnız dövlət büdcələri hesabına maliyyələşdirmək çətindir.

Buna görə ESG-yə münasibət də dəyişir.

Hələ bir neçə il əvvəl silah istehsalı bir çox investisiya fondu üçün arzuolunmaz aktiv hesab olunurdu.

İndi isə təhlükəsizlik getdikcə daha çox dayanıqlı inkişafın zəruri tərkib hissəsi kimi qəbul edilir.

Eyni zamanda avropalılar ikili təyinatlı texnologiyaların, süni intellektin, kvant hesablamalarının və robototexnikanın tətbiqini sürətləndirmək, illərlə davam edən ənənəvi sertifikatlaşdırma dövrlərini qısaltmaq istəyirlər.

Aİ ordusu yox, müxtəlif sürətlə hərəkət edən Avropa

Müdafiənin tam şəkildə Brüsseldə mərkəzləşdirilməsi hələlik siyasi baxımdan mümkün deyil.

Buna görə daha praqmatik model meydana çıxır.

NATO hərbi tələbləri və uyğunluq standartlarını müəyyənləşdirməkdə davam edir.

Avropa İttifaqı isə maliyyə və sənaye təşkilatçısına çevrilir: istehsal, infrastruktur, qoşunların hərəkətliliyi, enerji təhlükəsizliyi.

Konkret proqramlar isə "istəklilər koalisiyası" vasitəsilə həyata keçirilə bilər.

Məsələn, Fransa uzaqmənzilli zərbə istiqamətinə liderlik edə bilər.

Almaniya hava hücumundan müdafiənin inkişafını üzərinə götürə bilər.

Hər bir layihə üçün 27 dövlətin hamısının razılığını gözləmək məcburi deyil.

Readiness 2030 çərçivəsində bu prinsip artıq öz yerini tapır.

BeHorizon-un "iki sürətli Avropa" ilə bağlı araşdırmaları belə bir məntiqdən çıxış edir: yekdillik prinsipi effektivliyin düşməninə çevrilə bilər. Bir neçə dövlət milyardlarla avroluq müdafiə müqaviləsi barədə daha sürətli razılığa gələ, istehsala başlaya, daha sonra proqramı digər iştirakçılara aça bilər.

Əks halda Avropanın yenidən silahlanması nə Rusiyaya, nə də ABŞ-a uduzacaq.

Avropa öz bürokratik razılaşdırma prosedurlarına uduzacaq.

Avropanın Starlink-i, 100 alman peyki və 50 milyard avronu aşan kosmik hesab

Avropanın bu gün ən dərin asılılığı başının üstündədir.

GPS.

Starlink.

Amerikanın peyk kəşfiyyatı.

Kosmik infrastruktur olmadan müasir ordu faktiki olaraq kor qalır.

Məhz buna görə Aİ öz kosmik qalxanını qurmağa başlayır.

Mərkəzi layihələrdən biri dəyəri 10,6 milyard avrodan çox olan IRIS-dir. Sistem hökumət və hərbi strukturlar üçün qorunan rabitə yaratmaq məqsədi daşıyır.

Galileo sisteminə daha açıq hərbi funksiyalar verilməli və bunun üçün müvafiq akkreditasiya mexanizmi yaradılmalıdır.

Copernicus isə Avropanın Yer səthinin müşahidəsi sisteminin əsas sütunlarından biri kimi nəzərdən keçirilir.

Almaniya ayrıca təxminən 10 milyard avro yatıraraq aşağı Yer orbitində 100 peykdən ibarət SATCOM Stage 4 qruplaşmasını yaratmağı planlaşdırır. Bu sistemə tez-tez Almaniyanın hərbi Starlink analoqu deyilir.

Paralel olaraq təhdidlərin aşkarlanması və dəf edilməsi sistemləri də yaradılır.

Odin's Eye II raket buraxılışlarının erkən aşkarlanması üçün nəzərdə tutulub.

TWISTER isə raket təhdidlərinə qarşı mübarizədə kosmik müşahidə imkanlarından istifadə etməlidir.

Özəl sektor da bu sistemin içinə daxil olur. Digantara müstəqil kosmik monitorinq və kəşfiyyat infrastrukturu yaradır.

Amma müasir peyk şəbəkəsini sadəcə izləmək və qorumaq kifayət deyil.

Onu təmir etmək də lazımdır.

