...

Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı ABŞ-ın Ukrayna üzrə sülh planının şərtlərinə qarşı çıxaraq bildirdi ki, rusiyanın dondurulmuş aktivlərindən necə istifadə olunacağına yalnız avropalılar qərar verməlidirlər.

Açıq danışaq: rəsmi şəkildə müharibə elan olunmayan bir dövlətin suveren milli aktivlərini müsadirə etmək - bolseviklərə xas addımdır. Onlar da vaxtilə rejimin düşmənlərinin və xaricilərin mülklərini və pullarını zorla ələ keçirmişdilər. Bu, ayağa atılan güllə deyil - birbaşa qaraciyərə dəyən zərbədir.

Aydındır ki, belə addımlar Qlobal Cənub ölkələrinin Avropa bank sisteminə və qeyri-sabit davranan Avropa siyasətçilərinə olan etibarını məhv edəcək. Çünki bu cür məmurlar lazım gələrsə, sizin hər şeyinizi ala bilər və bunun üçün bəhanə tapmaqda çətinlik çəkməzlər. Belə situasiyada yeganə hüquqi baxımdan qəbulolunan addım - rusiyaya açıq müharibə elan etməkdir.

Başqa bir məsələ: əgər söhbət rusiyanın dondurulmuş aktivlərindən gedirsə, Aİ-nin bu məsələdə ümumiyyətlə hansı hüquqa malik olduğu da qaranlıq qalır. Axı bu vəsaitlər - yəni pullar - Putin rejimi tərəfindən rus vətəndaşlarından oğurlanıb. Deməli, Avropa rəsmiləri indi bolsevik prinsipi ilə hərəkət edirlər: “Oğurlanmışı oğurlamaq.”

Böyük Avropanın sosial demokratiyadan açıq bolsevizmə yuvarlanması utancvericidir. Bu, həm Avropanın maraqlarına, həm də nüfuzuna zərbə vuracaq. Elə bil Aİ elitaları Tramp administrasiyasının sülh təşəbbüslərini sabotaj etmək üçün hər şeyi edir. Bu, nə dostluqdur, nə də müttəfiqlik.

Əgər Avropa doğrudan da müharibəni davam etdirmək və bunu açıq şəkildə, prinsipialcasına aparmaq istəyirsə, o zaman aşağıdakı addımları atmalıdır:

Ordunu və iqtisadiyyatı səfərbər etmək, qoşunları Ukraynaya yerləşdirmək və müdafiə mövqeləri qurmaq.

Moskvaya müharibə elan etmək - bütün diplomatik və ticari əlaqələri qırmaq.

Sürgündə rus hökumətini və Qurucu Məclisini yaratmaq (Volkov, Kasparov, yaxud Xodorkovski və Nevzlin kimi muzdluları yox) - və dondurulmuş aktivləri həmin hökumətə təhvil vermək. Bu vəsaitlər hesabına Aİ ordularının müttəfiqi olacaq rus milli ordusunu formalaşdırmaq mümkündür.

Əgər Aİ rəhbərliyi bunları etmək istəmir, onda oyunu dayandırmalı, Trampı xırda intriqalarla sabotaj etməyi buraxmalı, ABŞ-ın danışıqlar prosesindəki liderliyini qəbul etməli, təhlükəsizlik və dəstəyə görə amerikanlara haqq ödəməli, Avropa bazarlarını ABŞ-la ədalətli ticarət üçün açmalı, Amerika silahı və enerjisini almalıdır.

Ya Avropa bunu edəcək, ya da azadlıq və müstəqillik iddialarından imtina edəcək. Xarici siyasətdə azadlıq bahadır: qılınc və zireh kölə boyunduruğundan ağırdır. Amma avropalılar qiymət ödəmək istəmirlər, yalnız almağa öyrəşiblər - bu, sosial demokrasiyanın beyin şişidir. Məhz buna görə Amerika, Çin, Putin, Hindistan və başqaları qalib gəlir və böyüyür, Avropa isə geriləyir.

Oyanmağın vaxtıdır. Avropanı yenidən böyük etmək lazımdır - ya da səhnədən çəkilib gənc nəsillərin gələcəyini məhv etməyi dayandırmaq.

Anton Qromov
Siyasi elmlər üzrə ekspert və Avrasiya təhlükəsizliyi üzrə mütəxəssis | Astraea QHT-nin sədri |
Rusiya–Çin–Şimali Koreya münasibətləri və informasiya müharibələri üzrə tədqiqatçı