Tehran artıq gur partlayışların, televiziya effektinin daha böyük olduğu yerlərə zərbə endirmir. O, indi daha soyuqqanlı davranır: Fars körfəzində Amerikanın təhlükəsizlik sistemində zəif halqaları axtarır və təzyiqi məhz ora yönəldir. Bəhreyn və Küveyt İran üçün təsadüfi hədəflər deyil, Vaşinqtona qarşı böyük oyunda rahat alətə çevrilib. Onlara endirilən zərbə gücü nümayiş etdirmək, bazarlara qorxu salmaq, Amerikanın təhlükəsizlik təminatlarına inamı sarsıtmaq və ABŞ müttəfiqlərini əsəbi vəziyyətdə saxlamaq üçün kifayət qədər ağrılıdır. Amma eyni zamanda bu zərbə hələ o qədər böyük deyil ki, avtomatik şəkildə genişmiqyaslı müharibəni işə salsın.
Tehranın yeni məntiqi də elə bundan ibarətdir: regionu bir zərbə ilə dağıtmaq yox, onu addım-addım silkələmək, Körfəzin hər paytaxtını öz-özünə bu sualı verməyə məcbur etmək: raketlər sabah mənim üzərimə uçanda amerikalılar köməyə gələcəkmi?
Fars körfəzində müharibə ən təhlükəli mərhələyə minlərlə raket və dron regionun üzərindən uçanda daxil olmadı. Ən narahatedici mərhələ daha sonra, aprelin 8-də atəşkəs elan ediləndən sonra başladı. Formal olaraq pauza yaranmalı idi, amma reallıqda İran taktikasını dəyişdi. Ən gözəgəlimli iqtisadi mərkəzlərə zərbələr əvəzinə, ABŞ üçün kifayət qədər mühüm, lakin siyasi baxımdan elə də qorunmayan oyunçulara sistemli təzyiq başladı. Məqsəd o idi ki, onlara hücum avtomatik şəkildə dağıdıcı cavab doğurmasın.
Məhz buna görə Bəhreyn və Küveyt İranın yeni strategiyasının mərkəzinə düşdü. Çünki onlar Səudiyyə Ərəbistanından, Birləşmiş Ərəb Əmirliklərindən və ya Qətərdən güclü deyillər. Əksinə. Onlar rahat hədəfə ona görə çevrildilər ki, təhlükəli ara zonada yerləşirlər: Amerikanın hərbi arxitekturası üçün kifayət qədər vacibdirlər ki, onlara zərbə boş jest sayılmasın, amma eyni zamanda o qədər kiçikdirlər ki, Vaşinqton hər dəfə İranla tammiqyaslı müharibə riskinə getsin.
Hazırkı İran oyununun mahiyyəti budur: ağrı vermək, amma dozanı aşmamaq; güc göstərmək, amma ABŞ-ı tərəddüdsüz cavab verməyə məcbur edəcək həddi keçməmək; Amerikanın təhlükəsizlik təminatlarına inamı dağıtmaq, amma rəqibə böyük kampaniya üçün rahat bəhanə verməmək. Tehran artıq sadəcə obyektlərə hücum etmir. O, Fars körfəzinin təhlükəsizlik məntiqinin özünü hədəfə alır.
Kiçik monarxiyalar böyük zərbənin altında
Fevralın sonunda ABŞ və İsrailin İrana zərbələrindən sonra Körfəz Əməkdaşlıq Şurasına daxil olan ərəb dövlətləri başlamadıqları və istəmədikləri bir müharibənin ön xəttinə çıxdılar. Aprelin 8-də elan olunan formal atəşkəs və ardınca imzalanan anlaşma memorandumu regionu sabitləşdirmədi. Əksinə, yeni boz zona yaratdı: müharibə guya bitmişdi, amma hücumlar davam edirdi; diplomatiya sanki işə düşmüşdü, amma raketlər və dronlar hələ də danışıqların aləti olaraq qalırdı.
Atəşkəsə qədər İran zərbələrinin məntiqi daha birbaşa idi. Tehran maksimum iqtisadi xaos yaratmağa, qlobal enerji və ticarət zəncirlərini vurmağa, xarici oyunçuları deeskalasiya tələb etməyə məcbur etməyə çalışırdı. Buna görə də təqdim olunan məlumatlara əsasən, fevral-iyun ayları arasında İranın Körfəz ölkələrinə atdığı 7 mindən çox raket və dronun təxminən yarısı BƏƏ-nin payına düşmüşdü. Bu, regionun ən bağlı, ən qloballaşmış kommersiya mərkəzinə zərbə idi.