OrbitAID layihəsi peyklərin birbaşa orbitdə texniki xidmət və yanacaqla təmin edilməsi texnologiyalarını hazırlayır. Bu yanaşma onların istismar müddətini uzatmağa, lazım gəldikdə isə təhlükədən yayınmaq üçün orbitdə manevr etməyə imkan verə bilər.

Növbəti sual daha sərtdir: məhv edilmiş peykin əvəzini kosmosa nə ilə çıxaracaqsan?

Avropa Ariane 6-ya ümid edir, eyni zamanda kommersiya məqsədli mikro və kiçik daşıyıcı raketlər parkı yaratmaq istəyir.

Belə infrastrukturun genişmiqyaslı inkişafı 2028-2030-cu illərə planlaşdırılır.

Hindistanın Agnikul Cosmos şirkəti kimi innovativ operatorlarla əməkdaşlıq da nəzərdən keçirilir. Texnologiya Avropaya məxsus deyil, amma ən azı Amerika texnologiyası da deyil.

Avropanın kosmik qalxanına, rabitə, kəşfiyyat və əlaqəli infrastruktura on il ərzində yatıracağı ümumi investisiyanın 50 milyard avronu keçəcəyi hesablanır.

Ukrayna Avropanın hərbi sənaye kompleksini Brüsselin bütün direktivlərindən daha sürətli dəyişir

Avropanın müdafiə transformasiyasının ən gözlənilməz hissəsi nə Parisdədir, nə də Berlində.

O, Ukrayna cəbhəsindədir.

Aİ və Ukraynanın 2024-cü ilin iyununda qəbul etdiyi birgə təhlükəsizlik öhdəlikləri sənaye əməkdaşlığı üçün rəsmi baza yaratdı. Buraya intellektual mülkiyyətin qorunması və bir-birini tamamlayan istehsal zəncirlərinin qurulması da daxildir.

Ukrayna faktiki olaraq Aİ-yə üzv olmadan əvvəl Avropa müdafiə sənayesinin xüsusi tərəfdaşı statusunu qazanır.

Ukrayna hərbi sənaye kompleksinin inteqrasiyası həm Avropa müdafiəsinə dair Ağ Kitabda, həm də Avropa Müdafiə Sənayesi Strategiyasında ayrıca təsbit olunub.

Avropa Komissiyası yanında yaradılmış xüsusi Aİ-Ukrayna qrupu cəbhənin qısamüddətli ehtiyaclarını uzunmüddətli sənaye istehsalı proqramlarına çevirməlidir.

Səbəb sadədir.

Ukrayna Avropaya dinc dövrün müdafiə bürokratiyasının heç vaxt özbaşına öyrənə bilməyəcəyi bir həqiqəti göstərdi: müasir silah bəzən onilliklərə, hətta illərə yox, həftələrə köhnəlir.

Dron alqoritmi.

Rabitə tezlikləri.

Radioelektron mübarizə vasitəsi.

Proqram təminatı.

Hədəfə yönəlmə üsulu.

Düşmən uyğunlaşır və texnoloji üstünlük yox olur.

Deməli, proqram təminatını bir neçə ildən bir yeniləməyin mənası yoxdur.

Həftəlik yenilənmə dövrləri lazımdır.

Ukrayna Qərb texnologiyaları üçün real döyüş poliqonuna çevrilib. Burada prototipdən döyüş təcrübəsinə qədər olan proses bəzi hallarda bir neçə ildən bir neçə aya enir.

Xüsusilə Delta döyüş idarəetmə sistemi mühüm əhəmiyyət daşıyır. Bu platforma peyk məlumatlarını, pilotsuz aparatları, radarları və digər mənbələri vahid qorunan rəqəmsal mühitdə birləşdirir.

Onun arxitekturasına Avropada yeni C2, yəni komanda və idarəetmə standartlarının formalaşdırılmasında əsas orientirlərdən biri kimi baxılır.

Əsl inqilab isə dronlarda baş verdi.

Ukrayna ayda 200 minə qədər FPV pilotsuz uçuş aparatı istehsal edir.

Avropalılar artıq minlərlə dron barədə yox, ildə milyonlarla pilotsuz aparat və sursat buraxa biləcək istehsal güclərinin yaradılması barədə düşünürlər.

Almaniyanın Quantum Systems şirkəti və Niderland istehsalçıları birbaşa Ukrayna ərazisində istehsal qurur və ya Ukrayna şirkətləri ilə sıx kooperasiya sxemləri yaradırlar.

Çexiyanın Czechoslovak Group şirkəti 155 millimetrlik sursat üçün partladıcılar və yüklər istehsal edir, yekun yığım isə Ukraynada həyata keçirilir.

