
2025-ci ilin may ayının ortalarında ABŞ Dövlət Departamentinin bütün dünya üzrə konsulluqlara göndərdiyi göstəriş - F, M və J kateqoriyalı tələbə vizalarına dair müsahibələrin keçirilməsinin qeyri-müəyyən müddətə dayandırılması - beynəlxalq akademik dairələrdə az qala yerə-göyə sığmayan bir narahatlıq doğurdu. Formal izahat isə belə idi: guya “sosial şəbəkələrə dair genişləndirilmiş yoxlama rejiminə hazırlıq” aparılır. Ancaq prezident Trampın son illərdə universitetlərlə açıq savaşı və “daxili düşmənlər”ə qarşı apardığı hücumlar fonunda bu qərar təkcə texniki prosedur deyildi. Bu, daha böyük siyasi oyunların bir parçası idi.
Tramp administrasiyasının bu addımı yalnız viza prosedurunun sərtləşdirilməsi deyil, həm də həm daxili siyasi manipulyasiya, həm də beynəlxalq imic savaşı vasitəsidir. Hədəfdə təkcə immiqrasiya və təhlükəsizlik yox, həm də elmi azadlıq, iqtisadi maraqlar və 2026-cı il aralıq seçkiləri ərəfəsində sağçı elektoratın səfərbərliyi var.
Dövlət Departamentinin qərarı: səssiz, amma birmənalı siqnal
13 may 2025-ci ildə ABŞ-ın bütün diplomatik nümayəndəliklərinə Dövlət katibi Marko Rubio tərəfindən imzalanmış fövqəladə təcili bir teleqram çatdırıldı: tələbə vizalarına yeni müsahibələr təyin edilməsin, yeni göstərişlər gözlənsin. Səbəb: sosial şəbəkələrin yoxlanmasına dair “yeni texniki rejimə keçidə hazırlıq”.
Söhbət F vizasından (akademik təhsil), M vizasından (peşə təhsili) və J vizasından (mübadilə proqramları) gedir - yəni ABŞ-da təhsil alan, dərs deyən və tədqiqat aparan əcnəbi kontingentin böyük əksəriyyəti bu üç kateqoriyaya daxildir. Bu qərar illərdir ABŞ-ın təhsil sisteminə qlobal nüfuz və iqtisadi töhfə qazandıran bütöv bir strukturun belinə zərbə vurdu.
Dövlət Departamentinin sözçüsü Təmmi Bryusun mətbuat brifinqində dediyi kimi, “ABŞ müraciətçiləri qiymətləndirmək üçün bütün alətlərdən istifadə edir.” Amma ekspertlər bunun daha çox siyasi siqnal, nəinki təhlükəsizlik tədbiri olduğunu bildirirlər.
Universitetlərə qarşı kampaniya: Trampın ideoloji revanşı
Mövzunun kontekstini qırağa atmaq olmaz. 2023-cü ilin payızından başlayaraq ABŞ-ın aparıcı universitetlərinin kampusları - Kolumbiya, Prinston, Harvard və başqaları - kütləvi fələstinpərəst etiraz aksiyalarının meydanına çevrildi. Nəticədə nəinki iğtişaşlar və həbslər, hətta universitetlərə qarşı dövlət büdcəsindən maliyyələşmənin kəsilməsi təhdidləri də gündəmə gəldi.
Prezident Tramp mart ayında etdiyi çıxışında universitetləri “solçu radikalizmin və antisemitizmin yuvası” adlandıraraq “təhsil sistemində nizam-intizam yaradılacağına” söz verdi. Bundan sonra dalbadal qərarlar gəldi: bəzi universitetlərin federal maliyyələşməsi dayandırıldı, “vətənpərvərlik ruhuna zidd” hesab edilən universitetlərə əcnəbi tələbələrin qəbulu hüququ hüquqi yolla məhdudlaşdırıldı.
Bu qarşıdurmanın pik nöqtəsi isə Harvard Universiteti ABŞ Təhsil Departamentinin “tələbə və müəllimlərin siyasi baxışlarının monitorinqi” ilə bağlı tələbini rədd etdikdən sonra yaşandı. Ağ Ev dərhal cavab verdi: Harvard əcnəbi tələbə qəbulundan məhrum edildi. Universitet bu qərarı məhkəməyə verərək, bunun həm konstitusiyaya, həm də akademik muxtariyyətə zidd olduğunu bildirib.
Viza “pauzası” - təzyiqin yeni aləti
Viza müsahibələrinin dondurulması nə deməkdir? Əsasən bu, Dövlət Departamentinə universitetlər üzərində təzyiq mexanizmi və əcnəbi tələbə axınının məhdudlaşdırılması üçün zaman qazandıran siyasi alətdir.
Praktik baxımdan isə bu, 2025-ci ilin payızında ABŞ-da təhsilə başlamağa hazırlaşan minlərlə tələbəni qeyri-müəyyənlik girdabına salır. Onların əksəriyyəti artıq qəbul məktublarını alıblar, amma vizanı vaxtında ala bilməyəcəklər.
Beynəlxalq Təhsil üzrə Mütəxəssislər Assosiasiyasının (NAFSA) məlumatına görə, 2023–2024-cü tədris ilində əcnəbi tələbələr ABŞ iqtisadiyyatına 43,8 milyard dollar gəlir gətirib və 378 min iş yerinin qorunmasında iştirak ediblər. 2023-cü ildə ABŞ-da 1,5 milyon xarici tələbə təhsil alıb - bu, 2019-cu ildən bəri ən yüksək göstəricidir. Ən çox tələbə isə Çin və Hindistandan gəlir.
