Xeyr, İranı hələ ki, sözün birbaşa mənasında ABŞ üçün “yeni Vyetnam” adlandırmaq olmaz. Orada hər gün qəbuledilməz itkilər verən Amerika quru qoşunları yoxdur. Həftəlik ölənlərin sayını hesablayan qəzet manşetləri yoxdur. ABŞ şəhərlərinin küçələrində minlərlə insanın qatıldığı anti-müharibə yürüşləri görünmür. 1960-cı illərin sonlarında Amerika siyasətini içəridən sarsıdan o daxili çöküş ab-havası da ortada yoxdur.
Və əlbəttə, Ağ evdə bu gün siyasi baxımdan yorğun, tükənmiş Lindon Conson yox, Donald Tramp oturur. Özünəinam nümayiş etdirən, müharibəyə sövdələşmə kimi baxan, hərbi gücü isə təzyiq aləti sayan bir siyasətçi. O, indiki münaqişəyə cəmi bir neçə ay əvvəl qoşulduğunu qabardır və hətta Vyetnamı guya “çox tez qazanacağını” da iddia edir.
Amma zahiri bravadanın arxasında daha narahatedici siyasi reallıq görünməyə başlayır. Tehranın Trampa göstərdiyi təzyiq getdikcə Consonun vaxtilə Vyetnamda düşdüyü strateji tələyə bənzəyir. Söhbət tarixdə tam eynilikdən getmir. Söhbət o müharibə məntiqindən gedir ki, zəif tərəf supergücü hərbi yolla məğlub edə bilmədiyini anlayaraq vaxta, səbrə, siyasi yorğunluğa və rəqibin iradəsini psixoloji sındırmağa oynayır.
Məhz Ho Şi Min belə davranırdı. Şimali Vyetnam müqavimətinin simvolu olan bu adam əsas həqiqəti dərk etmişdi: imperiyaların aviasiyası, donanması, pulu, texnologiyası və sənaye gücü ola bilər, amma qələbənin qiyməti siyasi baxımdan qələbənin özündən baha başa gəlirsə, uzun savaşlara tab gətirmək həmişə mümkün olmur.
Müharibənin tez bitməsi üçün danışıqlardan yayınmaqla və Trampı atəşkəsi qeyri-müəyyən müddətə uzatmağa məcbur etməklə - halbuki ABŞ prezidenti bir neçə gün əvvəl belə addım atmayacağını deyirdi - İran rəhbərliyi, ölkədə faktiki kimin idarə etməsindən asılı olmayaraq, Ho Şi Minin köhnə, amma son dərəcə təsirli reseptlərinə əl atır.
Bu strategiyanın mahiyyəti sadədir, amma sərtdir: tələsməmək. Vaşinqton istəyir deyə dərhal danışığa getməmək. Bombaların təzyiqi altında şərtləri qəbul etməmək. Qarşı tərəf güclüdür deyə zəiflik göstərməmək. Münaqişənin hər gününü Amerika prezidenti üçün problemə çevirmək. Elə vəziyyət yaratmaq ki, nəfəs dərmək üçün Tehran yox, Vaşinqton yol axtarsın.
Ho Şi Min və onun varisi Le Zuan 1960-cı illərdə iki Qərb dövlətinə ardıcıl zərbə vurmağı bacarmışdı: əvvəl Fransaya, sonra ABŞ-yə. Onlar bir həqiqəti anlayırdılar ki, görünür, bu gün Tehran da onu anlayır: uzaqdan gələn təcavüzkar, nə qədər güclü olsa da, evində döyüşən və bunu yaşam savaşı sayan xalqdan daha tez yorulur.
Hələ 1946-cı ildə Ho Şi Min fransız müstəmləkəçilərinə belə demişdi: “Siz bizim hər bir öldürdüyünüz adamın əvəzində on nəfərimizi məhv edə bilərsiniz, amma yenə də siz uduzacaqsınız, biz qalib gələcəyik”. Bu ümidsizlik ritorikası yox, soyuq hesab idi. Burada söhbət itki riyaziyyatından yox, dözümlülük siyasətindən gedirdi.