Bir qədər arxa planda qalan, amma son dərəcə mühüm başqa cəbhə də var: batareyalar.

Ukrayna müəssisələri Çin elementlərini Cənubi Koreyanın Samsung şirkətinin litium hüceyrələri ilə əvəz etməyə və dronlar, radioelektron mübarizə sistemləri və səngərlərdə enerji təchizatı üçün 6S2P daxil olmaqla müxtəlif konfiqurasiyalarda batareya blokları yığmağa başlayıblar.

Əvvəllər bu komponentlər bazarının 90 faizə qədərini Çin təmin edirdi.

Pekin pilotsuz uçuş aparatları üçün komponentlərin ixracına sərt məhdudiyyətlər tətbiq etdikdən sonra bu asılılıq birbaşa zəif nöqtəyə çevrildi.

Beləliklə, Ukrayna təcrübəsi gözlənilmədən Avropanın təkcə ABŞ-dan deyil, Çindən də asılılığı azaltmaq strategiyası ilə üst-üstə düşdü.

Bəlkə sadəcə Trampın getməsini gözləmək kifayətdir? Xeyr

Bu, Avropa siyasətinin ən təhlükəli illüziyalarından biridir.

Belə düşünmək olar ki, indiki gərginlik əsasən ABŞ prezidenti Donald Trampla bağlıdır və administrasiya dəyişəndən sonra transatlantik münasibətlər əvvəlki modelə qayıdacaq.

Amma Avropa strateqləri getdikcə daha çox hesab edir ki, bu yanaşma səhvdir.

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas problemi mümkün qədər açıq ifadə edib: Avropa artıq ABŞ xarici siyasətinin əsas ağırlıq mərkəzi deyil və bu dəyişiklik müvəqqəti yox, struktur xarakter daşıyır.

Vaşinqtonun baxışları Hind-Sakit okean regionuna yönəlib.

ABŞ-ın əsas uzunmüddətli rəqibi Çindir.

Amerikanın hərbi planlaşdırmasında Sakit okean, yüksək texnologiyalı müharibə, kosmos, sualtı qüvvələr, uzaqmənzilli raketlər, pilotsuz sistemlər və süni intellekt getdikcə daha böyük əhəmiyyət daşıyır.

Hətta rekord müdafiə büdcələri belə köhnə qlobal hərbi arxitekturanın sonsuza qədər maliyyələşdiriləcəyinə zəmanət vermir.

ABŞ təxminən 80 ölkədə 750-yə yaxın hərbi baza və obyekt şəbəkəsini saxlayır.

Bu qlobal infrastrukturun saxlanmasının təxmini illik xərci 55-80 milyard dollar arasında qiymətləndirilir.

Büdcə kəsiri və rekord dövlət borcu fonunda belə xərclərə təzyiq yalnız artacaq.

Ona görə də Vaşinqtonun avropalılardan öz təhlükəsizliklərinə daha böyük töhfə vermək tələbi konkret prezidentin getməsi ilə yox olmayacaq.

F-35 bu gün alınır. Asılılıq 2080-ci illərə qədər qala bilər

Köhnə sistemə sadəcə geri qayıtmağın mümkün olmamasının başqa səbəbi də var.

Müasir silah sistemləri onilliklərlə yaşayır.

Bu gün alınan F-35 uzun istismar müddəti ərzində modernləşdiriləcək, proqram yeniləmələri alacaq, yeni sursat və ehtiyat hissələri tələb edəcək.

Bəzi hesablamalara görə, bu infrastruktur asılılığı hətta 2080-ci illərə qədər davam edə bilər.

Bu artıq adi ixrac müqaviləsi deyil.

Bu, yarım əsrlik texnoloji nikahdır.

Və təsəvvür etmək çətindir ki, hər hansı Amerika administrasiyası NATO-nun Avropa üzvlərinin xarici müdafiə alışlarının 58 faizindən çoxunu təmin edən təchizatçı statusunun verdiyi siyasi üstünlükdən könüllü şəkildə imtina etsin.

Hərbi asılılıq demək olar ki, qaçılmaz olaraq həm ticarət, həm də diplomatik mübahisələrdə danışıqlar alətinə çevrilir.

Amma Polşa Amerika ilə vidalaşmaq istəmir

Avropa layihəsinin parçalandığı əsas yer də məhz buradır.

Fransa strateji muxtariyyət ideyasının əsas ideoloji mərkəzlərindən biri olaraq qalır.

