Amazon-un qurucusu, dünyanın ən varlı insanlarından biri Ceff Bezos bir daha həm biznes, həm də şəxsi həyatı ilə gündəmdədir. Günbəgün milyonlarla dollarlıq qərarlar qəbul edən milyarder bu dəfə də şəxsi həyatındakı növbəti addımı ilə diqqət çəkib. Əvvəlcə - keçmiş həyat yoldaşı Makkenzi Skottla səs-küylü boşanma, nəticədə qadının milyarderə çevrilməsi, ardınca - jurnalist Loren Sançeslə Venesiyada keçirilən təmtəraqlı toy. İndi isə yeni xəbər: Bezos Sietldakı malikanəsini satıb.
Puget Sound Business Journal-ın məlumatına görə, ev 63 milyon dollara satılıb. Bezos bu malikanəni 2019-cu ildə 37,5 milyon dollara almışdı, yəni satışdan 25 milyondan çox gəlir əldə edib. Əmlak Kinq dairəsinin prestijli Hunts Point qəsəbəsində, Vaşinqton gölünə panoramalı mənzərəsi olan ərazidə yerləşir. Amazon-un qərargahından cəmi yeddi mil aralıda olsa da, görünür, Bezos ora qayıtmaq fikrində deyil. Axı o, artıq iki ildir Loren Sançeslə birlikdə Mayamidə yaşayır.
Milyarder təkcə daşınmaz əmlakla kifayətlənmir - o, Amazon-dakı payını da tədricən azaldır. 2025-ci ilin əvvəlində onun şirkətdəki payı 9,6 faiz idi. Son bir ildə o, 100 milyondan çox səhmini satıb. Xatırladaq ki, Amazon 1997-ci ildə birjaya çıxanda Bezosa şirkətin 43 faizi məxsus idi, ötən il bu göstərici 10,1 faiz idi.
Bütün bunlara baxmayaraq, Bezosun sərvəti hələ də 220 milyard dollardan çoxdur. Pul qıtlığı yoxdur, amma bu, onun daha çox qazanmasına mane olmur - hətta məhkəmədə belə.
Hazırda o və Loren Sançes Sançesin qardaşı Maykl Sançeslə hüquqi mübarizə aparırlar. Bu dava hələ o vaxtdan davam edir ki, mediada Bezosla Lorenin münasibətləri barədə xəbərlər yayılmışdı - o zaman Loren hələ prodüser Patrik Uaytsel ilə evli idi. Jurnalistlərə sızdırılan şəxsi yazışmalar və intim fotoların mənbəyi kimi məhz Maykl Sançesin adı çəkilirdi.
Maykl ittihamları rədd edərək, əksinə, bezosları yalan və böhtanda suçlayıb məhkəməyə müraciət etmişdi. Amma Los-Anceles dairə məhkəməsi Bezosa haqq qazandırıb və Maykla hüquqi xərcləri ödəməyi tapşırıb.
Page Six-in yazdığına görə, Bezosun vəkilləri Kaliforniya məhkəməsinə müraciət edərək Maykl Sançesin 182 374 dollar vəkil haqqı və 8 182 dollar məhkəmə xərci - ümumilikdə təxminən 200 min dollar ödəməsini tələb ediblər.
Bu fonda 25 milyon dollarlıq mənzil qazancı artıq sadəcə növbəti biznes addımı kimi görünür. Bezos öz prinsiplərinə sadiq qalır - şəxsi münasibətlərdə belə o, strateji düşünür və hər addımını işgüzar məntiqlə atır.