Eyni xətti Ho Şi Min və Le Zuan Consona qarşı da yürüdürdülər. Vaşinqtonun getdikcə daha çarəsiz səslənən danışıqlar çağırışlarını təkrar-təkrar rədd edirdilər. Bu gün Tehran da Trampa qarşı oxşar gediş edir: tələsmir, ondan cavab gözlənilən vaxt cavab vermir, Amerika prezidentinə prosesi diplomatik qələbə kimi təqdim etmək imkanı yaratmır.
Ho Şi Min 1967-ci ildə Consona məktubunda açıq yazmışdı ki, “ABŞ bombardmanları və bütün digər hərbi hərəkətlər qeyd-şərtsiz dayandırılmadan” heç bir danışıqdan söhbət gedə bilməz. O əlavə etmişdi ki, “Vyetnam xalqı heç vaxt gücə boyun əyməyəcək, bombaların hədəsi altında danışıqları qəbul etməyəcək”. Bu, siyasi müqavimətin formulası idi: əvvəl təzyiq dayansın, sonra söhbət başlasın.
Bu gün İran da məhz belə davranır. ABŞ-nin hərbi gücü yox olmayıb, Amerika aviasiyası və donanması hələ də böyük dağıntı törətmək imkanına malikdir. Amma bu zərbələrin siyasi effekti getdikcə daha az görünür. Bombalar obyektləri dağıda bilər, lakin rəhbərlik müqavimət naminə yüksək bədəl ödəməyə hazırdırsa, dövlətin strateji iradəsini sındırmaq həmişə mümkün olmur.
1960-cı illərdə Conson hərbi müşavirələrdə tez-tez əsəbiləşirdi: niyə Hanoy təslim olmur? Niyə hava hücumlarının güclənməsi kapitulyasiyaya gətirmir? Niyə təzyiq vasitəsi kimi düşünülən Rolling Thunder əməliyyatı Şimali Vyetnam liderlərini Amerika şərtləri ilə masa arxasına gətirmir? Bir vaxt Conson müdafiə naziri Robert Maknamaraya demişdi: “Düşünmürəm ki, onlar nə vaxtsa təslim olsunlar”. Bu, həm qəzəb, həm də gecikmiş ayılma idi.
İran məsələsində də eyni məntiq görünür. Bəli, Trampın “ciddi şəkildə parçalanmış” adlandırdığı İran rəhbərliyində çat əlamətləri barədə siqnallar var. Bəli, zərbələr müəyyən strukturlara, komanda mərkəzlərinə, infrastruktura və şəxslərə ağır ziyan vurmuş ola bilər. Amma bu, Tehranın Amerika diktəsini qəbul etməyə hazır olduğu anlamına gəlmir. Əksinə, rəsmi ritorika daha nümayişkaranə hal alıb.
Parlament sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Tehran “təhdid kölgəsində danışıqları qəbul etməyəcək”. Bu ifadə Vyetnam savaşı dövründə Hanoyun xəttini az qala sözbəsöz xatırladır. İran Vaşinqtona mesaj verir: əvvəl bombalayıb, sonra bizi məğlub tərəf kimi masa arxasına çağırmaq mümkün deyil.
Bu həftə İran danışıqlarçıları Trampı və vitse-prezident Cey Di Vensi Ağ evdə gəlməyən telefon zənginin intizarında saxladı. Diplomatiyada belə jestlərin çəkisi böyük olur. Bəzən susmaq bəyanatdan da təsirli təzyiq alətinə çevrilir. Tehran göstərdi ki, Vaşinqtonun cızdığı qrafiklə oynamaq niyyətində deyil.
Üstəlik, adətən SEPAH komandirlərindən daha mülayim fiqur sayılan Qalibaf dedi ki, Tehran atəşkəsdən “döyüş meydanında yeni kartları açmaq” üçün istifadə edəcək. Bu, təslimiyyət dili deyil. Bu, fasiləni məğlubiyyət yox, əməliyyat imkanı sayan tərəfin dilidir.
Trampın 21 aprel tarixli reaksiyası da çox şey dedi. O, Truth Social platformasında yazdı ki, “təklifləri təqdim olunana qədər atəşkəsi uzadacaq”. Siyasi tərcüməsi sadədir: İran Vaşinqtona tempi qəbul etdirə bilib. İndi vaxtı Tramp yox, Tehran diktə edir.