Apreldən sonra vəzifə dəyişdi. İrana artıq nəyin bahasına olursa-olsun bütün Körfəzin iqtisadi ritmini pozmaq lazım deyildi. Ona sübut etmək lazım idi ki, sınmayıb, atəşkəs kapitulyasiya deyil, hərbi resursu qalır və danışıqlardakı mövqeyini güclə dəstəkləyə bilər. Bu məqsəd üçün BƏƏ həddindən artıq böyük hədəf idi: ona yeni kütləvi zərbə daha sərt beynəlxalq reaksiya doğura bilərdi. Səudiyyə Ərəbistanı isə daha riskli istiqamət idi. Qətər və Oman uzun müddət Tehran üçün əlavə diplomatik dəyər daşıyırdı. Bəhreyn və Küveyt isə selektiv təzyiq üçün demək olar, ideal obyektlərə çevrildi.
Hər iki dövlət ərazi və əhali baxımından kiçikdir. Hər ikisi Hörmüz boğazından və dəniz kommunikasiyalarından asılıdır. Hər ikisi daha güclü qonşuların arasında yerləşir və zəifliyini daim xarici təminatlarla kompensasiya etməyə məcburdur. Küveyt artıq 1990-cı ilin fəlakətini yaşayıb: İraq işğalı göstərdi ki, effektiv xarici çətiri olmayan kiçik neft dövləti bir neçə günə müstəqil subyekt kimi məhv edilə bilər. Bəhreynin riski başqa cürdür, amma heç də az kəskin deyil: ölkənin böyük şiə əhalisi ilə bağlı daxili konfessional həssaslığı və İranın bu amildən Manamaya təzyiq üçün istifadə etməyə çalışması barədə daimi ittihamlar.
İran bu həssaslığı yaxşı anlayır. Tehranın hesablamalarında Bəhreyn və Küveyt sadəcə xəritədə nöqtələr deyil. Onlar Amerikanın etibarlılığını ölçən siyasi sensorlardır. Vaşinqton onlara zərbələrdən sonra susursa, bütün region nəticə çıxarır: Amerikanın təminatları seçmə xarakter daşımağa başlayıb. Vaşinqton cavab verirsə, Tehran göstərmək imkanı qazanır ki, ABŞ yenə qaçmağa çalışdığı müharibəyə çəkilir.
Bəhreyn sərt xətt seçdi. Küveyt ehtiyatlı davrandı. Heç biri xilas olmadı
Hazırkı böhranın əsas paradoksu ondadır ki, Bəhreyn və Küveyt İranla bağlı demək olar, əks siyasət yürüdürdülər, amma sonda eyni zəifliklə üz-üzə qaldılar.
Bəhreyn həmişə Tehrana münasibətdə ərəb siyasətinin sərt cinahında olub. O, 2020-ci ildə İbrahim sazişlərinə qoşuldu, İsraillə yaxınlaşdı və müharibəyə qədər Körfəzdə Tehranda səfirliyi olmayan yeganə dövlət olaraq qalırdı. 2023-cü ilin dekabrında Bəhreyn “Prosperity Guardian” əməliyyatına açıq şəkildə qoşulan yeganə ərəb ölkəsi oldu. Bu, Qırmızı dənizdə husilərin hücumlarına qarşı Qərb təşəbbüsü idi. İran üçün bu, Manamanı çoxdan sadəcə Amerika tərəfdaşı yox, Tehranın özünə qarşı yönəlmiş hesab etdiyi arxitekturanın bir parçasına çevirmişdi.
Küveyt isə əksinə, ənənəvi olaraq daha ehtiyatlı davranırdı. O, İranla kanalları açıq saxlamağa, praqmatik siyasi və iqtisadi əlaqələri inkişaf etdirməyə, İsraillə nümayişkaranə yaxınlaşmadan qaçmağa çalışırdı. Üstəlik, əvvəlki Küveyt parlamenti israillilərlə hətta dolayısı təması da kriminallaşdıran qanunlar qəbul etmişdi. May ayında Tramp administrasiyasının Hörmüz boğazını açmaq üçün uğursuz “Project Freedom” əməliyyatına start verməsindən sonra Küveyt hətta müvəqqəti olaraq öz hava məkanını ABŞ üçün bağlamışdı.