Bu “administrativ pauza” təkcə statistikaya zərbə deyil, həm də maliyyə çətinliyi çəkən universitetlər üçün ciddi problemə çevrilir. Məsələn, 2023-cü ildə Illinois Texnologiya İnstitutunda əcnəbi tələbələrin payı 51% təşkil edirdi. Kolumbiyada bu rəqəm 40%, Harvardda isə 28% idi. Dövlət vəsaiti azaldıqca, bu ali məktəblər xaricdən gələn pullu tələbələrə arxalanmağa başlamışdılar.
Şübhə altına düşən universitetlər: akademik muxtariyyətin sonu?
Harvard Universitetinə qarşı həyata keçirilən simvolik hücum - təkcə konkret bir insident deyil, həm də Ağ Evin çoxplanlı strateji xəttinin bir parçasıdır. Tramp administrasiyası hələ 2017-ci ildən universitetləri “liberal Amerikanın istehkamı”, yəni sağ-mühafizəkar ideologiyaya qarşı düşərgə kimi görür. Fələstinlə bağlı etirazlar isə bu kampaniyanı başlatmaq üçün sadəcə bəhanəyə çevrildi. Ardınca nə baş verdi? Mürəkkəb ideoloji auditlər, maliyyə şantajı, sədaqət tələbləri, vizaların ləğvi və xaricilərin sistemli şəkildə hədəfə alınması.
Artıq ABŞ kampuslarında akademik azadlıq “dəbdə deyil”. Müstəqil fikir platforması olan universitetlər getdikcə daha çox dövlətin nəzarət və müdaxiləsi ilə üzləşirlər. Dövlət Departamentinin vizalarla bağlı qərarı yalnız tələbələrə deyil, həm də J vizası ilə çalışan müəllimlərə və qrant layihələrində iştirak edən tədqiqatçılara toxunur. Yəni, akademik mühitin hər hansı bir xarici element daşıyan hissəsi bu gün tamamilə zərbə altındadır - yetər ki, hakimiyyət onu “lazımi qədər patriot” saymasın.
Milli təhlükəsizlik pərdəsi arxasında seçki strategiyası
Bu qərarın ABŞ daxili kontekstindəki motivləri az qala yazıqcasına aydındır. 2026-cı il aralıq seçkilərinə hazırlaşan Tramp, öz siyasi bazasını - radikal mühafizəkarları - səfərbər etməyə çalışır. İdeoloji düşmən obrazı isə çoxdan hazırdır: solçu universitetlər, əcnəbi tələbələr, kosmopolit elita və guya təhlükə saçan “transmillətçi dəyərlər”.
Bu baxışda tələbə artıq sadəcə təhsil alan deyil - o, potensial ideoloji təhdiddir. Viza rejimi isə ideoloji nəzarət üçün əlverişli alətə çevrilir. Universitetlər isə ya bu sistemə tabe olmalı, ya da qlobal təmaslardan təcrid olunmalıdır. Ekspertlər xəbərdarlıq edirlər: bu gedişlə ABŞ yeni “akademik makkartçılıq” dövrünə girə bilər. O dövrə ki, alimlər, universitetlər və təhsil mərkəzləri siyasi etibarlılıqlarını sübut etmədikcə nə maliyyə alacaq, nə də əcnəbi tələbə.
Başqalarına açılan fürsət pəncərəsi
ABŞ-ın bu aqressiv addımları fonunda artıq digər ölkələrdən cavab reaksiyası gəlməyə başlayıb. Yaponiya rəsmən bəyan etdi ki, ABŞ-da təhsili təhlükə altına düşən tələbələri - istər yapon, istər əcnəbi - ölkə universitetləri qəbul etməyə hazırdır. Honq Konq Elm və Texnologiya Universiteti Harvarddan çıxarılan tələbələrə Asiyada təhsili davam etdirməyi təklif edib. Sinqapur, Cənubi Koreya və hətta Fransa da bu yöndə təşəbbüsləri müzakirə edir.
Bu, ABŞ üçün sadəcə imic zərbəsi deyil. Uzunmüddətli perspektivdə ABŞ dünyanın lider akademik mərkəzi statusunu itirə bilər. “Açıq cəmiyyət”, “yeniliyə açıq sistem”, “akademik cazibə mərkəzi” kimi reputasiyalar sarsılır - xüsusilə də təhsildə sadəcə diplom deyil, azad düşüncə üçün platforma axtaranlar üçün.
… Tələbə vizalarının dondurulmasını təcrid olunmuş texniki qərar kimi dəyərləndirmək sadəlövhlük olardı. Bu, Ağ Evin bütöv bir ideoloji-siyasi xəttinin tərkib hissəsidir. İmmiqrasiya nəzarəti, ideoloji səfərbərlik və universitetlərin muxtariyyətinin sıradan çıxarılması - bunların hamısı bir mərkəzdən yönləndirilir.
Tramp administrasiyası viza sistemini təkcə təhlükəsizlik vasitəsi deyil, həm də ideoloji filtrə çevirməyə çalışır. Məqsəd - cəmiyyəti daha sərt, daha sıralı qaydalarla təşkil etmək, “düz düşünməyənləri” sistemdən sıxışdırıb çıxarmaqdır. Bu prosesin ön cəbhəsində isə tələbələr, miqrantlar, alimlər və müəllimlər dayanır.
Əgər bu kurs davam edərsə, Amerika yalnız yüzminlərlə istedadlı gənci yox, həm də on illər ərzində qazandığı mənəvi və intellektual kapitalı itirə bilər. Azad təhsil anlayışının simvolu olmuş bir ölkə, öz universitetlərinə qadağalar qoyan, alimlərini deportasiya edən, tələbələrini ideoloji süzgəcdən keçirən bir sistemə çevrilmək riski ilə üz-üzədir.