Məhz bu nöqtədə hərbi güc siyasi reallıqla toqquşur. Raketləri, anbarları, katerləri, buraxılış qurğularını məhv etmək olar. Qələbə elan etmək olar. Vurulan hədəflərin xəritəsini göstərmək olar. Amma rəqib sizin şərtlərlə razılaşmırsa, danışıq masasına qaçmırsa və fasilədən yenidən toparlanmaq üçün istifadə edirsə, qələbə məsələsi son dərəcə mübahisəli olur.
“Vyetnam müharibəsinin bitməsindən əlli il sonra ABŞ İranla savaşda həmin hekayəni yenidən yaşayır”, - Harvard Kennedi Məktəbində fəaliyyət göstərən Global Vietnam Wars Studies Initiative təşkilatının həmtəsisçisi və direktoru Hay Nquyen bildirib.
Onun qiymətləndirməsi məhz buna görə önəmlidir ki, söhbət zahiri oxşarlıqlardan yox, assimetrik savaşın strukturundan gedir. Nquyen deyir: “Assimetrik müharibədə, Vyetnamlıların vaxtilə malik olduğu kimi, iranlıların da amerikalıların sona qədər dərk edə bilmədiyi üstünlükləri var. Onlar anlayırlar ki, ABŞ minlərlə ton bomba ata bilər, amma uzun savaşa səbr etməyəcək. Vyetnam inqilabçıları kimi, iranlılar da görünür, böyük milli qurbanlar bahasına uzun savaş aparmağa hazırdırlar. Başqa sözlə, İran ABŞ-nin Axilles dabanını anlayır”.
Məsələnin əsas siniri də elə budur. ABŞ-nin Axilles dabanı silah qıtlığı deyil. Ordunun zəifliyi deyil. Texnologiya çatışmazlığı deyil. Problem siyasi səbrin məhdudluğudur. Amerika administrasiyaları belə müharibələri adətən klassik mənada döyüş meydanında uduzmurlar. Onlar Vaşinqtonda, Konqresdə, bazarlarda, televiziya studiyalarında, reytinqlərdə, partiya hesablarında və cəmiyyətin “bu savaş nəyə lazımdır?” sualında uduzurlar.
Məhz buna görə ABŞ-nin NATO yanında keçmiş səfiri İvo Daalder öz bloqunda yazıb: “Kapitulyasiya məhz belə görünür”. Bu ifadə son dərəcə sərtdir, amma Amerika elitasının bir hissəsindəki narahatlığı açıq göstərir. Onun sözlərinə görə, “məhz Tramp atəşkəs istəyirdi, çünki görürdü ki, növbəti eskalasiya İranı geri çəkilməyə məcbur etmir və müharibənin davamı həm iqtisadi, həm də siyasi nəticələr doğura bilər. Əgər Tramp indi atəşkəsi qeyri-müəyyən müddətə uzatsa, İranı bu tam qane edər. Hazırda üstünlüklər Trampda yox, İrandadır. ABŞ prezidentinin yeganə kartı özü də istəmədiyi savaşı yenidən başlatmaqdır. Qalan bütün kartlar isə Tehranın əlindədir”.
Bu fikir Vaşinqtonun rəsmi “qələbə mənzərəsini” darmadağın edir. Əgər ABŞ prezidentinin əlində yalnız davam etdirmək istəmədiyi müharibəni yenidən başlatmaq variantı qalıbsa, deməli manevr imkanları ciddi daralıb. Qarşı tərəf bunu anlayırsa, Vaşinqtonun genişmiqyaslı eskalasiyaya qayıtmaq istəməməsini təzyiq rıçağına çevirə bilər.
Rəhbərliyinin mühüm hissəsini itirsə belə, İslam Respublikası Hörmüz boğazına çıxış üzərində nəzarəti saxlayır və görünən odur ki, bu nəzarəti daha da sərtləşdirir. Bu həftə İran bir neçə gəmini ələ keçirib və onunla əlaqəli tankerləri Amerika blokadasından keçirə bilib. Financial Times, yükdaşımaları izləyən Vortexa qrupuna istinadla yazır ki, çərşənbə axşamına qədər İranla bağlı təxminən 34 neft tankeri blokadanı keçib.