Məntiq aydın idi: Bəhreyn təhlükəsizliyi Vaşinqtona və onun regional tərəfdaşlarına sərt bağlanmaqda axtarırdı; Küveyt isə ehtiyatlılıqda, balansda və Tehranı qıcıqlandıran amilləri azaltmaqda. Amma İran zərbələri hər iki strategiyanın limitini göstərdi. Sərt xətt Bəhreyni xilas etmədi. Ehtiyatlılıq Küveyti qorumadı.
Bu, bütün Körfəz üçün prinsipial dərsdir. İran mötədilliyi avtomatik mükafatlandırmır və yalnız konfrontasiyanı cəzalandırmır. O, hədəfləri mənəvi şkala və ya diplomatik etiket əsasında seçmir. Tehran o nöqtələri seçir ki, zərbə maksimum siyasi effekt versin, amma böyük bədəlin riski minimum qalsın.
Bəhreyn və Küveyt öz səhvlərinə görə yox, regional düzənin sistemli zəifliyinə görə belə nöqtələrə çevrildilər. Onların heç biri İranı təkbaşına çəkindirmək gücündə deyil. Amma Amerikanın regiondakı mövcudluğunun və Körfəz Əməkdaşlıq Şurasının mənası da elə bundan ibarətdir: kiçik dövlətlər böyük regional güclə təkbətək qalmasın. Əgər onlar yenə də tək qalırsa, deməli, problem nə Manamadadır, nə də Əl-Küveytdə. Problem təhlükəsizlik konstruksiyasının özündədir.
Amerika çətiri su buraxdı
Bəhreyn və Küveyt üçün Amerikanın təhlükəsizlik təminatları abstrakt diplomatik formul deyil. Hər iki ölkə ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi statusuna malikdir. Bəhreyn 2023-cü ildə ABŞ-la “Comprehensive Security Integration and Prosperity Agreement” imzaladı. Bu sənəd fərdi qaydada biçilmiş təhlükəsizlik paktını xatırladır. Amerikanın regiondakı hərbi-dəniz mövcudluğunun ən mühüm elementlərindən biri Bəhreyn ərazisində yerləşir. Küveyt isə 1991-ci il müharibəsindən və İraqdakı sonrakı kampaniyalardan bəri ABŞ hərbi logistikasının əsas qovşaqlarından biri olaraq qalır.
Buna görə də atəşkəsdən sonra təkrarlanan İran hücumlarına ABŞ-ın sərt reaksiya verməməsi texniki ləngimə yox, siyasi siqnal oldu. Vaşinqton zərbələri ritorik olaraq pisləyirdi, amma uzun müddət Tehranın hesablamalarını dəyişə biləcək addımlara keçmirdi. Müttəfiqlər üçün ən pis variant budur: təminatlar kağız üzərində var, bazalar fiziki olaraq mövcuddur, sazişlər imzalanıb, amma rəqib sistemi yoxlamağa davam edir və dərhal cəza almır.
ABŞ prezidenti Trampın administrasiyası öz strategiyasının tələsinə düşdü. Bir tərəfdən, Vaşinqton İranın müttəfiqlərə cəzasız zərbə endirməsinə imkan verə bilməz, çünki bu, Amerikanın nüfuzunu təkcə Körfəzdə yox, Şərqi Asiyadan Avropaya qədər başqa regionlarda da dağıdır. Digər tərəfdən, ABŞ-ın hər hərbi cavabı yeni böyük müharibə riskini artırır. Körfəz dövlətləri isə məhz belə müharibədən qaçmağa çalışırlar, çünki onun iqtisadi və infrastruktur bədəlini ilk növbədə onlar ödəyəcəklər.
İran da məhz bunun üzərində oynayır. O, stavkanı tədricən qaldırır. İyulun ortalarında gecikmiş Amerika cavabından sonra Tehran hücumları təkcə Bəhreyn və Küveytə yox, Qətərə, Omana və İordaniyaya qarşı da gücləndirdi. Bu, eyni selektiv məcburetmə strategiyasıdır, sadəcə eskalasiyanın daha yuxarı pilləsində. İran təzyiq coğrafiyasını genişləndirir, amma bunu elə edir ki, Vaşinqtonun hər dəfə çox sərt cavab verməmək üçün bəhanəsi qalsın.