Prezident Emmanuel Makron ardıcıl şəkildə Avropanın müdafiə müstəqilliyi ideyasını irəli aparır.

Amma hətta Fransanın hərbi isteblişmenti belə Avropa Komissiyasının milli hərbi ehtiyacları müəyyənləşdirmək cəhdlərinə müqavimət göstərir. Parisdə bu sahəyə dövlət suverenliyinin ayrılmaz hissəsi kimi baxılır.

Almaniya daha ehtiyatlı mövqe tutur.

Kansler Fridrix Mertsin dövründə Berlin daha sərt xarici siyasət realizminə keçib, amma NATO yenə də Almaniya təhlükəsizliyinin təməli olaraq qalır.

Almaniya eyni vaxtda həm Avropa hərbi sənayesini gücləndirmək, həm də Amerikanın təhlükəsizlik çətirini qoruyub saxlamaq istəyir.

Bu məntiq Polşa, Baltikyanı ölkələr, Rumıniya və Çexiyada daha da güclüdür.

Bu ölkələr üçün Rusiya abstrakt strateji problem deyil, birbaşa təhlükədir.

ABŞ isə strateji aviasiya, kəşfiyyat, hava hücumundan müdafiə sistemləri, raket silahları, nüvə çəkindirməsi və iri quru qüvvələrini operativ şəkildə təmin edə bilən yeganə müttəfiq kimi qəbul olunur.

Polşa bunun ən parlaq nümunəsidir.

Varşava Abrams, HIMARS və F-35 alır, paralel şəkildə Cənubi Koreyadan da böyük həcmdə silah tədarük edir.

Polşa yanaşması son dərəcə praqmatikdir: silah bu gün lazımdırsa, Fransa ilə Almaniyanın intellektual mülkiyyətin bölüşdürülməsi barədə on il mübahisə etməsini Varşava gözləmək fikrində deyil.

Buna görə prezident Trampın siyasəti Avropaya eyni vaxtda əks istiqamətlərdə təsir göstərir.

Qərbi Avropanı ABŞ-dan daha çox muxtariyyətə doğru itələyir.

Şərqi Avropanı isə Vaşinqtonla daha da sıx hərbi bağlılığa sövq edir.

Amerikanın Avropadan çəkilməsi barədə söhbətlər nə qədər güclənirsə, bəzi dövlətlər ABŞ-ın bu addımını Vaşinqtonun özü üçün siyasi və iqtisadi baxımdan daha az cəlbedici etmək məqsədilə bir o qədər çox Amerika silahı almağa hazır olurlar.

Avropa müharibə qorxusunu yeni sənaye inqilabına çevirmək istəyir

Tank və raket müzakirələrinin kölgəsində qalan başqa mühüm məqam da var.

Brüsseldə müdafiə muxtariyyətinə təkcə hərbi layihə kimi baxılmır.

Bu, həm də reindustrializasiya layihəsidir.

On il ərzində nəzərdə tutulan 500 milyard avroluq investisiya həmin dövr üçün Aİ-nin proqnozlaşdırılan ümumi ÜDM-nin təxminən 0,25 faizinə bərabərdir.

İlk baxışda bu, sadəcə xərcdir.

Amma müdafiə texnologiyası demək olar ki, heç vaxt yalnız hərbi sahədə qalmır.

Mistral AI və Helsing kimi şirkətlərin inkişaf etdirdiyi suveren süni intellekt, kvant sensorları, yeni materiallar, peyk rabitəsi, robototexnika və Ariane 6 daşıyıcı raketləri nəhəng mülki potensiala malikdir.

Avropa ümid edir ki, müdafiə sifarişləri DeepTech şirkətləri üçün zəmanətli bazar yaradacaq, onların Aİ daxilində miqyasını böyütməsinə imkan verəcək, daha sonra isə Amerika ITAR məhdudiyyətləri olmadan qlobal bazarda rəqabət aparmasına şərait yaradacaq.

Kosmos istiqaməti bu baxımdan xüsusilə əlamətdardır.

2025-ci ildə SpaceX 170 buraxılış həyata keçirdi.

Avropa üçün bu rəqəm uçurumun nə qədər böyük olduğunu göstərən acı xatırlatmadır.

Məhz buna görə Ariane 6 ilə yanaşı mikro və orta sinif daşıyıcı raketlər də inkişaf etdirilir.

Paralel olaraq sursat istehsalı üçün modul mikrozavod konsepsiyaları ortaya çıxır. Niderlandın TNO təşkilatının üzərində işlədiyi həllər də buna daxildir.