Bu detalın çəkisi çox böyükdür. Vyetnam ABŞ-ni siyasi və hərbi müqavimətlə yora bilirdi, amma Hanoyun dünya iqtisadiyyatına ani təsir göstərə biləcək belə aləti yox idi. Tehran isə Hörmüz boğazı vasitəsilə qlobal iqtisadiyyata birbaşa toxuna bilir. İranın təzyiq strategiyası cəbhə ilə məhdudlaşmır. O, energetikanı, sığortanı, dəniz logistikasını, neft qiymətlərini, inflyasiya gözləntilərini və nəticədə ABŞ seçicisinin əhvalını vurur.
Bu arada ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin direktoru, dəniz piyadaları korpusunun general-leytenantı Ceyms H. Adams Konqres dinləmələrində etiraf edib ki, İranın hələ də “minlərlə” raketi və zərbə tipli kamikadze pilotsuz aparatı qalır. CBS isə 22 aprel tarixli məlumatında bildirib ki, 8 apreldə atəşkəs başlananda İranın ballistik raket arsenalının və buraxılış qurğularının təxminən yarısı salamat idi. Hörmüzdə gəmiçiliyi pozmaq üçün istifadə olunan SEPAH-ın dəniz qanadının da təxminən 60 faizi qorunub saxlanmışdı.
Bu rəqəmlər Vaşinqtonun triumfal ritorikası ilə uyğun gəlmir. Onlar göstərir ki, iri zərbələrdən sonra belə İran əsas cavab imkanlarından məhrum olmayıb. Regional infrastruktura, dəniz kommunikasiya xətlərinə və enerji axınlarına təhlükə yaratmaq qabiliyyəti qalır. Qarşı tərəfdə minlərlə raket və ciddi dəniz potensialı qalırsa, “əzici qələbə” barədə danışmaq hələ tezdir.
Buna baxmayaraq, müdafiə naziri Pit Heqset atəşkəsin ilk günü bəyan etdi ki, “Epic Fury əməliyyatı döyüş meydanında tarixi və sarsıdıcı qələbə olub”. Bu bəyanatda Amerika müharibələrindən tanış ton eşidilir: dağıntı statistikasına söykənən gurultulu uğur sözləri, amma siyasi nəticə ilə təsdiqlənməyən iddialar.
Məhz burada tarixi deja-vü hissi güclənir. Heqsetin hər gün səsləndirdiyi “meydanda uğur” bəyanatları getdikcə Vyetnam dövrünün ritorikasını xatırladır. O, sanki Robert Maknamaranın karikatura versiyası təsiri bağışlayır. Yəni “ən yaxşılar və ən ağıllılar” nəslinin texnokrat nümayəndəsi, rəqəmlərə inanan və illərlə Amerika cəmiyyətinə ABŞ-nin Vyetnamda qalib gəldiyini anlatmağa çalışan həmin fiqur.
Maknamara “meyit sayımı” və düşmənin tükəndirilməsini ölçən başqa statistik göstəricilərlə məşhurlaşmışdı. Amerika hərbi maşını öldürülənləri, dağıdılan obyektləri, ələ keçirilən silahları, qət edilən məsafəni, atılan bombaların tonunu hesablayırdı. Amma bu rəqəmlər əsas suala cavab vermirdi: bunlar siyasi qələbəni yaxınlaşdırırmı? Sonda məlum oldu ki, yox. Hesabatlarda qalib gəlib, müharibədə uduzmaq mümkün imiş.
Heqset də oxşar şəkildə rəqəmlərə inanır. O, məhv edilən raketləri, buraxılış qurğularını, gəmiləri, öldürülən liderləri və dağıdılan obyektləri sadalayır. Amma siyasi savaşlarda bu göstəricilərin çəkisi məhduddur. Onlar önəmlidir, lakin özlüyündə qələbə demək deyil.
Bir-iki ay əvvəl belə statistika təsir bağışlaya bilərdi. İndi isə əsas suala cavab vermir: strateji dinamikanı kim idarə edir? Əgər İran Hörmüz kartını əlində saxlayırsa, ABŞ şərtləri ilə danışığa getmirsə, zərbə potensialının ciddi hissəsini qoruyursa və Tramp atəşkəsi uzatmağa məcbur qalırsa, məhv edilmiş hədəflərin arifmetikası zəif təsəllidən o yana keçmir.
