...

“Fransa Cənubi Qafqazda nə etdiyini özü də bilmir. Parisin siyasəti – uzaqgörənlikdən uzaq, daxili intriqalara bürünmüş, ideoloji ziddiyyətlərə sürüklənmiş bir tamaşadır”. Bu sözləri fransız jurnalist, La Gazette du Caucase qəzetinin baş redaktoru Jan-Mişel Brun “Baku Network”un “Real dünya nizamı” proqramında aparıcı Elnur Ənvəroğluna verdiyi müsahibədə səsləndirib.

Jean-Michel Brun-un fikrincə, Fransanın Azərbaycanla bir zamanlar kifayət qədər dərin enerji, nəqliyyat və kənd təsərrüfatı əlaqələri var idi. Ancaq İkinci Qarabağ müharibəsindən sonra bu əlaqələr “dağıldı, özü də birtərəfli şəkildə – Parisin xeyrinə yox, ziyanına”.

“Məsələnin kökü ondadır ki, Emmanuel Makron qısamüddətli siyasi maraqlara, populist ritorikaya və ifrat sağçılara meydan verdi. Nəticədə Fransa özünün uzunmüddətli geosiyasi maraqlarını ayaqlar altına atdı”, – deyə fransız analitik bildirib.

Jean-Michel Brun-un sözlərinə görə, bu prosesdə Fransadakı erməni diasporunun təsiri danılmazdır: “Onlar təkcə lobbiyə pul xərcləmir. Mediada, akademiyada, analitik institutlarda da izlərini qoyublar. Fransa cəmiyyətində Qarabağ münaqişəsi ilə bağlı baxışlar məhz bu təsirin nəticəsində təhrif olunub. Yəni real situasiyadan çox, təbliğat reallığı hökm sürür”.

Fransadakı müsəlman icmasının bu mənzərədə, əfsus ki, kifayət qədər görünmədiyini deyən Brun bunu “ictimai səhnəyə iddialı çıxmamaqla” izah edib: “Halbuki Azərbaycan müsəlman ölkəsidir və onun haqqlı mübarizəsi ən azı Fransa cəmiyyətində daha çox anlayış doğura bilərdi”.

Fransız ekspertə görə, hazırda Paris öz iş adamlarını belə çətin duruma salıb. Azərbaycanın azad edilmiş ərazilərində böyük bərpa və infrastruktur layihələri reallaşır, milyardlarla dollar dəyərində kontraktlar imzalanır, amma Fransanın bu prosesdə adı yoxdur: “Fransalı biznes liderləri bu durumdan narazıdır. Ortada pul var, perspektiv var, ancaq Fransa burada yoxdur. Səbəb isə – yox dərəcəsində”.

Jean-Michel Brun həmçinin Fransanın Azərbaycanla bağlı bəzi epizodik hadisələrə – o cümlədən Fransalı vətəndaşların iştirakı ilə bağlı insidentlərə reaksiyasını “simvolik diplomatiya” adlandırır. Onun fikrincə, bu, real xarici siyasət deyil, sadəcə görüntü yaratmaq cəhdidir: “Strateji yanaşma yerinə, təəssüf ki, PR siyasəti hakimdir”.

Bununla belə, fransız jurnalist optimist notlara da toxunur. O hesab edir ki, Makron hələ də bu yanlış kursu dəyişmək imkanına malikdir. Azərbaycan hazırda təkcə enerji təchizatçısı yox, həm də regionda sabitliyin əsas dayaqlarından biridir:

“Azərbaycanı itirmək – Cənubi Qafqazı bütövlükdə itirmək deməkdir. Paris üçün bu strateji səhv olardı. Fransa əgər regional oyunçu olmaq istəyirsə, Bakı ilə tərəfdaşlığı bərpa etməlidir”.

Jean-Michel Brun sonda xəbərdarlıq da edib: “Fransanın düzəliş etmək üçün hələ şansı var. Amma bu şans əbədi deyil. Paris ya ideoloji oyunlara davam edəcək, ya da xarici siyasətdə ciddi, praqmatik seçim edəcək”.

Jean-Michel Brun-un səsləndirdiyi fikirlər təkcə bir jurnalistin şəxsi mövqeyi deyil, eyni zamanda Fransada müəyyən intellektual və siyasi dairələrin narahatlığını da əks etdirir. Fransa–Azərbaycan münasibətlərində yaşanan gərginliklər artıq biznes çevrələrindən tutmuş, mətbuat və akademik mühitədək çoxsaylı ziddiyyətlər yaradıb.

Fransanın müharibədən sonra Qarabağla bağlı ortaya qoyduğu mövqe bir sıra suallar doğurur: Paris niyə regionda reallıqları nəzərə almır? Niyə Ermənistanı qapalı dəstək çərçivəsində müdafiə edir, halbuki bu, nə Avropa İttifaqının ümumi siyasətinə, nə də beynəlxalq hüquqa uyğundur?

Jean-Michel Brun bu sualların cavabını aydın şəkildə verir: “Parisdə artıq qərarları klassik diplomatiya yox, maraq qrupları və diaspor şəbəkələri formalaşdırır. Ermənilər bu oyunda daha aktiv, daha səssiz və daha təsirli şəkildə hərəkət edirlər”.

Brun-un sözlərinə görə, Fransa Cənubi Qafqazda konkret fürsətləri əldən verib. Xüsusən işğaldan azad edilmiş bölgələrin bərpasında Avropa ölkələri, Türkiyə, İsrail, hətta uzaq Şərq ölkələri aktiv iştirak edərkən, Paris siyasi ambisiyalara qurban gedib.

“Fransa sadəcə olaraq özünün realist maraqlarını unutdu. Nəticədə nə iqtisadi dividendlər aldı, nə də diplomatik nüfuz qazandı”, – deyə o bildirir.

Fransanın son aylarda Bakıya qarşı sərgilədiyi bəyanatlar da faktiki olaraq daxili siyasətə hesablanmış ritorikadır. Parisdə sağçılarla solçuların rəqabətində xarici siyasət sadəcə fon rolunu oynayır – bu isə Cənubi Qafqaz kimi mürəkkəb bölgədə mövcudluq üçün yetərli deyil.

Jean-Michel Brun-un çağırışı təkcə Makrona deyil, bütövlükdə Fransa siyasi elitasınadır: “Bakı ilə yeni səhifə açmaq, tərəfdaşlığa qayıtmaq mümkündür. Amma bunun üçün ilk növbədə daxili lobbi təsirlərini neytrallaşdırmaq, siyasəti emosiyadan azad etmək lazımdır”.

O bildirir ki, Fransa təkcə enerji və iqtisadi imkanlar üçün deyil, regionda sabitlik və təhlükəsizlik baxımından da Azərbaycanla münasibətləri yenidən nəzərdən keçirməlidir.

Brun-un fikrincə, əgər Paris bu gün Bakı ilə normal münasibətlər qurmasa, sabah bu münasibətləri heç cür qura bilməyəcək: “Azərbaycan onsuz da öz yolunu tapıb. Fransa isə bu qatarı qaçırmaq üzrədir”.