Əslində, münaqişənin tempini Tehran diktə edir. Növbəti zərbənin harada olacağını, ABŞ-ın hansı müttəfiqinin təzyiq altında qalacağını, tammiqyaslı kampaniyanı təhrik etmədən nə qədər uzağa getməyin mümkün olduğunu o müəyyənləşdirir. Supergüc üçün bu, son dərəcə narahat mövqedir: formal olaraq ABŞ daha güclüdür, amma operativ təşəbbüs rəqibin əlindədir.
Hörmüz müharibənin kassasına çevriləndə
Bu fonda Amerikanın Hörmüz boğazı ilə bağlı siyasətindəki metamorfoz xüsusilə diqqət çəkir. ABŞ prezidenti Tramp əvvəlcə boğazdan keçən bütün kommersiya gəmilərinə ağır rüsum tətbiq etmək niyyətini açıqladı. Söhbət faktiki olaraq Amerika müdafiəsi üçün 20 faizlik ödənişdən gedirdi. Sonra isə Körfəz ölkələrinin liderləri, beynəlxalq təşkilatlar və gəmiçilik şirkətlərinin təzyiqi ilə bu ideyadan bir sutkadan da az vaxtda geri çəkildi.
İdeyanın özü partlayıcı idi. Vaşinqton aylarla müharibənin davamını bununla izah edirdi ki, İran Hörmüzə nəzarət etmək, keçid üçün haqq tələb etmək və boğazı dünya iqtisadiyyatına şantaj alətinə çevirmək istəyir. Bundan sonra Amerika prezidenti faktiki olaraq eyni məntiqin öz versiyasını təklif etdi: əgər təhlükəsizliyi ABŞ təmin edirsə, varlı ölkələr pul ödəməlidir.
Hesablamalara görə, 20 faizlik rüsum gündə təxminən 240 milyon dollar gətirə bilərdi. Ağ Ev üçün bu, sövdələşmə kimi görünürdü: pul qarşılığında təhlükəsizlik, hərbi güc pullu xidmət kimi, boğaz isə geosiyasi gömrük məntəqəsi kimi. Körfəz dövlətləri üçün isə mənzərə başqa cür idi: Vaşinqton onların onsuz da onilliklərdir siyasi, investisiya, enerji və hərbi müqavilələr vasitəsilə haqqını ödədiyi təhlükəsizlik sistemini kommersiyalaşdırmağa başlayırdı.
Trampın geri dönüşü sürətli oldu. O bildirdi ki, 20 faizlik “United States Reimbursement Fee” ticarət və investisiya sazişləri ilə əvəzlənəcək, Körfəz ölkələri bu sazişləri ABŞ-la bağlayacaqlar. Başqa sözlə, rüsum yoxa çıxdı, amma məntiq qaldı: Amerikanın müdafiəsi tərəfdaşların iqtisadi öhdəliklərinə çevrilməlidir.
Bu yanaşma müttəfiqlərin şübhələrini artırır. Əvvəllər Amerikanın Körfəzdəki mövcudluğu strateji zərurət kimi təqdim olunurdu: enerji axınlarının qorunması, İranın çəkindirilməsi, dünya iqtisadiyyatının dayanıqlığı, müttəfiqlərin təhlükəsizliyi. İndi isə bu mövcudluq getdikcə daha çox bazarlıq predmetinə bənzəyir. Bu, ABŞ-ın getməsi demək deyil. Əksinə, ABŞ Mərkəzi Komandanlığı Tehranın boğazda gəmilərə hücum imkanları ilə bağlı İran obyektlərinə yeni zərbələr raunduna başladı. İranın blokadası bərpa edildi. Amma Amerikanın xəttindəki gözlənilməzlik özü ayrıca risk faktoruna çevrildi.
İran üçün bu, hədiyyədir. Tehran qonşularına deyə bilər: ABŞ sizi müttəfiq kimi qorumur, sizə hesab çıxarır. Öz əhalisinə deyə bilər: Vaşinqton neftə və dəniz yollarına nəzarət etmək istəyir. Beynəlxalq oyunçulara deyə bilər: Hörmüz böhranının səbəbi təkcə İran deyil, həm də Amerikanın güc siyasətidir.
Qorxu iqtisadiyyatı: raketlər kredit reytinqini vuranda
Bəhreyn və Küveytə zərbələrin təkcə hərbi ölçüsü yoxdur. Onların real hədəfi etimad iqtisadiyyatıdır. Neft monarxiyaları yalnız xammal ehtiyatları ilə yaşamırlar. Onlar etibarlılıq reputasiyası ilə yaşayırlar: sabit ixrac, qorunan limanlar, işlək aeroportlar, proqnozlaşdırıla bilən sığorta tarifləri, kredit reytinqləri, investisiya planları, nəqliyyat dəhlizləri.
Dron aeroporta zərbə endirəndə və ya raket neft terminalını təhdid edəndə zərər dağıdılmış obyektlə bitmir. Sığorta bahalaşmağa başlayır. Gəmi sahibləri marşrutları yenidən hesablayır. İnvestorlar risk üçün əlavə mükafat tələb edirlər. Reytinq agentlikləri təkcə büdcə göstəricilərinə yox, dövlətin iqtisadi fasiləsizliyi təmin etmək qabiliyyətinə də baxırlar. Məhz buna görə Bəhreyn və Küveytə məhdud, amma ağrılı zərbələr endirmək mümkündür.
Apreldə Moody’s Bəhreynin reytinq proqnozunu sabitdən neqativə endirdi. Həmin ay təqdim olunan məlumatlara görə, Küveyt 1990-cı il müharibəsindən bəri ilk dəfə sıfır neft ixracı vəziyyəti ilə üzləşdi. Belə epizodlar qısamüddətli olsa belə, siyasi effekti nəhəngdir. Neft dövləti üçün sıfır ixrac sadəcə iqtisadi göstərici deyil. Bu, dövlətin enerji, gəlir və sabitlik təchizatçısı kimi baza funksiyasına zərbədir.
İranın Küveyt və ya Bəhreyn iqtisadiyyatını dağıtmasına ehtiyac yoxdur. Ona kifayətdir ki, bazarları onların qorunmasına şübhə etməyə məcbur etsin. Kifayətdir ki, yaxınlıqdakı Amerika bazasının toxunulmazlıq zəmanəti olmadığını göstərsin. Kifayətdir ki, hər yeni günü sual işarəsinə çevirsin: bu gün hücum olacaqmı, hava məkanı bağlanacaqmı, gəmi keçəcəkmi, təyyarə havaya qalxacaqmı, sığorta təminatı qüvvədə qalacaqmı?
Böyük müharibə həddindən aşağı aparılan savaş belə işləyir. O, nadir hallarda parlaq qələbə görüntüsü verir, amma iradəni, etimadı və maliyyə dayanıqlığını yavaş-yavaş içəridən yeyir.
Əməkdaşlıq Şurası həyəcan şurasına çevrildi
Daha az ciddi olmayan başqa bir məsələ Fars körfəzi ərəb dövlətlərinin Əməkdaşlıq Şurasının öz daxilində vahid reaksiyanın olmamasıdır. Atəşkəsə qədər İranın region ölkələrinə hücumları ümumi təhlükə hissi yaradırdı. Hamı anlayırdı: bir liman yanırsa, növbəti qonşunun limanı ola bilər; raketlər bir aeroporta uçursa, sığorta tarifləri hamı üçün qalxır; Hörmüz müharibə zonasına çevrilirsə, bütün Körfəz uduzur.
Apreldən sonra bu həmrəylik artıq o qədər də aydın görünmədi. Regionda ayrı-ayrı dövlətlərin İran və onun müttəfiqləri ilə öz qeyri-rəsmi anlaşmalarını axtara biləcəyi barədə söhbətlər ortaya çıxdı. Bunun qəti sübutu yoxdur, amma belə şübhələrin mümkünlüyü belə etimadsızlığın nə qədər dərin olduğunu göstərir. Tehran məhz belə çatlarla işləməyi yaxşı bacarır.
İran üçün ideal model bütün Körfəz monarxiyaları ilə total müharibə deyil, diferensial təzyiqdir: biri ilə danışmaq, o birini qorxutmaq, üçüncüyə müvəqqəti toxunmamaq, dördüncünü isə nümayiş hədəfi kimi istifadə etmək. Beləliklə, köhnə imperiya məntiqinin regional versiyası yaranır: riskləri bölmək, kollektiv reaksiyanı parçalamaq, hər paytaxtı ilk növbədə özünü düşünməyə məcbur etmək.
Amma Körfəzin coğrafiyası uzun müddət fərdi xilas rejimində yaşamağa imkan vermir. Bəhreyn və Küveyt qonşulardan təcrid olunmayıb. Onlara zərbələr bütün regionun marşrutlarına, qiymətlərinə, sığortasına, investisiyalarına, hava əlaqəsinə və hərbi hesablamalarına təsir edir. Hücumların Qətər və Omana genişlənməsi, eləcə də Əmirliklər və Səudiyyə bayrağı altında üzən gəmilərə zərbələr göstərir ki, məhdud münaqişə sadəcə diplomatlar belə istədiyi üçün məhdud qalmır.
Belə şəraitdə ayrı bir monarxiyanın İranla ikitərəfli sövdələşməsi açıq arteriyanı plastırla bağlamaq cəhdinə bənzəyir. Bu, bir paytaxt üçün riski müvəqqəti azalda bilər, amma strateji reallığı dəyişmir: Tehran zəif halqaları seçə bilir və kollektiv cavab almırsa, hamı həssas vəziyyətdədir.
Səudiyyə cəbhəsi və husi amili
Bəhreyn və Küveytə zərbələrlə paralel olaraq Yəmən istiqaməti də yenidən canlanır. Husilər Səudiyyə Ərəbistanının Abha beynəlxalq aeroportuna raket və dron zərbəsi endirdilər. Bu, son dörd ildə bu tip ən böyük hücum idi. Husi rəhbərliyi bunu Səna aeroportuna zərbəyə cavab adlandırdı. Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin versiyasına görə, həmin zərbə husi nümayəndələri ilə birlikdə İran təyyarəsinin enişinin qarşısını almağa yönəlmişdi.
Bu epizod təkbaşına yox, ümumi mənzərənin bir hissəsi kimi vacibdir. Əgər Səudiyyə Ərəbistanı yenidən husilərlə birbaşa qarşıdurmaya çəkilirsə, İranla müharibə ayrı-ayrı nöqtə zərbələri silsiləsi olmaqdan çıxır və regional çoxkanallı böhrana çevrilir. Hörmüz, Qırmızı dəniz, Yəmən istiqaməti, Amerika bazaları, Körfəz aeroportları, tankerlər və enerji terminalları vahid təzyiq sistemində bir-birinə bağlanmağa başlayır.
Ər-Riyad üçün bu, xüsusilə həssasdır. Vəliəhd şahzadə Məhəmməd bin Salman son illər Səudiyyə Ərəbistanını Yəmən ətrafında daimi hərbi səfərbərlik vəziyyətindən çıxarmağa, diqqəti “Vision 2030” proqramına, investisiyalara, meqalayihələrə, texnologiya sektoruna və krallığın yeni regional iqtisadiyyatın mərkəzinə çevrilməsinə yönəltməyə çalışırdı. Husilərin Səudiyyə obyektlərinə zərbələrinin qayıtması bu trayektoriyanı sındırır. O, təhlükəsizliyi yenidən inkişafdan yuxarı qoyur.
ABŞ üçün də bu, problemdir. Əgər Səudiyyə Ərəbistanı daha aktiv Amerika hərbi və diplomatik dəstəyi tələb etsə, Vaşinqton resurslarını Hörmüzün müdafiəsi, İranın çəkindirilməsi, kiçik müttəfiqlərin dəstəklənməsi, İran infrastrukturuna zərbələr və Yəmən cəbhəsinin sabitləşdirilməsi arasında bölüşdürməyə məcbur olacaq. Bu, Tehranın ümid edə biləcəyi məhz həmin yüklənmədir.
İrana idarə olunan qeyri-sabitlik niyə sərf edir
İlk baxışdan İranın strategiyası risklidir. ABŞ müttəfiqlərinə zərbələr, gəmiçiliyə hücumlar, kiçik monarxiyalara təzyiq, husilərin prosesə cəlb edilməsi - bütün bunlar genişmiqyaslı cavaba gətirib çıxara bilər. Amma dinamika göstərir ki, Tehran başqa hesablamadan çıxış edir: ABŞ və Körfəz ölkələri böyük müharibədən İranın məhdud cavab zərbələrindən qorxduğundan daha çox qorxurlar.
Bu, İranın total eskalasiya istəməsi demək deyil. Əksinə. Onun məqsədi idarə olunan qeyri-sabitlikdir. Bu, danışıqlardakı mövqeyi gücləndirməyə, daxili auditoriyaya dözümlülük nümayiş etdirməyə, müttəfiqlərə və proksi qüvvələrə müqavimət mərkəzinin yaşadığını göstərməyə, qonşulara isə Tehranın maraqları nəzərə alınmadan təhlükəsizliyin mümkün olmadığını anlatmağa imkan verir.
İdarə olunan qeyri-sabitlik İrana bir də ona görə sərf edir ki, o, ABŞ-la Körfəz ölkələri arasındakı fikir ayrılıqlarını üzə çıxarır. Vaşinqton zərbələr, blokadalar, rüsumlar, gəmiçilik azadlığı və hərbi reputasiya kateqoriyaları ilə düşünür. Körfəz monarxiyaları isə infrastrukturun sağ qalması, ixracın fasiləsizliyi, investisiya mühiti, hava əlaqəsi, sığorta tarifləri, daxili dayanıqlıq və sosial gərginlik riski barədə düşünürlər. Onların maraqları kəsişir, amma tam üst-üstə düşmür.
Tramp Hörmüzdən keçid üçün pul almağı təklif edib sonra tərəfdaşların təzyiqi ilə bu ideyadan imtina edəndə, bu, Amerika strategiyasının gücünü yox, onun əsəbiliyini göstərir. ABŞ İran hücumlarına gec və seçmə şəkildə cavab verəndə, bu, Tehranın qarşısını almır, əksinə, ona zorakılığı daha dəqiq dozalamağı öyrədir. GCC sərt kollektiv cavab mexanizmi formalaşdırmayanda isə İran manevr meydanı qazanır.
Tehranın hazırkı əsas gücü raketlərin sayında deyil. Onun əsas gücü rəqibin zəifliklərini oxumaq bacarığındadır: Amerikanın müharibələrdən yorğunluğu, Körfəzin iqtisadi şok qorxusu, monarxiyalar arasındakı rəqabət, dünya bazarının Hörmüzdən asılılığı və bütün tərəflərin “müharibə” sözünü çox ucadan demək istəməməsi.
Vaşinqton nəyi uduzur
ABŞ üçün Bəhreyn və Küveyt ətrafındakı böhran təkcə hərbi itkilər və ya neft qiymətlərinin qalxması riski ilə təhlükəli deyil. O, Amerika təsir modelinin özünü dağıdır. Amerikanın Körfəzdəki gücü həmişə təkcə aviadaşıyıcılara, bazalara və raketlərə söykənməyib. O, həm də Vaşinqtonla müttəfiqliyin tərəfdaşlar üçün riski azaltdığına dair inama söykənib. Bu inam zəifləyirsə, bütün arxitektura formasını dəyişməyə başlayır.
Bəhreyn və Küveyt narahat sual qoyur: əgər rəqib təkrar-təkrar zərbə endirə bilir və dərhal sərt cavab almırsa, NATO-dan kənar əsas müttəfiq statusu nə deməkdir? Əgər fərdi təhlükəsizlik sazişi İranın davranışını dəyişmirsə, onun mənası nədir? Əgər Amerika bazası qalxan yox, təhdidlər üçün maqnitə çevrilirsə, bu baza nəyi qoruyur?
Bu sualların cavabını təkcə Manamada və Əl-Küveytdə dinləmirlər. Onları Ər-Riyadda, Əbu-Dabidə, Dohada, Maskatda, Əmmanda, Qahirədə, Ankarada, Seulda, Tokioda, Varşavada və Taybeydə də izləyirlər. Bir regionda Amerikanın hər qeyri-müəyyənliyi başqa regionda risklərin yenidən qiymətləndirilməsi üçün arqumentə çevrilir.
Tramp administrasiyası bir-birinə sığmayan hədəfləri eyni anda uzlaşdırmağa çalışır: baş təhlükəsizlik təminatçısı statusunu saxlamaq, maliyyə yükünü varlı tərəfdaşların üzərinə atmaq, böyük müharibədən yayınmaq, zəif görünməmək, İranı çəkindirmək və eyni zamanda danışıqlar aparmaq. Teoriyada bu, praqmatizm kimi görünə bilər. Reallıqda isə rəqib belə çoxgedişli kombinasiyanı ardıcıllıqsızlıq kimi oxuyur.
İranın selektiv məcburetmə strategiyası məhz ora zərbə vurur: Amerika ritorikası ilə Amerikanın bədəl ödəməyə hazır olması arasındakı boşluğa.
Körfəz ölkələri nəyi anlamalıdır
Bəhreyn və Küveyt göstərir ki, İrana münasibətdə fərdi strategiyalar artıq tükənib. Nə sərt konfrontasiya, nə də ehtiyatlı dialoq kollektiv müdafiə sisteminə daxil edilmirsə, işləmir. Hər paytaxtın öz üslubu, öz kanalları, öz qırmızı xətləri ola bilər, amma çəkindirmə ümumi olmalıdır.
GCC üçün bu, ağır seçim deməkdir. Kollektiv təhlükəsizlik muxtariyyətdə güzəştlər tələb edir. Reaksiyanı razılaşdırmaq, kəşfiyyat məlumatlarını bölüşmək, hava və raketdən müdafiəni inteqrasiya etmək, böhran reaksiyası protokollarını vahidləşdirmək, limanları və aeroportları milli obyekt kimi yox, ümumi sistemin elementləri kimi qorumaq lazımdır. Əvvəlcədən müəyyən etmək lazımdır ki, bir dövlətə hansı zərbə hamıya zərbə sayılır və bunun ardınca hansı siyasi, iqtisadi və ya hərbi cavab gəlir.
Bunsuz hər ölkə özünə müvəqqəti sakitlik almağa çalışacaq. Amma bir qonşunun müvəqqəti sakitliyi çox vaxt o birinin başı üzərində gurultu ilə ödənilir. İran selektiv zərbələrin qiyməti onların faydasından yüksək olmayana qədər bu boşluqlardan istifadə edəcək.
Körfəz dövlətləri çox uzun müddət belə bir illüziya ilə yaşayıblar ki, sərvət, Amerika bazaları, diplomatik çeviklik və texnoloji modernləşmə kollektiv strateji intizamı əvəz edə bilər. Bəhreyn və Küveyt indi bu illüziyanın hesabını birinci ödəyir. Amma sonuncu olmayacaqlar.
Nəticə: zəif halqa artıq tapılıb
İran Bəhreyn və Küveyti təsadüfən seçmədi. O, regional təhlükəsizlik sistemində zəif yeri tapdı və məhz ağrının göründüyü, cavabın isə zəmanətli olmadığı nöqtəyə basmağa başladı. Bu, xaotik qisas və ya sadə güc nümayişi deyil. Bu, hesablanmış təzyiq siyasətidir. Bu siyasətdə raket diplomatik arqumentə, dron danışıqlar alətinə, kiçik dövlət isə böyük gücün etibarlılıq testinə çevrilir.
Vaşinqton üçün təhlükə ondadır ki, hər cavabsız zərbə Amerika təminatlarının çəkisini azaldır. Hər gecikmiş cavab böyük müharibə riskini artırır. Hörmüzlə bağlı hər kəskin dönüş müttəfiqləri inandırır ki, ABŞ təhlükəsizliyi sövdələşməyə çevirə bilər, rəqibləri isə əmin edir ki, Amerika xəttini silkələmək mümkündür.
Körfəz ölkələri üçün dərs daha sərtdir. Qonşu yanarkən hər kəs öz nəfəsliyini axtarırsa, davamlı təhlükəsizlik qurmaq olmaz. Tehran bir məntiqlə hərəkət etdiyi halda, İranı altı fərqli strategiya ilə çəkindirmək mümkün deyil. Onun sahibi eyni vaxtda müdafiə vəd edir, kompensasiya tələb edir və cavab verməkdə tərəddüd edirsə, Amerika çətirini əbədi hesab etmək olmaz.
Bəhreyn və Küveyt böhranın periferik qurbanları deyil, Körfəzdə yeni dövrün mərkəzi simptomuna çevrildilər. Burada köhnə formula artıq işləmir: ABŞ qoruyur, monarxiyalar ödəyir, İran çəkindirilir, neft axır. İndi hər şey daha mürəkkəb və daha təhlükəlidir. İran ən güclüyə yox, ən rahat hədəfə zərbə vurmağı öyrənib. Zəif halqaya kollektiv cəza olmadan hücum etməyə imkan verən sistem isə artıq təhlükəsizlik sistemi deyil. Bu, növbəti zərbəyə dəvətnamədir.