Henri Kissincer 1969-cu ildə Paris sülh danışıqlarını qiymətləndirərkən Amerikanın strateji səhvini çox dəqiq ifadə etmişdi: “Biz hərbi müharibə aparırdıq, rəqiblərimiz isə siyasi savaş aparırdı. Biz fiziki tükəndirməyə çalışırdıq, onlar isə psixoloji yorğunluğumuza nail olurdu”.
Bu fikir indi Vaşinqton üçün xəbərdarlıq kimi səslənir. ABŞ yenə texnika səviyyəsində savaş aparmaq riski daşıyır, rəqib isə siyasi iradə səviyyəsində döyüşür. Amerika raketləri sayır. İran günləri sayır. Amerika dağıntını göstərir. İran Trampın nə qədər dözəcəyini ölçür. Amerika hərbi uğurdan danışır. İran həmin uğurun diplomatik güzəştə çevrilib-çevrilməyəcəyini yoxlayır.
Vyetnamlılar Vaşinqtonu psixoloji baxımdan o qədər tez yordular ki, amerikalılar Vyetnamı fiziki baxımdan tükəndirməyə macal tapmadılar. Bu da Hanoya danışıqlarda sərt mövqe verdi. Elə buna görə Kissincer Cənubi Vyetnamın süqutundan az əvvəl məşhur və yanlış cümləsini demişdi: “Sülh artıq yaxındır”. Sülh doğrudan da yaxın idi, amma Vaşinqtonun istədiyi sülh yox.
Oxşar dinamika İran məsələsində də formalaşa bilər. Fərq ondadır ki, Tehran Hanoydan fərqli olaraq təkcə siyasi yorğunluq resursuna yox, dərhal iqtisadi təzyiq alətinə də malikdir. Hörmüz boğazını bağlamaq və ya faktiki bloklamaqla iranlılar Trampı Consondan daha sürətli yormağa çalışırlar. Onlar yalnız siyasi yox, həm də enerji savaşı aparırlar.
Bununla belə, fond bazarı və digər indekslər hələlik dayanıqlıdır. Tramp da geri çəkilmə görüntüsü vermir. Əksinə, vaxtının çox olduğunu, özünə arxayın olduğunu və vəziyyətə nəzarət etdiyini göstərməyə çalışır. O, 21 aprel tarixində CNBC-yə müsahibəsində ABŞ-nin əvvəlki müharibələrdə iştirakı barədə şübhəli rəqəmlər sadalayıb və indiki münaqişədə cəmi “beş aydır” olduğunu deyib, halbuki söhbət təxminən üç aydan gedir. Daha sonra əlavə edib: “Vyetnamı çox tez qazanardım. Prezident olsaydım, İraqı da elə həmin müddətdə udardım, çünki əslində biz burada qalib gəldik”.
Bu cümlə Trampa xasdır. O, şəxsi özünəinam məntiqini tarix boyu prezidentlərin özünəinamını dağıdan müharibələrə köçürür. Vyetnam bir kabinetdə qətiyyət çatışmadığı üçün uduzulmamışdı. İraq ona görə fəlakət olmadı ki, kimsə kifayət qədər gur səslə qələbə elan etməmişdi. Əfqanıstan da şüar azlığından iyirmi illik tələyə çevrilməmişdi. Bu savaşlar ona görə fiaskoya uğradı ki, Amerika gücü hərbi uğuru davamlı siyasi nəticəyə çevirə bilmədi.
İran məsələsində isə real qələbəyə işarə edən çox az məqam var. Tehran kapitulyasiya etməyib. Onun hərbi potensialı tam məhv olunmayıb. Hörmüz təzyiq aləti olaraq qalır. Danışıqlar Amerika ssenarisi ilə getmir. Atəşkəs qalib diplomatiyanın nəticəsi kimi yox, məcburi fasilə kimi uzadılır. İran da özünü məğlub saymır. Müharibə siyasətində bu həlledici amildir.
