
Baku Network ekspert platformasında “Tofiq Abbasovla Dialoq” adlı analitik videolayihənin növbəti buraxılışı yayımlandı.
Verilişin qonağı Azərbaycan Jurnalistlər Birliyinin sədri, əməkdar jurnalist Elçin Şıxlı olub.
Bakı ilə İrəvan arasında normallaşma prosesi haqqında danışan E.Şıxlı vurğulayıb ki, Azərbaycan Ermənistanla uzunmüddətli sülhdə maraqlıdır.
“Azərbaycan uzunmüddətli sülh və əməkdaşlıqda maraqlıdır, çünki biz qurmaq və yaratmaq istəyirik”, - deyə o bildirib.
E.Şıxlı qeyd edib ki, Ermənistanda sülhün Azərbaycanla faydalı olmadığını düşünən müəyyən dairələr var və məhz bu səbəbdən “suyu bulandırırlar”.
“Nəticəsi acı olsa da, məğlubiyyəti qəbul etmək çətindir. Amma burada bir amil var. Birinci Qarabağ müharibəsindən sonra 30 il ərzində, o cümlədən ATƏT-in Minsk Qrupu və digər beynəlxalq qurumlar Azərbaycan və azərbaycanlılara "reallıqlarla barışmalısınız" fikrini aşılamağa çalışırdılar. İndi düşünürəm ki, yəqin ki, eyni şeyi erməni tərəfinə də deyirlər. Amma burada bir fərq var. Məsələ burasındadır ki, biz işğalçı deyildik, torpaqlarımız işğal edilmişdi. Müharibə bizim ərazilərimizdə gedirdi,” – deyə o vurğulayıb.
Verilişin tam buraxılışını təqdim edirik: