Bugünkü Mali Afrikanın növbəti böhran nöqtəsi olmaqdan çox-çox irəlidədir. Bu, Saheli çökdürən bütün problemlərin sıxılmış, konsentrat halıdır: zəif dövlət, hakimiyyətdə ordu, cihadçı şəbəkələr, separatizm, xammala söykənən iqtisadiyyat, ərzaq qıtlığı, demoqrafik partlayış, iqlim zərbələri, xarici oyunçular və əhalinin köhnə sistemə inamının tam dağılması.
2026-cı ilin aprel ayının sonunda JNIM və Azavadın Azadlığı Cəbhəsinin koordinasiyalı hücumları Bamako, Kati, Kidal, Gao, Mopti və Sevareni hədəfə alanda bu, adi bir hərbi epizod kimi yox, qüvvələr balansının dəyişdiyini göstərən açıq siqnal kimi göründü: üsyançılar və cihadçılar artıq səhrada gizlənən qüvvələr deyil, hakimiyyətin özünü sınağa çəkən aktorlardır. Reuters-in məlumatına görə, müdafiə naziri Sadio Kamara öz iqamətgahına hücum zamanı öldürülüb, rus qüvvələri Kidalı tərk etməyə məcbur olub, Kreml isə açıq şəkildə bəyan edib ki, Rusiya Malidə qalacaq və hakimiyyətə dəstəyini davam etdirəcək.
Kamaranın qətli təkcə bir məmurun itkisi deyildi. Bu, demək olar ki, ərazi itkisi qədər ağır simvolik zərbə idi. O, Fransadan Rusiyaya geosiyasi dönüşün əsas memarlarından biri, hərbi sistemin aparıcı fiquru, Bamako ilə rus təhlükəsizlik strukturları arasında körpü idi. AP qeyd edirdi ki, Kamara 2020 və 2021-ci il çevrilişlərində mühüm rol oynamış, fransız və BMT qüvvələrinin çıxarılmasında iştirak etmiş və Moskva ilə ittifaqın əsas təşəbbüskarlarından biri olmuşdu. Onun 30 aprel 2026-cı ildə keçirilən dəfn mərasimi ölkə daxilində birlik nümayişi kimi təqdim olunsa da, əslində rejimin çaşqınlığını daha da qabartdı: müharibəyə cavabdeh olan fiqur öldürülürsə, deməli müharibə artıq hakimiyyətin öz ürəyinə çatıb.
Böhran üç əsas ssenari ətrafında cəmlənir: hərbçilər hakimiyyəti saxlayıb güc yolu ilə cavab verir, onlar Rusiyanın dəstəyi ilə qalır, amma yeni tərəfdaşlar axtarır, ya da rejim çökür və onun yerində daha qeyri-müəyyən bir sistem yaranır. FLA nümayəndəsi Məhəmməd əl-Maulud Ramadane Gao və Timbuktuya doğru irəliləmək niyyətini açıqlayıb, analitiklər isə əks-hücumun nəticəsinin mövcud hakimiyyətin ömrünü müəyyən edəcəyini bildiriblər. Amma məsələni yalnız bu çərçivəyə salmaq yetərli deyil. Mali böhranı 2026-cı ilin aprelində başlamayıb. Aprel sadəcə çoxdan çatlamış sistemin dekorasiyasını qoparıb atdı.
Uğursuzluğun tarixi: tuareq üsyanından qarnizon dövlətinə
Mali bu böhrana qəfil düşməyib. Ölkənin şimalı onilliklər boyu mərkəzi hakimiyyətin kağız üzərində mövcud olduğu bir məkan kimi formalaşıb. Tuareq məsələsi, səhralıq regionların zəif inteqrasiyası, qaçaqmalçılıq marşrutları, tayfalararası rəqabət, məktəblərin, yolların, məhkəmələrin, həkimlərin və polisin çatışmazlığı alternativ hakimiyyət coğrafiyası yaradıb. Bamako üçün şimal suverenlik ərazisi idi, yerli icmalar üçün isə çox vaxt tərk edilmiş zona kimi qəbul olunurdu. Belə mühitdə pul, silah və ya “qoruma” gətirən istənilən silahlı qüvvə sürətlə siyasi aktora çevrilirdi.
2012-ci il böhranı dönüş nöqtəsi oldu. Liviyada Muammar Qəddafinin rejimi dağılandan sonra minlərlə döyüşçü, silah və hərbi təcrübə Sahel boyunca yayıldı. Malidə tuareq üsyanı məhz bu dalğanın təsiri ilə sürətləndi, lakin tezliklə millətçi gündəm islamçı qruplar tərəfindən ələ keçirildi. Onlar üçün şimal sadəcə muxtariyyət layihəsi yox, cihad ekspansiyasının tramplini idi. Dövlət əsas şəhərlərə nəzarəti itirdi, ordu aciz göründü, Bamako isə siyasi böhrana sürükləndi. Bu günə qədər dəyişməyən bir məntiq formalaşdı: mərkəzin zəifliyi üsyan doğurur, üsyan hərbi reaksiyaya səbəb olur, amma siyasi həll olmadan bu reaksiya yeni zəiflik yaradır.
Fransa 2013-cü ildə Malidə cihadçıların cənuba sürətli irəliləyişini dayandıran qüvvə kimi ortaya çıxdı. Lakin Barkhane əməliyyatı və ardınca MINUSMA missiyası hərbi uğuru siyasi sabitliyə çevirə bilmədi. Terror qrupları dağılaraq kəndlərə yayıldı, yerli konfliktlərə inteqrasiya olundu, hakim, vergi yığan, “kölgə məhkəməsi” quran strukturlara çevrildi. International Crisis Group dəfələrlə qeyd edib ki, cihadçı zorakılığı artır, silahlı qruplar dövlət boşluğundan istifadə edərək kənd mühitində möhkəmlənir.
Fransız modeli ona görə iflasa uğradı ki, hərbi əməliyyat cəmiyyətlə dövlət arasında etimadın bərpası ilə müşayiət olunmadı. Mali vətəndaşları xarici bazaları, dronları, zirehli texnikanı görürdü, amma kəndlərdə təhlükəsizlik hiss etmirdi. 2020-ci ildə bu narazılıq fonunda hərbçilər hakimiyyətə gəldi, 2021-ci ildə isə ikinci çevrilişlə mövqelərini möhkəmləndirdi. Şüar sadə idi: mülki hakimiyyət uğursuz oldu, ordu nizam yaradacaq. Beş il sonra isə sual dəyişib: ordu da bunu bacarmayıbsa, növbəti addım nədir?
Hərbçilər hakimiyyətdə: məyusluq üzərində qurulan legitimlik
Assimi Goita və komandası boşluqda hakimiyyətə gəlməyib. Onlar korrupsiya, zəif hökumət, uğursuz müharibə və xarici asılılıqdan bezmiş cəmiyyətin məhsulu idi. Fransa təsirinin nəticə verməməsi, amma şərtlər diktə etməsi hissi geniş yayılmışdı. Buna görə hərbi rejim ilk mərhələdə real xalq dəstəyi qazandı. O, suverenlik, ləyaqət, anti-kolonial ritorika və milli dirçəliş dili ilə danışırdı və bu dil real travmaya söykəndiyi üçün işləyirdi.
Amma hərbi legitimlik kövrəkdir. Köhnə sistemi dağıdanda güclü görünür, yeni sistem təhlükəsizlik gətirməyəndə sürətlə aşınır. Mali hakimiyyəti seçkiləri təxirə saldı, siyasi fəallığı məhdudlaşdırdı, tənqid meydanını daraltdı və faktiki olaraq qarnizon dövlət modeli qurdu. Amnesty International 2025-ci il hesabatında ifadə azadlığının, toplaşmaq və birləşmək hüquqlarının məhdudlaşdırıldığını, fəalların həbs edildiyini, həm silahlı qrupların, həm də hökumət qüvvələrinin zorakılığa yol verdiyini, münaqişə səbəbilə 2036-dan çox məktəbin bağlandığını qeyd edib.
Qarnizon dövləti paytaxtı, nazirlikləri, aeroportları və televiziyanı qoruyub saxlaya bilər. Amma o, etimad bərpa etməkdə aciz qalır. Malinin mərkəzində və şimalında münaqişə çoxdan sadəcə ordu ilə cihadçılar arasındakı savaş deyil. Burada fermerlərlə maldarlar arasında çəkişmələr, icmalararası qisas, marşrut uğrunda mübarizə, həm hərbçilərdən, həm də silahlı qruplardan qorxu, xəyanət ittihamları və etnik gərginliklər bir-birinə qarışır. Human Rights Watch-un 2026 hesabatına görə, 2025-ci ildə insan hüquqları vəziyyəti daha da pisləşib, islamçı qrupların hücumları və sərt əks-üsyan əməliyyatları davam edib.
Bamakonun əsas problemi də budur: hakimiyyət özünü qoruyucu kimi təqdim edir, amma əhalinin bir hissəsi onu təhlükə mənbəyi kimi görür. Belə şəraitdə JNIM təkcə zorakılıq üçün yox, sosial təsir üçün də meydan qazanır. O, qorxudur, “ədalət” paylayır, cəzalandırır, razılaşmalar bağlayır, yolları bloklayır, ticarəti tənzimləyir. Bu, onu mənəvi baxımdan legitim etmir, amma dövlətin yoxa çıxdığı yerlərdə funksional gücə çevirir.
Yeni müharibə: təkcə hücumlar yox, boğucu iqtisadiyyat
JNIM artıq çoxdan klassik “vur-qaç” üsyançı modeli çərçivəsindən çıxıb. Bu struktur indi həyat infrastrukturu uğrunda müharibə aparır. Yolların nəzarətə götürülməsi, yanacaq marşrutlarına təzyiq, konvoylara hücumlar, qarnizonların vurulması, şəhərlərin blokadaya alınması – bütün bunlar təhlükəsizliyi iqtisadi mexanizmə çevirir. ACLED hələ 2025-ci ilin dekabrında qeyd edirdi ki, Sahel və Qərbi Afrikanın sahil zonasında hərbi toqquşmalar vahid münaqişəyə çevrilir, JNIM isə nəqliyyat və ticarət zəncirlərinə təzyiqi siyasi təsir aləti kimi istifadə edir.
Məhz buna görə Bamakonun blokadası bu qədər həyəcan siqnalı verdi. Paytaxtı ələ keçirmək mütləq deyil ki, dövləti iflic edəsən. Yetərlidir ki, biznes yolları təhlükəli saysın, yanacaq daşıyanlar marşrutları dəyişsin, məmurlar hərəkəti məhdudlaşdırsın, insanlar saatlarla benzin növbəsində dayansın, qiymətlər qalxsın və şayiələr rəsmi açıqlamalardan daha sürətlə yayılsın. Reuters 30 aprel 2026-cı ildə yazırdı ki, JNIM ciddi ərazi uğurları əldə etdiyini, paytaxt ətrafında blokpostlara nəzarət etdiyini və Bamakonun tam blokadası təhlükəsinin yarandığını iddia edir.
2026-cı ilin aprel böhranı daha bir vacib məqamı üzə çıxardı: FLA və JNIM fərqli strateji hədəflərə malik olsa da, sinxron hərəkət edə bilir. FLA daha çox tuareq separatizmi və milli-siyasi gündəmi təmsil edir, JNIM isə “Əl-Qaidə” ilə bağlı cihadçı şəbəkənin tərkib hissəsidir. Onların ittifaqı taktiki, situativ və daxildən ziddiyyətli ola bilər, amma Bamako üçün bu heç nəyi dəyişmir. Ümumi düşmən sabah bir-biri ilə hakimiyyət, ideologiya, şəriət idarəçiliyi və resurslar uğrunda toqquşa biləcək qüvvələri bu gün birləşdirə bilir.
Xüsusilə Kidalın itirilməsi ağır zərbə oldu. Bu şəhər uzun illər şimal muxtariyyətinin, Bamakonun hərbi zəifliyinin və yarımçıq dövlətçiliyin simvolu idi. 2023-cü ildə Kidalın qaytarılması “tarixi revanş” kimi təqdim olunurdu. Amma 2026-cı ildə şəhərin yenidən FLA-nın nəzarətinə keçməsi bütün bu narrativi dağıtdı. Mali ordusu və onu dəstəkləyən rus qüvvələri şəhəri tərk etdi, “Afrika korpusu” da bu qərarın Bamako ilə razılaşdırıldığını təsdiqlədi.
Rusiya faktoru: Fransanın yerini tutmaq dövlətin yerini tutmaq demək deyil
Son illərin əsas illüziyası ondan ibarət idi ki, Fransanın gedişi və Rusiyanın gəlişi avtomatik olaraq Maliyə həm suverenlik, həm də təhlükəsizlik gətirəcək. Suverenlik həqiqətən də Bamakonun siyasi leksikonunda mərkəzi anlayışa çevrildi. Amma suveren ritorika ilə yolları, sərhədləri, məktəbləri, bazarları və qarnizonları real nəzarətdə saxlamaq arasında böyük uçurum var.
Rusiya rejimə hərbi dəstək, siyasi jest və anti-Qərb simvolikası verdi. Amma dövlət institutlarını əvəz edə bilmədi. Moskva üçün Mali Afrikadakı strategiyanın vitrini idi: Fransa gedir, Rusiya gəlir; Moskva “suveren seçimə” hörmət edir; təhlükəsizlik Qərbin demokratiya və insan hüquqları şərtləri olmadan da mümkündür. Lakin aprel hücumları məhz bu vitrini sarsıtdı. Washington Post qeyd edirdi ki, çevrilişlərdən sonra xunta fransızları qovdu, rus muzdlularına arxalandı, amma təhlükəsizlik daha da pisləşdi, JNIM-in zərbələri isə müdafiə nazirinin öldürülməsi və şimal şəhərlərindən geri çəkilmə ilə nəticələndi.
Bu, Bamakonun dərhal Moskvadan imtina edəcəyi anlamına gəlmir. Əksinə, hərbi təzyiq altında rejimin əsas təhlükəsizlik tərəfdaşını dəyişməsi çətindir. Kreml artıq bəyan edib ki, Rusiya Malidə qalacaq. Amma əsas məsələ dəyişib: rus varlığı artıq avtomatik sabitlik zəmanəti kimi qəbul olunmur.
Xarici oyunçu təlim keçirə, silah verə, əməliyyatlara dəstək ola bilər. Amma 1,24 milyon kvadrat kilometrlik ərazidə, geniş səhralarda, gənc və sürətlə artan əhali fonunda, zəif infrastruktur və dərin lokal konfliktlər şəraitində ictimai müqaviləni qısa müddətdə bərpa etmək mümkün deyil. Mali əhalisi 2025-ci ildə təxminən 22,6 milyon kimi qiymətləndirilir, bəzi hesablamalara görə isə 25 milyona yaxınlaşır. Əhalinin demək olar yarısı 15 yaşdan aşağıdır və bu, istənilən idarəetmə böhranını gələcək nəsil böhranına çevirir.
Türkiyə, Çin, Əlcəzair, ECOWAS: Mali ətrafında yeni geosiyasi düyün
Fransanın gedişi boşluq yaratmadı, əksinə yeni oyunçuların axınını sürətləndirdi. Rusiya ilə yanaşı Türkiyə, Çin, Əlcəzair və regional hərbi rejimlər bu boşluğu doldurmağa çalışır, ABŞ isə bölgə ilə əlaqəni tam itirməməyə çalışır.
Türkiyə müdafiə texnologiyaları və çoxşaxəli əməkdaşlıq modeli ilə ön plana çıxır. Hərbi diplomatiyanı ticarət, təhsil və tikinti ilə birləşdirən Ankara “Qərb olmayan, amma effektiv tərəfdaş” imici qurur. TB2 pilotsuz aparatları artıq Sahelin yeni hərbi reallığının bir hissəsinə çevrilib və bəzi məlumatlara görə Kidalın 2024-cü ildə qaytarılmasında mühüm rol oynayıb.
Çin daha səssiz, amma strateji xətt üzrə hərəkət edir. Onun marağı daha çox minerallar, infrastruktur və logistika üzərində cəmlənib. Mali artıq təkcə qızıl və pambıq deyil, həm də litium ölkəsidir. 2024-cü ildə Ganfeng Lithium ilə bağlanan Goulamina layihəsi dövlətin gəlirlərini artırmaq potensialı ilə diqqət çəkdi, 2025-ci ildə layihənin işə düşməsi isə Malini kritik minerallar zəncirində önəmli halqaya çevirə bilər. Amma qeyri-sabit dövlətdə resurslar çox vaxt inkişaf yox, mübarizənin miqyasını artırır.
Əlcəzair isə həm əsas qonşu, həm də narahat müşahidəçidir. 2015-ci il Əlcəzair sazişləri şimalı siyasi çərçivədə saxlamaq cəhdi idi, amma 2024-cü ildə Bamako bu mexanizmi ləğv etdi. İndi Əlcəzair xaosun sərhədlərinə sıçramasından ehtiyat edir, Bamako isə xarici müdaxilə şübhələri ilə yaşayır. Bu, Sahelin klassik dilemmasıdır: qonşuya ehtiyac var, amma ona etibar yoxdur.
ECOWAS isə təsir rıçaqlarını itirib. Mali, Burkina Faso və Niger 2025-ci ilin yanvarında təşkilatdan çıxaraq Sahel Dövlətləri Alyansına qoşuldu. Bu blok hələlik effektiv təhlükəsizlik mexanizmi yox, daha çox rejimlərin qarşılıqlı qorunma platforması kimi işləyir.
Mali iqtisadiyyatı: qızıl var, dayanıqlıq yoxdur
Dünya Bankının hesablamalarına görə, 2024-cü ildə Malinin ÜDM-i təxminən 26,8 milyard dollar, adambaşına düşən gəlir isə cəmi 1095 dollar olub. ÜDM artımı 5 faizə çatsa da, bu rəqəmlər aldatmamalıdır. Xammal iqtisadiyyatında aşağı bazadan gələn artım hələ inkişaf demək deyil. Mali iqtisadiyyatı qızıl və pambıq qiymətlərindən, idxalın fasilələrindən, enerji böhranlarından, yolların bağlanmasından, sanksiyalardan, iqlim zərbələrindən və müharibədən kəskin şəkildə asılıdır.
Qızıl ölkənin əsas ixrac dayağıdır. Amma burada paradoks var: qızıl valyuta gətirir, renta yaradır, xarici oyunçuları cəlb edir, lakin dövlət üçün sabit sosial baza formalaşdırmır. Münaqişə şəraitində qızıl hasilatı bölgələri rəqabət meydanına çevrilir, qeyri-rəsmi hasilat isə kölgə vergi və nəzarət sistemlərinə inteqrasiya olunur. Dövlət yolları nəzarətdə saxlamırsa, iqtisadiyyatı da nəzarətdə saxlaya bilmir. İqtisadiyyata nəzarət yoxdursa, təhlükəsizlik üçün resurs da yoxdur. Bu isə yenidən yolların itirilməsi ilə nəticələnir.
Pambıq isə iqtisadiyyatın ikinci sütunudur. O, kənd təsərrüfatını, ixracı, emalı və mövsümi məşğulluğu birləşdirir. Amma pambıq sektoru iqlimdən, qiymətlərdən, logistikadan, yanacaqdan, subsidiyalardan və bazarlara çıxışdan asılıdır. Münaqişə şəraitində bir yolun bağlanması və ya yanacaq böhranı bütün bu zənciri qıra bilir. Belə ölkədə yaxşı məhsul belə avtomatik gəlirə çevrilmir. Mali sadəcə kasıb deyil, onun iqtisadiyyatı xammal anklavları, kənd həssaslığı və hərbi coğrafiya arasında parçalanıb.
Humanitar vəziyyət isə daha da ağırdır. OCHA-nın 2026-cı il planına görə, 5,1 milyon insan yardıma möhtacdır, 3,8 milyon nəfərə çatmaq planlaşdırılır və bunun üçün 577,9 milyon dollar tələb olunur. WFP isə bildirir ki, 2026 mövsümündə 1,6 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşəcək. Bu, sadəcə statistika deyil, siyasi reallıqdır.
Milyonlarla insan yardımdan asılı olanda, məktəblər bağlananda, gənclər gələcək görməyəndə, ordu ilə silahlı qruplar yalnız ərazi yox, qaydalar uğrunda yarışanda dövlət mənasını itirir. İnsanlar artıq demokratiya ilə avtoritarizm arasında seçim etmir. Onlar daha az təhlükəli olanı seçir: kim yol verəcək, kim oğlunu aparmayacaq, kim bazarı yandırmayacaq, kim malını satmağa imkan verəcək.
Niyə Mali anti-Qərb dalğasının simvoluna çevrildi
Mali yeni modelin qələbəsi ilə yox, köhnə modelin çökməsi ilə simvola çevrildi. Fransa kolonial nəzarətin davamı kimi qəbul olunurdu, ECOWAS təzyiq aləti kimi görünürdü, BMT bahalı, amma nəticəsiz mexanizm kimi dəyərləndirilirdi, Qərbin seçki tələbləri isə təhlükəsizliyi təmin edə bilməyənlərə verilən “dərs” kimi qəbul edilirdi. Hərbi hakimiyyət bu narazılığı siyasi kapitala çevirə bildi.
Amma anti-Qərb ritorika hələ real suverenlik demək deyil. Suverenlik yalnız xarici qoşunları çıxarmaq deyil. Bu, vergiləri toplamaq, məktəbləri qorumaq, yolları açıq saxlamaq, cinayətkarları cəzalandırmaq, icmalararası münaqişələri idarə etmək, sərhədləri nəzarətdə saxlamaq və bir xarici tərəfdaşdan asılı olmamaq qabiliyyətidir. Mali isə hələ bu mərhələyə çatmayıb.
Bamako bir asılılıqdan qurtuldu, amma yenisini formalaşdırdı. Bir hərbi dayağı digəri ilə əvəz etdi, amma mərkəzlə periferiya arasında etimadı bərpa etmədi. Ləyaqətdən danışdı, amma repressiyanı gücləndirdi. Əraziləri qaytarmağa söz verdi, amma Kidalı yenidən itirdi. Rəsmi “nəzarət” bəyanatları fonunda isə paytaxtda komendant saatı, şayiələr və qorxu atmosferi hökm sürməyə başladı.
Üç ssenari: saxlanma, parçalanma, ya da ağır bərpa
Birinci ssenari – rejimin güc hesabına saxlanmasıdır. Qısa müddətdə mümkündür. Ordu hələ də paytaxtı, dövlət institutlarını və iri şəhərlərin bir hissəsini nəzarətdə saxlayır. Rusiya geri çəkilmir, AES siyasi dəstək verir. Amma bu model baha başa gələcək və periferiyanı daha da itirmək riski yaradacaq.
İkinci ssenari – formal dağılma olmadan faktiki parçalanmadır. Bu, ən real və ən təhlükəli variantdır. Bamako formal olaraq paytaxt olaraq qalır, amma real hakimiyyət xəritəsi xırdalanır: Kidal birinin, yollar başqa birinin, qızıl bölgələri üçüncünün, kəndlər yerli milislərin nəzarətində olur. Dövlət yox olmur, sadəcə arxipelaqa çevrilir.
Üçüncü ssenari – hakimiyyət daxilində yeni parçalanmadır. Kamaranın öldürülməsi hərbi elitada daxili mübarizəni gücləndirə bilər. Yeni çevriliş ehtimalı da istisna deyil. Amma forma dəyişsə də, problem qalır: Mali hərbçi çatışmazlığından yox, işləyən dövlət çatışmazlığından əziyyət çəkir.
Dördüncü və ən çətin ssenari – dövlətin yenidən qurulmasıdır. Bu, güc, danışıqlar, regional diplomatiya və lokal razılaşmaların kombinasiyasını tələb edir. Ordu islahatı, hüquq pozuntularına nəzarət, məktəblərin və məhkəmələrin bərpası, icmalarla iş, siyasi prosesin ehtiyatla qaytarılması və xarici asılılığın azaldılması olmadan bu mümkün deyil. Bu ssenari bu gün demək olar ki, utopik görünür, amma alternativlər sadəcə çöküşü gecikdirir.
Nəticə: əsas sual Kidalı kim alacaq yox, Malini kim quracaq
Mali bu gün bir şəhərin, bir xuntanın və ya bir hərbi əməliyyatın taleyindən daha dərin sualla üz-üzədir: onilliklər boyu boşalan dövlət strukturlarını yenidən qurmaq mümkündürmü?
Sahel dekorativ siyasəti bağışlamır. Burada institutları şüarlarla, yolları bəyanatlarla, məktəbləri zirehli texnika ilə, etimadı senzura ilə əvəz etmək olmur. Fransanı çıxarmaq olar, amma coğrafiyanı yox. Rusiyanı çağırmaq olar, amma legitimliyi idxal etmək olmaz. Dron almaq olar, amma cəmiyyəti havadan qurmaq mümkün deyil. Kidalı qaytarmaq olar, amma insanlar mərkəzə inanmasa, o yenə itiriləcək.
Mali bütün region üçün xəbərdarlıqdır. Dövlətlər bir gündə dağılmır. Əvvəl vətəndaşlar üçün lazımsız olur, sonra düşmən üçün qorxulu olmur, daha sonra müttəfiqlər üçün anlaşılmazlaşır. Və yalnız bundan sonra dünya anlayır ki, paytaxt hələ xəritədədir, bayraq dalğalanır, amma ölkə artıq paralel qanunlarla yaşayır.
Mali hələ də xilas edilə bilər. Amma bunun üçün Bamako bir həqiqəti qəbul etməlidir: suverenlik elan olunmur, hər gün sübut edilir. Bu sübut isə bu gün blokpostların qurulduğu, karvanların yandırıldığı, məktəblərin bağlandığı və Sahelin gələcəyinin müəyyən olunduğu yerlərdə verilməlidir.