Göz önündə böyük dövlətlərin köhnə strateji səhvi dayanır: daha kiçik ölkəyə iradəsini tez qəbul etdirəcəyini düşünərək münaqişəyə girmək. Vaşinqton bunu 11 sentyabrdan sonra həm Əfqanıstanda, həm İraqda yaşadı. Hər dəfə ilkin hərbi uğur idarəolunanlıq illüziyası yaratdı. Hər dəfə elə göründü ki, əsas iş görülüb. Sonra isə məlum oldu ki, ən çətin mərhələ ilk qələbə bəyanatlarından sonra başlayır.
Tramp administrasiyası, şübhəsiz, İraq və Əfqanıstanın kölgəsini anlayır. Buna görə də vurğulayır ki, prezident yeni bataqlıq istəmirdi və imkan daxilində quru qoşunlarının yeridilməsindən qaçmağa çalışırdı. Amma problem ondadır ki, bataqlıq həmişə piyadanın daxil olması ilə başlamır. Bəzən simanı itirmədən çıxmağın siyasi mümkünsüzlüyü ilə başlayır. Bəzən isə atəşkəsi uzatmaq məcburiyyəti ilə başlayır: savaşı yenidən başlatmaq çox təhlükəlidir, öz şərtlərinlə bitirmək isə alınmır.
Əfqanıstanda, ABŞ çəkilməzdən əvvəl, taliblər tez-tez deyirdilər: “Sizdə saat var, bizdə isə zaman”. Bu ifadə böyük güclərə qarşı aparılan bütün assimetrik savaşların formulasına çevrilmişdi. Saat - texnika, əməliyyat qrafikləri, büdcə dövrləri, televiziya xəbərləri, seçki tarixləridir. Zaman isə səbr, kök salmışlıq, gözləmək bacarığı və qarşı tərəfin tələskənliyini silaha çevirməkdir.
Vyetnamı, İraqı və Əfqanıstanı birləşdirən ümumi xətt də budur: milli müqavimət - istər Vyetkonq, istər iraqlı cihadçılar, istərsə də taliblər - çox vaxt ən güclü xarici rəqibi belə gözləyib yola sala bilir. Ona görə yox ki, hərbi baxımdan daha güclüdür. Ona görə ki, onun stavkası daha yüksəkdir, zaman horizontu daha uzundur və ağrı həddi fərqlidir.
Nquyenin sözləri ilə desək, “Müharibədən sonra Maknamara etiraf etmişdi ki, amerikalıların Vyetnamda məğlubiyyət səbəblərindən biri ölkənin işğallara qarşı uzun mübarizə tarixini anlamamaları idi”. Bu etiraf təkcə Vyetnama aid deyil. Böyük dövlətlər başqa cəmiyyətlərə öz qısamüddətli hesablarının prizmasından baxanda tez-tez səhv edirlər. Onlar rejimləri, orduları, obyektləri, liderləri, infrastrukturu görürlər. Amma tarixi yaddaşı, milli qüruru, dini səfərbərliyi, mühasirədə qala psixologiyasını və cəmiyyətin Vaşinqtonun “dözülməz” saydığı yükə tab gətirmə qabiliyyətini hər zaman görmürlər.
Ötən ilin iyununda Trampın İranın nüvə obyektlərinə qarşı qısa ABŞ-İsrail kampaniyasında iştirakından sonra belə münaqişələrə skeptik yanaşan Vens “Tramp doktrinası” adlandırdığı yanaşmanı açıqlamışdı. Onun sözlərinə görə, üç maddə var. Birincisi, aydın Amerika marağını müəyyənləşdirmək - bu halda İranın nüvə silahı əldə etməsinə imkan verməmək. İkincisi, problemi maksimum sərt diplomatiya ilə həll etməyə çalışmaq. Üçüncüsü, diplomatiya işləməsə, əzici hərbi gücdən istifadə edib problemi həll etmək və münaqişə uzanmadan “oranı tərk etmək”.
Kağız üzərində bu doktrina sərt, rasional və hətta cazibədar görünür. Amma real siyasətdə əsas suala dirənir: “problemi həll etmək” nə deməkdir? Obyektləri dağıtmaq proqramı ləğv etmək deyil. Komandirləri öldürmək dövlət iradəsini sındırmaq deyil. Zərbə vurmaq kapitulyasiya əldə etmək deyil. Münaqişə uzanmamış çıxmaq isə demək asandır, etmək çətindir, xüsusən də qarşı tərəf məğlubiyyəti qəbul etmirsə və əsas təzyiq rıçaqlarını əlində saxlayırsa.