Məntiq çox sadədir: Avropa zərbə üçün asan hədəfə çevrilə bilən və mürəkkəb beynəlxalq təchizat zəncirlərindən asılı olan bir neçə nəhəng zavodun əvəzinə daha səpələnmiş, çevik və dayanıqlı sənaye infrastrukturu qurmaq istəyir.

Bu alınsa, hərbi yenidən silahlanma Avropanın son bir neçə onillikdə gördüyü ən böyük sənaye layihəsinə çevrilə bilər.

Avropanın əsas rəqibi Amerika deyil. Avropanın özüdür

Avropa İttifaqının kapitalı var.

Universitetləri var.

Aerokosmik sənayesi var.

Avtomobil və maşınqayırma istehsalı var.

Airbus, MBDA, Rheinmetall, Leonardo, BAE Systems, KNDS, Safran və onlarla yeni nəsil texnologiya şirkəti var.

Kosmik sistemləri var.

Öz naviqasiya sistemi var.

Nəhəng bazarı var.

Müasir müharibənin Ukrayna təcrübəsi var.

Problemin siyasi səviyyədə dərk edilməsi də var.

Qiymətləndirmələrə görə, əsas platformalarda, sursatlarda və proqram təminatı ilə müəyyənləşdirilən sistemlərdə texnoloji suverenliyə təxminən beş-yeddi il ərzində nail olmaq potensial olaraq mümkündür.

Amma elə bir komponent var ki, onu zavodda istehsal etmək mümkün deyil.

Siyasi iradə.

Avropa öz raket mühərrikini yarada bilər.

Fransa ilə Almaniyanı əsas müqavilənin kimə veriləcəyi barədə razılaşdırmaq qat-qat çətindir.

Möhtəşəm tank yaratmaq olar.

Amma hər dövlət öz xüsusi versiyasını tələb edirsə, miqyas effekti əldə etmək mümkün deyil.

SAFE vasitəsilə 150 milyard avro yatırmaq, Readiness 2030 çərçivəsində 800 milyard avroya qədər vəsait səfərbər etmək, on il ərzində texnoloji boşluqların bağlanmasına 500 milyard, kosmik muxtariyyətə isə 50 milyard avrodan çox pul xərcləmək olar.

Amma heç bir məbləğ 27 dövlətin bir-birini bloklaya bildiyi sistemi kompensasiya edə bilməz.

Məhz buna görə Avropanın indiki müdafiə dönüşü növbəti silahlanma dalğasından qat-qat dərin prosesdir.

Söhbət Avropa modelinin özünün sınağından gedir.

Aİ onilliklər boyu sübut etdi ki, dövlətlər vahid bazar naminə iqtisadi suverenliyin bir hissəsindən imtina edə bilərlər.

Sonra vahid valyuta yarandı.

Daha sonra ortaq tənzimləyici institutlar formalaşdı.

İndi isə ən çətin sual ortaya çıxır: avropalılar dövlətlərin hər zaman ən qısqanclıqla qoruduğu sahəni qismən birləşdirə biləcəklərmi?

Söhbət müharibə aparmaq və öz təhlükəsizliyini təmin etmək qabiliyyətindən gedir.

Bu sualın cavabı Rheinmetall, MBDA və ya Lockheed Martin müqavilələrinin taleyindən qat-qat böyük məsələləri müəyyənləşdirəcək.

Layihə uğur qazansa, Avropa Soyuq müharibənin başa çatmasından sonra ilk dəfə Amerikanın strateji çətiri altında olan ərazidən müstəqil hərbi-texnoloji güc mərkəzinə çevrilə bilər.

Uğursuzluq baş versə, yüz milyardlarla avro Avropaya daha çox tank, daha çox raket, daha çox dron və daha çox peyk verəcək.

Amma bu, avtomatik olaraq daha çox strateji azadlıq demək olmayacaq.

Çünki təkcə silaha sahib olmaq dövləti suveren etmir.

Suverenlik o yerdə başlayır ki, kənardakı heç kim sizin həmin silahı istehsal edib-etməyəcəyinizə, modernləşdirib-etməyəcəyinizə, ixrac edib-etməyəcəyinizə, buraxıb-buraxmayacağınıza, yeniləyib-yeniləməyəcəyinizə və ya tətbiq edib-etməyəcəyinizə qərar vermir.

Avropa indi məhz bu hüquq üçün yüz milyardlarla avro ödəməyə hazırlaşır.