Bu halda Tramp aydın yekun məqsəd formalaşdırmayıb. O, İranın nüvə silahı əldə etməməsindən danışır, amma bunun hansı siyasi saziş, nəzarət mexanizmi, təminatlar və güzəştlərlə rəsmiləşəcəyini izah etmir. Əgər Tehranı masa arxasına gətirə bilsə belə, getdikcə daha çox görünür ki, ABŞ 2015-ci ildə Barak Obama dövründə bağlanmış nüvə sazişinə bənzər kompromisləri qəbul etməli olacaq.
Bu isə Tramp üçün xüsusilə ağrılıdır. Həmin sazişi vaxtilə özü ləğv etmiş və əvvəlki administrasiyanın zəiflik simvoluna çevirmişdi. İndi reallıq Vaşinqtonu eyni məntiqə qaytara bilər: məhdudiyyət, nəzarət, inspeksiyalar, mərhələli güzəştlər və diplomatik alver. Əgər yekun nəticə vaxtilə rədd etdiyi razılaşmanın yeni versiyası olsa, bunu “möhtəşəm qələbə” kimi satmaq çətin olacaq.
Ən həssas mövzulardan biri də İranın bomba hazırlanmasına yaxın səviyyədə zənginləşdirilmiş nüvə materialıdır. Əvvəlki saziş Tehrandan bu materialın 98 faizini ölkədən çıxarmağı tələb edirdi. İndi Tramp hələ də İranın həmin materialı verəcəyini deyir, Tehran isə belə güzəştə razı olmadığını bildirir. Bu, texniki detal deyil, bütün diplomatik memarlığın mərkəzi məsələsidir. Bu problem həll olunmadan istənilən razılaşma kövrək görünəcək. Amma zərbələrə tab gətirmiş və təzyiq rıçaqlarını saxlamış İrana materialı tam təslim etdirmək son dərəcə çətin olacaq.
ABŞ ordusunun istefada olan polkovniki, Atlantik Şurasının strateqi S. Entoni Pfaff deyib: “Güclü dövlətin marağı məhdud olanda, çox vaxt zəif güclünü məğlub edir. Çünki güclü tərəf mübarizədən imtina həddinə zəif tərəfdən daha tez çatır”.
Bu, indiki böhranın bəlkə də ən ayıq formuludur. ABŞ hərbi parametrlərin demək olar hamısında İrandan güclü ola bilər. Amma Vaşinqton üçün bu savaş xarici siyasətdəki çoxsaylı böhranlardan yalnız biridirsə, Tehran üçün rejimin sağ qalması, milli ləyaqət və regional status məsələsidirsə, onda qətiyyət balansı güclünün xeyrinə olmaya bilər.
Pfaff əlavə edib: “Mən indiki qarşıdurmada məhz bunu görürəm. Hətta Tehrana onun baxımından məntiqli tələblər irəli sürsək belə, onun yenə də dirənmək və daha çox istəmək motivasiyası qalır”.
Və Tramp üçün əsas təhlükə də bundadır. İranın sürətli qələbəyə ehtiyacı yoxdur. Ona sürətli məğlub olmamaq kifayətdir. İlk zərbə dalğasını keçmək, təzyiq alətlərini qorumaq, Vaşinqtona gözəl kapitulyasiya şəkli verməmək və ABŞ siyasətinin müharibənin özünə qarşı işləməsini gözləmək kifayətdir. Zəif tərəf zamanı məhz belə silaha çevirir.
Ona görə bugünkü sual İranın artıq “yeni Vyetnam” olub-olmaması deyil. Sual başqadır: ABŞ hərbi üstünlüyün avtomatik siyasi nəticəyə çevrilmədiyi strateji zonaya daxil olubmu? Əgər cavab bəlidirsə, Tramp təkcə İranla yox, dünya siyasətinin ən köhnə həqiqətlərindən biri ilə üz-üzədir: böyük dövlətlərin inadkar, köklü və qurban verməyə hazır rəqiblərə qarşı savaşları nadir hallarda memarlarının vəd etdiyi qədər tez və parlaq bitir.